Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının səfiri Əlirza Bikdelini qəbul edərkən söhbətindən - Prezident sarayı, 3 avqust 2000-ci il


Əlirza Bikdeli: Çox sağ olun, cənab prezident. Bu qəbula görə Sizə təşəkkür edirəm və Sizə Tehrandan salamlar gətirmişəm.

Heydər Əliyev: Çox gözəl.

Əlirza Bikdeli: Ağayi Xatəmi, ağayi Əbdüləlizadə, ağayi Xərrazi, ağayi Kələntəri, ağayi Şafei - hamısı Sizə salam göndərdilər. Onlar Sizin Tehrana növbəti əhəmiyyətli səfərinizin təşkilində iştirak etməyi gözləyirlər.

Sizin 9-10 iyun tarixli Tehran səfəriniz həqiqətən çox əhəmiyyətli bir səfər oldu. Baxmayaraq ki, bu səfər EKO çərçivəsində təşkil edilmişdi, Sizin cənab Ayətolla Xamneyi və ağayi Xatəmi ilə əhəmiyyətli görüşləriniz çox yaddaqalan oldu. Mən də o görüşlərdə iştirak edirdim. Deyə bilərəm ki, Siz çox ciddi məsələlər müzakirə etdiniz və Sizin Tehrana növbəti səfərinizin əsası orada qoyuldu. İndi Tehranda və Bakıda bu səfərə hazırlıq gedir. Sizə deyə bilərəm ki, inşallah, bu səfər də həm İran xalqına, həm də Azərbaycan xalqına, həm iki ölkənin mənafeyinə uyğun, əhəmiyyətli və səmərəli səfər olacaqdır. Ondan əvvəl cənab ağayi Xatəmi Nyu-Yorka gedəcəkdir. Siz də ora gedəcəksiniz. Orada minilliyin yubileyidir. Yəqin ki, Siz cənab ağayi Xatəmi ilə görüş keçirəcəksiniz. Bu da bizim əlaqələrimizə yeni bir can verəcəkdir və ölkələrimiz bundan bəhrələnəcəklər.

Sizə ərz etmək istəyirəm ki, ümumiyyətlə iqtisadi əlaqələrimiz ötən aylar ərzində gözəl inkişaf edibdir. Sizin xəbəriniz vardır və ağayi Xatəmi ilə görüşünüzdə Sizə buyurdular ki, İran ötən il ərzində Azərbaycana daha çox sərmayə qoyubdur. Bu, onu göstərir ki, İran-Azərbaycan iqtisadi əlaqələrinin təməli hansı səmtə meyl edir.

May ayında Siz özünüz İran sərgisinə təşrif gətirdiniz. Sizin o sərgiyə gəlişiniz və İran tacirlərinin Sizdən gördüyü himayə çox əhəmiyyətli oldu. Biz şahidik ki, İranın neft, avtomobil, dərman, balıqçılıq və kənd təsərrüfatı sahələrində çalışan böyük şirkətlərimiz tez-tez Azərbaycana gəlirlər, müzakirələr aparırlar ki, inşallah, Sizin Tehrana səfərinizə qədər biz bəzi əhəmiyyətli sənədləri və müqavilələri hazır edək.

Bu gün çox şadam ki, mənə Sizinlə görüşmək fürsəti nəsib oldu. Bu görüşdə biz Sizin qarşıdakı səfərinizin təşkili ilə bağlı danışacağıq. İran ilə Azərbaycan əlaqələrinə aid bəzi məsəllər də vardır, onu Sizə çatdıracağam.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən də İrana səfərimdən çox məmnunam.

Qeyd etmək istəyirəm ki, EKO-nun zirvə görüşü İran tərəfindən çox yüksək səviyyədə təşkil olundu və keçirildi. İndi EKO-nun katibi də İran nümayəndəsidir. Hesab edirəm ki, bu, çox vacib məsələdir. Çünki bu təşkilatın fəaliyyətinin də böyük əhəmiyyəti var. Eyni zamanda, mənim orada apardığım görüşlər, xüsusən prezident cənab Xatəmi ilə və ali rəhbər cənab Xamneyi ilə görüşlərim çox əhəmiyyətlidir, çox vacibdir və çox da məzmunlu oldu. Başqa görüşlərimiz də oldu, - təbiidir, onları bilirsiniz, siz hamısında iştirak etmisiniz. Mən bunlardan çox məmnunam. Hesab edirəm ki, bu, İran-Azərbaycan əlaqələrinin inkişaf etməsində yeni bir mərhələdir. Eyni zamanda, prezident cənab Xatəminin dəvəti ilə mənim İrana rəsmi səfərimin bir əsasını yaradıbdır.

Mən də bilirəm ki, bizim tərəfdən hazırlıq işləri görülür, sizin tərəfdən də hazırlıq işləri görülür. Bu işləri də bir az sürətləndirmək lazımdır. Çünki, danışdığımız kimi, sentyabr ayının sonunda - indi gərək sizin üçün də, bizim üçün də daha uyğun olan gününü müəyyən edək - mən Tehrana gələcəyəm və rəsmi səfərimi həyata keçirəcəyəm.

İran-Azərbaycan iqtisadi əlaqələri son illər həqiqətən yaxşı inkişaf edir və xüsusən bu il. Burada keçirilən sərginin çox böyük əhəmiyyəti oldu. Bizim iş adamları da, camaat da gördü ki, İranda hansı imkanlar var, İran şirkətləri burada nə iş görə bilər. İran avtomobil zavodu deyəsən artıq burada əməkdaşlıq edir, elədir?

Əlirza Bikdeli: Bəli.

Heydər Əliyev: Bu da çox yaxşıdır. İran ticarətdə də indi birinci yerdədir, onu da bilirsiniz. Bunlar hamısı bizim siyasi əlaqələrimizin nə qədər yaxın olduğunu göstərir. Siyasi əlaqələr yaxşı olmasa iqtisadi əlaqələri inkişaf etdirmək olmur. Bunlar hamısı bir daha sübut edir ki, bizim aramızda bu dostluq əlaqələri var, yaşayır, inkişaf edir və inşallah, mən Tehranda olanda bu barədə danışıqlar aparacağıq. Güman edirəm ki, lazımi sənədlər də imzalayacağıq.

Əlirza Bikdeli: İnşallah!

"Azərbaycan" qəzeti, 4 avqust 2000-ci il.