Bakıda Çin Xalq Respublikası səfirliyinin yeni binasının özülünün qoyulması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 24 iyun 2000-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri hörmətli cənab Li Pen!

Hörmətli qonaqlar, Çin Xalq Respublikası nümayəndə heyətinin üzvləri!

Hörmətli səfir!

Hörmətli xanımlar və cənablar!

Cənab Li Penin və onu müşayiət edən şəxslərin dünən Azərbaycana rəsmi səfərinin başlanması Azərbaycanın həyatında böyük hadisədir. Dünən və bu gün çoxsaylı danışıqlar aparılmış və xüsusən cənab Li Penlə mənim aramda söhbət, cənab Li Penin Azərbaycan parlamentinin sədri Murtuz Ələsgərovla və digər şəxslərlə söhbətləri olmuşdur. Bu danışıqlar və söhbətlər zamanı biz səmimi münasibətlərimizə sadiqliyi, 1994-cü ildə mənim Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszeminlə imzaladığımız sənədlərə sadiqliyi bir daha və yenidən təsdiq etdik, ümidvar və əmin olduğumuzu bildirdik ki, səmərəli əməkdaşlığımız artacaq və davam edəcəkdir.

1991-ci ilin axırlarında Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən dərhal sonra Çin Azərbaycanın dövlət müstəqilliyini tanıdı və tezliklə ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldı. Çin Xalq Respublikasının Azərbaycanda səfirliyi, Azərbaycanın Çin Xalq Respublikasında səfirliyi var. Bu müddət ərzində biz bir-birimizə dəfələrlə nümayəndə heyətləri göndərmişik, 1994-cü ildə mənim Çinə rəsmi səfərim və cənab Li Penin Azərbaycana dünən başlanmış rəsmi səfəri olubdur.

Bütün bunlar sübut edir ki, qısa müddət ərzində ölkələrimiz arasında səmimi, dostcasına münasibətlər və çox yaxşı, səmərəli əməkdaşlıq yaranmışdır.

Azərbaycan Çin Xalq Respublikası ilə yaranmış münasibətləri yüksək qiymətləndirir. Biz gənc müstəqil dövlət olaraq bunu özümüz üçün mühüm amil bilirik və dostluq münasibətlərimizin, əməkdaşlığımızın dərinləşməsi və inkişaf etməsi üçün bundan sonra da bütün tədbirləri görəcəyik.

Buna mühüm sübut odur ki, Bakıda - Azərbaycanın paytaxtında Çin Xalq Respublikasının Azərbaycanda səfirliyinin daimi binasının tikintisi üçün yer ayrılmışdır və bu gün cənab Li Pen və Çin Xalq Respublikasının nümayəndə heyətinin üzvləri və biz sizinlə birlikdə bu binanın bünövrəsini qoyduq.

Çin Xalq Respublikasının Azərbaycanda səfirliyinin binasının özülünü qoymağımız Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılan zaman qoyulmuş bünövrənin davamıdır. Həmin bünövrə möhkəm olmuşdur və buna görə də ötən illərdən bəri münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir.

Mən əminəm ki, bu gün əsasını qoyduğumuz bu bünövrə üzərində çox tezliklə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin binası ucalacaq, o, Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcəkdir.

Mən bu gün, bu tarixi gündə Çin xalqına, Çin Xalq Respublikasına, Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszeminə, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri cənab Li Penə, bütün çinli dostlarımıza bir daha səmimi hisslərimi ifadə etmək və Çin Xalq Respublikasına bu ölkənin getdiyi yolda yeni-yeni uğurlar arzulamaq istəyirəm.

Cənab Li Pen, sizi bu hadisə münasibətilə ürəkdən təbrik edirəm və əmin ola bilərsiniz ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin binası və səfirliyin özü əbədi mövcud olacaqdır.

Yaşasın Çin Xalq Respublikası!

Yaşasın Çin -Azərbaycan dostluğu!

Çin Xalq Respublikasının bütün vətəndaşlarına səadət və firavanlıq arzulayıram!

"Azərbaycan" qəzeti, 25 iyun 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış