"Xəzər neft, qaz, neftayırma və neft kimyası - 99" VI Beynəlxalq sərgi və konfransının iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti - 31 may 1999-cu il


Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi Bakıda altıncı dəfə keçirilən "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 99" sərgi və konfransının açılması münasibətilə ürəkdən təbrik edir və işinizdə uğurlar arzulayıram.

Əmin olduğumu bildirmək istəyirəm ki, keçmiş illərdə olduğu kimi, builki sərgi də neft və qaz sənayesinin inkişafı üçün mühüm rol oynayacaq və eyni zamanda Azərbaycanın, ümumən Xəzər hövzəsinin neft və qaz yataqlarının XXI əsrdə dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirəcəkdir.

Neft və qaz sənayesi sahəsində dünyanın tanınmış şirkətlərinin Bakı sərgisində iştirakı bir daha sübut edir ki, respublikamızda dünya iqtisadiyyatına inteqrasiya prosesi uğurla davam edir. Artıq "Xəzərneftqaz" sərgisi və konfransı bu sahədə çalışan iş adamlarının beynəlxalq görüş yerinə çevrilmişdir.

1994-cü ildə ilk dəfə keçirilən "Xəzərneftqaz" beynəlxalq sərgisində 11 ölkədən 120 şirkət təmsil olunmuşdu. Builki sərgidə isə dünyanın 28 ölkəsindən 320-dən artıq şirkət iştirak edir. Konfransda 15 ölkənin və bir neçə beynəlxalq təşkilatların nümayəndələri 45-dən yuxarı məruzə ilə çıxış edəcəklər.

Ənənəvi olaraq keçirilən və ildən-ilə genişlənən, dünyada böyük marağa səbəb olan, özünə minlərlə mütəxəssislər cəlb edən "Xəzərneftqaz" sərgisi Azərbaycanda neft sənayesində ardıcıllıqla apardığımız siyasətin və uğurla həyata keçirilən neft strategiya və konsepsiyasının parlaq təzahürüdür. Ona görə ki, Azərbaycan qədim neft diyarıdır və neft ölkəsi kimi məşhurdur. Məhz Azərbaycanda, 150 il öncə dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatına başlanmışdır. 50 il öncə isə dünya praktikasında ilk dəfə açıq dənizdə neft çıxarılmışdır. Nəhayət, respublikamız 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayaraq, yeni neft strategiyasını və doktrinasını irəli sürərək dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarına başlamışdır.

Ötən beş ildə bu sahədə görülən işlər artıq göz qabağındadır və öz bəhrəsini həm Azərbaycana, həm də bizimlə əməkdaşlıq edən ölkələrə və şirkətlərə verməkdədir. Bu gün Azərbaycan neft və qaz yataqlarının işlənməsi sahəsində 19 beynəlxalq saziş imzalayıbdır. Bu sazişlərdə dünyanın 14 ölkəsinin 33 ən iri neft şirkətləri iştirak edir. Nəticədə Azərbaycana, onun neft və qaz sənayesinə 60 milyarda yaxın ABŞ dolları məbləğində sərmayələr qoyulacaqdır. Keçən müddətdə xarici şirkətlər tərəfindən imzalanmış sazişlər çərçivəsində 2 milyard dollardan artıq investisiya qoyulub və bu proses davam edir.

Bu yolda biz böyük çətinliklərlə, hətta faciəli hadisələr, terror aktları, çevriliş cəhdləri ilə qarşılaşdıq, lakin tutduğumuz yoldan dönmədik. Bu gün də neft strategiyasının həyata keçirilməsində bizə mane olanlar var. Bu qüvvələr ölkədə yaranmış sabitliyi pozmaq, neft ehtiyatları haqqında mənfi təbliğat aparmaq, investorları Azərbaycandan çıxarmaq üçün əllərindən gələni edirlər.

Lakin həyat özü hər şeyi yerinə qoyur. Biz böyük iftixar hissi ilə bu gün qeyd edə bilərik ki, neft sənayesində bütün imzalanmış sazişlər uğurla həyata keçirilir və böyük müvəffəqiyyətlər əldə olunur. Azərbaycana maraq göstərən ölkələrin dairəsi getdikcə genişlənir.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsində bir neçə mühüm hadisələri qeyd etmək istərdim. Bu sazişi əhatə edən "Azəri", "Çıraq" və "Günəşli" yatağının dərin hissəsində aparılan müasir geofiziki və kəşfiyyat quyularının qazılması nəticəsində bizim nəzərdə tutduğumuz neft və qaz ehtiyatları dəqiqləşdirildi. "Əsrin müqaviləsi" imzalananda onun ehtiyatları 511 milyon ton miqdarında proqnozlaşdırıldı. İndi isə daha dəqiq məlumat əsasında neft ehtiyatlarının 640 milyon tondan çox olduğu müəyyənləşdirildi.

Əlbəttə, bu da son rəqəm deyil və gələcəkdə kəşfiyyat quyuları qazıldıqca bu ehtiyatlar arta bilər. Əsas vəzifələrdən biri ilkin neftin istehsal edilməsi idi və bu problem uğurla həll olundu. 1997-ci ilin noyabr ayının 12-də respublikamızda tərəfdaş ölkələrin rəsmi nümayəndələri ilə birlikdə ilkin neftin istehsalı böyük təntənə ilə bayram edildi. Hazırda "Çıraq-1" platformasından 10 istismar quyusu qazılıb və bu quyulardan sutkada 15 min ton neft çıxarılır. Xüsusilə qeyd olunmalıdır ki, hasilatın bu rəqəmə çatması yalnız 2002-ci ildə nəzərdə tutulmuşdu, lakin yataqların potensialı, müasir texnika, texnologiya və avadanlığın tətbiqi imkan verir ki, 1999-cu ildə, yəni nəzərdə tutduğumuzdan üç il öncə 5,5 milyon ton neft çıxarılmasına nail olaq.

Sualtı neft və qaz boru kəmərlərinin inşası, Səngəçal terminalının tikilib istifadəyə verilməsi və çıxarılan neftin dünya bazarına nəql edilməsi ən vacib vəzifələrdən biri idi. Bu da uğurla yerinə yetirilmişdir.

Açığını demək lazımdır ki, bəzi ölkələrdə və dairələrdə nəinki buna nail olmağımıza inanmırdılar, həm də Azərbaycan neftinin dünya bazarına çıxarılması məsələləri böyük narazılıqla və etirazla qarşılanırdı. Amma biz istədiyimizə nail olduq və 1997-ci ildə ilk dəfə yenidən bərpa olunmuş Bakı-Novorossiysk neft kəməri vasitəsilə "Çıraq-1" platformasından çıxarılan nefti nəql etməyə başladıq. Bu ilin aprelin 17-də təntənəli şəraitdə Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi mərasimi keçirildi və bu hadisə Azərbaycanın neft siyasətinin uğurlu olduğunu sübut etdi.

Başqa sazişlərin çərçivəsində görülən işlər də nəzərdə tutulmuş proqramla həyata keçirilir, böyük miqyaslı geoloji, geofiziki və kəşfiyyat qazma işləri aparılır. Hal-hazırda "Şahdəniz" yatağında iki kəşfiyyat quyusu qazılır. "Dədə Qorqud" qazma qurğusu artıq öz işini bitirib və indi sınaq, mənimsəmə işləri keçirilir. İkinci quyunun isə "İstiqlal" qazma qurğusu vasitəsilə qazılması davam etməkdədir.

Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz müsbət nəticələrini verir. Ən əsası odur ki, zavodlar, tikinti, xidmət obyektləri hərəkətə gəlir, on minlərlə insanlar üçün yeni iş yerləri açılır. Azərbaycan iqtisadiyyatına artıq külli miqdarda sərmayələr qoyulur, respublikaya bonus və vergi şəklində böyük məbləğlər ödənilir. Bütün bunlar öz müsbət təsirini digər sahələrdə də göstərməkdədir.

Xarici neft şirkətləri ilə əməkdaşlığımız geniş inkişaf edir və gələcəkdə yeni-yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulubdur. Bunlardan neft yataqlarının mənimsənilməsi və kəşfiyyat işlərinin davam etdirilməsini, Bakı-Ceyhan neft kəmərinin çəkilməsini, Türkmənistan qazının Transxəzər qaz boru kəməri vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən Türkiyəyə nəql edilməsini qeyd etmək olar.

Bütün bu işlərdə biz, əziz dostlarımız, sizin dəstəyinizi və xeyirxah münasibətinizi daim görürük və hiss edirik. Buna görə də sizə təşəkkürümüzü bldiririk.

Eyni zamanda, mən bu sərgini təşkil edən "Spirhed Eksibişnz" şirkətinin və Azərbaycan Ticarət-Sənaye Palatasının işini də xüsusi qiymətləndirirəm.

Hörmətli sərgi və konfrans iştirakçıları! Sizin hamınıza çox səmərəli iş və Azərbaycanda olduğunuz günlərin xoş keçməsini arzulayıram. Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar, ölkələrinizə sülh, əmin-amanlıq diləyirəm.

"Azərbaycan" qəzeti, 1 iyun 1999-cu il