Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşündən sonra kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına verdikləri cavab: -Kişinyov, 6 oktyabr 2002-ci il


Müxbir: Xahiş edirəm, görüşünüzün yekunları barədə danışın.

Eduard Şevardnadze: Bilirsiniz ki, biz ənənəvi olaraq həmişə görüşürük və indi də görüşməməyə, bəzi təəssüratlarımız, xüsusən də Vladimir Vladimiroviç Putinlə mənim söhbətlərim barədə təəssüratları bölüşməməyə, sadəcə, mənəvi haqqımız yoxdur. Bizim belə bir mövqeyimizə Heydər Əliyeviç də tərəfdardır ki, biz buraya gəlməklə və terrorizmlə, yaraqlılarla mübarizənin gücləndirilməsi məsələsini açıq, səmimi şəraitdə müzakirə etməklə düz iş görmüşük. Doğrudur, bu hər ölkənin daxili işidir, lakin biz bir-birimizə kömək etməliyik. Qarşılıqlı fəaliyyətin belə formaları işləyir və Heydər Əliyeviç həmişə olduğu kimi, bu işdə bizi dəstəkləyir.

Heydər Əliyev: Düzdür. Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Harada oluruqsa-olaq, əgər birlikdəyiksə, yəni bir yerdəyiksə, biz mütləq görüşürük, çünki fikir mübadiləsi aparmağa, məsləhətləşməyə ehtiyac var. Ona görə də bugünkü görüşümüz sırf ənənəvi xarakter daşıyır. Amma eyni zamanda, Eduard Amvrosiyeviç Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə də görüşmüşdür. Zənnimcə, bu görüş yaxşı nəticələr verdi. Əlbəttə, heç bir şübhə ola bilməz və mən bu barədə Eduard Amvrosiyeviçlə də danışmışdım ki, o buraya gəlməli və görüşməlidir. O da gəldi, görüşdü. O, görüşün nəticələrindən razıdır, bir halda ki, əgər o razıdırsa, deməli, mən də razıyam. Ona görə də təbrik edirəm, çünki son vaxtlar Rusiya ilə Gürcüstan arasında xeyli gərginlik olduğu hiss edilirdi. İndi isə bu göruş, məncə, gərginliyi müəyyən dərəcədə zəiflətdi. Bu münasibətlə sizi təbrik edirəm və ümidvaram ki, Gürcüstanla Rusiya arasında münasibətlər məhz bu ruhda inkişaf edəcəkdir. Çünki Qafqazda bizim Rusiya və Gürcüstanla həmişə xoş və yaxşı münasibətlərimiz olmuşdur və bu, Azərbaycana indi də, gələcəkdə də lazımdır.