Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 4 dekabr 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Sizi böyük Bülbülün 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan mədəniyyətinin, incəsənətinin çiçəklənməsi naminə uğurlar arzulayıram.

Bülbülün 100 illik yubileyi xalqımız üçün bayramdır. Biz bu gün yubileyin zirvə mərasiminə toplaşmışıq. Ancaq 1997-ci il demək olar ki, Bülbül ili olubdur və xalqımız hər yerdə Bülbülü böyük minnətdarlıqla xatırlayaraq onun yubileyi ilə əlaqədar təntənəli mərasimlər keçiribdir. Müstəqil Azərbaycanın həyatında ilk dəfə vokal sənətinə həsr olunmuş Bülbül adına beynəlxalq müsabiqə keçirilməsi də birinci növbədə Bülbülün xatirəsinə hörmətdir və Bülbülün böyük səyləri nəticəsində Azərbaycan incəsənətində yaranmış professional vokal sənətinin yüksək səviyyədə olmasını nümayiş etdirir.

Bülbül, onun yaradıcılığı Azərbaycan mədəniyyətinin tarixində nadir, parlaq bir hadisədir. Azərbaycanın gözəl guşələrindən biri olan, canımız qədər istədiyimiz Qarabağ torpağında, müqəddəs Şuşa şəhərində dünyaya gəlmiş Bülbül öz fitri istedadı ilə, fədakarlığı ilə Azərbaycan mədəniyyətinin parlaq ulduzuna çevrilmiş və bizim milli iftixarımızdır. Bülbülün sənətinin əsasını təşkil edən onun təkraredilməz səsi, fitri istedadı, fədakarlığı və böyük yaradıcılıq yoludur. Bülbül Azərbaycan xalqının həyatında yeni bir bəşəri mədəniyyət nümunəsinin yaranmasının banisi olaraq, eyni zamanda xalqımıza bu sahədə çox uğurlu yollar açmışdır.

Bülbülün yaradıcılığı çox zəngindir. Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları bizim milli sərvətimizdir. Əsrlər boyu xalqımız bu mahnılarla, bu musiqilərlə yaşamışdır və Bülbül də öz yaradıcılıq fəaliyyətinə məhz bu xalq mahnıları ilə, bu muğamlarla başlamışdır. Ancaq ondan əvvəlki böyük sənətkarlardan fərqli olaraq Bülbül həm xalq mahnılarını, xalq musiqisini, muğam musiqisini ən yüksək bəşəri səviyyələrə qaldıra bilmişdir, həm də bizim zəngin muğam, xalq musiqimizin əsasında professional vokal sənətinin yaranmasının banisi olmuşdur. Bunlarla və yaradıcılığının bütün başqa sahələri ilə Bülbül Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstərmişdir.

Bülbülün yaradıcılığının zirvəsini "Koroğlu" operasında ifa etdiyi Koroğlu rolu təşkil edir. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun də yaradıcılığının şah əsəri, zirvəsi "Koroğlu" operasıdır. Bu operanın yaranmasına Üzeyir Hacıbəyovun nə qədər böyük yaradıcılıq səyləri olmuşdursa, o qədər də Bülbülün varlığı və Bülbülün ifaçılıq sənəti kömək etmişdir. Düşünmək olar ki, bəlkə 30-cu illərin əvvəllərində Bülbül bir professional vokal ustası kimi, milli vokal ustası kimi formalaşmış olmasaydı, bəlkə Üzeyir Hacıbəyov da "Koroğlu" kimi ölməz operanı yaratmaqda çətinlik çəkərdi.

Məlumdur ki, Üzeyir Hacıbəyov məhz Bülbülün yüksək səviyyəsini görəndən sonra bəyan etmişdi ki, mən indi milli, professional opera yarada bilərəm, "Koroğlu" operası Azərbaycanın musiqi sənətində, incəsənətində, Azərbaycanın mədəniyyətində musiqi dəyərinə görə mükəmməl opera əsəri olduğuna görə çox yüksək qiymətə layiqdir və milli musiqimizin iftixarıdır. Ancaq eyni zamanda "Koroğlu" operasının yaranması Azərbaycanın həyatında musiqi və opera sənətinin təsiri ilə bərabər, Azərbaycanda milli vətənpərvərlik, azadlıqsevərlik, müstəqillik fikirlərinin yaranmasına da kömək etmişdir.

Məlumdur ki, Koroğlu bizim qədim əfsanəvi qəhrəmanımızdır. "Koroğlu" böyük bir dastandır. Bu, tək Azərbaycana yox, Mərkəzi Asiya, Qafqaz, Türkiyə, İran xalqlarının hamısına mənsub olan böyük bir qəhrəmanlıq dastanıdır. Üzeyir Hacıbəyovun ən böyük xidməti ondan ibarət oldu ki, əsrlərdən-əsrlərə şifahi ədəbiyyat vasitəsilə, sonra isə ayrı-ayrı kitablarda əksini tapmış "Koroğlu" dastanını mədəniyyətin, incəsənətin, ədəbiyyatın ən yüksək nümunəsi olan "Koroğlu" operası vasitəsilə bütün dünyaya nümayiş etdirdi. Bu gün tam cəsarətlə demək olar ki, "Koroğlu" dastanı, qəhrəman Koroğlu Üzeyir Hacıbəyovun operası yaranana kimi nə qədər məşhur idisə, Üzeyir Hacıbəyovun operası yaranandan sonra və bu operada böyük Bülbül Koroğlunun obrazını yaradandan sonra o, həddindən artıq çox məşhurlaşdı. Bəlkə də belə demək olar ki, "Koroğlu" operasına qədər, Bülbülün Koroğlusuna qədər Koroğlu nə bizim xalqımızın içində, nə də başqa xalqların işində bu qədər tanınmamışdı.

Üzeyir Hacıbəyov "Koroğlu" dastanını musiqiyə çevirdi, opera əsərini yaratdı. Bülbül isə Koroğlunu yaratdı. Təbiidir ki, bizim heç birimiz Koroğlunu görməmişik və keçmişdən gəlib bizə çatmış "Koroğlu" dastanında heç bir yerdə Koroğlunun surəti, yəni onun portreti, rəsmi, onun şəkli olmamışdır. Yaratmaq lazım idi ki, Koroğlu nə cür olubdur. Bunu yaradan da Üzeyir Hacıbəyovun operasıdır və Bülbüldür. Biz "Koroğlu" operasını görəndə və sonrakı nəsillər "Koroğlu" operasını, Koroğlu obrazını görən kimi, Bülbülü görən kimi hamı hesab edir ki, Koroğlu bax, bu imiş. İndi Koroğlunun hər yerdə şəkilləri var. Bu, Bülbülün şəkilləridir, amma Koroğlu obrazında, Koroğlu libasında, Koroğluya heykəllər qoyulur. Hamısı həmin "Koroğlu" operasında Bülbülün yaratdığı, şübhəsiz ki, Üzeyir Hacıbəyovla, rejissorlarla, rəssamlarla birlikdə Bülbülün yaratdığı və at üstündə Azərbaycan Opera Teatrının səhnəsində hamımızın qarşısına çıxdığı Koroğlu obrazından götürülüb.

Ona görə də mən hesab edirəm ki, Üzeyir Hacıbəyovun və Bülbülün "Koroğlu" kimi operanın yaradılmasında xidmətləri bu əsərin musiqi, incəsənət, mədəni mənasından daha çox, daha böyük məna kəsb edir. Bu, tariximizin həqiqətidir və biz sona çatan XX əsrdə bu barədə görülən işlərə qiymət verməliyik.

Böyük şairimiz Molla Pənah Vaqifin bizə gəlib çatmış rəsmi şəkli, portreti olmamışdır. Onu böyük Səməd Vurğunun "Vaqif" əsərini səhnəyə qoyan sənətkarlarımız və böyük aktyorumuz Ələsgər Ələkbərov yaratdı. Ona görə də Vaqifin bütün şəkilləri, bütün heykəlləri Ələsgər Ələkbərovun rejissorlarla, rəssamlarla bir yerdə Azərbaycan Dram Teatrında yaratdığı surətdən götürülübdür. Koroğlunun surəti də Bülbülün, Üzeyir Hacıbəyovun və rejissorların, rəssamların yaratdığı Koroğlu obrazından götürülübdür. Bütün bunlara görə də biz bu gün Bülbül sənətinə, Bülbül yaradıcılığına xüsusi minnətdar olmalıyıq.

Şübhəsiz ki, biz bu gün "Koroğlu" operası haqqında danışarkən əsərin librettosunu Üzeyir Hacıbəyovla birlikdə yazan böyük yazıçımız Məmməd Səid Ordubadini, alim Heydər İsmayılovu, "Koroğlu" operasının ilk rejissoru, böyük rejissor İsmayıl Hidayətzadəni və böyük rəssam Rüstəm Mustafayevi də minnətdarlıq hissi ilə xatırlamalıyıq.

Beləliklə, mən bu gün "Koroğlu" əsəri üzərində geniş dayanaraq Bülbülün bütün başqa xidmətləri ilə bərabər, Azərbaycan xalqı üçün nə qədər böyük xidmət etdiyini xüsusi qeyd etmək istəyirəm.

Bülbülün sənəti, onun bu günə qədər lent yazılarında qalmış məlahətli, təkrarolunmaz səsi, parlaq yaradıcılığı, onun qoyduğu böyük irs Azərbaycan xalqının milli sərvətidir. Bülbül öz yaradıcılığı ilə bugünkü müstəqil Azərbaycana xidmət edibdir. Biz bu gün də, XXI əsrdə də Bülbülün yaradıcılığından ilham alaraq, Bülbülün yaratdığı qəhrəman Koroğlunun qəhrəmanlıq nümunələrindən ilham alaraq müstəqil Azərbaycan dövlətini qurub yaradacağıq və inkişaf etdirəcəyik.

Burada Firəngiz xanım tamamilə doğru dedi, - bu cür əsərlər bəzən bir müğənni üçün, bir sənətkar üçün yazılır, ondan sonrakılar onu təkrar edirlər. Bu təbiidir, burada heç bir qüsur yoxdur. Bu eyni zamanda onu göstərir ki, əgər Üzeyir Hacıbəyov "Koroğlu" operasının müəllifidirsə, Bülbül isə o musiqini səsə çevirən və onu mahnıya çevirən müəllifidir. Ona görə də, şübhəsiz ki, bu gün də, gələcəkdə də "Koroğlu" operası yaşayacaq, bizim yeni-yeni gözəl, parlaq müğənnilərimiz meydana gələcək, Bülbülün yolu ilə gedərək Koroğlu rolunu ifa edəcəklər. Ancaq hamı çalışacaq Bülbül kimi oxusun. Çünki bütün o mahnıları yaradan Bülbüldür. Əgər kimsə onu başqa cür oxusa, hesab edəcəklər ki, bu, Koroğlu deyil.

Bəstəkar musiqini yaradır, müğənni isə o musiqini mahnıya çevirməklə müəllif olur. Məsələn, böyük Nizami Gəncəvinin qəzəlləri əsasında Üzeyir Hacıbəyov ölməz "Sənsiz" və "Sevgili canan" romanslarını yaratdı. Onların ilk ifaçısı Bülbül oldu. Ondan sonra bu romanslar daim bizim həyatımızda səslənir, yeni-yeni müğənnilər bu romansları oxuyurlar. Amma hamısı çalışır ki, Bülbül kimi oxusun, öz səsini Bülbülün səsinə oxşatsın. Bu da Bülbülün bizim bu günümüz üçün və gələcəyimiz üçün etdiyi böyük xidmətlərdir.

Bülbülün 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərin hamısı onun adına və xatirəsinə layiqdir. Mən hesab edirəm ki, bu ənənə davam edəcəkdir. Bülbül heç vaxt unudulmayacaqdır. Bülbülün səsi də, yaradıcılığı da, onun gördüyü işlər də bizim qəlbimizdə daim yaşayacaqdır.

Güman edirəm ki, bu gün Bülbülün ruhu şad olubdur. Amma eyni zamanda düşünürəm ki, Bülbülün narahatçılığı da var. Narahatçılığı ondan ibarətdir ki, onun doğma Şuşası, Qarabağı Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Buna görə Bülbül narahatdır. Biz də narahatıq. Ancaq Bülbül də bilməlidir, xalqımız da bilməlidir, - bizim üçün əziz olan Qarabağ torpağı, Şuşa qalası işğaldan azad olacaq, Bülbül diyarı müstəqil Azərbaycanın çiçəklənən bir guşəsi olacaq və gələcək nəsillər məhz Qarabağda, Şuşada Bülbülün heykəlini qoyacaq, Üzeyir Hacıbəyovun yenidən heykəlini qoyacaq və Şuşa, Qarabağ Azərbaycanın gözəl guşəsi kimi müstəqil Azərbaycanda yaşayacaqdır.

Mən bütün Azərbaycan xalqının istək və arzularını, bütün Azərbaycan xalqının hissiyatlarını ifadə edərək deyirəm ki, Bülbülə, onun sənətinə olan məhəbbətimiz sonsuzdur və sonsuz olacaqdır. Bülbül, onun sənəti Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!

Tarixi arayış

MƏDƏNİYYƏT