Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 17 iyul 2002-ci il


Hörmətli iclas iştirakçıları!

Mən bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasını çağırmışam. Bildiyiniz kimi, 1999-cu ilin sonunda mənim Fərmanımla Azərbaycanda Dövlət Neft Fondu yaradılıbdır. Dövlət Neft Fondunun yaradılması Azərbaycan dövlətinin 1994-cü ildən həyata keçirdiyi neft strategiyası nəticəsində mümkün olmuşdur. Biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd kimi vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə onların investisiyalarının cəlb olunması vasitəsilə mənimsənilməsini və işlənilməsini təşkil edərək, bunun nəticəsində zəngin yataqlarımızdan neft-qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın mənafelərinin təmin olmasına yönəltmək. Yəni bu strategiya yalnız və yalnız Azərbaycanın mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir.

Təbiidir, mənafe çox geniş anlayışdır. Burada çox məsələlər var. Ancaq bunların içərisində birinci yerdə Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsi, sosial problemlərin həll olunması, Azərbaycan əhalisinin rifah halının yaxşılaşdırılması dayanır. Bizim bu strategiyamız birinci gündən bizə çox böyük ümidlər verdi. Məlumdur ki, biz neft strategiyasını mürəkkəb şəraitdə həyata keçirməyə başladıq və buna başlayan kimi, dərhal ölkəmizə qarşı təxribatlarla, terror aktları ilə, dövlət çevrilişi cəhdləri ilə qarşılaşdıq. Amma bunlara baxmayaraq, biz öz iradəmizdən dönmədik, tutduğumuz yolla getdik. İndi artıq məlumdur ki, böyük nəticələr əldə edilib və daha böyük nəticələrin əldə olunması üçün imkanlar, şərait yaranıbdır.

"Azəri-Çıraq-Günəşli" neft yataqlarının işlənilməsi ilə əlaqədar 1994-cü ildə imzalanmış müqavilənin icrası birinci növbədə "Çıraq" yatağının işlənilməsindən başladı. Qısa bir müddətdə bu nəhəng layihə həyata keçirildi. "Çıraq" neft yatağında müasir tələblərə cavab verən, yüksək texnikaya, texnologiyaya malik olan platforma quruldu və biz 1997-ci ilin noyabr ayında oradan ilkin neftin alınmasını və ixrac olunmasını qeyd etdik.

Bakı-Supsa neft kəmərinin tikilməsi zəruri idi. Çünki biz neft yatağından hasil etdiyimiz nefti Bakı-Novorossiysk kəməri ilə ixrac edirdik. Ancaq bu kəmər, birincisi, ixrac proqramının hamısının vaxtında həyata keçirilməsini təmin etmirdi və biz bir çox problemlərlə rastlaşdıq. İkincisi də, biz eyni zamanda alternativ neft kəmərlərinin yaranmasını məqsədəuyğun hesab etmişik və bu məqsədlə də Bakı-Supsa neft kəmərini tikdik və 1999-cu ilin aprel ayında o, işə salındı. Yəni artıq kəmər neftlə dolu idi və Supsada bu kəmərlə daşınan nefti biz özümüz müşahidə etdik və bu hadisəni də qeyd etdik.

Beləliklə, neft strategiyasının həyata keçirilməsinin ilk nəticələri göz qabağındadır. Bunlar ondan ibarətdir ki, biz müştərək iş apardığımız şirkətlərlə "Çıraq" neft yatağından neft çıxarır, onu ixrac edirik və bu layihədən gəlir nefti əldə edirik. Məhz ona görə də bu gəlir neftindən, yəni neftin Azərbaycana çatan hissəsindən gələn gəlirin istifadə olunması məsələsi gündəliyə gəldi. Təkcə o vaxt yox, bu, əvvəlcədən də gündəlikdə idi, biz bu barədə düşünürdük. Fikrimiz var idi ki, gərək ayrıca Neft Fondu yaradaq və bu layihələrdən gələn gəlirləri Neft Fonduna toplayaq, toplanmış vəsaiti ölkənin ən vacib məsələlərinin həll olunmasında istifadə edək. Amma birinci mərhələdə hələ gəlirləri toplayıb gələcək üçün zəmin yaradaq. Təbiidir ki, gəlirlər getdikcə artır və artacaqdır. Gəlirlər artandan sonra onların istifadəsi daha çox mümkün olacaqdır.

Neft Fondunun yaradılması Azərbaycanda müzakirə olundu. Beynəlxalq maliyyə mərkəzlərində müzakirə edildi. Biz bu sahədə dünya təcrübəsini ətraflı öyrəndik. Bütün bu işləri həyata keçirərək bir məqsəd güdürdük ki, Neft Fondunun yaradılması, onun forması, idarə edilməsi, istifadə mexanizmi elə müəyyən olunsun ki, oraya gələn gəlirlər və oradan xərclənən vəsait təkcə bu işlə məşğul olanlar üçün yox, bütün cəmiyyətimiz üçün və hətta dünyada maraqlananlar üçün açıq olsun, şəffaf olsun.

Biz bunu ön plana çəkirdik və çəkmişik. Birincisi, ona görə ki, keçmişdə, - doğrudur, onda Neft Fondu olmayıbdır, - neftdən gəlirlər gəlib, amma, təəssüflər olsun ki, bəzi hallarda dərhal dağıdılıbdır. İkincisi, respublikanın bəzən çox böyük ehtiyacları olur, əgər mən dediyim sistem yaranmasaydı, kimlərsə o ehtiyacları təmin etmək üçün bundan istifadə etməyə cəhd göstərə və buna nail ola bilərdilər. Bir də ki, Azərbaycanın təbii sərvətləri xalqa məxsusdur, xalqındır. Xalqdan başqa heç kəsin deyil və xalqın etimad etdiyi dövlət, iqtidar bu təbii sərvətlərin xalqa məxsusluğunu daim gözünün önündə saxlamalıdır və onlardan ancaq xalqın, yalnız xalqın tələbatını təmin etmək üçün istifadə edilməlidir. Bax, bu prinsiplər əsasında biz Neft Fondunun formalaşdırılması üçün çox məsləhətləşmələr apardıq. Hətta bəzən mübahisələr də olurdu, müxtəlif fikirlər də olurdu. Ancaq biz bütün beynəlxalq təcrübəni öyrənərək, Azərbaycanın xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycanın Dövlət Neft Fondunu yaratdıq və artıq o vaxtdan keçən iki il sübut edir ki, biz nə qədər doğru və düzgün bir qurum, sistem yaratmışıq.

Fondun yaranma prosesində müxtəlif ölkələrdə müəyyən qüvvələr guya bu, dağılacaq, filan olacaq, hansı ölkədə dağıdıblar kimi şayiələri ortaya ataraq, Azərbaycan dövlətinin suveren hüquqlarına toxunan bəzi təkliflər irəliyə sürürdülər. Yaxud da, Azərbaycanda müxalifət qüvvələri həmişə çalışırlar ki, bir şey tapsınlar. Onun ətrafında aylarla əhəmiyyətsiz, mənası olmayan danışıqlar aparsınlar. Çox vaxt da heç nə tapmayanda, tapmırlar da, - nəsə uydururlar.

Ancaq burada, təbii ki, mövzu var - neft hasilatı, neftin satışından gələn gəlir. Bu gəlirdən istifadə olunması həqiqətən, çox ciddi məsələdir. Bu gün də ciddi məsələdir, gələcək üçün, gələcək nəsillər üçün də ciddi məsələdir. Belə bir çox etibarlı Neft Fondu sisteminin yaradılması indiki bizim hakimiyyət dövründə gələn gəlirlərin Azərbaycan xalqının mənafeyinə tam istifadə olunmasını təmin edir. Ancaq əgər gələcəkdə kimsə bunu, bu sistemi dəyişdirərsə, yaxud parçalayarsa, dağıdarsa, əlbəttə, dərhal Azərbaycan çox böyük itkilər verər və xalq özünə məxsus olan sərvətdən məhrum olar. Bu, çox ciddi məsələdir. Bizim yaratdığımız Neft Fondu, hesab edirəm ki, çox etibarlıdır və bu etibarlılığı daim təmin etməliyik. Ona görə bu sistemi fəaliyyəti də gərək daim bu etibarlılığı təmin etsin.

Mən qeyd etdim ki, Fərmanımda əks olunmuş müddəalar bu işin tam aşkarlığını, şəffaflığını təmin edir. Neft Fondu daxil olan vəsait haqqında, yaxud onun hansısa bir hissəsi işlənərsə, onun haqqında mətbuatda vaxtaşırı məlumat verir və bundan sonra da verməlidir. Ancaq Neft Fondunun idarə olunmasında da bir çox proseslər var. Buna görə də biz o vaxt mənim Fərmanım ilə Neft Fondunun Müşahidə Şurasını yaratdıq. Müşahidə Şurasını həm icra orqanlarının, qanunvericilik orqanının nümayəndələrindən, həm də bizim ictimaiyyətin nümayəndələrindən yaratdıq. İcra orqanlarının və ictimaiyyətin nümayəndələri prezident tərəfindən təyin olunublar. Qanunvericilik orqanının nümayəndələri isə Milli Məclisin qərarı ilə təyin ediliblər.

Beləliklə, biz həm icra orqanlarının, həm də qanunvericilik orqanının bu işə cəlb olunmasını təmin etmişik. Yenə də deyirəm, şəffaflığın təmin olunması üçün mənim fərmanımda, qəbul edilmiş əsasnamədə, başqa sənədlərdə çox ciddi müddəalar əks olunubdur. Bunlar Neft Fondunun vəsaitindən istifadədə hansısa pozuntulara yol verilməsinə imkan verməyəcəkdir.

Müşahidə Şurası daim fəaliyyət göstərməlidir. Rübdə bir dəfə onun iclası keçirilməlidir və gərək Müşahidə Şurası Dövlət Neft Fondunun hesabatını dinləsin. Təkcə Neft Fondunun yox, auditor xidmətinin hesabatını da dinləsin və öz münasibətini bildirsin. Bütün bu struktur, sistem, yenə də deyirəm, yalnız və yalnız Dövlət Neft Fondunun fəaliyyətinin doğru, düzgün, şəffaf olması üçündür.

Mənim fikrimcə, biz indiki mərhələdə hələ ki, Neft Fonduna daxil olan gəlirləri toplayıb müxtəlif banklarda, - bunu Neft Fondunun rəhbərliyi yaxşı bilir ki, harada, - saxlamalıyıq. Yalnız çox vacib hallarda bunlardan istifadə edə bilərik. Ancaq bir, iki, üç ildən sonra bizim gəlirlərimiz artacaq və çox sürətlə artacaqdır. O zaman bu məsələyə baxmaq olar ki, bunun hansı hissəsini saxlamaq, hansı hissəsini bəzi sosial məsələlərin, xalqın sosial problemlərinin həllinə yönəltmək, yaxud bir hissəsini müxtəlif yollarla investisiya kimi istifadə etmək və bundan da gəlir götürmək olar. Yəni biz Neft Fondunun vəsaitini elə orada saxlamamalıyıq. Böyük bir vəsaitdir. Dünya maliyyə sistemində məlumdur ki, belə böyük vəsaitə malik olan ya dövlət, ya qurum, ya da bank o vəsaiti ancaq toplayıb saxlamır, ondan istifadə edir. Bu istifadə də gəlir gətirir. Ona görə Neft Fondunun gələcək vəzifələrindən biri də odur ki, toplanan vəsaitdən ölkəmizə əlavə gəlir gətirmək üçün tədbirlər görsün.

İndi Müşahidə Şurasının birinci iclasıdır. Müşahidə Şurasının üzvləri məlumdur. Bilmirəm, bunları oxumağa ehtiyac varmı? Artur Rasizadə, Arif Rəhimzadə, Vahid Axundov, İlham Əliyev, Əvəz Ələkbərov, Fərhad Əliyev, Heydər Babayev, Elman Rüstəmov, Əli Abbasov, Mahmud Kərimov və Neft Fondunun başçısı Samir Şərifov. Bundan əlavə, buraya baş nazirin müavini Əli Həsənov, - biz Neft Fondundan ilk vəsaiti qaçqınların, köçkünlərin problemləri üçün ayırmışıq, bu, məlumdur, elan olunubdur, yəqin bu barədə məlumat verməlidir, - mənim köməkçim Əli Əsədov, başqa köməkçim Dilarə Seyidzadə və digər işçilərim dəvət olunublar. "Ernst ənd Yanq" Auditor Şirkətinin nümayəndəsi Codi Ketpbel də burada iştirak edir. Yəqin ki, onun da məlumatını dinləyəcəyik.