Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Demokratik Respublikasının yaranmasının 80 illiyi münasibətilə Gürcüstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda nitqi - "Gülüstan" sarayı, 23 may 1998-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, qardaş gürcü xalqını, Gürcüstanın bütün vətəndaşlarını böyük bayram - Gürcüstanın müstəqillik günü, ilk Xalq Cümhuriyyətinin, Demokratik Respublikasının yaranmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Gürcü xalqına, Gürcüstanın vətəndaşlarına sülh, əminamanlıq və yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan və gürcü xalqları həmişə bir-biri ilə dostluq, mehribanlıq, qonşuluq, qardaşlıq şəraitində yaşamışlar, bu gün də yaşayırlar. Məhz buna görə də bizim xalqlarımızın, ölkələrimizin həyatında baş verən tarixi hadisələr çox zamanlar eyni vaxtda və bir-birinə də bənzər olubdur. Bunun nəticəsində də 80 il bundan əvvəl - 1918-ci ilin may ayında gürcü və Azərbaycan xalqları öz milli azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizə apararkən bir yerdə idilər. Onlar bu mübazəni bir yerdə aparıblar və eyni zamanda öz müstəqilliklərini bir yerdə elan ediblər. Mayın 26-da gürcü xalqı öz istiqlaliyyətini elan edibdir. Mayın 28-də isə Azərbaycan xalqının səlahiyyətli nümayəndələri Tbilisi şəhərində Azərbaycanın istiqlal bəyannaməsini elan ediblər. Ona görə də biz bu bayramları birlikdə, eyni vaxtda keçiririk. May ayında gürcü və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı, əməkdaşlığı haqqında, bizim bu dostluğumuzun tarixi haqqında çox danışmışıq. Mənim əziz dostum, qardaşım Eduard Şevardnadze mayın 9-da Bakıya ziyarətə gəldiyi, respublikamızın ictimaiyyəti ilə görüşdüyü zaman, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin Gürcüstanda keçirilməsi ilə əlaqədar ölkəmizin nümayəndə heyətinin mayın 5-6-da Tbilisidə və Gürcüstan Xalq Cümhuriyyətinin, demokratik respublikasının 80 illik yubileyinin Azərbaycanda keçirilməsi ilə əlaqədar Gürcüstan nümayəndə heyətinin mayın 18-19-da Bakıda olduğu zaman biz böyük və təntənəli mərasimlərin iştirakçısı olmuşuq. Bu təntənəli mərasimlərdə həm gürcü, həm də Azərbaycan xalqlarının keçdikləri tarixi şanlı yol haqqında, xüsusən bizim xalqlarımızın dostluğunun tarixi və bu günü barədə ətraflı danışmışıq.

Mən Gürcüstanın müstəqillik günü münasibətilə qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən bu gün burada təşkil olunmuş qəbulda iştirak etməyimi zəruri hesab etmişəm və bu münasibətlə də bir neçə söz deyirəm. Bir daha deyirəm ki, bizim xalqlarımızın taleyi bir-birinə çox bənzərdir. Allah-təala xalqlarımıza daim qonşu yaşamaq taleyi, qisməti bəxş edibdir. Biz qonşu kimi dost, qardaş olmuşuq. Bu dostluğumuz, qardaşlığımız heç vaxt pozulmayıbdır və bu gün də pozulmayacaqdır. Gələcək nəsillər bu dostluğu, qardaşlığı daha da yüksəklərə qaldıracaqlar. Biz məhz Qafqazda iki böyük millət, ölkə, indi iki müstəqil dövlət bir-birimizlə səmimi dostluq, qardaşlıq əlaqələri saxlayaraq Qafqazda sülhün, əmin-amanlığın təmin olunmasına xidmət edirik. Biz öz varlığımızla, bir-birimizə olan münasibətimizlə bu xidməti edirik. Eyni zamanda Azərbaycan və Gürcüstan prezidentləri bu sahədə çox lazımlı, dəyərli addımlar atıblar və bundan sonra da atacaqlar.

Bizim vətəndaşlarımız, ölkələrimizin insanları üçün hər şeydən əziz, vacib sülhdür, əmin-amanlıqdır, rahat yaşamaqdır. Bizim ölkələrimizin böyük imkanları vardır. Təbii sərvətlərimiz, xalqlarımızın böyük istedadı, intellektual və iqtisadi potensial ölkələrimizin müstəqil dövlət kimi inkişaf etməsi üçün çox gözəl əsaslar yaradıbdır. Onların hamısına nail olmaq, ölkələrimizi müstəqil, azad dövlət kimi daha da irəliyə aparmaq üçün bizə sülh və əmin-amanlıq, xalqlarımıza rahatlıq lazımdır. Bu, xüsusən ona görə lazımdır ki, son illər Gürcüstan da, Azərbaycan da təəssüf ki, münaqişələrlə rastlaşıbdır. Ancaq o da məlumdur ki, Azərbaycan da, Gürcüstan da bu münaqişələri sülh yolu ilə həll etməyə çalışırlar, biz sülh siyasəti aparırıq. Əminəm ki, Gürcüstanın, Azərbaycanın apardıqları bu sülh siyasəti öz müsbət nəticəsini verəcək və biz ölkələrimizdə, ümumiyyətlə, Qafqazda sülhün, əmin-amanlığın yaranmasına nail olacağıq.

Bəşər mədəniyyətinə, sivilizasiyasına gürcü xalqının tarix boyu verdiyi dəyərli töhfələr məlumdur. Gürcü xalqı bununla fəxr edir və əsaslı olaraq da fəxr edir. Biz - Azərbaycan xalqı dost, qardaş Gürcüstanın nailiyyətlərinə həmişə sevinmişik. Tarixin bu çətin dövründə, müstəqillik əldə edəndən sonra, onu möhkəmləndirib inkişaf etdirdiyimiz zamanda qarşımızda həm problemlər vardır, həm də ölkələrimizin, xalqlarımızın böyük imkanları mövcuddur. Biz bu imkanlardan da birgə istifadə edirik.

Mən qardaşlıq hissiyyatı ilə, böyük məmnuniyyətlə bu bayram günü onu deyə bilərəm ki, gürcü xalqı, Gürcüstan dövləti ağır, çətin dövrü məharətlə keçir, qarşısında duran bütün problemləri həll edir və öz dövlət müstəqilliyini, milli azadlığını daim möhkəmləndirir. Gürcüstanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadi islahatlar prosesinin sürətlə aparılması, Gürcüstanın Dünya Birliyində nüfuzunun artması, Qafqazda həm iqtisadi, həm də siyasi sahədə onun mühüm rol oynaması bizi sevindirir. Ümid bəsləyirik ki, bu əlaqələrimiz daha da geniş olacaq, yüksələcəkdir və gürcü xalqının, Gürcüstanın nailiyyətlərini biz bundan sonra da müşahidə edəcəyik və bu nailiyyətlərə qardaş kimi gələcəkdə də sevinəcəyik. Bütün sərvətləri, xalqın şanlı tarixi, çox gözəl ənənələri, iqtisadi, intellektual potensialı ilə bərabər Gürcüstanın, gürcü xalqının ən böyük neməti ondan ibarətdir ki, bu ağır, çətin dövrdə gürcü xalqına sınanmış, dünyada böyük şöhrət qazanmış, təcrübəli və çox zəkalı dövlət başçısı - mənim dostum, qardaşım Eduard Şevardnadze rəhbərlik edir. Eduard Şevardnadze keçmiş zamanlarda da Gürcüstanda böyük xidmətlər göstərmişdir. Gürcüstanın inkişafında onun böyük rolu olmuşdur. Ancaq Eduard Şevardnadzenin gürcü xalqı qarşısında indiki zamanda, dövrdə xidməti şübhəsiz ki, daha da yüksək qiymətə malikdir və bu, çox böyük əhəmiyyət daşıyır. Məmnuniyyət hissi ilə deyirəm ki, prezident Eduard Şevardnadze xalqının, tarixin onun üzərinə qoyduğu bu şərəfli missiyanı məharətlə və şücaətlə yerinə yetirir, cürbəcür təxribatlardan, terrorlardan çəkinmir və gürcü xalqını bu çətinliklərdən çıxarır. Mən əminəm ki, müstəqil Gürcüstanın, gürcü xalqının çox xoşbəxt gələcəyi vardır. Bu xoşbəxt gələcək də həm xalqın fədakarlığına, istedadına, həm də bugünkü demokratik, hüquqi dövlət quruculuğuna və bu dövlət quruculuğuna rəhbərlik edən liderin məharətinə əsaslanır.

Bu bayram günü mən Azərbaycan xalqının dostluq, qardaşlıq hissiyyatlarını gürcü xalqına, Gürcüstanın bütün vətəndaşlarına bir daha çatdırıram. Buradan bayram salamlarımı Gürcüstana, dostum, qardaşım prezident Eduard Şevardnadzeyə göndərirəm. Gürcü xalqına, Gürcüstana yeni-yeni nailiyyətlər arzulayıram. Bayramınız mübarək olsun!