Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistanın Azərbaycandakı səfiri Əbdüqafur Əbdürəhmanovu qəbul edərkən söhbətindən - Prezident sarayı, 13 fevral 1999-cu il


Əbdüqafur Əbdürəhmanov: Sözün düzü, biz tam fəaliyyətə iyunda, səfirliyimiz üçün bina aldıqdan, onu texniki cəhətdən bütünlükdə təchiz etdikdən sonra başlamışıq. Hazırda biz öz evimizdə olduğu kimi, var qüvvə ilə işləyirik. Heç bir problem hiss etmirik. Başlıcası budur ki, biz qardaş olduğumuzu hər yerdə hiss edirik. Heç yerdə heç kim bizə "yox" demir. Heç bir problemimiz yoxdur. Çox sağ olun.

Heydər Əliyev: Çox yaxşı. İndi artıq sizin fəaliyyətiniz sayəsində, - mən Özbəkistanın Azərbaycandakı səfirliyini və Azərbaycanın Özbəkistandakı səfirliyini nəzərdə tuturam, - əməkdaşlığımız daha uğurla inkişaf etməlidir. Axı, Mərkəzi Asiyada ancaq Özbəkistanda səfirliyimiz var, digər ölkələrdə səfirlikləri hələlik aça bilməmişik. Bu isə sübut edir ki, biz Özbəkistanla əməkdaşlığımıza necə böyük əhəmiyyət veririk.

Biz prezident İslam Kərimovla görüşlərimiz zamanı dəfələrlə, o cümlədən ötən ilin sentyabrında Bakıda böyük tarixi İpək yolunun bərpasına dair beynəlxalq konfrans keçirərkən bu barədə danışmışıq. Hesab edirəm ki, o vaxtdan bəri əməkdaşlığımız uğurla irəliləyir. Bir daha demək istəyirəm ki, biz buna böyük əhəmiyyət veririk. Özbəkistanın Transqafqaz magistralı prosesinə, İpək yolunun bərpası proqramının həyata keçirilməsinə, TRASEKA proqramına fəal qoşulması, Mərkəzi Asiyanın digər ölkələrinə nisbətən Transqafqaz nəqliyyat magistralından daha fəal istifadə etməsi geniş əməkdaşlığımıza şərait yaradır. Mən buna şadam.

Əbdüqafur Əbdürəhmanov: Həqiqətən, Transqafqaz dəhlizi Özbəkistan üçün həyati əhəmiyyətə malikdir, çünki bizim dənizə çıxışımız yoxdur. Buna görə prezidentimiz və bütün xalqımız tarixi qədim İpək yolunun bərpasına dair konfrans keçirmək barədə Sizin təşəbbüsünüzü çox yüksək qiymətləndirmişlər. İndi mənim üçün çox xoşdur və mənə böyük məmnunluq bəxş edir ki, Özbəkistan bu dəhlizin ən fəal istifadəçisidir. Rəqəmlərə müraciət etsək, görərik ki, ötən il Özbəkistan özünün ixrac-idxal yüklərinin 700 min tondan çoxunu bu yol ilə daşımışdır. Biz cari ildə bu yüklərin həcmini artırmaq niyyətindəyik, çünki bu, həqiqətən ən kəsə, ən sərfəli, ən yaxşı yoldur. Yəqin əcdadlarımız bu yoldan heç də əbəs yerə istifadə etmirdilər. Mədəniyyətin tərəqqisi bu dəhlizdən məhz ən fəal istifadə olunduğu həmin dövrə təsadüf etmişdir. Bir vaxtlar Avropaya şüşəni, barıtı, digər bir çox şeyləri məhz bu yol bəxş etmişdir.

Biz buna çox ciddi yanaşırıq. Hazırda Gürcüstanın Poti limanında bizim birgə müəssisəmiz var. Biz orada anbarlar tikmişik, oraya texnika gətirmişik və bunların hamısından çox səmərəli istifadə edirik. Perspektiv planlarımızda Azərbaycanla da bu cür birgə müəssisə - Bakıda nəqliyyat-ekspeditor şirkəti yaratmaq nəzərdə tutulmuşdur. Çünki mənə elə gəlir ki, Bakı bu nəqliyyat dəhlizinin özəyidir və bütün infrastrukturlar burada cəmləşmişdir - mən avtomobil, dəmir yollarını, dəniz və hava daşımalarını nəzərdə tuturam. Buna görə də həmin konfrans zamanı prezidentimiz İslam Kərimov TRASEKA proqramı katibliyinin qərargahını burada, Bakıda yaratmağı təklif etmişdi.

Heydər Əliyev: Bəli, artıq belə bir qərar qəbul edilmişdir və apreldə katiblik yəqin ki, fəaliyyətə başlayacaqdır. Biz onun üçün müvafiq bina ayırmışıq. Bu, olacaqdır. Həqiqətən doğru deyirsiniz ki, Bakı öz infrastrukturu, liman qurğuları, kommunikasiyaları və digər cəhətləri ilə bu İpək yolunda, bu magistralda xüsusi yer, xüsusi mövqe tutur və Bakının imkanlarından istifadə etmək sizə, əlbəttə, gərəkdir.

Əbdüqafur Əbdürəhmanov: Siz, yəqin, belə bir məlumata maliksiniz ki, Özbəkistan və Qırğızıstanı Çinlə birləşdirən avtomobil magistralının fevralın 28-də təntənəli açılış mərasimi olacaqdır. Magistralın inşasına Çin ilə Özbəkistan, Qırğızıstan arasında imzalanmış sazişə uyğun olaraq başlanmışdır və onun çəkilişi fevralda başa çatdırılacaqdır. Bu, böyük İpək yolunun davamıdır və Sakit okean regionuna ən qısa yolla çıxmaq istəyən daha çox ölkələrin diqqətini cəlb etməlidir.

Heydər Əliyev: Doğrudur, bu, İpək yolunun məhz bir hissəsidir və çox yaxşıdır.

Əbdüqafur Əbdürəhmanov: Bu sazişə qoşulmaq haqqında sizin qəbul etdiyiniz qərar bizim üçün çox xoş oldu. İndi sırf prosedur məsələləri üzrə razılaşdırma aparılır. Prezidentimizə bunu bildirmək mənə çox xoş olacaqdır ki, sazişə Azərbaycan da qoşulmaq istəyir.

Heydər Əliyev: Çox yaxşı, son vaxtlar biz Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün yaxşı start götürmüşük və bütün bunları çox fəal davam etdirəcəyik.

Əbdüqafur Əbdürəhmanov: İqtisadi əməkdaşlığı intensivləşdirmək sahəsində işimizi fəallaşdırmalıyıq. Bununla əlaqədar indi ikitərəfli iqtisadi komissiyanın may ayında keçiriləcək növbəti iclasına çox fəal hazırlıq görülür. Biz gündəliyə heç də təkcə iqtisadi məsələləri daxil etmək istəmirik. Yaxşı olar ki, mədəni, elmi-texniki əməkdaşlığa idman sahəsində əməkdaşlığa aid məsələlər də daxil edilsin. Gündəliyin çox dolğun və məzmunlu olması üçün hazırda biz Azərbaycanın konkret nazirlikləri və baş idarələri ilə işləyirik. Zənnimcə, bunun özü də həmin sahələrdə münasibətlərimizin inkişafına çox yaxşı təkan verəcəkdir.

"Azərbaycan" qəzeti, 14 fevral 1999-cu il.