Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondan Bakıya qayıdarkən Böyük Britaniyaya rəsmi səfərin yekunları barədə təyyarədə jurnalistlərlə müsahibəsi - 24 iyul 1998-ci il


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər başa çatıbdır. Biz vətənə dönürük. Bir saatdan sonra Bakıda hava limanına enəcəyik. Siz bütün bu səfər zamanı mənimlə bərabər olmusunuz, görüşlərin demək olar ki, əksəriyyətində iştirak etmisiniz. Güman edirəm ki, özünüzün müşahidələriniz vardır. Amma mən, eyni zamanda, müəyyən qədər ümumiləşdirmələr edərək, səfər haqqında sizə bir neçə söz çatdırmaq istəyirəm.

Bildiyiniz kimi, bu, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri cənab Toni Bleyrin dəvəti ilə rəsmi səfər idi. Bu səfər artıq başa çatandan sonra hesab edirəm ki, o, çox əhəmiyyətlidir, görüşlərimiz, danışıqlarımız məhsuldar olubdur. Səfərə yekun vuraraq hesab edirəm ki, o, Azərbaycan üçün çox uğurludur.

Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələr Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra yaranıbdır. Amma dövlətlərarası, hökumətlərarası görüşlər, imzalanmış müqavilələr 1994-cü ilin fevral ayında mənim Londona ilk rəsmi səfərim zamanı olmuşdur. Mən hesab edirəm ki, o vaxt Azərbaycanın müstəqilliyinin ilk illərində həmin səfər çox əhəmiyyətli oldu. Biz bir çox vacib müqavilələr, sənədlər imzaladıq. Mən və baş nazir Birləşmiş Krallıqla Azərbaycan arasında dostluq və əməkdaşlığa dair siyasi bəyannamə imzalamışdıq. Mənim Böyük Britaniyanın baş naziri ilə ondan sonrakı illərdə də həm Londonda, həm də beynəlxalq təşkilatların toplantılarında bir çox görüşlərimiz, danışıqlarımız olmuşdur. Mən Böyük Britaniyanın bir sıra nazirləri ilə də görüşlər keçirmişəm. Böyük Britaniyanın xarici işlər naziri Azərbaycanda səfərdə olmuşdur və hökumətlərimiz arasında bir neçə digər mühüm sənədlər imzalanmışdır.

Amma bilirsiniz ki, keçən il Birləşmiş Krallıqda hökumət dəyişikliyi olmuşdur. Orada parlament seçkiləri keçirilmiş və 18 il hakimiyyətdə olan Mühafizəkarlar Partiyası seçkilərdə uduzmuş, Leyboristlər Partiyası hakimiyyətə gəlmişdir. Beləliklə, onların qayda-qanunlarına görə hökumət tamamilə dəyişilmişdir. Bu səfərin mənası yeni hökumətin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana dair siyasətini daha genişləndirmək, inkişaf etdirmək arzusundan ibarətdir və bu məqsədi daşıyır. Ona görə də mənim bu səfərim baş veribdir. Mənə rəsmi dəvət gəlibdir, məhz rəsmi dəvətə görə bu səfəri həyata keçirmişəm.

Deyə bilərəm ki, çoxsaylı danışıqlarımız olubdur. Dilarə Seyidzadə mənə bildirdi ki, - neçə görüş olubdur. Amma iş görüşlərin sayında deyildi, baxmayaraq ki, sayın da özünəməxsus mənası vardı. Bilirsiniz ki, mən iyulun 20-də səhər saat 9-da görüşlərə başlamışam və bu gün hava limanına gələnə qədər görüşlər keçirmişəm. Hesab edirəm ki, qarşıya qoyduğumuz məqsədə nail olmaq üçün ötən beş gün çox məhsuldar olubdur. Çoxsaylı görüşlərin hər birinin özünəməxsus əhəmiyyəti və mənası vardır. Onların hamısı birlikdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında bugünkü əlaqələrin vəziyyətini əks etdirir və eyni zamanda, bu əlaqələri gələcəkdə daha da inkişaf etdirmək üçün çox möhkəm zəmin yaradır.

Şübhəsiz ki, bu görüşlər içərisində əlahəzrət kraliça ilə görüşüm xüsusi əhəmiyyət daşıyır. Bilirsiniz ki, bu ölkənin özünəməxsus tarixi ənənələri vardır və onlar öz ənənələrinə sadiqdirlər. Kraliça çox az xarici ölkələrin başçıları ilə görüşür. Mən İkinci dünya müharibəsində qələbənin 50 illiyi münasibətilə 1995-ci ildə Londonda keçirilən böyük mərasimdə iştirakım zamanı kraliça ilə görüşüb söhbət etmişdim. Ancaq həmin görüş mərasim çərçivəsində olmuşdu. Bu dəfəki görüş isə Azərbaycan Respublikasının dövlət başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası ilə görüşü idi. Biz bu görüşdə bir neçə məsələ barədə fikir mübadiləsi apardıq. Onların əksəriyyəti siyasi xarakter daşıyır. Kraliça Azərbaycanın tarixi, mədəniyyəti ilə də çox maraqlandı.

Mənim hökumət üzvlərinin demək olar ki, çoxu ilə görüşlərim oldu. İyulun 21-də baş nazir Toni Bleyrlə görüşümüzün, danışıqlarımızın nəticəsi olaraq çox mühüm əhəmiyyətli sənədlər imzalandı. Toni Bleyrlə mən İkinci dünya müharibəsində qələbənin 50 illiyi münasibətilə 1995-ci ildə Londonda keçirilən mərasimdə, - o, hələ Müxalifət Partiyasının rəhbəri olduğu zaman görüşmüşdüm. Sonra biz beynəlxalq təşkilatların Madriddə və Strasburqda keçirilmiş toplantılarında görüşmüşdük. Ancaq onlar məhdud xarakter daşıyır. Bu görüş isə, hesab edirəm ki, mənim Böyük Britaniyaya səfərimizin əsas, zirvə görüşüdür. Biz ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi barədə bir çox məsələləri ətraflı müzakirə etdik. Mən bütün başqa görüşlərdə olduğu kimi, burada bir daha hiss etdim ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanla əlaqələri daha da genişləndirmək, yüksəklərə qaldırmaq, çoxşaxəli etmək istəyir.

Baş nazir Toni Bleyr özü bir çeçə dəfə təkrar etdi ki, biz iqtisadi əməkdaşlığın genişləndirilməsinə çox böyük əhəmiyyət veririk. Bu əlaqələr indi yaxşı səviyyədədir. Ancaq biz siyasi sahədə də əməkdaşlığımızı genişləndirməliyik və inkişaf etdirməliyik. Hökumətin bütün üzvləri ilə görüşlərdə bu, öz əksini tapan əsas fikir idi. Ancaq baş nazir bunu geniş mənada ifadə etdi.

Mən ümumiyyətlə, hiss etdim ki, Birləşmiş Krallığın hökuməti regionumuza, yəni Qafqaz, Mərkəzi Asiya regionuna çox böyük maraq göstərir və bu bölgədə həm iqtisadi, həm də siyasi cəhətdən daha fəal rol oynamaq istəyir. Baş nazirdən sonra xarici işlər naziri də bəyan etdi ki, onlar Azərbaycanda öz səfirliklərinin ştatını artıracaqlar, səfirliyi genişləndirəcəklər. Hətta məndən xahiş etdilər ki, səfirliyə təzə ştatlara münasib olan yeni bina verilməsində onlara yardım edim. Bunlar hamısı mənim bu dediklərimi bir daha təsdiq edir.

Nəhayət, bunların hamısı bu fikrə gətirir. Baş nazir Toni Bleyr iyulun 21-də keçirdiyimiz görüşümüzdə bu fikirləri bəyan etmişdir. Xarici işlər naziri Daq Henderson da bu fikri bəyan etmişdir. Bilirsiniz ki, Birləşmiş Krallıqda Xarici İşlər Nazirliyi iki təbəqədən ibarətdir. Onlardan biri yüksək təbəqədir, ona Robin Kuk, ikincisinə isə Daq Henderson rəhbərlik edirlər. Cənab Henderson mənim səfərimlə əlaqədar iyulun 23-də Edinburqa gəlmişdi. Onlar Edinburqda bizim şərəfimizə böyük bir ziyafət verdilər. Daq Henderson oradakı nitqində bəyan etdi ki, bizim ölkələrimizin əlaqələri strateji tərəfdaşlıq xarakteri daşımalarıdır. Mən də bu fikirlə razı olduğumu bildirdim.

Beləliklə, hesab edirəm ki, bu danışıqlar, görüşlər Azərbaycanı daha da çox tanıtdı, ölkəmizin bugünkü rolunu, əhəmiyyətini sübut etdi. İyulun 21-də sənədlərin imzalanması mərasimindəki çıxışında baş nazir Toni Bleyr bəyan etdi ki, Azərbaycan dünya siyasətində açar rolunu oynamalıdır.

Mən bunların hamısından çox razıyam. Çünki Böyük Britaniya dünya siyasətinə təsir edən nüfuzlu dövlətlərdən biridir. Həm Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür, həm ATƏT-də, həm də Avropa Birliyində, Avropa Şurasında çox güclü səsə malikdir. Ona görə də bu ölkə ilə əlaqələrin genişləndirilməsinin bizim üçün çox böyük əhəmiyyəti vardır.

Şübhəsiz ki, baş nazirlə danışıqlarımız zamanı biz bütün məsələləri müzakirə etdik. Biz xüsusən də Ermənistan-Azərbaycan münaqişəsinin başvermə tarixi, səbəbləri, bugünkü vəziyyət və ölkəmizin mövqeyi barədə məsələləri nəzərdən keçirdik. Böyük Britaniya hökuməti bizim mövqeyimizlə tam razıdır. İmzaladığımız birgə siyasi bəyannamədə bunlar hamısı öz əksini tapıbdır.

Bilirsiniz ki, cənab Toni Bleyrlə mən, Azərbaycan Respublikasının prezidenti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamə imzaladıq. Həmin siyasi bəyannamədə Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini təmin edən bütün müddəalar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Lissabon zirvə toplantısında qəbul olunmuş üç prinsip əsasında həll edilməsi öz əksini tapıbdır. Şübhəsiz ki, biz, danışıqlara başlamamışdan əvvəl bu bəyannamənin mətni hazır idi. Ancaq mən söhbətimizdə bu məsələni xüsusi olaraq dərinləşdirdim. Mən dedim ki, biz Dağlıq Qarabağa dövlət müstəqilliyi verilməsinə heç vaxt razı ola bilmərik. Biz sülh istəyirik, məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq biz ərazimizin hər hansı bir kiçik hissəsinin də başqa ölkəyə verilməsinə heç vaxt razı ola bilmərik. Bu bizim qəti, prinsipial mövqeyimizdir. Biz bu mövqeyimizdən heç vaxt geriyə çəkilmərik.

Baş nazir bu fikirləri yüz faiz dəstəklədi. Mən ona dedim, o da mənə dedi ki, beynəlxalq hüquq normaları, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsipləri var, bunlar dəyişilməzdir. Ona görə də mən həmişə demişəm, indi də deyirəm: Ermənistan tərəfi gec-tez bunu anlamalıdır və anlayacaqdır.

Çox məmnunam ki, bu məsələ təkcə onunla yox, başqa görüşlərdə də ətraflı müzakirə olundu. Mən hətta konfranslardakı çıxışlarımda da bunların hamısını bəyan etmişəm.

Baş nazirlə görüşümüzdə xüsusi yer tutan bir məsələ də Avropa-Qafqaz Asiya nəqliyyat magistralı məsələsi böyük İpək yolunun bərpa olunması sahəsində görülən işlər idi. Baş nazir bu məsələyə çox böyük maraq göstərdi. Mən bu məsələnin tarixini, mahiyyətini və əhəmiyyətini ona xəritədə çox ətraflı izah etdim. O, çox məmnun oldu. Böyük Britaniya bu işə qoşulub və qoşulur. Sentyabr ayının 7-8-də Azərbaycanda keçiriləcək zirvə görüşündə - konfransda şübhəsiz ki, Böyük Britaniya iştirak edəcəkdir.

Mən qeyd etdim ki, - baş nazirlə görüşümüzün, danışıqlarımızın nəticəsi o oldu ki, onun iqamətgahında həm siyasi bəyannamə imzaladıq, həm də Böyük Britaniyanın iri şirkətləri ilə Azərbaycan arasında müqavilələr imzalandı. "Bİ-Pİ" şirkəti ilə imzalanan müqavilə çox böyük müqavilədir, Azərbaycanın Xəzər dənizindəki ən zəngin yataqlarından biri barədədir. Orada üç yataq var, keçmişdə, kəşf olunanda cürbəcür adlar qoyulmuşdu. Ancaq indi müqaviləni hazırlayanda yeni adlar qoyduq - "Araz", "Alov" və "Şərq" yataqları. Bunlar üçü birlikdə böyük bir blok təşkil edir. Bu yataqda pay bölgüsünün 30 faizinin "Bİ-Pİ/Statoyl"şirkətlərinə verilməsi haqqında müqavilə imzalandı. Hesab edirəm, bu, çox böyük müqavilədir. Orada dəniz çox dərindir və onların bu sahədə çox böyük imkanları və təcrübəsi var. Hesab edirəm ki, bu, çox perspektivlidir.

Başqa bir yataq var - "İnam" yatağı. O da zəngin yataqdır. Bu yatağa, - elə "Bİ-Pİ" ilə müqavilə imzaladığımız yataqlara da, - xarici şirkətlər çox böyük maraq göstərirdilər. Amma "Bİ-Pİ" ən yüksək iqtisadi təkliflər verdi, buna görə də biz müqaviləni onunla imzaladıq.

Siz bilməlisiniz ki, bu müqavilələr böyük tenderlər nəticəsində hazırlanıb və imzalanıbdır. Çox şirkətlər hər bir yatağa maraq göstərirdilər. Nəhayət. ən yüksək iqtisadi göstəricilər təklif edən şirkətlərlə müqavilələr imzalamağa nail olmuşuq. "İnam" yatağı barədə Böyük Britaniyanın "Monument oyl", Amerikanın məşhur "AMOKO" şirkətləri və Rusiyanın Moskva şəhərinə mənsub olan yeni bir şirkəti ilə müqavilə imzaladıq.

Muradxanlı adlanan yerdə yatağımız var. Mənim xatirimdədir, bu neft yatağı 70-ci illərdə kəşf olunubdur. O vaxt oradan çox yaxşı neft əldə edirdik. Sonra isə bəzi səbəblərdən, bu yatağı yaxşı işlədə bilmədilər və indi o, çox az neft verir. Ancaq "Remko" şirkəti bu yatağa çoxdan maraq göstərirdi və bir sıra təkliflər verdi. Bu yatağın müştərək işlənilməsi haqqında da müqavilə imzaladıq.

Bilirsiniz ki, biz Bakıda otel və biznes mərkəzinin tikilməsi haqqında Bakı şəhəri ilə "Morrison" şirkəti arasında müqavilə imzaladıq. O, inşaat sahəsində fəaliyyət göstərən özəl şirkətdir.

Beləliklə, mən hesab edirəm ki, həm siyasi bəyannamə, həm də imzalanmış müqavilələr çox əhəmiyyətlidir. Ümumiyyətlə Böyük Britaniya ilə aramızda olan əlaqələri, xüsusən iqtisadi əlaqələri tənzimləyən hüquqi-normativ sənədlər çoxdur, lazımi qədərdir. Ona görə də indi əlavə sənədlərin imzalanmasına ehtiyac yox idi.

Dedim ki, mən hökumət üzvlərinin bir çoxu ilə görüşdüm. Bu görüşlərin hər biri çox əhəmiyyətli, vacib və bizim üçün lazım idi. Bu təşəbbüs onların tərəfindən oldu.

Ancaq bir neçə başqa görüş də oldu. Məsələn, Britaniyada Azərbaycanda təhsil sahəsində bəzi tədbirlər aparan bir şura var. Onun rəhbəri də gəlib mənimlə görüşdü. Mən xüsusən Britaniya-Azərbaycan Cəmiyyətinin yaranmasını və bu səfərim zamanı oteldə böyük bir salonda onun üzvləri ilə görüşümü bildirmək istəyirəm. Bu da böyük hadisədir. Çünki mənim xatirimdədir, 1994-cü ilin fevral ayında buraya gələndə Böyük Britaniya Azərbaycan üçün yalnız bir dünya dövləti idi. Orada səfirliyimizi təzəcə açmışdıq, bundan savayı heç bir şey yox idi. Amma bu dörd il müddətində əlaqələrimiz o qədər genişlənib, Azərbaycana maraq o qədər artıb ki, Britaniya-Azərbaycan Cəmiyyəti yaranıbdır. Bu cəmiyyəti yaradanlar da İngiltərənin tanınmış adamlarıdır - keçmiş nazirlər, ölkənin ictimai-siyasi həyatında çox böyük yer tutan adamlardır və Azərbaycana maraq da çoxdur. Bu, çox əhəmiyyətlidir. Mən buna çox yüksək qiymət verirəm.

Mən hesab edirəm ki, bu görüşlərdən ən əhəmiyyətliləri geniş auditoriyalardakı görüşlərimdir. Bilirsiniz ki. Ayın 22-də Londonda böyük bir iqtisadi konfrans açılmışdı. Konfransı Böyük Britaniyanın "Ay-Bi-Si" şirkəti təşkil etmişdi və altı-yeddi ay idi ki, buna hazırlıq aparırdı. Bu, beynəlxalq konfrans idi və onda iştirak edənlər hərə öz xahişi ilə və öz pulu hesabına gəlmişdi. Konfransda iştirak etmək üçün pul vermək lazım idi, adi konfrans deyildi. İndi görün, Azərbaycana nə qədər böyük maraq var ki, həmin salonda, - siz özünüz orada idiniz, - üç yüzdən artıq adam vardı. Bunların hamısı iş adamları idi - həm Böyük Britaniyanın, həm də bir çox başqa ölkələrin nümayəndələri iştirak edirdilər. Çoxları çıxış etməyə həvəs göstərirdi, bəziləri də çıxış etmək imkanı olmadığına görə çox məyus olmuşdular. Konfransa Azərbaycandan bir çox nazirlər dəvət edilmişdi.

Mən orada giriş sözü söylədim. Siz iştirak edirdiniz və çıxışımın məzmunu sizə məlumdur. Ancaq konfransın əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycanın iqtisadiyyatına olan böyük marağı və Azərbaycanda işləmək istəyən adamların sayının get-gedə artmasını göstərir. Eyni zamanda göstərir ki, xarici investorların Azərbaycanda işləməsi üçün normal şərait, imkan var. Əgər bunlar olmasa, onlar Azərbaycana gəlməzlər. Dəfələrlə bu rəqəm səsləndi və baş nazir də, başqa nazirlər də fərəh hissi ilə dedilər ki, indi Azərbaycanda Böyük Britaniyanın 100-dən artıq şirkəti işləyir. Xatirinizdədirmi, hətta mən bundan istifadə edərək, iki-üç yerdə dedim ki, hesab edirəm, Böyük Britaniyaya səfərimin ən böyük nailiyyəti ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya arasında rəqabət yaradıram. Ancaq onlar hesab edirlər ki, artıq indi Azərbaycanda Böyük Britaniya şirkətlərinin sayı Amerika Birləşmiş Ştatlarının şirkətlərindən çoxdur. Çoxdur və hesab edirəm ki, bu, gözəl bir göstəricidir. Ona görə mən həmin beynəlxalq iqtisadi konfransa da çox əhəmiyyət verirəm. O, çox böyük nəticələr verəcəkdir.

Bununla bərabər, mən hesab edirəm ki, Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunda görüşüm də çox əhəmiyyətli oldu. Orada keçən dəfə də görüşüm olmuşdu. O vaxt da Azərbaycana böyük maraq var idi. Ancaq bu dəfə gördüm ki, maraq ondakından qat-qat artıqdır. Salon ağzına qədər dolu idi. Orada olan adamların da hamısı öz arzusu ilə gəlmişdi və siyasət sahəsində iş aparan, siyasət institutlarında işləyən adamlar, jurnalistlər, ayrı-ayrı ölkələrin səfirləri və səfirliklərin nümayəndələri idilər.

Görüş sırf siyasi xarakter daşıyırdı. Ona görə də, xatirinizdədir, mən ancaq siyasi məsələlər haqqında danışdım və imkandan istifadə edib, birinci növbədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixini və bugünkü vəziyyətini açdım ki, qoy bilsinlər. Çünki, təəssüf ki, keçmiş zamanlarda təbliğatımız, izahat işimiz zəif olduğuna görə, Dağlıq Qarabağ problemini başlayan, Azərbaycana təcavüz edən, torpaqlarımızı işğal edən, bir milyona qədər azərbaycanlını yerindən-yurdundan didərgin salan ermənilər olsa da, onların təbliğatı güclü olmuşdur. Onların diasporu çox güclü olmuşdur. Ümumiyyətlə, bu sahədə daha mahir olduqlarına görə üstünlük həmişə onlarda olubdur.

Çox zaman belə hesab edirdilər ki, bu problemdə günahkar guya Azərbaycandır. Mən hesab edirəm ki, son illər bizim xarici siyasətimizin, - təkcə bu ölkədə yox, ümumiyyətlə dünyada, - ən böyük nailiyyəti ondan ibarətdir ki, nəhayət, biz Azərbaycan reallığını, gerçəkliyini dünyaya çatdıra, dünyada ictimai-siyasi fikri dəyişdirə bildik. Şübhəsiz ki, Ermənistan tərəfi hələ də güc göstərməyə çalışır. Onların gücü, adamları çoxdur, diasporları güclüdür. Bəlkə də bu işləri Ermənistan hökumətindən çox, onların diasporu, lobbiləri görür.

Bizim nə bu qədər diasporumuz, nə də lobbimiz var. Ona görə də biz xarici siyasətimizin gücünə, öz imkanlarımıza istinad edirik, bunlardan istifadə edirik. Bizim gördüyümüz işlər öz nəticəsini verir və bu baxımdan Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutundakı görüş, mənim oradakı çıxışım çox əhəmiyyətlidir və buna böyük qiymət verirəm.

Edinburqa, yəni Şotlandiyaya səfərimiz də çox əhəmiyyətli oldu. Bilirsiniz ki, Şotlandiya Böyük Britaniyada çox mühüm yer tutur. Bilirsiniz ki, onların özlərinin daxili problemləri var. Vaxtilə Şotlandiya ilə İngiltərə arasında müharibələr gedib, qırıblar-öldürüblər, sonra birləşiblər. İndi də özlərinə müəyyən qədər səlahiyyət əldə etmək arzuları var. Bu arzular da müəyyən qədər yerinə yetirilir.

Şotlandiya bu ölkənin sənaye cəhətdən inkişaf etmiş hissəsidir və neft sahəsinin də əsası buradadır. Ona görə mən oraya dəvəti qəbul etmişdim. "Bİ-Pİ"nin oradakı işləri ilə tanış olduq. Çünki "Britiş Petroleum"un gördüyü işlər, həm neft hasilatı. Həm də neft emalı sahəsindəki texnologiyaları mənim üçün çox əhəmiyyətli idi. Bir də, şübhəsiz ki, ora qədim diyar, tarixi şəhərdir, tarixi abidələr şəhəridir, orada kraliçanın sarayı var, bunlar da onlar üçün müqəddəsdir.

Orada Meriyada görüşümüz, danışıqlarımız oldu. "Bİ-Pİ" ilə çox gözəl danışıqlar apardıq, mən işlərlə tanış oldum. Böyük bir ziyafət verdilər. Ondan öncə Şotlandiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüm oldu. Bu da çox əhəmiyyətli görüş idi.

Nəhayət, XI əsrdə tikilmiş qəsrə getdik. Bu qəsri bizim üçün açdılar, - onu çox nadir hallarda, - açırlar. Orada bizə ziyafət verdilər. Amma təkcə ziyafət cəhəti deyil, bu həm də siyasi xarakter daşıyır. Orada nazir, hesab edirəm ki, səfərimizi yekunlaşdıran çıxış etdi, - siz o çıxışla tanış olacaqsınız. Orada mən də çıxış etdim.

Ümumiyyətlə, səfər çox əhəmiyyətlidir, maraqlıdır və çox məmnunam. Hesab edirəm ki, Azərbaycan xalqının mənə tapşırdığı səlahiyyətləri bu günlərdə də layiqincə yerinə yetirdim. Sağ olun. Həm də təşəkkür edirəm ki, mənimlə bərabər bu əziyyətlərə dözmüsünüz.

"Azərbaycan" qəzeti, 25 iyul 1998-ci il