Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Klivlenddən Londona yola düşməzdən əvvəl AzərTAc-ın ABŞ-dakı xüsusi müxbirinə verdiyi müsahibə - 27 sentyabr 2000-ci il


Sual: Cənab prezident, Sizi belə gümrah və xoş əhval-ruhiyyədə görməyimə çox şadam. 

ABŞ-a bu dəfəki səfərinizi yaxından izləyirdik və müşahidəçilərin də vurğuladıqları kimi, bu, çox əhəmiyyətli səfər oldu. Amma burada tibbi müayinənizin bir qədər uzanmasından Rusiyanın bəzi kütləvi informasiya vasitələri, təəssüf ki, təxribatçılıqla istifadə edərək sensasiya yaratmaq istədilər. Sizcə, bu, kimə lazım idi?

Cavab: Siz Azərbaycanda yaşamısınız, böyümüsünüz. Xatirinizdədir ki, mən 1993-cü ildə yenidən Bakıya qayıdanda Azərbaycan nə vəziyyətdə idi. İndi vəziyyət tamamilə dəyişib, əmin-amanlıqdır, ictimai-siyasi sabitlik yaranıb, insanlar rahat yaşayır, axşamlar da, gecələr də arxayın gəzirlər.

Burada isə, məsələn, gecə saat 12-dən sonra bayıra çıxmaq mümkün deyil. Mənim həkimim yaxınlıqdakı oteldə yaşayır. Yanıma gəlib söhbət edəndə hər dəfə saata baxır - on bir olan kimi gedir. Deyir, gecəyə qalanda dələduzlar küçədə adamları tuturlar, qorxudurlar. Amma Azərbaycanda indi belə deyildir. Təbii ki, yaramaz adamlar var idi, hamısı silahlanmışdı. Qısa müddətdə ölkəmizin vəziyyətini bu qədər müsbət mənada dəyişdirmək, əlbəttə ki, bəzi dairələrin xoşuna gəlmirdi.

Bizim iqtisadiyyatımız inkişaf edir. Təbiidir, mən indi deyə bilmərəm ki, biz əhalimizin hamısını yaxşı təmin edə bilirik. MDB ölkələri içərisində ən yüksək göstəricilər - iqtisadi, sosial göstəricilər - Azərbaycandadır. Azərbaycan dövlətinin yeni neft siyasəti var. Bu, çoxlarını narahat edir. Bilirlər ki, bunların hamısının müəllifi və təşkilatçısı mənəm. Bəzi ölkələrdə mənim bu siyasətimə qarşı çox böyük etirazlar var, ittihamlar var. Amma Azərbaycan tam müstəqil siyasət aparır, heç bir dövlətin təsiri altında deyil və olmayacaqdır.

Dünya belədir ki, böyük dövlətlər kiçik dövlətlərə təzyiq göstərməyə çalışırlar. Amma Heydər Əliyevin vaxtında bu mümkün deyildir. Vaşinqtondakı konfransda mənim çıxışımı dinlədiniz? Gəlib Vaşinqtonda bu cür çıxış etməyə hər adamın cürəti çatmaz. Yaxud, ziyafətdə Bjezinski çıxış etdi, sonra mən. Elə onun iki tezisi - ictimai-siyasi, iqtisadi sabitlik və demokratiya - ətrafında danışdım. Bu, sizin gördüklərinizdir. Amma görmədikləriniz də var - təkbətək görüşlər, nümayəndə heyətləri ilə danışıqlar, bəzən də çox ciddi danışıqlar. Bu, təkcə Amerikada baş vermir. Məsələn, MDB ilə əlaqədar görüşlərdə Azərbaycanın müstəqil siyasət xətti həmişə görünür. Bunlara görədir ki, xaricdən bizim ölkəmizə təsir var. Amma ölkəmizin daxilində də nadürüst adamlar çoxdur. Onlar üçün xalq, dövlət mənafeyi yoxdur. Hərəsi öz şəxsi ambisiyası, şəxsi məqsədləri ilə yaşayır.

Heç bir ölkədə belə şey yoxdur ki, hər bir adam desin "prezident olmaq istəyirəm". Görürsünüz, Amerikada iki nəfər seçkiqabağı yarışır. Onlardan başqa iki partiyadan da namizəd vardı. Lakin hərəsi təxminən bir-iki faiz səs topladıqları üçün seçkiyə buraxılmayıblar. Bax, bu, ən demokratik ölkədir.

Azərbaycanda isə, təəssüflər olsun ki, 1988-ci ildən ölkənin zərərinə olan bir vəziyyət yarandı. O da ondan ibarət idi ki, Ermənistan-Azərbaycan münaqişəsi başlandı, o vaxtkı Azərbaycan rəhbərliyi vəziyyətdən düzgün çıxış yolu tapmadı. Rusiya və başqa dövlətlər Ermənistana kömək edirdi...

Bunların hamısına yönəlmiş etiraz Azərbaycan xalqını böyükdən kiçiyə qədər Azadlıq meydanına topladı. Bundan bəziləri hakimiyyətə gəlmək üçün istifadə etdilər. Mən adlarını çəkmək istəmirəm, elələri prezident olmaq istəyir ki, adamın lap gülməyi gəlir.

Bu xəstəlik o vaxtdan başlanmışdır. O vaxt meydana toplaşanlar Azərbaycanın mənafeyini qoruya bilməyən hakimiyyətə qarşı etiraz edirdilər. Bu adamların içərisindən bir neçəsi çıxdı və təşəbbüsü öz əllərinə aldı. İndi də danışırlar ki, bəli, Azərbaycanda milli azadlıq hərəkatı olubdur. Bu, doğru deyil, tarixi təhrif etmək olmaz. Guya milli azadlıq hərəkatı nəticəsində Azərbaycan müstəqillik qazanıbdır. Onda bəs Türkmənistan necə müstəqil oldu? Onlarda ki, heç bir milli azadlıq hərəkatı yox idi. Eləcə də Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova, Ukrayna və sair.

Sadəcə, Sovetlər İttifaqı dağıldı - mən onun dağılması zərurətini iki-üç il əvvəldən görürdüm - hərə öz müstəqilliyini elan etdi və özü də bunu başqalarına nümunə göstərərək birinci Rusiya etdi.

1991-ci ilin dekabrınadək SSRİ-nin mövcudluğuna baxmayaraq, həmin ilin yayında Rusiya müstəqilliyini elan etdi. Azərbaycan isə müstəqillik aktını oktyabrın 18-də qəbul etdi. Bu da işin sonu deyildi. Çünki referendum keçirmək lazım idi.

SSRİ-ni hər vəchlə saxlamaq istəyən Qorbaçov 1991-ci ilin martında ortaya bir fikir atdı ki, SSRİ-nin müqəddəratını ümumxalq referendumu yolu ilə müəyyənləşdirmək lazımdır. Həmin il Azərbaycanda, Ali Sovetin mart sessiyasında, hələ ondan əvvəl fevral sessiyasında mən demişdim ki, Azərbaycan müstəqilliyini elan etməlidir, sonra gec olar. Əksəriyyət isə dedi ki, yox, SSRİ saxlanmalıdır. Mənim kəskin sözlərimi təkzib etmək üçün bir neçə adam hazırlamışdılar. Məsələn, vaxtilə, Azərbaycana rəhbərlik etdiyim dövrdə böyük vəzifələrə çatmış Səmədzadə tribunaya qalxaraq, Heydər Əliyevin dediklərinin iqtisadi baxımdan səhv olduğunu göstərməyə çalışdı. Amma mən görürdüm ki, o, necə həyəcan keçirir, - su içirdi, stəkanı götürəndə əlləri əsirdi, - bəlkə də məcbur etmişdilər.

Beləliklə, başqa respublikalardan fərqli olaraq, martın 17-də Azərbaycanda referendum keçirildi və Moskvaya məlumat verildi ki, əhalimiz SSRİ-nin saxlanmasının tərəfdarıdır. Naxçıvanda isə biz bu referendumu keçirməyə qoymadıq. Onda da başladılar bizi günahlandırmağa, televiziyaya adam çıxardılar ki, Heydər Əliyev Naxçıvanı Azərbaycandan ayırmaq istəyir. Təbii ki, bu, cəfəngiyat idi.

Beləliklə, martın 17-də referendum keçirdilər ki, SSRİ-ni saxlayaq, oktyabrda isə müstəqillik elan etdilər. Yenidən referendum keçirilməli idi. Onu da saldılar dekabrın 30-na ki, bəlkə, SSRİ dağılmayacaq. Amma Qorbaçov nə qədər çalışdısa, prosesin qarşısını ala bilmədi və dekabrın 25-də bəyan etdi ki, SSRİ dağıldı. Bax, Azərbaycan müstəqilliyini belə əldə etdi. Bəzi adamlar isə o vaxtkı vəziyyətdən istifadə edib hakimiyyətə gəldilər, bir il içində Azərbaycanı dağıtdılar və indi də yenidən prezidentlik arzusundadırlar.

Ümumiyyətlə, hər insan öz-özünə qiymət verməyi bacarmalıdır. Bir də ki, bütün ölkələrdə seçilən prezident, baş nazir iş təcrübəsi olan adamlardır. Məsələn, Klinton prezidentlik dövründən əvvəl 10 il ştat qubernatoru olub, Buş həm qubernator, həm senator, həm də Çin-Amerika münasibətlərinin çətin dövrlərində əlaqələndirici olubdur. Almaniyada təcrübəli sosial-demokratların hakimiyyətə gəlməsi, Fransada Parisin meri, senator olmuş Şirakın hakimiyyətə gəlməsi də dediyimə misaldır. Yəni gərək insanın işi təşkil etmək, rəhbərlik etmək, cəmiyyəti idarə etmək qabiliyyəti olsun, gərək o, iqtisadiyyatı, siyasəti bilsin. Bizim müxalifətdən prezident olmaq istəyənlərin birinə iqtisadiyyatdan üç-dörd sual ver, cavab verə bilməz. Amma bir neçə mövzu var ki, onları əzbərləyiblər - demokratiya və s.

Sual: Cənab prezident, Nyu-Yorkda Ermənistan prezidenti Robert Koçaryanla növbəti görüşünüz oldu. Neçə müddətdir davam edən birbaşa danışıqlar hələ ki, nəticə verməyibdir. Prezidentlərin birbaşa təmasda olmasının perspektivlərini necə qiymətləndirirsiniz? 

Cavab: Koçaryanla danışıqlarımız elə ötən il NATO-nun 50 illik yubileyində ABŞ-da başlandı. Bir neçə məsələlər müzakirə etdik və onda hiss olundu ki, bu görüşlər bəlkə də Minsk qrupunun gördüyü işlərdən səmərəli ola bilər.

Bilirsiniz ki, mən ötən il Klivlend xəstəxanasına getdim və ürəyimdə cərrahiyyə əməliyyatı keçirdilər, ona görə Azərbaycana bir qədər gec qayıtdım. Qayıtdıqdan sonra Koçaryan mənimlə əlaqə saxladı və təklif etdi ki, birgə görüşlərimizi davam etdirək. Səhhətim yaxşılaşdıqdan sonra biz Cenevrədə iki dəfə görüşdük. Sual oluna bilər, nə üçün? Əgər bir dəfə danışa bilmədiksə, ikinci dəfəyə ehtiyac qalırdımı? Qalırdı, çünki biz hiss etdik ki, irəliləyirik. Daha sonra Ermənistan-Azərbaycan sərhədində, Naxçıvanda görüşdük. Üç saatdan çox danışıq apardıq. Orada biz demək olar ki, bir çox məsələləri həll etdik. Amma ondan sonra, oktyabrın 27-də Yerevanda terror aktı baş verdi, sabitlik pozuldu, ola bilər, görüşlərimizin nəticəsini Minsk qrupunun həmsədrləri bilmişdilər, ola bilər, kimsə buna mane oldu. Hətta yadımdadır, İstanbulda görüşəndə Koçaryan mənə dedi ki, bir-iki ay lazımdır sabitliyi təmin edim, sonra bu məsələləri həll edəcəyik.

Ondan sonra vəziyyət dəyişdi. Demək olmaz ki, tam dəyişib, amma əvvəlki kimi deyildir. İndi bu danışıqlardan imtina etmək, yenə də Minsk qrupuna tapşırmaq, - hesab edirəm ki, nəticə verməyəcəkdir. Düzdür, Minsk qrupu kənarlaşmayıb, fəaliyyətdədir, amma özləri gözləmə mövqeyi tutdular ki, bizim danışıqlara mane olmasınlar. Görüşməsək, danışmasaq, nə udacağıq? Amma danışıqlar gedəndə sən fikrini deyirsən, onun fikrini dinləyirsən, bir çox məsələlərə aydınlıq gəlir, hansısa qarşılıqlı anlaşma meydana çıxır. Buna görə də mən fürsətdən istifadə edirəm.

Sual: Cənab prezident, indiki səfərinizdə daha bir yaddaqalan hadisə GUÖAM dövlət başçılarının zirvə görüşü oldu. Siz orada dediniz ki, üç il təşkilatın təməlinin qoyulmasına sərf olundu, artıq əməli, mərkəzləşdirilmiş, strukturlaşdırılmış fəaliyyətə başlamağın vaxtı çatıbdır. Son vaxtlar GUÖAM-a ABŞ-ın da marağı artıbdır. Bunu həm dövlət departamenti rəsmilərinin suallarımıza verdiyi cavablardan, həm də bu yaxınlarda konqres komissiyasının GUÖAM ölkələrinə və Ermənistana 2000-2001-ci illərdə müdafiə və təhlükəsizlik sahəsi üçün yardım ayırmaq qərarından görmək olur. GUÖAM-ın inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

Cavab: Bilirsiniz, bu təşkilatın yaranmasına bəziləri mənfi münasibət bəsləyirdilər. Amma MDB-nin tərkibində gömrük ittifaqı var və yaxud, Rusiya-Belarus ittifaqı var. Onlar vaxtaşırı görüşürlər, məsələləri həll edirlər. Biz bunun heç birinə etiraz etmirik. GUÖAM-ın əsası Strasburqda qoyuldu. Dörd dövlət başçısına daha sonra Özbəkistan prezidenti İslam Kərimov da qatıldı. Ölkələr bir regiona məxsusdurlar, eyni problemlərlə qarşılaşırlar. Bəziləri bundan şübhələnir, zənn edirlər ki, hərbi məqsədlə birləşmişik. Bu, əsassız fikirdir. Sadəcə, bu, beş müstəqil ölkənin iradəsinin göstəricisidir.

Sual: Cənab prezident, Birləşmiş Ştatların dövlət başçısı Bill Klintonun ikinci prezidentlik müddətini ABŞ-Azərbaycan əlaqələri baxımından necə qiymətləndirirsiniz? Ümumiyyətlə, 1997-ci ildən bəri siz bu ölkədə dəfələrlə olmusunuz, prezidentlə, dövlət katibi ilə və bir sıra rəsmilərlə danışıqlar aparmısınız. Bu səfərlərin tarixinə nəzər salanda hansı hadisələrin inkişafını görürsünüz?

Cavab: Bu məsələyə iki nöqteyi-nəzərdən baxmaq lazımdır. Birincisi, Amerika-Azərbaycan əlaqələrini inkişaf etdirmək siyasətimizin öncül hissəsini təşkil edir. Ona görə də bu görüşlər, mənim ABŞ-a səfərlərim ölkələrimiz arasında münasibətləri yüksək səviyyəyə qaldırıbdır. Hətta indi mənim yanıma gələn cərrah Brüs Laytl deyir ki, burada Azərbaycan haqqında filmlər göstərirlər. İki-üç gün bundan qabaq "60 dəqiqə" verilişində yaxşı bir film göstərdilər. Ermənistandan fərqli olaraq, əvvəllər burada Azərbaycanı tanımırdılar. Tanıtmaq lazımdır. Lakin bu, azdır, bu, işin başlanğıcıdır. Əlaqələri inkişaf etdirmək lazımdır. Amerika ilə əlaqələri inkişaf etdirmək bizim üçün çox əhəmiyyətlidir. Xüsusən bizim neft sektoruna gələn investisiyalar, təbiidir ki, iqtisadiyyatımıza çox kömək edir.

1995-ci ildən bəri Azərbaycana qoyulan sərmayələr 5 milyard dollar təşkil edir. Adambaşına düşən investisiyalara görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bizim neft siyasətimizin çox böyük gələcəyi və bu sahədə əməkdaşlığımızın çox böyük əhəmiyyəti var.

İkinci cəhət bundan ibarətdir ki, biz əlaqələri inkişaf etdirərək çalışırıq ki, nəticədə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olaq. Mən hiss edirəm ki, onlar həqiqətən bunu çox istəyirlər, çünki indi Azərbaycana maraqları böyükdür. Görürsünüz, burada neft böhranı əmələ gəlibdir. Belə hallar gələcəkdə də ola bilər. Buna görə onlar istəyirlər ki, sabitlik olsun və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Müəyyən tədbirlər də görürlər. Amma hələ ki, nəticəsizdir.

Bizi narahat edən bir məsələ də 1992-ci ildə Azərbaycana qarşı qəbul olunmuş, ayrı-seçkilik xarakterli 907-ci düzəlişdir. Yadınızdadır, mən onu konfransda da dedim. Dedim ki, ən ədalətli ölkədə ayrı-seçkilik qoyan qanun qəbul olunubdur. Biz onu aradan götürməyə çalışırıq. Təkcə ona görə yox ki, o, Amerika hökumətinin bizə hər türlü köməyini qadağan edir. Bu, o demək deyil ki, biz yüz milyon dollar almırıq, yaşaya bilmirik. Yaşayırıq. Bunun bizim üçün siyasi, hüquqi əhəmiyyəti var. Mən ədalət tərəfdarıyam. Əgər hansısa ölkə ədalətdən danışır, demokratiyanı yüksək tutursa, o, gərək ədalətsiz işə yol verməsin.

Biz konqresdə lehimizə olan səslərin sayını əvvəlkinə nisbətən artırmağa nail olmuşuq. Son dəfə düzəlişin ləğvi üçün cəmi 4-5 səs toplaya bilmədik. Yaxud, götürək "İpək yolu" layihəsini. Senator Braunbək qanun layihəsi hazırladı. Orada yazmışdı ki, İpək yolu üzərindəki ölkələr Amerikanın yardımından eyni hüquqla istifadə etməlidirlər. Ancaq məsələ konqresə çıxarılanda, ermənipərəst konqresmenlər çalışdılar və çoxluq əldə etdilər.

Klinton da, xanım Olbrayt da dəfələrlə mənə deyiblər ki, 907-ci düzəlişin əleyhinədirlər, bu, götürülməlidir. Hətta 1997-ci ildə mən burada rəsmi səfərdə olanda biz Klintonla birgə bəyanat imzaladıq. Orada da qeyd olunub ki, 907-ci düzəliş götürülməlidir. Ancaq bilmirəm, bu, dövlətin quruluşudur, ermənilər burada güclüdür, nədirsə, buna nail ola bilmirik.

Beləliklə, Amerika ilə əlaqələrimizdə iki cəhət var. Birincisi, iqtisadi əlaqələr. Bunlar çox yaxşı inkişaf edir. Başqa sahələrdə də əlaqələr çox yaxşı inkişaf edir. Amma Ermənistan-Azərbaycan münaqişəsinin qurtarması sahəsində və 907-ci düzəlişin ləğv olunmasında ABŞ-la yaxın əməkdaşlığımız isə hələ nəticə verməyibdir.

Sual: Cənab prezident, axşam vətənə yola düşürsünüz. Əminəm ki, Sizi hamı böyük səbirsizliklə gözləyir. AzərTAc-a nə demək istərdiniz?

Cavab: AzərTAc-a demək istəyirəm ki, onlar öz peşəkarlıq keyfiyyətlərini daha da mükəmməlləşdirsinlər. İndiki dövrdə biz demokratiya yolu ilə gedərkən və mətbuata tam azadlıq verildiyi bir halda, gərək hər bir jurnalist, qəzet və yaxud xəbərlər agentliyinin işçisi çox yüksək keyfiyyətlərə malik olsun və onun yazıları həmişə rəğbətlə qarşılansın. Mən birinci bunu arzu edirəm.

İkincisi, onu arzu edirəm ki, AzərTAc Azərbaycanda olan məsələləri, bizim gördüyümüz işləri daha da sürətlə dünyaya yaysın: burada müəyyən passivlik var. Azərbaycanda müstəqil agentliklər var. Bilmirsən gecə, bilmirsən səhər, nə vaxt yayırlar. AzərTAc yəqin ki, hələ köhnə ənənələrə sadiq qalaraq bu məsələləri gecikdirir. Bax, bu nöqsanı aradan götürmək lazımdır.

Ancaq bilirsiniz ki, mən AzərTAc-ın həm fəaliyyətini təkmilləşdirmək, həm də maddi-texniki vəziyyətini yaxşılaşdırmaq üçün iki dəfə fərman vermişəm. Məsələn, ilk dəfədir ki, görürsünüz, AzərTAc-ın ABŞ-da xüsusi müxbiri var. Bunlardan səmərəli istifadə etmək lazımdır. Bütünlükdə isə hamınıza cansağlığı arzu edirəm, xəstələnməsinlər, həyatlarında səadət, işlərində uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 28 sentyabr 2000-ci il.

Tarixi arayış