Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasi elan olunmasının 47-ci ildönümü münasibətilə ÇXR-ın Azərbaycandaki səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Gülüstan" sarayı, 30 sentyabr 1996-cı il


Hörmətli cənab səfir!

Möhtərəm xanımlar və cənablar!

Mən sizi, bütün Çin vətəndaşlarını, Çin xalqını böyük hadisə, bayram - Çin Xalq Respublikası yaranmasının 47-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm və Çin xalqına xoşbəxtlik, tərəqqi və yeni uğurlar arzulayıram. Mən buraya, Çin Xalq Respublikasının yaranması gününə həsr edilmiş bayrama çox böyük hörmət hissi ilə gəldim.

Çin Xalq Respublikasının 47 ili ərzində Çin xalqı çox böyük müvəffəqiyyətlərə nail olmuşdur. Çin iqtisadi islahatların həyata keçirildiyi illərdə xüsusilə heyrətamiz uğurlar qazanmışdır. İslahatlar böyük nəticələr vermişdir. Bu müvəffəqiyyətlər Çin iqtisadiyyatını iti sürətlə inkişaf etdirmiş, xalqın rifahını yüksəltmiş, ölkənin iqtisadi potensialını möhkəmlətmiş və Çin Xalq Respublikasının şöhrətini bütün dünyada artırmışdır.

Çin xalqının əldə etdiyi uğurlar təbii olaraq sevindirir, çünki dünyanın böyük bir ölkəsi kimi Çin xalqı seçdiyi yolla, müstəqillik yolu ilə, Çinin, Çin xalqının xüsusiyyətinə, tarixi ənənələrinə cavab verən yolla, Çin xalqının yüksək göstəricilərə nail olduğu yolla gedir. Bu müvəffəqiyyətlər sevindirir.Mən Çin xalqını bu müvəffəqiyyətlər münasibətilə təbrik edirəm və əminəm ki, Çin xalqı bu islahatlar yolu ilə gedərək, Çin hökumətinin müəyyənləşdirdiyi digər tədbirləri həyata keçirərək yeni uğurlara nail olacaqdır. Cənab səfirin gətirdiyi rəqəmlər Çinin iqtisadi inkişafını səciyyələndirir və təbii ola­raq böyük hörmət hisləri oyadır. Çin bəzi mühüm iqtisadi göstəricilər üzrə dünyada birinci yeri tutur. Lakin Çin əhalisinin sayına görə də dünyada birinci yeri tutur, məncə, ərazisinə görə də dünyada ilk yerlərdən birini tutur, bəzi digər göstəricilərə görə də dünyada birinci yeri tutur. Buna görə də burada təbii olaraq daha çox kömur də, daha çox polad da, daha çox digər məhsul da istehsal edilməlidir. Bunların hamısı çox sevindirir.

Biz bunu hörmət hissi ilə qarşılayırıq ki, Çin həm müstəqil daxili, həm də müstəqil xarici siyasət yeridir. Müstəqil bir dövlət kimi Azərbaycan məhz belə bir mövqedə durur ki, hər bir xalq, hər bir dövlət öz məsələlərini başqa dövlətlərdən asılı olmayaraq, müstəqil surətdə həll etsin və xalqın özünün, dövlətin özünün müəyyənləşdirdiyi yolla getsin. Təkrar edirəm, bununla əlaqədar olaraq biz Çində həyata keçirilən bütün tədbirlərə hörmətlə yanaşırıq.

Çin ilə Azərbaycan arasında xoş dostluq münasibətləri yaranmışdır. Xatirimizdədir ki, Çin Azərbaycanın dövlət müstəqilliyini Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdərı sonra tezliklə tanımışdır. Biz onu da qiymətləndiririk ki, Çin Azərbaycanda öz səfirliyinə və Azərbaycan Çində öz səfirliyinə malikdir. Yəni bizim aramızda heç də sadəcə olaraq diplomatik münasibətlər mövcud deyildir. Ölkələrimizin səfirlikləri Çində də, Azərbaycanda da fəal işləyirlər. Məhz bu Çin ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasına sübutdur.

Aramızda məsafə böyükdür, biz bir-birimizdən çox uzağıq, amma bu, bütün sahələrdə, ən əvvəl iqtisadi sahədə əməkdaşlıq etməyimizə mane olmur. İndiyədək edilənlər müsbət qiymətə layiqdir. Lakin belə duşünürəm ki, Çin ilə Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirmək və möhkəmlətmək üçün ehtiyat mənbələri və imkanlar hələ böyükdür. Odur ki, məqsədimiz, vəzifəmiz bu imkanlardan istifadə etmək və münasibətləri həm Azərbaycanın, həm də Çinin maraqları naminə genişləndirməkdir.

İki il bundan əvvəl Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszeminin dəvətilə mən Çinə rəsmi səfər etdim. Bu, Azərbaycanın həyatında mühüm hadisədir və Çin - Azərbaycan münasibətləri tarixində mühüm hadisədir. Pekində, Şanxayda görüşlər və söhbətlər bizə ikitərəfli münasibətlərimizlə bağlı məsələləri müzakirə etməyə, habelə bu münasibətlərin gələcək inkişafının bünövrəsini qoyan sənədlər imzalamağa imkan verdi. Mən Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszeminlə, Dövlət Şurasının Baş naziri cənab Li Penlə, Şanxay əyalətinin rəhbərləri və Çinin digər dövlət xadimləri ilə görüşləri və söhbətləri böyük səmimiliklə xatırlayıram. Elə Çin Dövlət Şurası Baş naziri müavininin, xarici işlər nazirinin Azərbaycana səfəri də Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafında yeni addım oldu.

Biz münasibətlərimizi bundan sonra da möhkəmlədəcək və inkişaf etdirəcəyik. Biz qəti əminik ki, böyük imkanlar var və onlardan əməkdaşlığımızın inkişaf etməsi və genişlənməsi üçün istifadə etmək olar.

Bizim üçün çox əhəmiyyətlidir ki, Çin dövlətlərarası münasibətlərin beynəlxalq aləmdə qəbul olunmuş prinsiplərini, o cümlədən bir-birinin işlərinə qarışmamaq prinsipini, ərazi bütövlüyü prinsipini, dövlət suverenliyi prinsipini daim bəyan edir. Bu prinsip ümumiyyətlə, sözsüz məlumdur və bütün dünya tərəfindən qəbul olunmuşdur, amma təəssüf ki, Azərbaycan barəsində Ermənistan tərəfindən təcavüzlə pozulmuşdur. Azərbaycanın ərazi bütövlüyü onunla pozulmuşdur ki, Azərbaycan ərazisinin bir hissəsini erməni silahlı birləşmələri işğal etmiş və öz yaşayış yerlərindən qovulmuş bir milyondan çox Azərbaycan vətəndaşı köçkün, qaçqın vəziyyətindədir və təbii olaraq sosial-iqtisadi xarakterli olduqca böyük çətinliklər çəkir.

Buna görə də Çinlə əməkdaşlığımız, Çinlə münasibətlərimiz bu prinsiplərin sarsılmazlığına əsaslanır və müstəsna əhəmiyyətə malikdir. Biz öz xarici siyasətimizdə bunu əsas tuturuq ki, müstəqil bir dövlət kimi Azərbaycan, əlbəttə, öz dövlət müstəqilliyini gözləməklə və öz suverenliyini və ərazi bütövlüyünü gözləməklə dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı münasibətlər yaradır və bu münasibətləri inkişaf etdirir. Təkrar edirəm, bununla əlaqədar dünyada dövlətlər ara­sında qarşılıqlı münasibətlər barəsində baxışlarımız tamamilə uyğun gəlir və bu da münasibətlərimizin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün yaxşı zəmindir.

Şübhə yoxdur ki, Çin böyük iqtisadi potensiala və böyük təbii ehtiyatlara, böyük yeraltı sərvətlərə malikdir və konkret surətdə Çin üçün, Çin şəraiti üçün səciyyəvi olan iqtisadi islahatları həyata keçirərək, yeni böyük müvəffəqiyyətlər qazanacaqdır. Biz ürəkdən arzulayırıq ki, həqiqətən uğurlar olsun, Çin iqtisadi sahədə də, öz xalqının rifahının artması sahəsində də daha yüksək sürətlə inkişaf etsin.

Mən bayram münasibətilə Çin xalqını, Çin Xalq Respublikasının rəhbərlərini, Çinin Azərbaycandakı səfirliyini bir daha ürəkdən təbrik edirəm. Çin xalqına xoşbəxtlik, tərəqqi, öz həyatını qurmasında yeni-yeni uğurlar arzulayıram.

Diqqətinizə görə sağ olun!

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya