Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Livan Prezidenti İlyas Hərəvi ilə görüşdəki söhbətindən - Tehran, 9 dekabr 1997-ci il


Heydər Əliyev: Hörmətli cənab prezident, Sizi səmimiyyətlə salamlayıram, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu nəzərə çarpdıraraq xatırladıram ki, mən məhz bu məqsədlə respublikamızın xarici işlər naziri Həsən Həsənovu Livana səfərə göndərmişdim.

İlyas Hərəvi: Prezident Heydər Əliyevlə görüşdən məmnun olduğumu bildirirəm. Sizə məlumat verirəm ki, Azərbaycanın xarici işlər naziri Həsən Həsənovla Livanda görüş keçirmişəm. Azərbaycanla əməkdaşlığın sıxlaşdırılmasına Livanda böyük maraq göstərilir. Biz zəngin təbii ehtiyatlara malik olan Azərbaycanla bütün sahələrdə əlaqərimizin inkişaf etməsini istəyirik.

Heydər Əliyev: İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin VIII zirvə görüşünün bu dövlətlərin qarşılıqlı surətdə faydalı əməkdaşlığının möhkəmləndirilməsi, bir çox məsələlərin həllində səylərin birləşdirilməsi sahəsində böyuk əhəmiyyət daşıdığını vurğulayaraq bildirirəm ki, Ermənistan Azərbaycan münaqişəsi respublikamız üçün ən ağrılı problem olaraq qalır. 1988-ci ildən bəri davam edən bu münaqişə nəticəsində Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər, bir milyondan çox vətəndaşımız yerindən yurdundan zorla qovulmuşdur. Ölkəmizə saysız-hesabsız maddi və mənəvi ziyan dəymişdir. Bütün bunlara baxmayaraq biz münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Bu məqsədlə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara böyük əhəmiyyət veririk. Bu baxımdan həmsədrlərin sülh təklifləri sülh əldə edilməsinə ümidləri xeyli artırmışdır. Əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələr VIII zirvə görüşündə bu təcavüzün aradan qaldırılmasına yönəldilən təsirli sənədlər qəbul edilməsinə lazımi dəstək verəcəklər.

İlyas Hərəvi: Xatırladıram ki, Livan da 17 ildən bəri münaqişə ilə üzləşmişdir. Cənab prezident, Sizdən xahiş edirəm ki, bu məsələnin VIII zirvə görüşünün sənədlərində öz əksini tapmasını dəstəkləyəsiniz. Müstəqil Azərbaycan Respublikasında iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsindən məmnunluqla bəhs edərək bildirirəm ki, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil ediləcək neftin kəmər vasitəsilə Aralıq dənizinə çatdırılması Livan üçün də əhəmiyyətlidir.

Heydər Əliyev: Qeyd edirəm ki, Azərbaycan Livanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Vurğulayıram ki, bu əlaqələri genişləndirmək üçün mən Azərbaycanın Misirdəki səfıri İsrafil Vəkilovu həm də Livanda səfir təyin etmişəm.

İlyas Hərəvi: Cənab Heydər Əliyev, bildirirəm ki, tezliklə mən də Azərbaycana səfir təyin edəcəyəm.

Heydər Əliyev: Cənab Hərəvi, Sizi respublikamıza rəsmi səfərə dəvət edirəm.

İlyas Hərəvi: Cənab Əliyev, mən dəvətinizi məmnuniyyətlə qəbul edirəm, eyni zamanda bildirirəm ki, Sizi Livana rəsmi səfərə dəvət edirəm.