Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İndoneziya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş Caki C.Vanyonun etimadnaməsini qəbul edərkən söhbətindən - 10 fevral 2000-ci il


Caki C.Vanyo: Zati-aliləri cənab prezident!

Mən böyük şərəf duyuram ki, İndoneziya prezidenti məni Azərbaycan Respublikasına səfir təyin edibdir. Etimadnaməmi Sizə təqdim etməkdən böyük fərəh duyuram.

Cənab prezident, gözəl təşkil olunmuş bu mühüm mərasimdə istərdim ki, İndoneziya prezidenti Əbdürrəhman Vahidin ən xoş salamlarını Sizə yetirim. O, Azərbaycan xalqına əmin-amanlıq və inkişaf arzulayır.

Zati-aliləri, biz Azərbaycanla yaxşı əlaqələr saxlamaq əzmindəyik. Həm hökumətlərimiz, həm də xalqlarımız arasında qarşılıqlı ehtiram və hörmət hissləri mövcuddur. Biz beynəlxalq təşkilatlarda da yaxşı əməkdaşlıq yaratmışıq və beynəlxalq aləmdə bir-birimizin prinsiplərini, mövqelərini dəstəkləyirik. Ölkələrimizin bu sahədə prinsipləri və mövqeləri praktiki olaraq eynidir. Hər iki ölkə BMT xartiyasının prinsiplərinə sadiqdir. Bütün bu amillər qarşılıqlı əlaqələr qurmaq üçün müsbət baza yaratmışdır.

Əminəm ki, Bakıda səfir işlədiyim müddətdə zati-alinizdən dəstək görəcəyəm. Mən eyni zamanda, sizin ölkənin nazirləri, digər yüksək vəzifəli şəxsləri ilə möhkəm əlaqələr quracağıma ümid edirəm.

Zati-aliləri, icazə verin, Sizə xoşbəxtlik, yaxşı səhhət və uğur arzulayım. Qardaş Azərbaycan xalqına isə tərəqqi və inkişaf arzulayıram. Çox sağ olun.

Heydər Əliyev: Hörmətli cənab səfir!

Mən İndoneziyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə Sizi təbrik edirəm, Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

İndoneziya dünyanın böyük ölkələrindən biridir. Sizin ölkəniz Cənub-Şərqi Asiya bölgəsində çox mühüm rol oynayır. İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələr yaranması və İndoneziyanın Azərbaycana səfirinin təyin olunması respublikamız üçün çox əhəmiyyətlidir. Bu, bizim ölkələrin əlaqələrinin inkişaf etdirilməsi üçün çox faydalı olacaqdır.

İndoneziya ilə müstəqil Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda eyni prinsiplərdən, mövqelərdən çıxış edirlər, beynəlxalq hüquq normalarını əsas tuturlar və ölkələrimiz bir-birini dəstəkləyir. Biz bunu qiymətləndiririk və əmin olduğumu bildirmək istəyirəm ki, bu, gələcəkdə də belə olacaqdır.

Azərbaycanda İndoneziyanı yaxşı tanıyırlar. Keçmiş zamanlarda - 1960-70-ci illərdə İndoneziyada yeni hərəkat başlandığı zaman, İndoneziya ilə Sovet İttifaqı arasında çox yaxşı əlaqələr qurulduğu dövrdə sizin ölkənin bir çox nümayəndə heyətləri Azərbaycanı da ziyarət ediblər. Həmin dövrdə Azərbaycan nümayəndə heyətləri də İndoneziyada səfərdə olublar. Ona görə də bu tanışlığın və əlaqələrin tarixi vardır.

Biz tarixi heç vaxt unutmamalıyıq. Mən İndoneziyanın o vaxtkı prezidenti Sukarnonun Sovetlər İttifaqına, o cümlədən Azərbaycana səfərini xatırlayıram. Şəxsən mən onunla Azərbaycanda tanış olmuşam, bizim görüşlərimiz olubdur. Mən bu görüşlərimizi, danışıqlarımızı çox məmnuniyyətlə xatırlayıram. Sizin ölkənin sonrakı prezidenti cənab Suxarto ilə də beynəlxalq təşkilatların toplantılarında görüşlər keçirmişəm, danışıqlar aparmışam. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablankada keçirilən zirvə görüşündə biz bir yerdə olmuşuq, şəxsən görüşmüşük, danışıqlar aparmışıq və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi barədə eyni fikirdə olmuşuq.

Biz son illər İndoneziyada gedən prosesləri də dost münasibəti ilə izləyirik. Razılıq hissi ilə deyə bilərəm ki, indi İndoneziyada sülhün, sabitliyin, əmin-amanlığın yaranması bizi də məmnun edir.

Prezident Əbdürrəhman Vahidin mənə çatdırdığınız salamlarını məmnuniyyətlə qəbul edirəm. Sizdən rica edirəm ki, mənim də salamlarımı və xoş arzularımı zati-alilərinə çatdırasınız.

Əmin ola bilərsiniz ki, İndoneziyanın səfiri kimi səmərəli fəaliyət göstərmək üçün Azərbaycanda Sizə bütün imkanlar yaradılacaqdır. İnanıram ki, İndoneziyanın Azərbaycanda ilk səfiri kimi Siz ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsində öz xidmətlərinizi göstərəcəksiniz. Bizim üçün əsas odur ki, Azərbaycan İndoneziya ilə bütün sahələrdə sıx əlaqələr qurmaq, əməkdaşlığı genişləndirmək istəyir.

Mən Sizi bir daha təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 fevral 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya