Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Luçius Vildbaxer ilə görüşdə söhbəti - Strasburq, 25 yanvar 2001-ci il


Luçius Vildbaxer: Cənab Prezident, Avropa ailəsinə xoş gəlmisiniz. Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması münasibətilə Sizi təbrik edirəm. Mən Sizi bir daha təbrik edirəm ki, insan hüquqları haqqında konvensiyanı da imzalamısınız.

Heydər Əliyev: Səmimi sözlərə görə sizə minnətdarlığımı bildirirəm. Bəli, biz insan hüquqları konvensiyasını imzaladıq. Bu gün Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması mərasimi çox böyük uğurla keçdi. Bu bizim ölkəmiz üçün tarixi hadisədir, həm də böyük məsuliyyətdir.

Luçius Vildbaxer: İnsan hüquqları üzrə Avropa məhkəməsi Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sayəsində həyata keçirilən islahatları yüksək dəyərləndirir.

Cənab Prezident, hesab edirəm ki, Azərbaycanda məhkəmələr vasitəsilə böyük işlər görülməlidir. Amma onu da bildirməliyəm ki, Avropa Şurasına qəbul edilmiş Azərbaycandan yəqin ki, bəzi məhkəmə işləri gəlib bizə çatacaqdır. Çox güman ki, biz Azərbaycanda məhkəmələrin çıxardığı qərarlarda bəzi pozuntularla rastlaşacağıq və Sizə yeni qərarlar göndərməli olacağıq. Əvvəlcədən xahiş edirəm ki, belə hallar barədə Sizə məlumat veriləndə, onu dövlət işlərinə müdaxilə kimi qəbul etməyin.

Heydər Əliyev: Azərbaycan Avropa Şurasına daxil olanda biz bunların hamısını bilirdik. Biz Avropa Şurasına öz istəyimizlə daxil olmuşuq. Azərbaycan demokratik inkişaf yolu ilə gedir. Ölkəmizdə insan hüquqlarının təmin olunması üçün böyük işlər görülür.

Luçius Vildbaxer: Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik islahatların həyata keçirilməsi sahəsində əldə edilmiş uğurlardan razılığımızı bildirirəm. Əmin olduğumu bildirirəm ki, insan hüquqları üzrə Avropa məhkəməsi ilə Azərbaycan arasında əməkdaşlıq möhkəmlənəcək və ildən-ilə daha da inkişaf edəcəkdir.