Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 27 fevral 1998-ci il


Təəssüf ki, vaxtımız az olduğuna görə mən geniş danışa bilməyəcəyəm. Yəqin ki, bizim buradakı işlərimizi izləmisiniz. Mən dördüncü gündür ki, Yaponiyadayam. Bu çox məhsuldar bir səfər olubdur. Mən ötən dörd gündə 41-ci görüşü keçirirəm.

Yaponiyada keçirdiyim görüşlər haqqında Baş nazir Haşimotoya dünən siyahı veriblər. O, həmin siyahıya baxıb dəhşətə gəlib ki, bu qədər görüş keçirmək olarmı? Mən bunların hamısını ona görə edirəm ki, həm Azərbaycanı daha da tanıdım, həm də Azərbaycan ilə Yaponiya arasında daha çox əlaqələr yaradaq.

Biz burada çox əhəmiyyətli sənədlər imzaladıq. Baş nazir Haşimoto ilə mən iki birgə bəyanat imzaladıq. Başqa sənədlər də imzalandı. Cənab Haşimoto ilə mənim çox yaxşı danışıqlarımız, söhbətimiz oldu. Onunla mənim aramda dostluq əlaqələri yarandı.

Biz bir çox məsələləri müzakirə etdik. İndi biz Yaponiya ilə Azərbaycan arasında əlaqələrin çox sürətlə inkişaf etməsi üçün yaxşı şərait yaratmışıq.

Yaponiyanın Azərbaycana marağı həddindən artıq çoxdur və bu maraq gündən-günə daha da artacaqdır. Ona görə də bizə Yaponiya üzrə mütəxəssislər, dili bilən mütəxəssislər lazımdır. Mən görürəm ki, yaponlar özləri bu işlərə nə qədər ciddi diqqət yetirsələr də, onların rus dilinə də tərcüməçiləri zəifdirlər. Məsələn, hətta cənab Haşimotonun yanında tərcümə edən rus dilində o qədər də yaxşı danışa bilmir. Siz bunu görürdünüz.

Lazımdır ki, Yapon dilini yaxşı bilən azərbaycanlı mütəxəssislərimiz olsun. Təkcə dili öyrənmək yox, gərək siz Yaponiyanın - bu qədər inkişaf etmiş bir ölkənin bütün imkanlarından bəhrələnəsiniz, öyrənəsiniz. Necə olub ki, yaponlar dünyada bu qədər böyük bir nailiyyət əldə ediblər? Siz də bunları öyrənin, gətirib Azərbaycanda tətbiq edin, yayın.

Mən sizin hamınızı ürəkdən salamlayıram, hər birinizə müvəffəqiyyətlər arzulayıram. Təşəbbüs göstərib Yaponiyaya gəlməyinizə və burada təhsil almağınıza çox müsbət münasibət bəsləyirəm. Çünki 1970-ci illərdə mən Azərbaycanda işləyəndə bizim gəncləri Bakıdan o tərəfə çıxarmaq mümkün deyildi. Mən onları Moskvaya, Leninqrada və başqa yerlərə oxumağa zorla göndərirdim. Siz o tarixi götürüb öyrənin.

Mən gedib Moskvadan icazə almışdım, azərbaycanlı gənclər üçün güzəştli qəbul var idi. Bilirsiniz, həmin tələbələr Azərbaycanca imtahan verirdilər, gedib Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərin universitetlərində oxuyurdular. Nə üçün? Çünki özləri gedib orada birbaşa imtahan verə bilmirdilər. Bir də, azərbaycanlıların psixologiyası elədir ki, hamısı istəyir ata-anasının yanında - Maştağada, Qarabağda, Naxçıvanda olsun, Bakının Nizami küçəsində, yaxud bulvarda gəzsin.

Mən Azərbaycana neçə illər rəhbərlik etmişəm. Mənim çox arzum olub ki, Azərbaycan gəncləri dünya ölkələrinə səpələnsinlər, orada təhsil alsınlar. O vaxt dünya ölkələrinə getmək mümkün deyildi, mən bunu SSRİ miqyasında edirdim. Amma indi dünya ölkələri bizim üçün açıqdır. İndi Amerikada da, Avstraliyada da, Meksikada da, Yaponiyada da gedib oxumaq olar. Amma bunların arasında Yaponiya bizim üçün çox əhəmiyyətli ölkədir.

Bizim çox güclü iqtisadi əlaqələrimiz qurulubdur. Bunlar inkişaf edəcəkdir. Cənab Haşimotonun "İpək Yolu Doktrinası" haqqında sizin məlumatınız var. Bu, bizim apardığımız siyasətlə üst-üstə düşür. Biz 1998-ci ilin may ayında "İpək yolu"nun üzərində yerləşən 33 ölkənin nümayəndələrinin Avropa Birliyinin iştirakı ilə toplantısını keçirəcəyik. Yəni bizim əlaqələrimizin gələcəyi çox yaxşı olduğuna görə sizin işinizin perspektivi də yaxşıdır.

Məsləhətim odur ki, dili yaxşı öyrənin. Yaponiyanın bütün xüsusiyyətlərini, onların bu nailiyyətləri necə əldə etdiyini öyrənin, yaponlar kimi işləyin. Mən açıq deyirəm, yaponlar kimi işləmək lazımdır. Dünyada onlar kimi fədakarcasına işləyən, əməksevər, zəhmətkeş ikinci bir millət yoxdur. Siz hamınız bunları bilirsiniz, əgər belə olmasaydı, onlar bu nailiyyətləri əldə edə bilməzdilər. Mən istərdim ki, azərbaycanlıların hamısı yox, heç olmasa bir qismi, buraya gələnlər yaponlar kimi olsunlar.

Sağ olun, hamınıza cansağlığı arzu edirəm. Azərbaycanla əlaqələrinizi qırmayın. Harada olursunuzsa-olun, azərbaycanlısınız. Dilinizi, dininizi itirməyin, millətinizi qoruyun və fəxr edin ki, siz azərbaycanlısınız. Fəxr edin ki, siz müstəqil Azərbaycanın vətəndaşlarısınız. Sağ olun.

"Azərbaycan" qəzeti, 29 fevral 1998-ci il