Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qətər dövlətinin Nəqliyyat və Kommunikasiya Naziri Şeyx Əhməd bin Nasir bin Fələh əl-Təni başda olmaqla bu ölkənin nümayəndə heyətə ilə görüşdə söhbəti - Prezident sarayı, 16 may 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz, mən sizi salamlayıram. Güman edirəm ki, bu sizin ölkədən Azərbaycana gəlmiş yüksək səviyyəli ilk nümayəndə heyətidir. Mən bundan çox məmnunam.

Qətərlə Azərbaycan arasındakı əlaqələr dostluq əlaqələridir. Bu dostluğu daha da inkişaf etdirmək və genişləndirmək lazımdır. Bu mənada sizin səfərinizin əhəmiyyəti var.

Şeyx Əhməd bin Nasir əl-Təni: Cənab Prezident, ikinci vətənimiz olan Azərbaycanda belə gözəl qarşılandığımıza görə təşəkkürümüzü bildirirəm. Buraya gələndə tikintisini bu yaxınlarda başa çatdırdığınız möhtəşəm, gözəl hava limanı kompleksi məni heyran etdi. Yol boyu sizin nazirlə söhbət zamanı gələcəkdə bir çox sahələrdə Azərbaycanla ölkəmiz arasında əlaqələrin genişləndirilməsi yollarını müzakirə etdik.

Mənim buraya səfərimin əsas məqsədi ölkəmizin başçısı əmir Həmad əl-Təninin məktubunu Sizəyetirməkdir. Əlahəzrət əmir Sizi İslam Konfransı Təşkilatının Dohada keçiriləcək iclasına dəvət edir. Bu iclas ilin sonunda keçiriləcəkdir. İcazənizlə, məktubu sizə təqdim edim.

Heydər Əliyev: Mən sizi bir də salamlayıram və bu dəvətə görə də təşəkkür edirəm.

Biz islam ölkələri olaraq bir təşkilatdayıq - İslam Konfransı Təşkilatındayıq. Azərbaycan Prezidenti kimi, mən İslam Konfransı Təşkilatının zirvə görüşlərində iştirak etmişəm. Son zirvə görüşü 1996-cı ilin sonunda İranda - Tehranda olmuşdur. Orada sizin ölkənin əmirinin başçılığı ilə böyük nümayəndə heyəti də vardı. Biz orada qərar qəbul etdik ki, növbəti zirvə görüşü Qətərdə keçirilsin. Bu barədə sizin ölkənin müraciəti olmuşdu. Biz də bu müraciəti qəbul etdik, mən də bu qərarən qəbul olunmasına məmnuniyyətlə səs verdim. Çox məmnunam ki, siz zirvə görüşünün keçirilməsinə ötən illərdə hazırlıq görmüsünüz və bu ilin sonunda sizin ölkədə - Qətərdə İslam Konfransı Təşkilatının yeni zirvə görüşü keçiriləcəkdir.

Bir də qeyd edirəm ki, biz İslam Konfransı Təşkilatına çox böyük əhəmiyyət veririk, bu təşkilatın daha da möhkəmlənməsi və inkişaf etməsi üçün çalışırıq. Şübhə etmirim ki, sizin ölkənin paytaxtında yeni zirvə görüşünün keçirilməsi üçün imkanlar yaranıbdır.

Mən ümid edirəm ki, konfrans yüksək səviyyədə keçəcək və uğurla başa çatacaqdır. Bu dəvəti məmnuniyyətlə qəbul edirəm və mütləq konfransa gələcəyəm.

Əlahəzrət Qətər əmirinin mənə Qətərə rəsmi səfər etmək barədə dəvəti var. Təəssüf ki, mən indiyə qədər bu dəvətdən istifadə edə bilməmişəm. Bu ilin sonunda konfransda iştirak edərkən sizin ölkənizdə ilk dəfə olacağam. Ondan sonra isə, şübhəsiz, biz əlaqə saxlaya bilərik ki, sizin ölkəyə rəsmi səfərimi də həyata keçirmək mümkün olsun.

Mən məmnuniyyətlə izləyirim, müşahidə edirəm ki, sizin ölkənizdə ictimai-siyasi sabitlik bərqərardır. Sizin ölkənizin çox güclü iqtisadiyyatı var, çox şeylər qurub-yaratmısınız. Əraziniz, əhaliniz çox olmasa da, eşitdiyimi görə, qurub-yaratdıqlarınız çox əzəmətlidir. Allah sizə çox neft bəxş edibdir, ona görə də çox zənginsiniz. Arzu edirəm ki, Allah sizin ölkənizin üzərindən əlini heç vaxt cəkməsin.

Şeyx Əhməd bin Nasir əl-Təni: Biz bu gün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Heydər Əliyev ilə görüşümüzdən olduqca məmnunuq. Eyni zamanda İslam Konfransı Təşkilatının bu ilin sonunda keçiriləcək zirvə görüşündə iştirak üçün ölkəmizin əmirinin göndərdiyi dəvəti qəbul etdiyinəzə görə Sizə təşəkkürümüzü bildiririk. Onu da bəyan edirik ki, biz bütün səviyyələrdə - həm rəsmi, həm də qeyri-rəsmi səviyyələrdə həmişə Sizin qulluğunuzda hazırıq.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

Şeyx Əhməd bin Nasir əl-Təni:  Eyni zamanda Sizə bildirmək istəyirəm ki, Qətər əmiri İslam Konfransı Təşkilatının zirvə görüşünün Dohada keçirilməsi ideyasına dəstək verdiyinizə və bu dəstəyi ilk verənlərdən biri olduğunuza görə sizə öz minnətdarlığını ərz edir.

Məlumdur ki, müsəlmanlar xüsusən son illərdə dünyanın bir çox yerlərində müxtəlif sınaqlarla  üzləşirlər. İslam Konfransı Təşkilatının da qarşısında bu problemlərin, müsəlmanların mənafelərinin müdafiəsi məsələlərinin müzakirəsi mühüm vəzifə kimi durur. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Heydər Əliyevin bu zirvə görüşündə iştirak edəcəyi bizi sevindirir.

Bizə göstərilən səmimiyyətə görə bir daha təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Sağ olun. Siz doğru buyurdunuz ki, dünyanın müxtəlif yerlərində müsəlman ölkələri bir çox problemlərlə üzləşirlər. Belə ağır problemlərlə üzləşmiş ölkələrdən biri də Azərbaycan və onun müsəlmanlarıdır. Bilirsiniz ki, 12 il bundan öncə qonşu Ermənistan Azərbaycanın torpaqlarının bir qismini ələ keçirmək üçün ölkəmizə hərbi təcavüz edibdir. Bu təcavüz nəticəsində müharibə başlanmış, 1994-cu ilə qədər müharibə gedibdir. Bu müharibədə Ermənistan silahlı qüvvələri müxtəlif səbəblərdən Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. işğal olunmuş torpaqlardan bir milyon Azərbaycanlı, müsəlman zorla yerindən-yurdundan çıxarılıb və 7-8 ildir ki, onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar. Təsəvvür edin, ölkənin 8 milyon əhalisının bir milyonu qaçqın vəziyyətindədir.

1994-cu ildə biz Ermənistanla atəşkəs haqqında saziş imzalamışıq. O vaxtdan indiyə qədər müharibə getmir, məsələni sülh yolu ilə həll etmək istəyirik. Sülh yolu da ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmalı, yerindan-yurdundan didərgin düşmüş müsəlmanlar, Azərbaycanlılar öz yerlərinə qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyu bərpa edilməlidir. Ancaq altı il gedən sülh danışıqları hələ ki, bir nəticə verməyibdir. Ermənistan bəzi ölkələrin dəstəyindən istifadə edərək böyük iddialar irəli sürür. O cümlədən, Azərbaycanın torpağı olan Dağlıq Qarabağən Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsini tələb edir. Biz Dağlıq Qarabağa özünüidarə statusu verməyə hazırıq. Amma öz torpağımızı başqa ölkəyə verə bilmərik.

Mən inanıram ki, sülh danışıqları, nəhayət, məsələlərin həll olunmasını təmin edəcəkdir. Ancaq hələlik bizim böyük problemimiz odur ki, bir milyon qaçqının çoxu çadırlarda ağır vəziyyətdə yaşayır.

İslam Konfransı Təşkilatının zirvə görüşlərində - Mərakeşdə də, İranda da bu barədə çox ciddi, yəni Ermənistanı təcavüzkar kimi məhkum edən və Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxması haqqında qətnamələr qəbul olunmuşdur. Amma hələ ki, vəziyyət dəyişməyibdir.

Sizin ölkəniz Azərbaycandakı müsəlman qardaşlarına, qaçqınlara müəyyən humanitar yardım göstəribdir. Burada sizin ölkənin bir xeyriyyə təşkilatı da var. 1996-1997-ci illərdə ildə təxminən 250 min ABŞ dolları məbləğində humanitar yardımlar edilmişdir. Amma axır zamanlar bu yardım azalıbdır. Ona görə xahiş edirəm ki, hökumətinizə, xüsusən əlahəzrət əmirə çatdırasınız ki, qaçqınlar hələ çadırlarda yaşayırlar, onlara əvvəlkindən də çox yardım lazımdır. Gərək yardımlarınızı nəinki azaltmayasınız, hətta artırasınız. Bizim dinimizin, müsəlmanlığın, Qurani-Şərifin tələbləri bundan ibarətdir.

Şeyx Əhməd bin Nasir əl-Təni: Zati-aliləri cənab Prezident, Azərbaycanın, onun xalqının üzləşdiyi problemlər haqqında və bugünkü söhbətimizdə bu məsələ ilə bağlı müzakirə barədə mən mütləq xüsusi bir məruzə hazırlayıb hökumətimizə və zati-aliləri əmiri yetiricəyəm ki, Azərbaycanda müsəlman qardaşlarımızın böyük bir hissəsi yenə də çadır şəhərciklərində, ağır məişət şəraitində yaşayır. Mən bu məruzəni mütləq təqdim edəcəyəm və vəziyyət haqqında onlara məlumat verəcəyəm.

Heydər Əliyev: Sağ olun. Bir şeyi də bilin və əlahəzrət əmirə də çatdırın ki, keçmiş Sovetlər İttifaqı dağılandan sonra müstəqillik əldə etmiş 15 cumhuriyyətdən biri Azərbaycandır və yeganə müsəlman ölkəsidir ki, belə hərbi təcavüzə məruz qalıbdır.