Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bruney sultanı Muda Həsən Əl-Bolkiah Müizzəddin Vəddaullah ilə söhbətindən - 13 dekabr 1994-cü il


... Bruney ilə Azərbaycanın bir-birinə yaxınlaşması, sıx əlaqələr yaratması üçün imkanlar çoxdur. Azərbaycan Respublikası İslam Konfransı Təşkilatının üzvüdür və bütün İslam aləmi ilə geniş əlaqələr qurmaq yolundadır. Mənə elə gəlir ki, ölkələrimiz arasında əməkdaşlıq üçün burada, Mərakeşdə faydalı zəmin yaratmaq olar. Mən bu görüşdən çox məmnunam. Belə hesab edirəm ki, gələcək qarşılıqlı münasibətlərimiz üçün bu görüş yaxşı bir başlanğıc olacaqdır...

Ermənistanın Azərbaycana təcavüzü xalqımız üçün ağır problemlər yaratmışdır. Bu müharibə xalqımıza böyük bəlalar gətirmişdir. Bütün bunlara baxmayaraq biz müharibənin nəticələrinin sülh yolu ilə aradan qaldırılmasının tərəfdarıyıq. Bu məqsədlə də atəşkəsə razı olmuşuq. Müharibənin sülh yolu ilə dayandırılması istiqamətində ATƏM-in fəaliyyətini müsbət qiymətləndiririk. Bu mənada bölgəyə sülhməramlı qüvvələrin göndərilməsi barədə ATƏM-in Budapeşt Zirvə toplantısında qəbul edilmiş qətnamənin əhəmiyyəti böyükdür və mən əminəm ki, Kasablanka toplantısında da Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul olunacaqdır. Ona görə də biz çox istərdik ki, Bruney sultanı bu qətnaməni müdafiə etsin. Mən, həmçinin, ümidvar olduğumu bildirmək istərdim ki, Bruney sultanlığı Zirvə toplantısında qəbul olunacaq digər bir qətnaməyə - Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi barədə sənədə də öz müsbət münasibətini bildirəcəkdir.