Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Stenli Eskudero ilə görüşdə söhbətindən - Prezident sarayı, 11 fevral 2000-ci il


Heydər Əliyev: Cənab səfir, mən sabah sizin ölkəyə yola düşürəm. Mən çox məmnunam ki, belə bir səfər edirəm və ümid edirəm ki, ölkələrimiz arasındakı əlaqələrin daha da genİşlənməsi və inkişaf etməsi üçün və bizi maraqlandıran bütün başqa məsələlərin müzakirəsi üçün mənim orada lazımi imkanlarım olacaqdır.

Siz bilirsiniz və mən bunu bir daha bəyan edirəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələrə biz xüsusi əhəmiyyət veririk və bu əlaqələrin daim inkişaf etməsi, genişlənməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq. Bunları bizim ölkəmiz üçün çox vacib hesab edirik. Buyurun, sizin mənə bu münasibətlə sözünüz var.

Stenli Eskudero: Cənab prezident, çox sağ olun. Amerika Birləşmiş Ştatlarına səfərinizdən bir gün öncə mənimlə görüşmək üçün vaxt ayırdığınıza görə sizə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, sizin bu səfəriniz işgüzar səfərdir, biz bu səfərə mühüm əhəmiyyət veririk və hesab edirik ki, sizin prezident Klinton və xanım Olbrayt ilə Davosda keçirdiyiniz görüşlərin davamı kimi, ölkələrimiz arasındakı münasibətlərə aid məsələlərin müzakirəsi üçün də yaxşı bir imkan olacaqdır.

Sizin kimi, mən də inanıram ki, Vaşinqtonu ziyarətiniz zamanı həm prezident Klinton ilə keçirəcəyiniz görüş və həmçinin hökumətimizin üzvləri ilə görüşlər, habelə Amerika Birləşmiş Ştatlarında siyasəti müəyyənləşdirən elitanın nümayəndələri ilə keçirəcəyiniz görüşlər müvəffəqiyyətli olacaqdır. Ümidvaram ki, bu görüşlər ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək üçün daha səmimi fikir mübadiləsi aparmaq imkanı verəcəkdir.

Sizin Vaşinqtonda olacağımız müddətdəki iş cədvəlinizlə məni tanış etdilər. Mən bunu gördükdən sonra hesab edirəm ki, bu qədər işin müqabilində mən özüm belə bir ziyarətə getsəydim, yorulmuş olardım, cənab prezident. İş cədvəliniz onu göstərir ki, sizin həddindən artıq çoxsaylı görüşləriniz olacaqdır və səfəriniz çox gərgin bir şəraitdə keçəcəkdir. Sizin ölkəmizə ziyarətinizin nəticələrini səbirsizliklə gözləyəcəyəm. Əminəm və bilirəm ki, bu nəticələr müsbət olacaqdır.

Ümidvaram ki, ziyarətdən qayıtdıqdan sonra da mənə imkan verəcəksiniz ki, sizin üçün münasib olan bir vaxtda yenidən sizi ziyarət edib səfərin nəticələri barədə fikir mübadiləsi aparım.

Cənab prezident, icazə versəydiniz, mən bu fürsətdən istifadə edib, bu ayın 7-də bir qrup kəndlinin Müsavat Partiyasının binasına hücumu zamanı baş vermiş hadisə ilə əlaqədar hökumətinizin cəld və dərhal reaksiya verməsi münasibətilə sizi təbrik edərdim. Yəqin məlumatınız vardır ki, bu hadisələrdən sonra mən sizin hökumətin bir sıra üzvləri ilə, o cümlədən daxili işlər naziri, baş prokuror ilə görüşlər keçirdim və sizə bildirmək istəyirəm ki, mən onların bu hadisəyə reaksiyasından, cavabından çox razı qaldım. Mən hesab edirəm ki, bu qəbildən olan hadisə dünyanın hər bir yerində baş verə bilərdi və sizin hökumətiniz hər hansı başqa bir hökumətin görə biləcəyi tədbirləri də məhz görmüş oldu.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab səfir. Birinci, mən bir daha bildirmək istəyirəm və məmnunam ki, Davosda prezident Klinton ilə, xanım Olbrayt ilə görüşlərimdən sonra qısa bir zamanda bu görüşlərin məntiqi nəticəsi olaraq danışıqları davam etdirmək üçün Vaşinqtona getməyimlə əlaqədar yaranmış şərait mənim üçün çox əhəmiyyətlidir.

Mən inanıram ki, bu görüşlər, bu danışıqlar bizim üçün çox faydalı olacaq və ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün şübhəsiz ki, çox xeyirli olacaqdır. Bir çox vacib məsələlər - Dağlıq Qarabağ münaqişəsi, Xəzər hövzəsi ilə əlaqədar məsələlər, Bakı-Ceyhan, Transxazər kəmərləri ilə əlaqədar məsələlər barəsində də geniş fikir mübadiləsi aparmaq imkanı olacaqdır.

Mənə verilən proqramla siz də tanışsınız. Həqiqətən, orada iş cədvəli çox gərgindir. Amma siz məni tanıyırsınız. Bilirsiniz ki, bu, məni narahat etmir, əksinə, sevindirir. Çünki bu qədər böyük məsafəni qət edib Amerikaya gedəndən sonra, əlbəttə ki, mən Azərbaycanın dövlət başçısı kimi, hər bir dəqiqədən, hər bir saatdan istifadə etmək məqsədini qarşımda qoyuram. Ona görə də mən bu proqramı qəbul etmişəm, hamısını artıqlaması ilə yerinə yetirəcəyəm.

Təbiidir ki, mənim üçün prezident Klinton ilə görüşmək və fikir mübadiləsi aparmaq əsas məqsəddir. Bizim aramızda yaranmış səmimi münasibətlər onu göstərir ki, bu danışıqlarımız Azərbaycan və Amerika əlaqələri üçün çox faydalı olacaqdır. Çox məmnunam ki, mənə hökumətin başqa üzvləri ilə də görüşmək mümkün olacaqdır. Mən dönəndən sonra sizinlə mütləq görüşəcəyəm və öz səfərim barədə geniş məlumat verəcəyəm.

Bu ayın 7-dəki hadisə münasibətilə sizin indiki bəyanatınız məni çox sevindirir. Həqiqətən, siz doğrıı buyurdunuz ki, belə hadisə hər bir ölkədə ola bilər. Amma iş bu hadisənin olmasından ibarət deyil, ona hakimiyyət orqanlarının münasibətindədir.

Mən çox məmnunam ki, siz şəxsən bu məsələ ilə çox ciddi məşğul oldunuz. Daxili işlər naziri ilə görüşdünüz, baş prokuror ilə görüşdünüz və özünüz çox obyektiv, doğru-düzgün nəticə çıxarmısınız. Bu, bizim üçün çox əhəmiyyətlidir və bildirmək istəyirəm ki, bu, bizə göstərilən yardımdır. Çünki təəssüf ki, bəzən belə halları şişirdirlər, təhrif edirlər və həm Azərbaycanda, həm də Azərbaycanın xaricində qeyri-obyektiv ictimai rəy yaradırlar. Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik prinsiplərin qorunması, mətbuat azadlığı, söz azadlığı, fikir azadlığı və başqa azadlıqlar - hamısı Azərbaycanın prezidentinin təminatı altındadır. Gərək heç kəs düşünməsin ki, belə pozuntuluqlar, yəni bu prinsiplərin pozulması ola bilməz, ya olmamalıdır. Əgər biz elə bir şəraitə gəlib çıxmış olsaydıq, mən bizim dövlət orqanlarının 70 faizini ixtisar edərdim.

Əsas ondan ibarətdir ki, təəssüf ki, biz belə hallardan necə deyərlər, xali deyilik. Yəni belə hallar bu gün də var, sabah da ola bilər. Əsas ondan ibarətdir ki, hakimiyyət orqanları, dövlət orqanları buna nə cür münasibət göstərir nə cür reaksiya verir və hansı tədbirləri görür. Əmin ola bilərsiniz ki, biz bu prinsipləri daim qoruyacağıq. Cənab səfir, bu məsələyə ciddi münasibət göstərib obyektiv araşdırma apardığınıza görə sizə təşəkkür edirəm.