Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın ölkəmizdə səfiri Alessandro Fallovollita ilə söhbətindən - 10 mart 2001-ci il


Heydər Əliyev: Siz getməyə hazırlaşırsınız? Vaxt nə tez gəldi. Mənə belə gəlir ki, siz elə dünən buraya gəlmisiniz.

Alessandro Fallovollita: Cənab prezident, bəli, hazırlaşıram. Mən də bu təəssürat içindəyəm. Elə bil ki, dünən gəlmişəm. Bu, ona görə belədir ki, doğrudan da ötən dörd il o qədər zəngin hadisələrlə xarakterizə olunub ki, vaxt tez keçibdir.

Heydər Əliyev: Bəli, vaxt çox tez keçibdir. Mən təəssüf edirəm ki, siz gedirsiniz. Çünki birincisi, siz burada İtaliyanın ilk səfirisiniz. İkincisi, siz burada səfir olduğunuz zaman İtaliya-Azərbaycan əlaqələrinin inkişafında çox dəyərli xidmətlər göstərmisiniz. Sizin Azərbaycana, Azərbaycan xalqına dostluq münasibətinizi biz hiss etmişik və sizdən öyrənmişik. Ona görə də, məndən olsa, sizi buraxmazdım. Amma ölkənizin xüsusi qanunları var.

Mən sizə səmimi qəlbdən təşəkkür edirəm. Yenə də deyirəm, sizin burada səfirlik fəaliyyətiniz İtaliya-Azərbaycan əlaqələrinin yaranması, demək olar ki, inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Səfir gərək öz ölkəsinin milli mənafelərini müdafiə etsin və səfirlik etdiyi ölkəyə hörmət, ehtiram bəsləsin, ölkələr arasında dostluq yaratsın, əməkdaşlıq yaratsın və bütün əlaqələri inkişaf etdirməyə çalışsın. Mən hesab edirəm ki, siz bu əsas vəzifələri layiqincə yerinə yetirmisiniz. Burada həm öz ölkənizin maraqlarını, hesab edirəm, çox yaxşı təmsil etmisiniz, həm də Azərbaycan xalqına, Azərbaycana, onun müstəqilliyinə həmişə dostluq və mehribanlıq münasibəti göstərmisiniz. Mən bütün bunlara görə sizə təşəkkür edirəm.

Sizinlə bərabər İtaliyaya rəsmi səfərimi xüsusi xatırlayıram. Çox yaxşı bir səfər idi. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

Xanımınız da bizim qohumumuzdur. Onun burada rəssamlıqla məşğul olduğunu bilirəm. Mənim salamlarımı və ən xoş arzularımı ona çatdırmağınızı xahiş edirəm. Təşəkkür edirəm.

Alessandro Fallovollita: Cənab prezident, bu hərarətli sözlərinizə görə Sizə təşəkkür edirəm. Mən Sizin ölkənizi iki hisslə tərk edirəm. Birincisi, qəmli hisslərdir, qəmginlikdir. Çünki işlədiyim müddətdə bağlı olduğum bir ölkəni, xalqı tərk etmək doğrudan da qəmli hisslər oyadır. Deməliyəm ki, mənim burada dörd illik fəaliyyətim həm peşəkarlıq, həm də insanlıq baxımından çox zəngin hadisələrlə xarakterizə olunur. Mən bunu yalnız öz adımdan demirəm, həm də xanımımın adından deyirəm. Siz onun haqqında indi danışdınız. Bizim bu gün Azərbaycanda çoxlu dostlarımız vardır və biz buranı tərk edərkən ürəyimizin bir hissəsini qoyub gedirik.

Eyni zamanda, mən sizin ölkənizdən müsbət hisslərlə ayrılıram. Məndə bu hissləri doğuran odur ki, doğrudan da burada olduğum dörd il ərzində Azərbaycan ilə İtaliya arasında əlaqələrin - həm iqtisadi, həm də siyasi əlaqələrin inkişaf etməsində müəyyən xidmət göstərə bilmişəm.

Əgər mən burada iki əsas fundamental məsələni qeyd etməli olsam, deməliyəm ki, onlardan biri - biz buna nail olduq - Sizin 1997-ci ildə İtaliyaya səfəriniz oldu. Doğrudan da bu, mühüm bir səfər idi. Ona görə mühüm səfər hesab edirəm ki, birinci növbədə bunu nəticələrinə görə səciyyələndirmək lazımdır. Bu səfər nəticəsində iki ölkə arasında sonrakı əməkdaşlığın təməlini qoyan bir sıra sənədlər imzalandı. Bunun ikinci müsbət tərəfi onda idi ki, bu səfər insani nöqteyi-nəzərdən də əhəmiyyətli bir səfər oldu. Özünüz səfər zamanı gördünüz ki, İtaliya xalqının Sizə nə qədər böyük rəğbəti vardır. Səfəriniz zamanı insanlarla təmasda bunun bir daha şahidi oldunuz.

Cənab prezident, Sizin bu səfərinizdən sonra Azərbaycanla İtaliya arasında əlaqələr, xüsusilə siyasi sahədə əlaqələr getdikcə inkişaf etməyə başladı. Bunun nəticəsi olaraq, İtaliyanın bir sıra xadimləri Azərbaycana səfər etdilər. İtaliyanın sənaye nazirinin, xarici işlər nazirinin müavinləri Azərbaycana səfərə gəldilər.

Mən əməkdaşlığımızın daha bir tərəfini qeyd etmək istəyirəm. Bu da İtaliyanın Avropa Şurasının Nazirlər Komitəsində sədrlik dövrü idi və Azərbaycanın Avropa Şurasına daxil olması ərəfəsindəki altı aylıq mühüm bir dövrü əhatə etdi. Mən bu dövrü əməkdaşlığımızın nümunəsi hesab edirəm.

Cənab prezident, yəqin Siz bilirsiniz ki, bu dövrdə biz, İtaliya hökuməti Azərbaycanın Avropa Şurasına üzv olması məsələsini ən öncül vəzifələrdən biri kimi qarşımıza qoymuşduq və buna nail olduq.

Əlbəttə, Siz çox yaxşı bilirsiniz ki, bu, heç də asan proses deyildi. Qarşımızda müəyyən maneələr var idi və biz onları dəf etməli idik. Biz bunları çox inamla etdik. Biz bunları həyata keçirərkən Azərbaycan xalqının əzmini, Azərbaycanın Avropanın bir hissəsi olmasını Azərbaycanın Avropa ailəsinə layiq olmasını nəzərdə tutaraq, bunları əsas götürərək, bu vəzifəni yerinə yetirdik. Biz şadıq ki, məhz İtaliyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə belə bir qərar qəbul olundu.

Çox şadam ki, Siz Avropa Şurasının üzvü oldunuz. Şübhəsiz ki, bunun Sizə çox xeyri olacaqdır. Bu, xüsusilə demokratik dəyərləri bölüşməkdə, insan hüquqlarının qorunması, Avropa ilə əməkdaşlıq sahəsində Azərbaycana xeyir gətirəcəkdir. Əminəm ki, Avropa Şurasına üzv olmağınız həm də Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün münbit zəmin və şərait yaradacaqdır.

Cənab prezident, əgər icazə versəydiniz, ikitərəfli münasibətlərimiz, İtaliya ilə Azərbaycan arasındakı münasibətlər haqqında bir neçə kəlmə deyərdim. Bildirmək istəyirəm ki, dörd il ərzində iqtisadi əməkdaşlığımızda keyfiyyət baxımından doğrudan da böyük sıçrayış olmuşdur. Bu əməkdaşlıq xüsusilə enerji sahəsində özünü daha çox göstərdi. Mən "ACİP" şirkətinin əməkdaşlığını qeyd etmək istəyirəm. Bunun nümunəsində İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq genişləndi və möhkəmləndi. Yaxşı bilirsiniz ki, "ACİP" bu əməkdaşlıqla bərabər, həm də bir sıra konsorsiumlarda, xüsusilə "Şahdəniz" konsorsiumunda iştirak edir. Bundan əlavə, "ACİP" "Kürdaşı" yatağının işlənilməsində operator xidməti göstərir. Biz bu əməkdaşlıqdan çox razıyıq, çox məmnunuq.

Cənab prezident, düşünürəm ki, biz qeyri-neft sektorunda əməkdaşlıqda da çox böyük uğurlar qazana bilərik. Hesab edirəm ki, hər iki ölkə arasında kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial və imkanlar vardır. Bunlar elə sahələrdir ki, İtaliyanın bu sahədə çox zəngin təcrübəsi vardır. Amma təəssüflə demək istəyirəm ki, hələ bu sahədə əməkdaşlığımız bizim ümid, arzu etdiyimiz səviyyəyə gəlib çatmayıbdır. Əlbəttə, bunun müxtəlif səbəbləri haqqında İtaliya şirkətlərində lazımi məlumat yoxluğudur.

Cənab prezident, bildirmək istəyirəm ki, İtaliyada Azərbaycanın səfirliyinin açılması bu boşluğu doldurardı. Siz demisiniz ki, artıq bununla bağlı siyasi qərar qəbul olunmuşdur. Bu, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın inkişafında mühüm bir amil olardı.

Mən bir neçə kəlmə İtaliyanın Avropa Birliyindəki rolundan danışmaq istəyirəm. Bildirirəm ki, İtaliya Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.

Ümumiyyətlə, biz Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin inkişaf etməsinə, möhkəmlənməsinə tərəfdarıq. Bunun əsas səbəbi odur ki, Azərbaycan Avropa ailəsinə aiddir. Sizi əmin etmək istəyirəm ki, İtaliya Brüsseldə, Avropa Birliyinin strukturlarında əlindən gələni edəcəkdir ki, Avropa Birliyi Azərbaycanla siyasi və iqtisadi əlaqələrini genişləndirsin, üzünü Azərbaycana tərəf çevirsin.

Cənab prezident, bir neçə kəlmə də Dağlıq Qarabağ haqqında demək istəyirəm. Biz hadisələrin gedişini çox diqqətlə izləyirik. Biz Azərbaycan parlamentində aparılan müzakirələri çox diqqətlə, maraqla izlədik. Nəhayət, Parisdə keçirilmiş danışıqları yaxından izlədik. Ümid edirik ki, qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantları tapıla bilər. Özünüz yaxşı bilirsiniz ki, İtaliya Minsk qrupunun üzvüdür. Ona görə də həm Minsk qrupu tərkibində, həm də beynəlxalq təşkilatlarda, ikitərəfli münasibətlərdə İtaliya münaqişənin sülh yolu ilə həlli üçün əlindən gələn köməyi etməyə hazırdır. Bütün bunlara baxmayaraq, son zamanlar müəyyən narahatlıqla hərb variantı haqqında fikirləri eşitdik. Ümid edirik ki, münaqişənin sülh yolu ilə həllini tapmaq mümkün olacaqdır.

Cənab prezident, çıxışımın sonunda Sizə, - bunu səmimi qəlbdən, ürəkdən deyirəm, - dərin minnətdarlığımı bildirirəm ki, Siz Azərbaycan - İtaliya münasibətlərinin inkişafına xüsusi qayğı, diqqət yetirmisiniz. Siz İtaliyanın Azərbaycandakı səfirliyinə həmişə xüsusi diqqət yetirmiş, qayğı göstərmisiniz. Deməliyəm ki, mənim özümə diqqət yetirmisiniz. Bunu çox yüksək qiymətləndirirəm. Bütün bunlara görə Sizə dərin və səmimi minnətdarlığımı bildirirəm.

Cənab prezident, yaxşı bilirsiniz ki, Sizin ölkədə dörd il yaşamaq, əlbəttə, şəxsi həyatın mühüm bir dövrüdür. Demək istəyirəm ki, şəxsən mən, eləcə də həyat yoldaşım bu əməkdaşlığımızı, buradakı fəaliyyətimiz vaxtı olanları, gördüklərimizi heç zaman unutmayacağıq və həmişə yaddaşımızda ən əziz xatirə kimi saxlayacağıq.

Heydər Əliyev: Təşəkkür edirəm. Bəli, biz İtaliyanın Avropa Şurasına sədrlik etdiyi zaman Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar proseslərin gedişində ölkənizin ədalətli, çox doğru, düzgün mövqeyini hiss etmişik və Azərbaycanın Avropa Şurasına daxil olması üçün səmimi çalışdığını müşahidə etmişik. Siz də bilirsiniz, biz də bilirik ki, bu prosesdə bizə mane olanlar var idi. Qərəzli, qeyri-obyektiv mövqe tutanlar var idi. Amma eyni zamanda, bizim İtaliya kimi çox ədalətli dostumuz var idi.

Ona görə biz özümüz də çalışırdıq ki, məhz İtaliyanın Avropa Şurasına sədrliyi zamanı Azərbaycanın Avropa Şurasına qəbul olunması məsələsi həll edilsin. Bu, belə də oldu. Mən bu prosesdə İtaliyanın Azərbaycandakı səfiri kimi şəxsən sizin xidmətlərinizi qeyd edirəm. Çünki Azərbaycanın reallığını düzgün qiymətləndirməyiniz və ölkənizə Azərbaycan haqqında düzgün, doğru, ədalətli məlumatlar verməyiniz, təbiidir ki, sizin ölkənin rəhbərliyində Azərbaycan haqqında ədalətli və obyektiv fikrin yaranmasına çox böyük fayda veribdir. Ona görə mən sizə xüsusi təşəkkür edirəm və İtaliyanın Azərbaycana göstərdiyi dostluq münasibətinə, səfir kimi şəxsən sizin göstərdiyiniz fəaliyyətə görə minnətdarlığımı bildirirəm.

İqtisadi əlaqələrimiz haqqında dediyiniz fikirlərlə razıyam. "ACİP" şirkəti Azərbaycanda böyük işlər görür və bu işlərin çox gözəl gələcəyi vardır. Onun "Şahdəniz" yatağı ilə bağlı konsorsiumda iştirak etməsi, xüsusən "Kürdaşı" yatağında operatorluğu öz üzərində götürməsi və başqa yataqlarda iştirakı, təbiidir ki, gələcəkdə "ACİP"lə Azərbaycan arasında geniş iqtisadi əlaqələr yaradacaqdır.

Mən sizinlə razıyam ki, İtaliyada Azərbaycanın imkanları haqqında lazımi qədər məlumat olmadığına görə kənd təsərrüfatı sahəsində, sənaye sahəsində bizim əməkdaşlığımız hələ çox zəifdir. Biz tezliklə İtaliyada səfirliyimizin açılmasını təmin etməliyik və bunu edəcəyik. Güman edirəm ki, həm Azərbaycanın İtaliyadakı səfirliyi, həm də İtaliyanın Azərbaycandakı səfirliyi bu məsələlərin həll olunmasında müəyyən nailiyyətlər əldə edə bilərlər.

Azərbaycan Avropa Şurasına daxil olandan sonra, təbiidir ki, Avropa Birliyinə doğru da addımlar atmağa çalışır. İtaliyanın bu işdə də Azərbaycana yardımçı ola biləcəyi barədə verdiyiniz bəyanat məni çox ruhlandırır. Biz çalışacağıq ki, Avropa Birliyinə yaxınlaşaq, onun üzvü olaq və bu barədə sizin, İtaliyanın yardımına heç şübhə etmirik.

Bir sözlə, İtaliya ilə Azərbaycan arasında əlaqələr bundan sonra daha da genişlənməlidir. İtaliyanın Azərbaycandakı səfiri kimi sizin burada yaratdığınız mühit, şərait, hesab edirəm ki, gələcək işlərimiz üçün yaxşı əsasdır. Güman edirəm, bu əlaqələr davam edəcəkdir. Sizə və sizin hökumətinizə, dövlətinizə bir daha təşəkkürümü bildirirəm.


"Azərbaycan" qəzeti, 11 mart 2001-ci il.