Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikasına rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibəsi - 3 iyul 2000-ci il


Siz mənim səfərimin məqsədini bilirsiniz, elan olunubdur. Avstriyaya gedirəm. Avstriyanın prezidenti cənab Klestil məni çoxdandır dəvət edibdir. Bu rəsmi ziyarəti həyata keçirmək üçün indi oraya gedirəm. Orada Avstriyanın dövlət və hökumət başçıları ilə - həm prezidentlə, həm kanslerlə, həm də parlamentin sədri ilə, sonra Xarici İşlər naziri ilə görüşlər olacaqdır. Bilirsiniz ki, bu il Avstriya ATƏT-də sədrlik fəaliyyətini həyata keçirir, Avstriyanın Xarici İşlər naziri də ATƏT-in hazırda fəaliyyətdə olan sədridir - onunla görüş olacaqdır.

Bir də ki, bilirsiniz, beynəlxalq təşkilatların bir qisminin qərargahları Avstriyada yerləşir. O cümlədən, Birləşmiş Millətlər Təşkilatının bir neçə təşkilatının baş qərargahları da Vyanadadır. ATƏT-in də baş qərargahı Vyanada yerləşir. Ona görə də bütün bu təşkilatların rəhbərləri ilə də görüşlərim, danışıqlarım olacaqdır. Hesab edirəm ki, bu bizim ölkəmiz üçün çox əhəmiyyətlidir, vacibdir.

Avstriya kimi bir dövlətlə bizim əlaqələrimiz yaxşıdır. Nazirlər səviyyəsində, bir çox başqa səviyyələrdə Azərbaycandan Avstriyaya, Avstriyadan Azərbaycana səfərlər çox olubdur. Ancaq dövlət başçısının - prezidentin də səfəri lazımdır.

Sual: Cənab Prezident, Minsk qrupunun həmsədrləri ilə görüşünüzü necə dəyərləndirirsiniz?

Cavab: Görüşün əsas hissəsini televiziya ilə veriblər, yəqin ki, eşitmisiniz. Hələ ki, onlarda yeni bir şey yoxdur. Onlar Ermənistan prezidenti Köçəryanla mənim bilavasitə görüşlərimə ümid bəsləyirlər. Biz də onların fəaliyyətinə ümid bəsləyirik. Əgər dünən televiziya ilə seyr etdinizsə, mən onlara olduqca kəskin dedim ki, siz altı aydır fəaliyyətinizi dayandırmısınız, fəaliyyətinizi gücləndirməlisiniz. Onlar da söz verdilər ki, bunu edəcəklər.

Sual: Cənab Prezident, Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana qarşıdakı səfəri zamanı hansı məsələləri müzakirə edəcəksiniz və Azərbaycan qazının Türkiyəyə ixracı məsələsində Türkiyə prezidentindən hansı irəliləyişi gözləyirsiniz?

Cavab: Onu Türkiyə prezidenti buraya gələndə deyərsiniz, danışarıq. Türkiyənin hörmətli prezidenti Əhməd Necdət Sezər ayın 11-də Azərbaycana rəsmi səfər edəcəkdir. Türkiyənin yeni prezidenti kimi, onun xarici ölkəyə ilk səfəri Azərbaycanadır. Bəziləri deyirlər ki, o, Kiprə getdi. Amma onlar Kipri xarici ölkə hesab etmirlər. İlk xarici səfəri Azərbaycanadır. Mən bunu xahiş etmişdim, yəqin ki, o da mənimlə eyni fikirdə olubdur. Ayın 11-də gələcəkdir. Təbiidir ki, Türkiyə ilə Azərbaycan arasında olan, indiyə qədər yaranmış əlaqələr hamısı davam edəcək, heç bir dəyişiklik olmayacaqdır. Dəyişikliyin olmasına əsas da yoxdur. Səfərə gələndə danışacağıq, onda biləcəksiniz.

Sual: Cənab Prezident, Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra bu, Avropa ölkəsinə ilk rəsmi səfərinizdir. Bu səfər çərçivəsində sənədlərin imzalanması gözlənilirmi?

Cavab: Bəli, gözlənilir. Bir neçə sənəd imzalayacağıq. Prezidentlə mən sənəd imzalayacağam, bir neçə başqa sənəd imzalanacaqdır. Bundan əlavə, bir neçə beynəlxalq təşkilatla Azərbaycan arasında sənədlər imzalanacaqdır.

Sual: Cənab Prezident, əvvəla, Azərbaycanın Avropa Şurasına üzv olması münasibətilə Sizi təbrik edirəm. İkincisi, Sizin bu hadisəyə münasibətinizi bilmək istərdim. Yəni bundan sonra Avropanın Azərbaycana tələb və tövsiyələri çoxalacaqdır.

Cavab: Mən bunu bir neçə dəfə demişəm. Siz həmişə mənim görüşlərimdə olursunuz, olmayanda da televiziya ilə onları seyr edirsiniz. Axırıncı dəfə, İtaliyanın nümayəndə heyəti burada olanda - bilirsiniz ki, indi İtaliya Avropa Şurasında sədrlik edir. Ona görə də onlar çox böyük heyətlə gəlmişdilər. İtaliya Xarici İşlər nazirinin müavinindən əlavə, İtaliyanın Avropa Şurasındakı daimi səfiri, İtaliyadan Avropa Şurasında çalışan bir neçə yüksək vəzifəli şəxs də gəlmişdi - mən onlara dedim və bu sözü bir neçə dəfə təkrar etmişəm ki, Avropa Şurasına daxil olmaq bizim üçün bal yemək, cənnətə düşmək deyildir. Avropa Şurasına daxil olmaq üzərimizə yeni-yeni çox böyük məsuliyyətlər götürməkdir. Təbii ki, biz sevinməliyik - Azərbaycana diqqət göstərilir, Avropa Şurası istəyir ki, Azərbaycan onun həqiqi, tam hüquqlu üzvü olsun. Biz də istəyirik olaq. Amma ola bilər ki, bundan sonra bizim qarşımıza daha çox vəzifələr qoyulsun. Bir şeyi anlamaq lazımdır ki, - bunu Avropa Şurasında da anlamalıdırlar, təəssüf ki, bəziləri anlamır - Avropa qitəsindəki ölkələrin hamısının mentaliteti, səviyyəsi bir deyildir. Məsələn, indi fransızlardan tələb olunanı Azərbaycandan da tələb etmək o qədər də ədalətli olmaz. Allah xeyirli eləsin. Hesab edirəm ki, yaxşı olacaqdır.

Sual: Cənab Prezident, hazırda Avstriya ATƏT-in sədridir. Sizin səfərinizdən sonra Avstriyanın Xarici İşlər naziri xanım Benita Mariya Ferrero-Valdnerin Azərbaycana səfəri gözlənilir. Sizin səfərinizdən sonra ola bilərmi ki, Avstriya hər hansı yeni təkliflə gəlsin?

Cavab: O həm Azərbaycana, həm də Ermənistana gələcəkdir. Mən xahiş edəcəyəm. Çünki dünən ATƏT-in Minsk qrupunun mənimlə görüşən həmsədrləri ayın 12-də ATƏT-in hazırkı sədrinə - Avstriyanın Xarici İşlər nazirinə öz məlumatlarını verəcəklər. Mən də bundan öncə onunla görüşəcəyəm və bu məsələ mənim üçün ən əsas məsələlərdən biridir.

Sual: Cənab Prezident, Mahir Cavadovun Avstriya vətəndaşlığına qəbul edilməsi ilə bağlı iradınızı söyləmişdiniz. Bunu Avstriya rəsmilərinə də çatdıracaqsınızmı?

Cavab: Bilirsiniz, mən deməmişəm ki, o, Avstriya vətəndaşlığına qəbul olunubdur. Düzü, heç bilmirəm ki, ona hansı status verilibdir - bəzisi deyir ki, siyasi sığınacaq verilib, bəzisi deyir başqa şey verilibdir. Təbiidir ki, Avstriya özünü çox ədalətli, demokratik ölkə hesab edir. Eyni zamanda terroristi bir neçə il orada saxlayıblar və onun İrana getməsinə də imkan veriblər. Ancaq Avstriya vətəndaşı, heç köklü avstriyalı olmayan, türkiyəli, türk millətindən olan Kənan Gürəl 1995-ci ilin mart hadisələrində həmin Mahir Cavadovla və başqa terroristlə birlikdə Azərbaycanda dövlət çevrilişi cəhdinin ən fəal iştirakçılarından biri idi. Mən sizə deyə bilərəm ki, xarici ölkələrdən iki fəal iştirakçı vardı. Biri Dəmirkol idi, hansını ki, Türkiyə prezidentinin xahişi ilə mən onlara verdim, o da getdi orada çox axmaq işlər gördü. Amma bu, cəza aldı və cəzasını da çəkməli idi. Ancaq Avstriya hökuməti bir neçə dəfə bizə müraciət etmişdi, mən də o müraciəti nəzərə alaraq onu onlara verdim. Onun ailəsindən mənə minnətdarlıq məktubu da gəlibdir. Allah eləsin ki, doğrudan da islah edilmiş olsun. Amma bəzən belə olmur, görürsən, düşdüyü yerdən çıxandan bir az sonra yenə də fikri pozulur. Ancaq bunlar bizi narahat etmir, çünki biz belə hallarla çox rastlaşmışıq.

Sual: Cənab Prezident, Avropa Şurasının Azərbaycana tövsiyələrindən biri ədalətli, demokratik parlament seçkilərinin keçirilməsidir. Prezident aparatında hazırlanan layihə Milli Məclisdə kəskin müzakirələrə səbəb olur. Hamının fikri budur ki, layihə barədə prezident nə deyəcəkdir?

Cavab: Qoy müzakirə etsinlər, axırda mən fikrimi deyərəm. Sağ olun.