Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Bolqarıstan nümayəndə heyətləri arasında danışıqlarda çıxışı - Prezident sarayı, 2 dekabr 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab prezident, hörmətli nümayəndə heyəti üzvləri, qonaqlar, sizi Azərbaycanda səmimi salamlayıram.

Cənab prezident, mənim dəvətimi qəbul edib Azərbaycana gəldiyiniz üçün sizə təşəkkür edirəm.

Sizi də, bizi də maraqlandıran bir çox məsələlər barəsində biz sizinlə təkbətək söhbət etməyə macal tapmışıq. Bu, ölkəmiz müstəqillik əldə etdikdən sonra, Bolqarıstan da tam müstəqil dövlət olduqdan sonra Bolqarıstan prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Mən bu səfərə şadam və hesab edirəm ki, o, dövlətlərarası münasibətlərimizin daha da dərinləşməsində və inkişafında çox mühüm mərhələ olacaqdır.

Cənab prezident, biz sizinlə artıq bir neçə ildir tanışıq,müxtəlif beynəlxalq simpoziumlarda, konfranslarda, müşavirələrdə görüşmüşük. Bu yaxınlarda biz İstanbulda olduq və XX əsrin sonunda, zənnimcə, çox böyük iş apardıq, ATƏT-in XXI əsrə yönəldilmiş mühüm sənədlərini qəbul etdik. Siz ötən il Azərbaycanda oldunuz, o vaxt burada Böyük İpək Yolunun bərpasına, TRASEKA proqramının reallaşdırılmasına dair beynəlxalq konfrans keçirilirdi. Onda biz sizinlə çox səmərəli işlədik və mühüm sənədlər, Bakı bəyannaməsi imzaladıq.

Bu gün mən sizinlə bu barədə fikir mübadiləsi apardım. Siz də, biz də istəyirik ki, bu proqram həyata keçirilsin. O, şübhəsiz, həyata keçiriləcək, bu proqrama qoşulmuş olan bütün ölkələrə fayda gətirəcəkdir. Bununla yanaşı, sizin rəsmi səfərinizin, şübhəsiz, o mənada böyük əhəmiyyəti vardır ki, biz təşəkkül tapmış münasibətləri müzakirə etmək, bir çox məsələlər barəsində fikir mübadiləsi aparmaq, münasibətlərimizin daha da yaxşılaşması və inkişafı üçün tədbirlər görmək imkanına malikik. Ölkələrimiz arasında münasibətlər həmişə xeyirxah, səmimi olmuşdur. Əgər xalqlarımız - bolqar və Azərbaycan xalqları arasında münasibətlərin tarixindən danışmalı olsaq, onda görərik ki, Azərbaycanda Bolqarıstana həmişə böyük rəğbətlə yanaşılmışdır. Bilirəm ki, Bolqarıstanda da Azərbaycana həmişə yaxşı münasibət olmuşdur. Bu münasibətlər İkinci dünya müharibəsindən sonra xüsusilə inkişaf etmişdir. Amma indi dövlət müstəqilliyi şəraitində münasibətlərimiz, şübhəsiz, keyfiyyətcə başqa xarakter almışdır. Mən şadam ki, 1995-ci ildə Bolqarıstana rəsmi səfər etdim. O vaxt biz səmərəli iş apardıq və çox mühüm sənədlər, ən əvvəl, Bolqarıstanla Azərbaycan arasında dostluq və əməkdaşlığın inkişafı haqqında saziş, digər sənədlər imzaladıq. Bir sözlə, o vaxt biz müqavilə-hüquqi baza yaradılması baxımından dövlətlərarası münasibətlərin bünövrəsini qoyduq. İndi sizin səfəriniz özlüyündə yeni mərhələ deməkdir, o mənada ki, biz ötən dövrdə gördüyümüz bütün işləri təhlil edə bilərik, bundan sonra görəcəyimiz işləri müəyyənləşdirə bilərik. Azərbaycan öz dövlət müstəqilliyi mövqeyində möhkəm dayanır və müstəqilliyi özünün misilsiz nailiyyəti hesab edir. Biz müstəqilliyimizi möhkəmlətmək və inkişaf etdirmək üçün bütün işləri görəcəyik. Müstəqil dövlət olaraq, bütün ölkələrlə, xüsusən Avropa qitəsinin ölkələri ilə münasibətləri möhkəmlətmək və inkişaf etdirmək bizim üçün təbii ki, vacibdir. Bolqarıstan Şərqi Avropada yerləşir, Azərbaycan da Avropa ölkəsidir, Avropanın ən ucqarındadır. Ərazicə biz bir-birimizə çox yaxınıq və buna görə də Avropa strukturlarında əməkdaşlığımızın istər Azərbaycan üçün, istər Bolqarıstan üçün, şübhəsiz, çox böyük əhəmiyyəti olacaqdır. Bunun üçün imkanlar böyükdür və mənə elə gəlir ki, biz sizinlə bu imkanlardan daha səmərəli və uğurla istifadə edə biləcəyik.

Sizi bir daha salamlayıram və sözü sizə verirəm.

Petr Stoyanov: Cənab prezident, sağ olun, dəvətinizə görə, mehriban qonaqpərvərliyə görə və Sizinlə etdiyimiz faydalı söhbətəgörə sağ olun.

Sizin televiziyanıza dediyim kimi, çox şadam ki, münasibətlərimiz davam edir, çünki xalqlarımız arasında çoxdan dostluq münasibətləri mövcuddur və istərdim ki, həmin münasibətlər bundan sonra da inkişaf etsin. Azərbaycana səfərimə böyük əhəmiyyət verirəm, çünki indi biz çox ciddi məsələləri - münasibətlərimizi dərinləşdirə biləcək məsələləri həll etməliyik. Azərbaycan və Bolqarıstanın coğrafi mövqeyi elədir ki, onlar birbiri ilə əməkdaşlıq etməlidirlər. Əminəm ki, TRASEKA və İNOQEYT kimi böyük layihələr əlaqələrimizi daha da sıxlaşdıracaqdır. Mən istər TRASEKA nəqliyyat dəhlizinin inkişafı barədə, istərsə də neftin Bolqarıstan vasitəsilə Avropaya ixracı barədə məsələni prezident Heydər Əliyevin qarşısında tamamilə açıq şəkildə qaldırdım - mən bunu özümə rəva görə bilərəm, çünki bu, bizim ilk görüşümüz deyildir, biz bu barədə çox danışmışıq. İş burasındadır ki, Bolqarıstanın iki limanı -Burqas və Varna limanları roro-xətti və müdafiə xətti, Potidən bərə keçidi ilə əlaqəlidir. Digər tərəfdən, söhbət İNOQEYT proqramından, yəni neft və qazın Avropaya ixracından getdikdə, Bolqarıstan burada böyük rol oynaya bilər. Əlbəttə, imkanlarımız çoxdur, amma mən istərdim ki, Bolqarıstan bu imkanlardan biri olsun. Əgər Sizin Baş nazirin müavini və bizim nəqliyyat naziri bundan ötrü bütün texnoloji səyləri göstərsələr, mən buna şad olaram. Odur ki, birgə komissiyanın gələn ilin əvvəllərində Sofiyada keçiriləcək görüşünə böyük əhəmiyyət verirəm. Bolqarıstan hökuməti Bakıda səfirlik açmağı qərara almışdır. Hesab edirəm ki, səfərimiz qarşılıqlı münasibətlərimizə daha böyük təkan verəcək və biz daha yaxşı işləmək üçün mənafelərimizin çulğaşdığı nöqtəni daha tez tapacağıq.

Bizə yaratdığınız yaxşı işgüzar mühitə görə prezident Heydər Əliyevə və, cənablar, sizə bir daha təşəkkür etmək istəyirəm.

Heydər Əliyev: Biz artıq sizinlə danışmışıq və bir daha demək istəyirəm ki, Bolqarıstanla Azərbaycan arasında əməkdaşlığın da getdikcə inkişaf etdirilməsi üçün həqiqətən çox böyük imkanlar var. Şübhəsiz ki, burada TRASEKA və İNOQEYT proqramlarının həyata keçirilməsi ön sıraya çəkilir. Avropa Birliyinin, Avropa İqtisadi Komissiyasının irəli sürdüyü bu proqramlara biz böyük əhəmiyyət veririk və onlarda fəal iştirak edirik. Bilirik ki, Azərbaycanın öz coğrafi, coğrafi-strateji və coğrafi-siyasi mövqeyinə görə çox böyük əhəmiyyəti vardır, yəni Azərbaycan bu proqramlarda mühüm pillədir. Buna görə də bu baxımdan Azərbaycan nəinki Bolqarıstanla bilavasitə əməkdaşlıq üçün, həm də Bolqarıstanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığının təmin edilməsi üçün böyük imkanlara malikdir. Hazırda Mərkəzi Asiya ölkələrində Transqafqaz nəqliyyat magistralından istifadə edilməsinə böyük maraq göstərildiyini nəzərə alsaq, görərik ki, məhz bu, münasibətlərin inkişafı üçün mühüm vasitədir.

Azərbaycanın enerji ehtiyatlarından Bolqarıstanın mənafeləri naminə və onların Avropaya nəqli üçün istifadə edilməsinə gəldikdə isə, biz bunu çox mühüm və mümkün olan bir iş sayırıq. İndi bizdə, Xəzər dənizinin Azərbaycan sektorunda çıxarılan enerji ehtiyatlarından, xüsusən karbohidrogen xammaldan - neft və qazdan istifadə edilməsinə dair proqram işlənib hazırlanır, nəinki dənizdə, həm də quruda xarici şirkətlərlə birlikdə bəzi yataqlarda fəal iş aparılır. Lakin Xəzərin dibində, Xəzər dənizinin Azərbaycan sektorunda olan ehtiyatlar, əlbəttə, daha böyük əhəmiyyətə malikdir. Məlumdur ki, ötən beş ildə biz xarici şirkətlərlə - Avropa, Amerika, digər Qərb şirkətləri ilə birgə iş sayəsində konkret əməli nəticələr əldə etmişik. 1997-ci ildə biz ilkin neft almışıq, iki neft kəməri - Bakı-Novorossiysk, Bakı-Supsa kəmərlərini çəkmişik, onlardan neftin ixracı üçün istifadə edirik.

Doğrudur, Bakı-Novorossiysk neft kəməri ilə əlaqədar bizim artıq bir neçə aydan bəri, hətta daha çox müddət ərzində çətinliklərimiz olmuşdur. Şimali Qafqazda məlum hadisələrlə əlaqədar neft kəməri əslində bağlanmışdır. Buna baxmayaraq, bu kəmər mövcuddur, biz nefti Novorossiyskə çatdırmaq üçün başqa imkanlardan istifadə edirik. Biz Bakı-Supsa neft kəmərindən fəal istifadə edirik. İndi onun böyük imkanları var, gələcəkdə isə bu imkanlar daha çox ola bilər. Bilirsiniz ki, İstanbulda biz Azərbaycan neftinin ixracı üçün əsas magistral olaraq Bakı-Ceyhan neft kəmərinin inşası haqqında müqavilə imzalamışıq. Eyni zamanda Türkmənistan, Gürcüstan və Türkiyə ilə birlikdə biz Transxəzər qaz kəməri haqqında bəyannamə də imzaladıq. Bu, çox böyük imkanlar açır. Yeri gəlmişkən, Türkmənistan bildirir ki, o, qaz kəmərini nəinki Türkiyəni qazla təchiz etmək üçün, həm də onu Türkiyə vasitəsilə Avropaya göndərmək üçün çəkir. Bizdə də qaz hasilatında böyük perspektivlər açılır. Bu perspektivlər bizdə həmişə olmuşdur. Ancaq son iki-üç ildə görülmüş işlər göstərmişdir ki, bizdə qaz ehtiyatları güman etdiyimizdən xeyli çoxdur. Neft ölkəsi olaraq Azərbaycan artıq çoxdan, yəqin ki, 60 ildir, yaxud bundan da artıq bir dövr ərzində qaz çıxarır. Məsələn, Bakıya hələ İkinci dünya müharibəsindən əvvəl, təxminən 1938-1939-cu illərdə qaz çəkilmiş, Bakıda qazdan məişətdə istifadə edilmişdir. Azərbaycan öz köhnə yataqlarından bu gün də qaz çıxarır və onunla Bakını, ölkəmizin bir çox digər regionlarını təchiz edir. Lakin artıq kəşf etdiyimiz və real ehtiyatlarının həcmini müəyyənləşdirdiyimiz yataqlar göstərir ki, biz qaz ixrac etməli olacağıq, özü də böyük həcmdə. Buna görə də təbiidir ki, Türkmənistan-Türkiyə qaz kəməri haqqında bəyannamə imzalayarkən biz burada həmin qaz kəmərindən Azərbaycan qazının ixracı üçün də istifadə etmək imkanını nəzərdə tutmuşuq. Amma, deyəsən, bu, kifayət etməyəcəkdir. Odur ki, Azərbaycandan Avropaya neft və qaz ixracının perspektivi böyükdür.

Belə düşünürəm ki, qarşıdakı illərdə biz bunu Bolqarıstanla münasibətlərimiz baxımından necə konkretləşdirmək məsələlərini araşdıra bilərik. Buna görə də mən bu təkliflə razıyam ki, Bolqarıstanın nəqliyyat naziri, - bizdə bu işlə Baş nazirin müavini Şərifov məşğul olur, - bu məsələləri konkret surətdə müzakirə etsinlər. Birgə Bolqarıstan-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının yanvarda Sofiyada iclasının keçiriləcəyini alqışlayıram. Orada nəinki bu məsələ, həm də bir çox digər məsələlər müzakirə oluna bilər. Təkrar edirəm, qarşıdakı illərdə biz böyük nəticələrə nail ola bilərik. Lakin belə düşünürəm ki, Bolqarıstanın Azərbaycana marağı təkcə neft və qaz ehtiyatları ilə məhdudlaşmır. Biz əmtəə mübadiləsini, ticarəti genişləndirmək, bununla əlaqədar bir-birimizə kömək etmək üçün digər çox böyük imkanlara malikik. Biz bu imkanlardan da istifadə etməliyik. Öz tərəfimizdən biz bu imkanlardan istifadə olunması üçün tədbirlər görürük. Hər halda, təkrar edirəm, coğrafi mövqeyimizin bir xətt üstündə olması daha fəal əməkdaşlıq üçün çox əlverişli şərait yaradır. Biz bunu edəcəyik.

Petr Stoyanov: Cənab prezident, təklifimizi başa düşdüyünüzə görə sağ olun. Mən gördüm ki, cənab Şərifov və cənab Kraus bizi çox diqqətlə dinləyirdilər. Əminəm ki, əməkdaşlığımız üçün bir çox digər imkanlar da açılır. Odur ki, biz birlikdə iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda bir-birimizə kömək göstərməyə hazırıq. Biz postsosialist dövrümüzdə eyni çətinliklərlə qarşılaşırıq və birbirimizə kömək edə bilərik. Biz birgə işləyərək bəzi çətinliklərimizi azalda bilərik, çünki, ola bilsin, bir sıra sahələrdə, biz sizdən irəlidəyik, digər sahələrdə siz bizi qabaqlayırsınız. Əsla şübhə yoxdur ki, sizin Avropa Şurasına üzv olmağınıza biz heç bir şərt irəli sürmədən kömək göstərəcəyik. Biz Avropa Şurası barəsində qanunvericiliklərimizin uyğunlaşdırılması sahəsində də əməkdaşlıq edə bilərik. Biz bu yolun müəyyən hissəsini artıq keçmişik və sizə faydalı ola bilərik. Daha bir sahə var - bu, mədəniyyət və elm sahəsində əməkdaşlıqdır. Son 10 ildə biz çox çətin dövrlər görmüşük və əməkdaşlığımızı kənarda qoymuşuq, indi onu bərpa etmək lazımdır, çünki bu, bizdən ötrü çox aktualdır.

Heydər Əliyev: Tamamilə doğrudur. Cənab prezident, demək istəyirəm ki, biz Bolqarıstana dostluq hissləri bəsləyərək və Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı haqqında imzalanmış sənədə əsaslanaraq, sizə, bolqar xalqına ürəkdən arzulayırıq ki, keçid dövrünün bütün məsələlərini, ölkənin daxili problemlərinə, Avropa strukturlarında, Şimali Atlantika İttifaqında əməkdaşlığınızın problemlərinə aid məsələləri həll edəsiniz. Bununla əlaqədar sizin uğurlarınız, böyük yol keçməyiniz və Avropa Şurasının üzvü olmağınız bizi sevindirir. Mənə eşitmək xoş idi ki, bizi dəstəkləyirsiniz və dəstəkləyəcəksiniz. Yəqin ki, 2000-ci ilin əvvəllərində bizdə Azərbaycanın Avropa Şurasına qəbul edilməsi mərasimi və prosesi olacaqdır. Sizin təcrübənizi nəzərə alaraq, Azərbaycanda qanunvericiliyin inkişafına kömək göstərmək barədə təklifinizi razılıq hissi ilə qəbul edirəm. Sizin bu köməyiniz bizim üçün çox faydalıdır, çünki keçmişdə Azərbaycan və Bolqarıstan eyni vəziyyətdə olmuşdur. Yəni, Bolqarıstanda nə kimi qanunlar vardısa, Sovet İttifaqında da, təbii olaraq, Azərbaycanda da eyni ilə o cür qanunlar var idi. İndi isə hər şey tamamilə dəyişir. Beynəlxalq standartlar, Avropa standartları ruhunda dəyişir. Buna görə də biz sizin köməyinizdən istifadə edəcəyik və ümidvaram ki, sizin köməyinizlə, digər dostlarımızın, başlıcası isə, Avropa Şurasının özünün köməyi ilə Azərbaycan Avropa Şurasının üzvü olacaqdır.

Biz şadıq ki, siz bütün Avropa strukturlarına inteqrasiya işində uğurla irəliləyirsiniz. Mən bunu alqışlayıram ki, tezliklə Helsinkidə Avropa Birliyi ölkələri ilə görüşünüz olacaqdır və siz artıq oraya yol salırsınız. Şübhəsiz ki, bu, sizə hər cəhətdən böyük fayda gətirəcəkdir. Avropa ölkəsi olaraq, biz də, əlbəttə, bu yolla gedirik və getmək istəyirik. Əlbəttə, siz bütün bu məsələlərdə bizdən öndəsiniz və bu da təbiidir. Çünki ölkəniz Avropanın şərqində olsa da, bilavasitə Avropada yerləşir. Biz bir-birimizdən bir növ uzaqlaşmışıq. Söhbət nəinki coğrafi mövqedən, həm də vəziyyətimizin müxtəlifliyindən gedir. Mən sizin uğurlarınıza şadam və hesab edirəm ki, gördüyünüz bütün işlər, şübhəsiz, müstəqilliyinizin daha da möhkəmlənməsinə, ölkənizin təhlükəsizliyinin təmin olunmasına, xalqın həyat səviyyəsini yüksəltmək məqsədilə iqtisadiyyatınızın inkişaf etdirilməsinə təkan verəcəkdir.

Şübhəsiz ki, bu məsələlərdə bizim təcrübə, rəy mübadiləsinə də ehtiyacımız var. Sizin təcrübənizdən istifadə etməyə həmişə şad olacağıq, o mənada ki, biz də sizin hazırda çox-çox irəlidə olduğunuz yolla gedirik. Bir sözlə, bu sahənin də bizim üçün böyük əhəmiyyəti vardır. Sizinlə razıyam ki, biz mədəniyyət, incəsənət, elm sahəsində münasibətlərimizin inkişafı naminə daha fəal hərəkət etməliyik. Deməliyəm ki, müharibədən sonrakı dövrdə, təxminən 50-ci illərdən başlayaraq Azərbaycan mədəniyyət sahəsində bütün Şərqi Avropa ölkələri arasında bəlkə də Bolqarıstanla daha sıx əməkdaşlıq etmişdir. Buna dair faktlar olduqca çoxdur. Bu gün biz sizin yanınızda oturan və söhbətimizi çox uğurla tərcümə edən o gözəl xanımla danışdıq. O, Azərbaycan yazıçıları və şairləri ilə bilavasitə əlaqəyə dair bir neçə faktı dərhal xatırladı. Keçmişdə bu sahədə çox işlər görülmüşdür. Bayaq dediyim kimi, Azərbaycanda bütün bunlar, - mədəniyyət xadimlərimizin bir-biri ilə çox sıx bağlı olması, bir-birinə qonaq getməsi, ədəbi əsərlərin bolqar dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən bolqar dilinə tərcümə edilməsi, - elə bir dostluq ab-havası yaradırdı ki, zənnimcə, bu ab-hava mədəniyyət, təhsil, elm, incəsənət sahəsində əlaqələrin inkişafında bizim üçün yaxşı əsasdır. Yəni söhbət nəinki iqtisadiyyat sahəsində, həm də bütün sahələrdə əməkdaşlıqdan, siyasi sahədə əməkdaşlıqdan gedir. Belə ki, təkrar edirəm, biz sizin bütün Avropa strukturlarına inteqrasiya xəttinizi dəstəkləyirik və özümüz də bu mövqedə dayanmışıq. Buna görə də münasibətlərimizin hərtərəfli inkişafı, şübhəsiz, bizə də, Bolqarıstana da kömək edəcəkdir.

Petr Stoyanov: Cənab prezident, mən bunların hamısı ilə razıyam və sizi əmin edə bilərəm ki, söylədiyiniz sözlər Bolqarıstan ictimaiyyəti tərəfindən çox yaxşı qarşılanacaqdır. Belə bir məsələnin vacibliyini bir daha nəzərə çarpdırıram ki, münasibətlərimiz nəinki parlament, hökumət, prezident səviyyələrində, həm də bütün səviyyələrdə inkişaf etsin. Biz nümunə göstəririk, ziyalılar, mədəniyyət xadimləri isə bunu necə etməyi bilirlər - onlar bizdən daha sürətlə hərəkət edirlər. Əgər cənab Şərifov Sofiyaya gələrkən özü ilə rəqs ansamblı gətirərsə, mən şəxsən gedib ona baxacağam.

Heydər Əliyev: Bu, problem deyildir. Biz Şərifovsuz da ansambl göndərəcəyik. Yaxşı. Başqa məsələlər yoxdursa, onda biz işimizi davam etdirib, sənədləri imzalaya bilərik. Mətbuat konfransı olacaqdır.