Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaltadan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 11 sentyabr 1999-cu il


Sual : Cənab prezident, Yaltada keçirilən beynəlxalq konfransın işini və Azərbaycan Respublikası nümayəndə heyətinin orada iştirakını necə qiymətləndirirsiniz?

Cavab : Mən güman edirəm ki, Yalta konfransı haqqında sonra televiziyada geniş məlumat verəcəyəm. Bu, çox böyük əhəmiyyətə malik olan beynəlxalq konfransdır. İki kəlmə ilə demək olar ki, 1945-ci ildə böyük dövlətlər Avropanı nüfuz dairəsinə bölüblər və ondan sonra da «soyuq müharibə» başlayıbdır. Onun da nəticələri Avropa üçün, xüsusən Şərqi Avropa üçün çox ağır, çətin və bəzən də faciəli olubdur. İndi isə bizim Yaltadakı konfransımız demək olar ki, 1945-ci ildəki Yaltanın nəticələrini dəfn etdi.

Yeni Avropanın birləşməsi, Avropa inteqrasiyası və xüsusən, o vaxt Avropa dəyərlərindən ayrı düşmüş ölkələrin indi Avropa ilə birlikdə olması prosesi şübhəsiz ki, başlanıbdır və çoxdan da başlanıbdır. Ancaq bu konfransda bu fikir çox gözəl əks olundu və deyə bilərəm ki, konfransın əsas mənası bundan ibarətdir. Baltik, Şərqi Avropa ölkələri, Qara dəniz hövzəsi ölkələri hamısı birlikdə eyni fikir də oldular və bəyanat qəbul etdilər, gələcək üçün böyük yollar açdılar.

Sual: Cənab prezident, Robert Koçaryanla görüşünüz haqqında hansı məlumatı verə bilərsiniz?

Cavab: Görüşdük, danışdıq. Yenə də danışdıq ki, məsələni sülh yolu ilə necə həll edək.

Sual: Cənab prezident, Yaltada ikitərəfli və çoxtərəfli görüşlərinizdə Siz regional təhlükəsizlik baxımından Dağıstandakı vəziyyəti müzakirə etdinizmi?

Cavab: Yox. O məsələ müzakirə olunmurdu. Çünki məsələ ora o qədər də aid deyildir. Həmin məsələni yəqin ki, başqa yerdə müzakirə etmək lazımdır. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR