Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov ilə görüşü - 25 yanvar 2002-ci il


Cənab Kasyanov dövlətimizin başçısı Heydər Əliyevi öz adından və Rusiya hökuməti adından səmimiyyətlə salamladı, Azərbaycan prezidentinin Moskvaya dövlət səfərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsində yeni mərhələ açdığını bildirdi.

Prezident Heydər Əliyevin və Prezident Vladimir Putinin həmin gün Moskvada imzaladıqları sənədləri yüksək dəyərləndirən Mixail Kasyanov bunların Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yaradacağını nəzərə çatdırdı.

Səmimi görüşə, özünə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və mehribanlığa görə minnətdarlığını bildirən Prezident Heydər Əliyev ölkələrimiz arasında möhkəm dostluq, sıx əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verdiyini vurğuladı.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında qarşılıqlı surətdə faydalı əlaqələrin ildən-ilə daha da sıxlaşmasının hər iki tərəf üçün çox əhəmiyyətli olduğu bildirildi, Xəzərin karbohidrogen ehtiyatlarının birgə işlənilməsində və nəqlində ölkələrimizin əməkdaşlığı məsələləri ətrafında söhbət aparıldı.

Ölkələrimizin iqtisadi əlaqələrinin daha geniş miqyasda inkişaf etdirilməsində Azərbaycan–Rusiya hökumətlərarası komissiyasının xüsusi rol oynadığı vurğulandı və onun fəaliyyətinin daha da canlandırılmasının vacib olduğu bildirildi.

Görüşdə beynəlxalq nəqliyyat yollarının inkişafının böyük əhəmiyyəti xüsusi qeyd edildi, çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar açan, o cümlədən quru və su yollarından istifadə etməklə Azərbaycanın Şimal–Cənub nəqliyyat dəhlizinə, Rusiyanın Avropa–Qafqaz–Asiya (TRASEKA) nəqliyyat dəhlizinə qoşulması məsələləri barədə fikir mübadiləsi aparıldı. Beynəlxalq və regional təşkilatlarda dövlətlərimizin qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyindən də bəhs edildi, bu sahədə görülən işlərin davam etdirilməsinin çox faydalı olduğu bildirildi.

Mehribanlıq və səmimilik şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.