Şəki xanlarının sarayı


XVIII əsrin 60-cı illərinə aid Azərbaycan memarlıq abidəsi. Azərbaycan Respublikasının Şəki şəhərində yerləşir. Vaxtilə Şəki qalasının daxilində inşa edilmiş və bir neçə tikilidən ibarət olmuş kompleksdən Şəki xanı Hüseyn xan Müştağın tikdirdiyi, hazırda Şəki xanlarının sarayı adlanan ikimərtəbəli imarət qalıb. Tavanında 5 mindən artıq rəsmli həndəsi fiqurlardan yığılmış bədii tərtibat olan alt salon və frizində ov, müharibə səhnələri təsvir olunan üst salon incəliklə işlənməsi, əlvan şəbəkələr, rəngarəng rəsmləri, ornament və təsvirlərin zənginliyinə görə XVIII əsrdə Azərbaycanda tikilmiş saray tipli binaların ən qiymətlisi hesab olunur.