Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Xəzərneftqaz-98" beşinci beynəlxalq sərgi-konfransının açılış mərasimindəki çıxışı - 2 iyun 1998-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Sizi "Xəzərneftqaz-98" sərgisi və konfransının açılması münasibətilə ürəkdən təbrik edir, sərgiyə və konfransa işində uğurlar arzulayıram.

Bu sərgidə iştirak etmək üçün dünyanın bir çox ölkələrindən çoxsaylı şirkətlər gəlmişlər və öz işlərini nümayiş etdirirlər. Eyni zamanda bu şirkətlərin mənsub olduğu ölkələrin hökumət nümayəndələri, nazirləri Azərbaycana gəlmişlər və bu gün sərginin açılış mərasimində iştirak edirlər. Azərbaycana gəlmiş hökumət nümayəndələrini, nazirləri, bütün şirkətlərin rəhbərlərini və sərginin bütün iştirakçılarını ürəkdən salamlayır və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanda keçirəcəkləri günlər onlar üçün çox səmərəli olacaqdır.

"Xəzərneftqaz-98" sərgisi müstəqil Azərbaycanda keçirilən beşinci sərgidir. Belə bir sərgi Azərbaycanda ilk dəfə 1994-cü ilin mayında keçirilmişdir. Bu gün tam qətiyyətlə demək olar ki, o il Azərbaycanda belə bir beynəlxalq sərgi keçirilməsinin çox gözəl əsası qoyulmuşdur. Bunun nəticəsidir ki, artıq beş ildir Azərbaycanda, Bakıda beynəlxalq "Xəzərneftqaz" sərgisi keçirilir. Bu beş il müddətində keçilmiş yol və əldə edilən nailiyyətlər onu göstərir ki, dünyanın bir çox ölkələri iqtisadiyyatın enerji sektorunun inkişafına xüsusi əhəmiyyət verirlər. Bu baxımdan Azərbaycan, Bakı dünyada keçmiş, qədim neft mərkəzlərindən biri olduğu kimi, sərginin Azərbaycanda keçirilməsinə də çox böyük maraq göstərirlər.

"Xəzərneftqaz" beynəlxalq sərgisinin miqyasının ilbəil artması, genişlənməsi onu göstərir ki, bu sahə dünyanın bir çox ölkələri üçün çox əhəmiyyətlidir. Eyni zamanda onu göstərir ki, bu sərginin Azərbaycanda keçirilməsi dünyada enerji sektoru ilə məşğul olan ölkələr və şirkətlər üçün də çox maraqlı və əhəmiyyətlidir.

1994-cü ildə ilk dəfə keçirilən "Xəzərneftqaz" beynəlxalq sərgisində 120 şirkət, keçən il - 1997-ci ildə 250 şirkət təmsil olunmuşdu. Bu il "Xəzərneftqaz-98" beynəlxalq sərgisində 29 ölkədən 400 şirkət təmsil edilir. Çox maraqlı və sevindirici bir dinamikadır. Mən bu gün düşündüm və sərginin təşkilatçıları da öz fikirlərini dedilər, ola bilər, gələn il bu bina sərginin keçirilməsi üçün yetərli olmayacaqdır - ya yeni bina tikməliyik, yaxud da ki, bu binanın ətrafında yeni binalar yaratmalıyıq.

Ötən beş il müddətində "Xəzərneftqaz" beynəlxalq sərgisinin Azərbaycanda, Bakıda müntəzəm keçirilməsi və bu sərginin ilbəil genişlənməsi və inkişaf etməsi, dünyanın neft və qaz, başqa enerji sektorları ilə məşğul olan şirkətlərinin marağının artması onu göstərir ki, bizim əməkdaşlığımız uğurludur, müvəffəqiyyətlidir. Azərbaycanda beş il dalbadal beynəlxalq neft-qaz sərgisinin keçirilməsi və bu sərgiyə dünyanın enerji ehtiyatlarına malik və enerji sektoru ilə məşğul olan ölkələrinin marağının artması bir daha onu göstərir ki, Azərbayan Respublikasının dövlət müstəqilliyi ölkəmizin imkanlarının dünyaya açılması üçün çox əlverişli şərait yaratmışdır.

Azərbaycan qədim neft diyarıdır. Ancaq dünyanın neft və qaz hasilatı ilə məşğul olan şirkətlərinin son illərədək Azərbaycanda bu qədər təmsil edilməsini biz heç vaxt müşahidə etməmişik. Bunlar Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir, eyni zamanda Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində apardığı doğru-düzgün siyasətin nəticəsidir. Hesab edirəm ki, beş yaşı tamam olandan sonra belə bir sərgi Azərbaycanda artıq daimi yaşamaq hüququ qazanıb və əmin ola bilərsiniz ki, Azərbaycan hökuməti gələn illərdə də ölkəmizdə "Xəzərneftqaz" beynəlxalq sərgisinin keçirilməsini dəstəkləyəcək və bunun üçün bütün imkanları yaradacaqdır.

"Xəzərneftqaz" beynəlxalq sərgisinin Azərbaycanda ardıcıl surətdə təşkil edilməsi və keçirilməsi bir də Azərbaycanın və ümumən Xəzər hövzəsinin neft və qaz yataqlarının dünya ölkələri, dünyanın neft və qaz şirkətləri üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. "Xəzərneftqaz" sərgisinin ən əhəmiyyətli nəticələrindən biri ondan ibarətdir ki, Xəzər hövzəsinin neft və qaz yataqları ötən illərdə dünyanın aparıcı neft və qaz şirkətləri tərəfindən istifadə olunmaq üçün tamamilə açılıbdır.

Xəzər hövzəsində çox zəngin neft və qaz yataqlarının olması alimlərə, mütəxəssislərə və dünyanın tədqiqat mərkəzlərinə yaxşı məlum idi. Ancaq son illərdə Azərbaycanda aparılan işlər və bunların beynəlxalq sərgi vasitəsilə dünya ictimaiyyətinə tanıdılması Xəzər hövzəsinin neft və qaz yataqlarına dünyanın bir çox ölkələrinin və şirkətlərinin marağının cəlb olunmasını təmin etmişdir.

Məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarının dünyanın neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan hökuməti arasında müştərək işlənilməsi üçün ötən illərdə çox səmərəli tədbirlər həyata keçirilmiş və gözəl nəticələr ələ olunmuşdur. 1994-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti dünyanın 11 şirkətinin təşkil etdiyi konsorsium ilə böyük bir müqavilə imzalamışdır. Bu müqaviləyə də "Əsrin müqaviləsi" adı verilmişdir. Mən bu gün məmnuniyyət hissi ilə bəyan edirəm ki, bu müqavilə əməli surətdə həyata keçirilir və biz onun gözəl nəticələrini əldə etmişik. Keçən il noyabrın 12-də Xəzər dənizinin Azərbaycan sektorundakı "Çıraq" neft yatağından ilkin neftin alınmasını təntənəli surətdə qeyd etdik.

Hasil olan neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk neft kəməri yaradılıb istifadəyə verilibdir. Neft artıq bu boru kəməri ilə dünya bazarına çıxarılır.

"Çıraq" neft yatağında qazılmış quyular nəzərdə tutulduğundan 3 dəfə artıq neft verir. Orada gündə 7 min ton neft hasil olunur. Bu il, 1998-ci ilin sonuna qədər 2 milyon tondan artıq neft hasil ediləcəkdir. 1994-cü ildə müqavilə imzalanarkən nəzərdə tutulmuşdu ki, müqavilə sahəsindən - "Çıraq", "Azəri" yataqlarından və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən 510 milyon ton neft hasil olunacaqdır. Ancaq indi məlum olubdur ki, 630 milyon ton neft hasil ediləcəkdir. Güman edirəm, bizim mütəxəssislər bir il sonra bu rəqəmi daha da artıra biləcəklər.

Beləliklə, biz nəinki müqavilə imzalamağa qadirik, onu uğurla həyata keçirməyə də qadirik.

İlkin neftin ixracı üçün ikinci neft kəməri - Bakı-Supsa marşrutu ilə boru kəməri tikilir və əminəm ki, 1999-cu ilin əvvəlində bu kəmər də istifadəyə veriləcəkdir.

İlk müqavilə imzalanandan ötən dövrdə Azərbaycan Dövlət Neft Şirkəti dünyanın bir çox neft şirkətləri ilə yeni müqavilələr imzalayıbdır. İndi Xəzərin Azərbaycan sektoruna dair 9 böyük müqavilə imzalanıb və bunlarda dünyanın 12 ölkəsini 20 böyük şirkət təmsil edir. Bütün bunlar Xəzər dənizinin Azərbaycan sektorunda gələcəkdə nəzərdə tutulduğundan xeyli artıq neft hasil olunacağını sübut edir.

Bütün bunlara görə də böyük, əsas neft kəməri çəkilməsinin zəruriliyi bu gün daha da təsdiqlənir. Hesab edirəm ki, bu ilin sentyabrınadək konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və bütün şirkətlər birlikdə əsas, böyük neft kəmərinin çəkilməsi haqqında təklifləri təqdim etməlidirlər. Böyük neft kəmərinin çəkilməsi ilə əlaqədar bir çox təkliflər var, bir çox marşrutlar təhlil olunur. Ancaq biz - Azərbaycan dövləti bu neft kəmərinin Bakı-Ceyhan marşrutu ilə çəkilməsinin tərəfdarıyıq.

Mən sərgi iştirakçılarına bildirmək istəyirəm ki, biz bu sahədə işlərimizi davam etdiririk və bu gün Azərbaycan dövlət neft şirkəti əlavə 3 müqavilənin də imzalanmasını nəzərdə tutubdur.

Beləliklə, Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının Azərbaycan hökuməti, dövlət tərəfindən istifadə olunması artıq reallaşdırılıbdır. Biz çox məmnunuq ki, bu sahədə dünyanın böyük neft şirkətləri ilə uğurlu əməkdaşlıq edirik. Bunlar hamısı Xəzər dənizinin, hövzəsinin nə qədər zəngin neft və qaz yataqlarına malik olduğunu əyani sübut edir.

Amma bunlar hamısı "Xəzərneftqaz" sərgisinin də Azərbaycanda, Bakıda keçirilməsinin nə qədər vacib və əhəmiyyətli olduğunu sübut edir.

Ümidvaram ki, burada təmsil olunmuş şirkətlər sərgi zamanı və sərgi çərçivəsində keçirilən konfransda çox səmərəli, işgüzar fikir mübadiləsi, danışıqlar aparacaq və yeni-yeni sazişlərin, müqavilələrin hazırlanması və imzalanması üçün yaxşı imkanlar əldə edəcəklər.

Hörmətli sərgi iştirakçıları! Sərginin və konfransın keçirilməsi zamanı sizin hamınıza çox səmərəli iş və yaxşı nəticələr əldə etməyi arzulayıram. Bu sərgini müvəffəqiyyətlə təşkil edən "Spirhed Eksibişnz" şirkətinin və Azərbaycan Ticarət-Sənaye palatasının işini də yüksək qiymətləndirirəm.

Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar, sərginin açılışı münasibətilə sizi bir daha təbrik edir, hamınıza cansağlığı, sülh, əmin-amanlıq və gələcək işlərinizdə uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 3 iyun 1998-ci il 

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

NEFT STRATEGİYASI