Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankara yaxınlığındakı Bilkənd universitet şəhərciyində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş yubiley şənliklərinin təntənəli açılışında çıxışı - 1 noyabr 1994-cü il


Türkiyə Cümhuriyyətinin hörmətli prezidenti, əziz dostum və qardaşım Süleyman Dəmirəl!

Hörmətli xanımlar və cənablar!

Bu gün xalqlarımız üçün böyük bayram günüdür. Türk dünyasının, Azərbaycan xalqının, bütün türk xalqlarının böyük şairi, alimi, mütəfəkkiri, filosofu Məhəmməd Füzulinin anadan olmasının 500 illiyini Türkiyədə, Ankarada, bu gözəl Bilkənd Universitetinin sarayında təntənə ilə qeyd edirik. Bu salonda toplaşan soydaşlarımıza, qardaşlarımıza, bütün Türkiyə xalqına bu bayram münasibətilə Azərbaycan xalqı adından, Azərbaycan Respublikası adından salamımı yetirir, hörmət və ehtiramımı bildirirəm. Sizin hamınızı, bütün Türkiyə xalqını, türk dünyasını bu böyük bayram münasibətilə təbrik edirəm.

Xalqlarımız çoxəsrlik tarixi ərzində böyük sınaqlardan keçmiş, böyük çətinliklərlə rastlaşmış, özlərinin milliliyini, mənəviyyatını, dilini, dinini yaşatmış, saxlamış və bugünkü xoşbəxt günlərə gətirib çıxarmışlar. Bizim xalqlarımız dünya mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya sivilizasiyasını elm, mədəniyyət sahəsində dəyərli əsərlərlə zənginləşdirmişlər.

Bu sırada, xalqlarımızın böyük şəxsiyyətləri sırasında Məhəmməd Füzulinin xüsusi yeri var. Beş yüz ildir ki, xalqlarımız Məhəmməd Füzulinin əsərlərindən ilham alaraq, bunların təsiri altında yaşayıb yaradıblar, öz mənəviyyatlarını, öz mədəniyyətlərini yaşadırlar. Məhəmməd Füzuli öz əsərləri, böyük mədəni-mənəvi irsi ilə xalqlarımızın daim bir-biri ilə yanaşı olmasının, birlikdə olmasının əsasını qoymuşdur. Onun əsərləri xalqlarımızın çətinliklərdən keçərək bu günə gəlib çıxmalarına daim kömək etmiş, həmişə bizdən ötrü məktəb olmuşdur, bu əsərlərdən dərs almışıq. Füzuli irsinin qiyməti əvəzsizdir. Azərbaycan xalqı Məhəmməd Füzulinin yaratdığı əsərlərin təsiri altında əsrlər boyu və xüsusən XX əsrdə öz mədəniyyətinin inkişafında böyük nailiyyətlər əldə etmişdir. Bəli, Füzulinin 500 il öncə yazdığı "Leyli və Məcnun" poeması əsasında Azərbaycanın böyük bəstəkarı, dahi insanı Üzeyir Hacıbəyov Şərq aləmində, türk dünyasında ilk professional opera yaratmışdır. Füzulinin əsərlərinin təsiri altında Azərbaycanın yazıçıları, alimləri, bəstəkarları, rəssamları böyük-böyük əsərlər yaratmış, respublikamızın mədəniyyətini inkişaf etdirmiş, dünya mədəniyyətinə böyük töhfələr vermişlər. Bunlar hamısı Məhəmməd Füzulinin bizə bəxş etdiyi böyük işdir, Azərbaycan xalqının bu günü və gələcəyi üçün böyük örnəkdir.

Bildiyiniz kimi, Azərbaycan xalqı öz tarixində cürbəcür mərhələlərdən keçmişdir. XX əsrin əvvəlindən indiyədək xalqımızın həyatında böyük ictimai-siyasi dəyişikliklər olmuşdur. Ancaq siyasi rejimlərə baxmayaraq, ictimai-siyasi vəziyyətin dəyişməsindən asılı olmayaraq Azərbaycan xalqı heç vaxt öz mədəniyyətini, öz dilini, mənəviyyatını unutmamışdır, xalqımız Füzuli irsini heç vaxt unutmamış, əksinə, bu irsdən bəhrələnərək bütün çətinliklərdən keçmiş, indi milli azadlığa nail olmuş, özünün müstəqil dövlətini yaratmışdır.

Türkiyə xalqının böyük tarixi var. Türkiyə Cümhuriyyətinin yaranmasından 71 il keçmişdir. Ötən əsrlərdə də, cümhuriyyət dövründə də Türkiyə, Türkiyə xalqı daim türk dünyası üçün örnək olmuşdur. Dahi insan, böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti 71 il ərzində türkün, türk dünyasının, türk xalqının nəyə qadir olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirmişdir.

Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən, milli istiqlaliyyətinə nail olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Türkiyə xalqının dəstəyinə, dayağına arxalanmış, Mustafa Kamal Atatürkün qoyduğu yolla gedən Türkiyə Cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir. Bütün bunlar artıq üç il ərzində mövcud olan müstəqil Azərbaycan Respublikasının yaranmasında və bu illər ərzində möhkəmlənib inkişaf etməsində böyük rol oynamışdır.

Azərbaycan xalqı ilə Türkiyə xalqı arasında, müstəqil Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında qırılmaz tellərlə bağlı olan dostluq və qardaşlıq əlaqələri var. Bu əlaqələri ulu babalarımız yaratmışlar. Bu əlaqələri Məhəmməd Füzuli yaratmış, o bizə nəsihət etmiş, o bizə bəxş etmişdir. Bu gün Türkiyənin, Azərbaycanın dəyərli insanları, vətənpərvər, sülhsevər insanları, vətənlərinə qeyrətlə, namusla xidmət etməyə çalışan adamları bu dostluq və qardaşlıq əlaqələrini genişləndirir və bundan sonra da inkişaf etdirəcəklər.

Azərbaycan Respublikası, Azərbaycan xalqı Türkiyə xalqı ilə, Türkiyə Cümhuriyyəti ilə dostluq və qardaşlıq əlaqələrini, Türkiyə Cümhuriyyətinin Azərbaycana göstərdiyi yardım və köməyi yüksək qiymətləndirir və həyatının bu ağır dövründə, torpaqlarına erməni təcavüzü davam etdiyi bir zamanda Türkiyəni, türk xalqını, Türkiyə Cümhuriyyətini özünə böyük dayaq sayır. Bu gün mən burada Azərbaycanın müstəqillik yolu ilə inkişafında bizə dayaq olan, kömək olan qardaş-bacılarımıza, Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə, Türkiyə dövlətinə bütün Azərbaycan xalqı adından, respublikamızın vətəndaşları adından hörmət və ehtiramımı, təşəkkürümü bildirirəm. Əminik ki, xalqlarımızın əsrlər boyu davam etmiş və indi yüksək zirvəyə qalxmış dostluğu və qardaşlığı sarsılmaz olacaq, bundan sonra da davam edəcəkdir. Sizi əmin edə bilərəm ki, Azərbaycan xalqı milli azadlığı ilə fəxr edir, bu azadlığı heç vaxt əldən verməyəcək, öz müstəqilliyini qoruyub saxlayacaq və bu yolda Türkiyə xalqı, Türkiyə Cümhuriyyəti ilə daim birlikdə olacaqdır.

Bu yubiley mərasimində iştirak etmək üçün Azərbaycandan gəlmək istəyənlərin sayı həddindən artıq çox idi. Alimlər, yazıçılar, dövlət adamları bu mərasimdə iştirak etmək istəyirdilər. Şübhəsiz ki, onların hamısının gəlməsi üçün imkan yox idi. Ancaq hesab edirəm ki, indi bu salona toplaşanlar arasında Azərbaycandan gələnlərlə Türkiyədən olanların sayı yəqin bərabərdir, yaxud buna yaxındır. Bu onu göstərir ki, Azərbaycan xalqı həmişə Türkiyəyə maraq göstərir, Türkiyə həmişə azərbaycanlıları cəlb edir. Bugünkü bayram günündə Füzulinin yubileyinin burada qeyd olunması və Azərbaycandan böyük bir nümayəndə heyətinin buraya gəlməsi də bizim dostluq və qardaşlığımızın rəmzidir. Bütün bunlar bizi sevindirir, Türkiyə xalqına sevgi və məhəbbət hissini daha da artırır.

Mən İhsan Doğramaçıoğlunun rəhbərliyi altında bu mərasimin təşkilində mühüm xidmətləri olan bütün qardaş və bacılarımıza böyük hörmət və ehtiramımı bildirirəm.

Azərbaycanda Füzulinin 500 illiyini keçirmək üçün böyük komissiya yaradılmışdır. Belə bir komissiyanın Türkiyədə də yaradılması xəbəri bizi sevindirdi. Bu komissiyanın həm başçılarına, həm də üzvlərinə Azərbaycan xalqı adından hörmət və ehtiramımı, təşəkkürümü çatdırıram.

Bu gün daha bir baxımdan əlamətdar gündür. Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz və qardaşımız, Azərbaycan xalqının sevimli dostu, hörmətli Süleyman Dəmirəlin doğum günüdür. Biz buna "anadan olan günüdür" deyirik. Bu, təsadüfi deyil. 500 il bundan öncə Füzuli doğulub, 70 il bundan öncə də müasir dövrdə türk dünyasının böyük şəxsiyyəti, böyük insan, böyük ictimai-siyasi dövlət xadimi, hörmətli Süleyman Dəmirəl doğulmuşdur. Bu onu göstərir ki, Füzuli dünyası, Füzuli nəsli davam edir, dünya birliyinə, dünya mədəniyyətinə böyük insanlar bəxş edir. Belə böyük insanlar sırasında Türkiyənin həyatında 40 ildən artıq siyasi fəaliyyət göstərən, dövlətə sədaqətlə xidmət edən Süleyman Dəmirəl kimi insan da vardır.

Əziz dostum, qardaşım Süleyman bəy! Doğum günü münasibətilə sizi bütün Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, sizə cansağlığı, xoşbəxtlik arzulayır, Türkiyə xalqının gələcəyi naminə, bütün türk dünyasının gələcəyi naminə işlərinizdə uğurlar diləyirəm.

Azərbaycan Elmlər Akademiyası əziz dostumuz, qardaşımız İhsan Doğramaçıoğlunu Respublika Elmlər Akademiyasının fəxri akademiki seçmişdir. Biz İhsan Doğramaçıoğlunu Azərbaycanda gözləyirik. O, vaxtı olmadığından gələ bilmədi. Ona görə də xahiş edirəm, imkan verəsiniz, Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Eldar Salayev İhsan Doğramaçıoğluna akademiyamızın fəxri akademiki diplomunu təqdim etsin.

Eşq olsun türk dünyasına, eşq olsun Türkiyə xalqına!

Yaşasın ədəbiyyatımız, mədəniyyətimiz, mənəviyyatımız!

Yaşasın sarsılmaz Türkiyə-Azərbaycan dostluğu!

Sağ olun.

"Azərbaycan" qəzeti, 3 noyabr 1994-cü il.

Ümumi tarixi arayış

Tarixi arayış

MƏDƏNİYYƏT