Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bəhreyn kralı əlahəzrət Şeyx Həməd bin İsa əl-Xəlifəyə təbriki - Bakı şəhəri, 6 mart 2002-ci il


Əlahəzrət!

Əziz qardaşım!

Bəhreyn Krallığının təsis olunması və kral elan edilməyiniz münasibətil. Sizi və qardaş Bəhreyn xalqını səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Bəhreyn Krallığı və Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasına daxil olan digər ərəb ölkələri ilə münasibətlərin inkişafı Azərbaycan Respublikasının xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Mən ölkənizin ictimai-siyasi həyatında Sizin rəhbərliyiniz altında gedən prosesləri maraqla izləyir və alqışlayıram. Əminəm ki, Bəhreyn Krallığının regionda və beynəlxalq aləmdə siyasi çəkisinin artması Azərbaycan-Bəhreyn dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Əlahəzrət, Sizi münasib hesab etdiyiniz vaxtda Az.rbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm. Ümidvar olduğumu bildirirəm ki, səfəriniz iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Bəhreyn xalqına isə daim firavanlıq, tərəqqi və çiçəklənmə arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.