Bir qrup hərbi qulluqçuya və onların ailə üzvlərinə yüksək dövlət mükafatlarının təqdim edilməsi mərasimində Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin nitqi - 17 mart 1999-cu il


Əziz dostlar!

Sizi Azərbaycan dövlətinin yüksək mükafatları ilə bir daha təbrik edirəm, hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram.

Sizin aldığınız dövlət mükafatları xüsusi əhəmiyyət kəsb edir. Çünki siz 1995-ci ilin mart ayında Azərbaycanın dövlətçiliyinə qəsd edən, dövlət çevrilişi cəhdi göstərən və bununla əlaqədar Azərbaycanda gərgin bir vəziyyət yaradan cinayətkar dəstənin zərərsizləşdirilməsində, Azərbaycanın dövlətçiliyinin qorunmasında, müdafiə olunmasında iştirak etmisiniz, öz xidmətlərinizlə, qəhrəmanlığınızla, şücaətinizlə müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Konstitusiyasına, Azərbaycan xalqına sədaqətinizi nümayiş etdirmisiniz. Yenə də deyirəm, sizin bu xidmətləriniz xüsusi əhəmiyyətə malikdir və ona görə də siz Azərbaycanın yüksək ordenləri və medalları ilə təltif olunmusunuz.

Təltif olunanların bir qismi ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Onlar öz gənc canlarını Azərbaycanın müstəqilliyi yolunda, Azərbaycanın dövlətçiliyi yolunda, Azərbaycan xalqının azad və rahat yaşaması yolunda qurban vermişlər, qəhrəmancasına həlak olmuşlar.

Bu gün mən 1995-ci ilin mart ayında Azərbaycan dövlətçiliyini qoruyarkən şəhid olmuş, canlarını qurban vermiş Azərbaycan oğullarının xatirəsi qarşısında baş əyirəm və sizdən rica edirəm, onların xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah rəhmət eləsin!

Əziz bacılar, analar!

Sizin dərdiniz böyükdür. Mən sizin dərdinizi sizin kimi çəkirəm. Çünki Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün böyük təhlükə törədən 1995-ci ilin mart hadisələrini mən də yaşamışam, onun bütün əzab-əziyyətini çəkmişəm. Ancaq siz fəxr edə bilərsiniz ki, övladlarınız Azərbaycan dövlətinin qorunub saxlanması yolunda, sizin bugünkü rahat yaşamağınız yolunda özlərini qurban vermişlər. Bu, şərəfli bir işdir.

Siz Azərbaycanın hörmətli adamlarısınız. Çünki belə qəhrəman övladlar böyütmüsünüz, Azərbaycanın Milli Ordusuna göndərmisiniz və onlar sizin analıq, bacılıq xidmətlərinizi, səylərinizi doğruldublar. Onlar qəhrəmancasına həlak olublar.

Bütün təltif olunanlar fəxr edə bilərlər ki, siz, əziz dostlar, məhz böyük bir şərəfli vəzifəni yerinə yetirmisiniz - Azərbaycanın dövlətçiliyini, Azərbaycanın dövlətini qorumusunuz. Bu, həqiqətdir. Ötən dörd il müddətində 1995-ci ilin mart hadisələri ətraflı tədqiq və təhlil olunubdur. Müvafiq hüquq-mühafizə orqanları ədalət məhkəmələri bu hadisələrin başvermə səbəblərini və s. hadisələrin özünü, o cinayəti törədənlərin hamısını ətraflı təhlil ediblər, hər kəsin günahını ədalətlə müəyyən ediblər və günahkarların tam əksəriyyəti cəzalanıbdır. Ötən dörd il bir daha sübut etdi ki, 1995-ci ilin mart ayında Azərbaycan dövlətçiliyi, Azərbaycan Respublikası böyük təhlükə qarşısında idi. Bu hadisələr ondan öncəki dövrdə Azərbaycanda mövcud olan cinayətkar dəstələrin, qrupların, hakimiyyət uğrunda silahlı dəstələr vasitəsilə mübarizə aparan qüvvələrin Azərbaycanda gördüyü işlərin bir hissəsi idi.

Məlumdur ki, 1990-cı ildən başlayaraq Azərbaycanda daxili ictimai-siyasi vəziyyət pozulmuşdu. Azərbaycan Ermənistanın təcavüzünün qarşısını almağa çalışırdı. Ancaq yaranmış şəraitdən istifadə edən cinayətkar qruplar, dəstələr, bəzi siyasi partiyalar və qüvvələr vətənin Ermənistan təcavüzkarlarından qorunması əvəzinə, ölkənin içində hakimiyyət mübarizəsinə başlamışdılar. Onların bu cinayətkar əməlləri Azərbaycanın özünü müdafiə etmək qüdrətini sarsıtmış, zəiflətmiş və bunlar hamısı da Ermənistan silahlı qüvvələrinə Azərbaycan torpaqlarını işğal etmək üçün şərait yaratmışdı. Bütün bu proseslər, müxtəlif siyasi qüvvələr, cinayətkar dəstələr tərəfindən aparılan çəkişmələr, toqquşmalar, hakimiyyət mübarizəsi nəhayət, 1993-cü ildə Azərbaycanın parçalanması təhlükəsinə gətirib çıxardı, Azərbaycanda vətəndaş müharibəsi başladı, qardaş qanı töküldü.

Sizə məlumdur ki, böyük çətinliklərlə həyata keçirilən ardıcıl və dövlət mənafeyinə xidmət edən siyasət nəticəsində, tədbirlər nəticəsində Azərbaycan 1993-cü ilin iyun ayında və ondan sonrakı aylarda vətəndaş müharibəsindən xilas oldu, onun parçalanmasının qarşısı alındı və Azərbaycanda ictimai-siyasi vəziyyətin sabitləşməsi uğrunda ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ancaq daxildə çox cinayətlər etmiş və cinayətlər yolu ilə öz istədiklərinə nail olmuş insanlar, dəstələr və müxtəlif qruplar, hətta özlərini siyasi partiya adlandıran qruplar yenə də öz cinayətkar əməllərindən əl çəkməmişdilər. Məhz bunların nəticəsi idi ki, 1994-cü ilin oktyabr ayında Azərbaycanda bir qrup silahlı dəstələr tərəfindən dövlət çevrilişinə cəhd göstərildi.

Xatırlayırsınız, mənim gecə vaxtı xalqa müraciətimə Azərbaycan xalqı, Bakı şəhərinin sakinləri həyəcanla cavab verdilər və Azərbaycanın dövlətçiliyini, müstəqilliyini, öz həyatlarını qorumaq üçün dərhal Azərbaycan prezidenti sarayının ətrafına toplaşdılar. O gecə Azərbaycan xalqı öz milli birliyini dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı Azərbaycanın daxilində cinayətkarlıq yolu ilə hakimiyyəti zəbt etmək istəyən qruplara, dəstələrə bəyan etdi ki, xalqımız Azərbaycan dövlətini müdafiə edir və edəcəkdir, Azərbaycanın prezidentini müdafiə edir və edəcəkdir. Məhz xalqın dəstəyi, xalqın birliyi ilə biz o cinayətkar dəstələrin qarşısını ala bildik və dövlət çevrilişinə cəhd baş tutmadı. Cinayətdə iştirak edən insanlar yaxalandılar və həbs olundular.

Doğrudur, onların çoxu qaçdı, gizləndi, özlərinə başqa ölkələrdə sığınacaq tapdı. Ancaq indi artıq Azərbaycanda hamı görür ki, heç kəs cəzadan canını qurtara bilmədi - onların tam əksəriyyəti müxtəlif ölkələrdə və Azərbaycanda yaxalandılar, məsuliyyətə cəlb olundular, ədalət məhkəməsi qarşısında durdular və cəzalarını da aldılar.

Həmin 1994-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan OMON dəstəsinin içindəki cinayətkar qruplar oktyabr hadisələrində iştirak edirdilər. Onlar başqa qruplarla birlikdə Azərbaycanın dövlətçiliyinə qəsd edirdilər, dövlət çevrilişi cəhdi göstərirdilər. O vaxt OMON dəstəsinin başçıları bəyan etdilər ki, onlar öz səhvlərini anlayıblar. Oktyabrın 4-dən 5-nə keçən gecə gəlib Prezident sarayının qarşısında öz səhvlərini etiraf etdilər, güzəşt istədilər. Biz böyük humanistlik göstərdik, insanpərvərlik göstərdik, onları bağışladıq. Ancaq eyni zamanda qəti bildirdik ki, onlar bu cinayətkar əməllərindən əl çəkməlidirlər. Təəssüflər olsun ki, onlar bir neçə vaxtdan sonra yenə də öz bəd əməllərinə başladılar.

Bu gün artıq məlumdur ki, onların bu hərəkətləri tək özlərinin içindən gələn istəklər, arzular, yaxud da qərarlar deyildi. Onlar xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən bu cinayət işlərinə sövq edilirdilər, onlara yardım göstərilirdi, Azərbaycanın dövlətini dağıtmaq, pozmaq üçün məsləhətlər verilirdi. Amma bununla yanaşı, Azərbaycanın daxilində olan bəzi siyasi qüvvələr, partiyalar bu şəraitdən istifadə edib, əvvəlki illərdə olduğu kimi yenə də zorla hakimiyyətə gəlmək arzularından, istəklərindən əl çəkməmişdilər və onlar həmin bu OMON dəstəsinin içindəki cinayətkar qrupları, insanları yenə də cinayət etməyə yönəltdilər. Onlara məsləhətlər verirdilər, onlara dəstək verirdilər, onları qızışdırırdılar, inandırırdılar ki, onlar qəhrəmandır, onlar Azərbaycanın dövlətini, Azərbaycanın prezidentini devirə bilərlər və hakimiyyəti ələ keçirə bilərlər.

Bütün bunların nəticəsində 1994-cü ilin son aylarında və 1995-ci ilin əvvəlindən başlayaraq, Daxili İşlər Nazirliyinin OMON dəstəsində bu cinayətkar insanlar yenə də qatı cinayətlər etməyə başladılar. Onların qarşısı alınırdı, ancaq onlar bundan özləri üçün nəticə çıxarmırdılar. Onlar artıq mənəviyyatca pozulmuşdular. Onlar əvvəlki illərdə etdikləri cinayətdən bəhrələndiklərini, zənginləşdiklərini, varlandıqlarını unuda bilmirdilər və bu yolla getməkdə davam edirdilər. Bu cür hərəkətləri də onları fəlakətə gətirdi və nəhayət, onlar mart ayının əvvəlindən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, Azərbaycan dövlətçiliyinə qəsd etməyə, Azərbaycan dövlətini silah gücü ilə zorla devirməyə başladılar.

Məlumdur ki, onlar Ağstafa, Qazax rayonlarının ərazisində bu işə başladılar. Demək olar ki, onlar o vaxt bu rayonlarda hakimiyyəti ələ keçirməyə nail oldular. Sonra isə onların əsas dəstəsi Bakıda 8-ci Kilometr qəsəbəsində yerləşən bazada güclü silahlarla, sursatlarla Azərbaycanda vətəndaş müharibəsi başlamağa və Azərbaycan dövlətini devirməyə hazırlaşdılar.

Xatırlayırsınız, biz çox cəhdlər göstərdik, onları düz yola dəvət etdik. Müxtəlif imkanlardan - Azərbaycanın ağsaqqallarından, hörmətli adamlarından, alimlərindən istifadə etdik. Ancaq heç bir şey nəticə vermədi. Bu insanlar artıq pozulmuşdular. Onlar özləri və onları bu cinayət yoluna salan qüvvələr xaricdən və daxildən artıq hesab edirdilər ki, bu cinayət yolu ilə Azərbaycanda dövlətçiliyi dağıtmaq olar. Bu da ona gətirib çıxardı ki, 1995-ci il mart ayının 16-dan 17-nə keçən gecə güclü silahlara və qüvvəyə malik olan OMON dəstəsi Azərbaycanın dövlətçiliyi üzərinə hücum etdi. Ancaq hamı - həm onlar, həm onlara havadarlıq edənlər, onları bu yola salanlar, maliyyələşdirənlər, dəstəkləyənlər təəssüf ki, anlamırdılar ki, artıq Azərbaycan dövlətinin özünü müdafiə etmək üçün qüdrəti var, gücü var. Artıq Azərbaycanın güclü silahlı qüvvələri var və Azərbaycan dövləti, onun prezidenti, Azərbaycanın silahlı qüvvələri Azərbaycan dövlətini hər an qorumağa qadirdilər.

Onlar bunu dərk edə bilməmişdilər. Ancaq onlar böyük faciə törətdilər, qan tökdülər, Azərbaycanda qardaş qanı tökdülər, böyük cinayətlər etdilər, Azərbaycanın silahlı qüvvələri, Azərbaycanın dəyərli insanları, Azərbaycanın igid əsgərləri, zabitləri o böyük qüvvəyə malik olan cinayətkar dəstənin qarşısını məharətlə aldılar. O gecə qanlı döyüşlər getdi. Bu gün məlumdur ki, o döyüşlərdə Azərbaycan silahlı qüvvələrinin əsgərlərindən, zabitlərindən və mülki adamlardan 42 nəfər Azərbaycan dövlətçiliyini müdafiə edərkən həlak oldu, 150-dən artıq şəxs yaralandı, xəsarət aldı. Biz qurbanlar verməyə məcbur olduq, ancaq dövlətçiliyi qoruduq. Azərbaycanın dövlətini qoruduq, Azərbaycanın müstəqilliyini qoruduq.

Mən bu gün sizin qarşınızda 1995-ci ilin mart ayında Azərbaycan dövlətçiliyinin qorunmasında, Azərbaycanın müstəqilliyinin qorunmasında xidmətlər göstərmiş Azərbaycan vətəndaşlarının hamısına təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Əziz dostlar!

Mən sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Siz həmin qanlı gecənin iştirakçılarısınız. Siz o gecə Azərbaycanın dövlətçiliyinin qorunmasında qəhrəmanlıqlar göstərmisiniz. Ona görə də Azərbaycan dövləti sizi, sizin fəaliyyətinizi, xidmətinizi yüksək qiymətləndiribdir. Siz ordenlərlə və medallarla təltif olunmusunuz.

Artıq bu gün qətiyyətlə demək olar ki, 1995-ci ilin mart ayı Azərbaycan tarixinə həm faciə kimi daxil olacaq, - çünki biz böyük itkilər verdik, - həm də Azərbaycan dövlətinin, dövlətçiliyinin qüdrətini nümayiş etdirən dövr kimi daxil olacaqdır. Biz fəxr edirik ki, həm 1995-ci ilin mart ayında, həm də ondan sonrakı aylarda, illərdə Azərbaycanda mövcud olan cinayətkar dəstələrin qarşısını ala bildik. Onların əksəriyyəti yaxalandı, öz cəzalarını aldılar.

Cinayətkarlar öz cəzalarını Azərbaycanın cəza yerlərində çəkirlər. Bu gün bunun müsbət nəticəsi ondan ibarətdir ki, həmin mart hadisələrində cinayət törətmiş insanlar, onların əksəriyyəti cəza yerlərində öz günahlarını anlayırlar, peşiman olduqlarını bildirirlər və onları bu cinayətə sövq edənləri, yəni həmin o cinayətkar dəstənin başçılarını lənətləyirlər, onlara öz nifrətlərini bildirirlər. Bu da bizim Azərbaycan qanunlarının humanist, ədalətli olmasını və eyni zamanda hər bir Azərbaycan vətəndaşını tərbiyə etmək məqsədi daşımasını bir daha göstərir.

Bizim cəmiyyətdə elə qüvvələr, adamlar da var ki, indi də həmin o cinayətkarlara havadarlıq etmək istəyirlər, hadisələri təhrif etmək istəyirlər, cürbəcür yalanlar uydururlar və beləliklə də, cinayətkarlara bəraət qazandırmaq istəyirlər, hadisələr haqqında qeyri-obyektiv fikir yaratmaq istəyirlər. Ancaq onlar unutmamalıdırlar ki, 1995-ci ilin mart ayında Azərbaycanda tökülən qanların günahkarlarına bəraət qazandırmaq olmaz. 42 nəfər qəhrəmancasına həlak olub. Onlar Azərbaycanın xarici düşmənləri tərəfindən yox, erməni qəsbkarları tərəfindən yox, Azərbaycanın daxilində olan Azərbaycan vətəndaşları, cinayətkarlar tərəfindən vəhşicəsinə öldürülübdür. Bunları heç vaxt dövlət də unutmayacaq, xalq da unutmayacaq və həlak olanların ailələri, qohum-əqrəbaları da unutmayacaqlar. Ona görə də həqiqəti təhrif edənlərə aydın olmalıdır ki, onlar heç bir şeyə nail ola bilməzlər. Əksinə, onlar öz günahlarını boyunlarına almaqla, etiraf etməklə bəlkə də müəyyən qədər cəmiyyətdə anlaşıla bilərlər. Ancaq belə mövqedə duran insanlar Azərbaycan cəmiyyətində heç vaxt özünə yer tapa bilməyəcəklər.

Mən bu gün sizə Azərbaycanın dövlət mükafatlarını təqdim edərək bir daha bəyan edirəm ki, Azərbaycan dövləti ötən dörd il müddətində daha da möhkəmlənib. Daha da qüdrətlənibdir. Azərbaycanın dövləti, onun silahlı qüvvələri Azərbaycan torpaqlarını müdafiə etməyə qadirdir və hər bir halda Azərbaycanın dövlətçiliyini, Azərbaycanın dövlətini müdafiə etməyə qadirdir. Məhz bizim gördüyümüz işlərin nəticəsində, Azərbaycanda 1989-90-cı illərdən başlayaraq mövcud olan silahlı dəstələrin, cinayətkar qrupların zərərsizləşdirilməsi nəticəsində, onların aradan götürülməsi nəticəsində indi Azərbaycanda ictimai-siyasi sabitlik yaranıbdır. İnsanlar rahat yaşayırlar, rahat işləyirlər və Azərbaycan indi artıq inkişaf mərhələsindədir.

Mən bu gün bir daha bildirmək istəyirəm ki, əziz dostlar, siz öz xidmətlərinizlə Azərbaycanda bugünkü ictimai-siyasi sabitliyin yaranmasına da xidmət etmisiniz. Siz öz xidmətlərinizlə özünüzün və bütün Azərbaycan xalqının bu gün rahat yaşaması üçün yaradılan şəraitə xidmət etmisiniz. Bunlara görə sizə təşəkkür edirəm.

Mən bəyan edirəm ki, Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik bundan sonra daha qətiyyətlə qorunacaqdır. Azərbaycan xalqının rahat yaşaması üçün bundan sonra daha da yaxşı imkanlar yaradılacaqdır. Heç kəs güman etməsin ki, o keçmiş dövrlərdə olduğu kimi, kimsə güclə, silahla Azərbaycanda nəyəsə nail ola bilər. Artıq o zamanlar keçibdir. İndi hər kəs qanuna tabe olmalıdır. Hər kəs qanun çərçivəsində öz istəklərini, arzularını bildirməlidir, onlara nail olmağa çalışmalıdır. Qanunu pozan hər bir vətəndaş, hər bir qrup, hər bir dəstə bilməlidir ki, o, qanun əsasında cəzalanacaq və qanunsuz iş görməyə Azərbaycanda yol verilməyəcəkdir.

Mən sizi bir daha təbrik edirəm.

Siz burada çıxışlarınızda Azərbaycan dövləti haqqında xoş sözlər dediniz. Buna görə təşəkkür edirəm. Eyni zamanda bəziləriniz öz problemləriniz haqqında mənə xahişinizi, istəyinizi çatdırdınız. Bildirirəm ki, bu gün mən Prezidentin İcra Aparatına tapşırıram, - sizin burada qaldırdığınız məsələlərin hamısına baxılacaqdır və imkan dairəsində sizin xahişlərinizin hamısı ödəniləcəkdir. Sizin ümumi xahişiniz - Milli qəhrəmanlara, qəhrəmanlıq göstərən insanlara, onların ailələrinə, şəhid ailələrinə diqqət, qayğı və yardım - indiyə qədər göstərilib, bundan sonra da göstəriləcək və daim artacaqdır. Kim dövlət, hökumət, hakimiyyət orqanlarında bu müqəddəs işə mane olursa, yaxud da ki, öz vəzifə borcunu yerinə yetirmirsə, diqqətsizlik göstərirsə, onlar cəzalanacaqdır. Buna əmin ola bilərsiniz.

Biz hamımız birlikdə cəmiyyətimizdə olan nöqsanları, mənfi halları aşkar edib onları aradan qaldırmalıyıq. Təəssüf ki, nöqsanlar da az deyildir. Dövlət, hökumət, hakimiyyət işlərində çalışan insanlar arasında vəzifəsindən sui-istifadə edənlər, vətəndaşlara biganə münasibət göstərənlər də vardır. Bunlar da aşkar olunmalıdır. Onlar dövlət, hökumət işindən kənarlaşdırılmalıdır. Dövlət, hökumət işində çalışan insanların hamısı xalqa xidmət etməlidir, öz vəzifəsini layiqincə yerinə yetirməlidir. Əgər bunlar olmursa, demək, belə insanlar dövlət işində işləyə bilməzlər. Biz bu barədə tədbirlər görürük və bundan sonra görəcəyik. Sizin burada verdiyiniz məlumatlar da bizim bu tədbirləri aparmağımıza kömək edəcəkdir.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Qarşıdan bizim əziz bayramımız - Novruz bayramı gəlir. Sizi Novruz bayramı münasibətilə təbrik edirəm! Sizə səadət, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış

ORDU QURUCULUĞU