Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Novruz Bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 19 mart 2002-ci il


Hörmətli həmvətənlər!

Xalqımızın əziz bayramı - qədim Novruz bayramı münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, sizə xoş əhval-ruhiyyə arzulayıram.

Azərbaycan xalqı tarix boyu əziz tutduğu bahar bayramının hər gəlişini səbirsizliklə gözləmiş, sınaq dolu ağır günlərində də onu qəlbində yaşatmışdır.

Minilliklər boyu formalaşmış adət-ənənələrimizi qoruyaraq milli varlığımızın rəmzinə çevrilən yaz bayramını insanlarımız bu gün böyük sevinclə qeyd edirlər. Mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı milli dövlətçilik ənənələrimizi bərpa edib, dövlət müstəqilliyimizi yenidən qazandıqdan sonra Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik təqvimə daxil olmuşdur.

Novruz bayramı qəlblərdə ən ülvi bəşəri duyğular oyadır, qonaqpərvərlik, səmimilik, xeyirxahlıq kimi yüksək mənəvi dəyərlərlə insanları bir-birinə daha yaxın və əziz edir, dünyanı, təbiəti və insanları yeniləşdirərək, könülləri qurub-yaratmaq əzmi ilə doldurur. Bu yaz bayramı öz gəlişi ilə gələcəyə inamla baxmaq əzmi gətirir, əcdadların ruhuna dərin ehtiramın gücü sayəsində qəlblərdə ümid çırağı yandırır.

Uca amallar uğrunda canlarını qurban vermiş vətən övladlarının xatirəsini bu əziz günlərdə yad edərək onların ailələrinə və yaxınlarına, bütün xalqımıza səbr diləyir və bir daha əmin edirəm ki, müstəqilliyimizin qorunub möhkəmlənməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, vətəndaşlarımızın firavan həyata qovuşması üçün bundan sonra da var qüvvəmizi sərf edəcəyik.

Dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimizin ürəkləri Novruz bayramı günlərində müqəddəs vətən torpağı - doğma Azərbaycan ilə bir döyünür. Dünya azərbaycanlılarını bu əziz gündə salamlayır, bayram münasibətilə onlara ən xoş duyğularımı yetirirəm.

Əziz soydaşlarımız!

Üzümüzə gələn yaz bayramında hər birinizə cansağlığı, xoşbəxtlik və ailə səadəti diləyirəm. Qoy bu bayram hər evə, hər ocağa xeyir-bərəkət, ölkəmizə əmin-amanlıq və yeni uğurlar gətirsin.

Bayramınız mübarək olsun!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM