Türk Dövləti və Topluluqlarının VI Dostluq, Qardaşlıq və İşbirliyi qurultayının iştirakçılarına - Bakı şəhəri, 18 mart 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Sizi - türk dövlət və topluluqlarının VI dostluq, qardaşlıq və işbirliyi qurultayının iştirakçılarını ürəkdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm.

Türk xalqları insanlığın min illər boyu yaratdığı sivilizasiyaya əvəzsiz, tarixi töhfələr veriblər. Demokratizm, haqqa-ədalətə sonsuz inam, milli, dini, irqi ayrı-seçkiliyə qarşı barışmazlıq, vətənpərvərlik və sülhsevərlik xalqlarımızın səciyyəvi cəhətləridir. Çətin mübarizə yollarında və saysız-hesabsız şəhid qanları hesabına qazandığımız azadlığımızın, müstəqilliyimizin əbədi olmasında, milli dövlət quruculuğunun dönməz xarakter almasında biz məhz belə bəşəri dəyərlərə istinad edirik.

Hazırda türk dövlətləri və xalqları şanlı keçmişi, zəngin milli-mədəni irsi, tükənməz potensialı, beynəlxalq hüquq normalarına ehtiramı ilə Dünya Birliyinin bərabərhüquqlu üzvləridir. Biz türk cümhuriyyətləri arasındakı qarşılıqlı əlaqələri ortaq mədəni, mənəvi dəyərlər əsasında inkişaf etdirməklə yanaşı, beynəlxalq aləmlə də bütün sahələrdə sıx münasibətlər yaratmağa çalışırıq.

Müstəqil Azərbaycan Respublikası xalqlarımızın nicat yolunu birlikdə, əməkdaşlıqda və qarşılıqlı hörmətdə görür. İnanıram ki, vətən qarşısında məsuliyyətini dərk edən ölkələrimizin hər bir ziyalısı və dövlət adamı, hər bir vətəndaşı aydın sabahımız naminə əlindən gələni əsirgəməyəcəkdir.

Əziz dostlar!

Xalqlarımızın gələcəyini düşünən fikir adamlarının söhbətlərinə həmişə maraq göstərdiyim üçün özümü sizlərlə bir yerdə hiss edir, toplantınızın işinə böyük uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.