Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibəsi - 23 fevral 2003-cü il


Heydər Əliyev: Amerika Birləşmiş Ştatlarına səfərim haqqında məlumatınız var. Bu ayın 26-da prezident Buş ilə, habelə vitse-prezident Çeyni və dövlət katibi ilə görüşəcəyəm.

Biz bu gün oraya çatacağıq. Sabah, ayın 24-də nazirlərlə bir neçə görüşlər nəzərdə tutulmuşdur. Ayın 25-də böyük bir konfrans keçiriləcəkdir. Bunu Azərbaycan, Türkiyə, Gürcüstan və Amerika Birləşmiş Ştatlarının hökuməti bir yerdə təşkil edir. Konfrans "Şərq-Qərb dəhlizi reallıqdır" mövzusuna, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə həsr olunacaqdır. Konfransda Amerika hökumətinin rəhbər şəxsləri də iştirak edəcəklər. Konfransa çox böyük maraq var. Həm siyasətçilər, həm iqtisadiyyatçılar, həm də neft şirkətlərinin nümayəndələri ona çox böyük maraq göstərirlər.

Bir də ki, indiyə qədər də müxtəlif ölkələrdə bizim bu layihələrin əleyhinə çıxanlar var. Gürcüstanın özündə bəzi qüvvələr indiyə qədər buna mane olmaq istəyirlər. Yaxud da ki, Amerika Birləşmiş Ştatlarında həddindən çox qeyri-hökumət təşkilatları toplaşıblar. Deyəsən, orada Brukinqs İnstitutunda onlar da konfrans keçirmək istəyirlər. Hər halda, belə görünür və əvvəldən də bilirdik ki, bu layihələrin həyata keçrilməsi bəzi ölkələrə əlverişli deyildir. Onlar müxtəlif mərhələlərdə bu layihələrə mane olmaq istəyirdilər. Ancaq son mərhələdə, məsələlər həll olunandan sonra açıq mübarizəyə keçiblər. Bizdə isə bu layihələrin həyata keçirilməsinə başlamaq, maliyyələşdirmək vaxtıdır. Ona görə də tez-tez ortaya müxtəlif məsələlər çıxır. Bunların hamısını bir də müzakirə edib, onlara son qoymaq üçün orada belə bir konfransın keçirilməsini məsləhət görüblər. Mən də orada çıxış edəcəyəm. Devid Vudvord da çıxış edəcəkdir. Bizdən Natiq Əliyev, Gürcüstandan Canturiya Türkiyədən xarici işlər nazirinin müavini və başqa şəxslər çıxış edəcəklər. Ayın 25-də belə bir konfrans keçiriləcəkdir. Səfər proqramının qalanı isə ayrı-ayrı görüşlərdir, özü də yüksək səviyyədə.

Sual: Cənab prezident, Siz Bakı-Tbilisi-Ceyhan layihəsinə kredit ayıracaq beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşəcəksiniz. Ümumiyyətlə, kredit ayrılmasına ciddi problemlər varmı?

Cavab: Bilirsiniz, elə problem yoxdur. Çünki vaxtilə biz bunların hamısını danışmışıq, razılaşmışıq. Amma indi kim isə bu tərəfdən çıxır, kim isə o tərəfdən çıxır, bir bəhanə gətirir. Orada da belədir ki, meydana çıxan hər bir yeni suala cavab vermək lazımdır. Güman edirəm ki, mübarizəmiz davam edəcək və biz istədiyimizə nail olacağıq.

Sual: Cənab prezident, Corc Buşla görüşünüzdə hansı məsələlərə toxunulacaqdır?

Cavab: Birinci, Amerika-Azərbaycan münasibətləri. Sonra, təbii ki, bizim üçün çox vacib olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi, beynəlxalq terrorizmlə mübarizə, ümumiyyətlə, dünyada gedən proseslər və sair. Məsələlər çoxdur.

Sual: Cənab prezident, İraqla bağlı məsələ müzakirə olunacaq. Gürcüstan prezidenti öz mövqeyini konkret bildirdi, Azərbaycan prezidenti olaraq Sizin rəsmi mövqeyiniz necədir?

Cavab: Biz mövqeyimizi bildirmişik, bəyanatımız var. Bizim mövqeyimizə dair bəyanatı siz oxumamısınızsa, mən neyləyim?!

Jurnalist: Bilirik, xarici işlər naziri bəyanat verdi...

Heydər Əliyev: Xarici işlər naziri özbaşına bəyanat vermir. O, dövlətin adından bəyanat verir.

Sual: Cənab prezident, İraq məsələsində Amerikanın Azərbaycana indiyədək hər hansı bir formada dəstək almaq barədə müraciəti olubmu?

Cavab: Yox, olmayıb. Biz onlarla əməkdaşlıq edirik, Əfqanıstanda antiterror koalisiyasında çox böyük işlər görürük. Ancaq konkret hələlik heç bir müraciət olmayıbdır.

Sual: Cənab prezident, Siz dediniz ki, Amerika prezidenti ilə Dağliq Qarabağ məsələsini müzakirə edəcəksiniz. Yəqin ki, Siz ona fikirlərinizi çatdıracaqsınız. Ümumiyyətlə, Amerikanın Minsk qrupundakı rolu Sizi razı salırmı, yəni kifayət qədər fəallığı varmı? Yoxsa, elə bunu çatdıracaqsınız?

Cavab: Bilirsiniz, mən oraya şikayət etməyə getmirəm. O bizim öz işimizdir. Mən Kiyevdə Minsk qrupunun həmsədrləri ilə danışanda, - Dilarə xanım iştirak edirdi, - onlara nə qədər ciddi iradlar bildirdim. Ancaq prezidentlə prezident səviyyəsində danışacaqam. Sağ olun.

"Azərbaycan" qəzeti, 25 fevral 2003-cü il.

Tarixi arayış