Azərbaycan Prezidenti Heydər Əliyevin Yəhudi xalqının müsibəti günü münasibətilə Azərbaycanın yəhudi icmasına müraciəti - Bakı şəhəri, 12 aprel 1999-cu il


Hörmətli həmvətənlər!

Bütün mütərəqqi bəşəriyyət hər il yəhudi xalqının müsibəti gününü - İkinci dünya müharibəsində yəhudi xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasətinin günahsız qurbanlarının xatirəsini ürək ağrısı ilə yad edir.

1943-cü ilin aprelində Varşava gettosunda saxlanan yəhudi məhbusları öz insani ləyaqətlərini qorumaq naminə üsyan etmiş, lakin onların haqlı etirazı faşistlər tərəfindən ağlasığmaz qəddarlıqla yatırılmışdır. Acınacaqlı faktdır ki, İkinci dünya müharibəsində altı milyon mülki əhali yalnız yəhudi xalqına mənsub olması səbəbi ilə müxtəlif faciələrə düçar edilmişdir.

O günahsız qurbanların xatirəsini bir daha yad edir və təəssüflə bildirirəm ki, bu gün də dünyada bəzi millətçi - separatçı qüvvələrin təhriki ilə insanlar milli mənsubiyyətinə görə məhv edilir, öz tarixi torpaqlarından didərgin salınır və qeyri-insani məhrumiyyətlərə məruz qalır. XIX-XX əsrlərdə Qafqazda böyük dövlətlərin məkrli ermənilərin əli ilə Azərbaycan xalqına qarşı dəfələrlə həyata keçirdikləri soyqırımı siyasəti son on ildə özünün növbəti mərhələsinə qədəm qoymuş, yüz minlərlə dinc əhalimiz milli mənsubiyyətinə görə təqib olunmuş, öz ata-baba yurdundan qovulmuş, qanlı faciələrə sürüklənmişdir.

Yəhudilərin müsibəti günündə öz ağrılarımızın da yada salınması təbiidir. Çünki milli mənsubiyyətinə görə soyqırımı siyasətinə, kütləvi qanlı faciələrə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır. İnanıram ki, faşizmin törətdiyi cinayətlər bütün dünyada öz qiymətini aldığı kimi, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri təcavüzkar, qanlı və mənfur hərəkətlər də öz siyasi və hüquqi qiymətini alacaqdır.

Yaşadıqları oxşar tale və düçar edildikləri faciəli müsibətlər yəhudi və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdırır. Bu hüznlü gündə yəhudi xalqının kədərinə şərik olduğumu bildirir və dünyanın bütün mütərəqqi qüvvələrini insanlığa zidd olan hər cür zorakılığa, milli, dini və irqi ayrı-seçkiliyə qarşı mübarizəyə səsləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 13 aprel 1999-cu il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər