Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin RİTA-SOTA-nın müxbiri Andrey Urbana müsahibəsi - London, 1 dekabr 1995-ci il


Sual: Siz indiki səfərə necə qiymət verərdiniz?

Heydər Əliyev: Bilirsinizmi, indiki səfər ən əvvəl iqtisadi xarakter daşıyır və Böyük Britaniyanın dövlət strukturları ilə deyil, Adam Smit İnstitutu və burada yerləşən beynəlxalq maliyyə, bank mərkəzləri ilə daha çox bağlıdır. Lakin Adam Smit İnstitutunun bu konfransına işgüzar dairələrin olduqca çox nümayəndələrinin toplandığını nəzərə alaraq, mən konfransın özündə işlə yanaşı, maliyyə, bank dairələrinin və strukturlarının böyük qrupları ilə, şirkətlərin nümayəndələri ilə görüşlər keçirdim. Buna görə də hesab edirəm ki, səfər ərəfəsində özüm üçün qarşıya qoyduğum məqsəd əldə olunmuşdur. Mənim daha bir sıra görüşlərim nəzərdə tutulur. Məsələn, bu gün Avropa Yenidənqurma İnkişaf Bankının vitse-prezidenti cənab Firman ilə görüşürəm. O, Fransadan gəlmişdir. Odur ki, mənim səfərim ölkəmizdə iqtisadi islahatların genişləndirilməsinin zəruriliyi ilə, iqtisadi münasibətlər yaradılması və özəl biznesin inkişaf etdirilməsi ilə bağlıdır.

Təbiidir ki, burada olduğuma görə, mənə Böyük Britaniya hökumətinin müvafiq orqanları maraq göstərmişlər. Mən nazir, ticarət-sənaye palatasının sədri cənab Lanq ilə görüşdüm, dünən baş nazirin müavini cənab Hezltaynla, xarici işlər naziri cənab Rifkindlə çox ətraflı söhbətlərimiz oldu. Bu görüşlər zamanı biz ikitərəfli münasibətlərlə, ən əvvəl iqtisadi əməkdaşlıq sahəsində münasibətlərlə, onların hərtərəfli inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Əlbəttə, bununla bərabər biz dünya siyasəti ilə bağlı məsələləri də, xüsusən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələləri də nəzərdən keçirdik, bu problemin dincliklə həlli yollarını müzakirə etdik.

Mən bu görüşlərdən razıyam, onların hamısı müsbət xarakter daşıyır, Azərbaycanın Böyük Britaniya ilə, beynəlxalq və işgüzar dairələrlə, maliyyə və bank dairələri ilə münasibətlərinin daha da genişləndirilməsinə kömək edir.

Sual: Cənab prezident, bir çox maliyyə təsisatları, beynəlxalq təşkilatlar deyirlər ki, Bakı islahatlar yolu ilə, iqtisadi dəyişikliklər yolu ilə inamla gedir. Sizin fikrinizi öyrənmək istərdik. Azərbaycanın yaxın vaxtlarda və ya gələcəkdə dünya iqtisadiyyatına qoşulmaq imkanları necədir?

Heydər Əliyev: Bilirsinizmi, gələcəkdə nə olacağı barədə proqnoz vermək və bəri başdan müəyyən fikir söyləmək çətindir. Lakin götürdüyümüz xətt və yeritdiyimiz əzmkarlıq yaxın vaxtlarda konkret əməli nəticələrə nail olmağı nəzərdə tutur. Bu, bir də onunla bağlıdır ki, biz yeni konstitusiya qəbul etmişik və burada milli dövlət quruculuğu ilə insan hüquqları və ümumən demokratikləşdirmə ilə bağlı olduqca çox müddəalar var. Konstitusiya bütövlükdə və tamamilə Azərbaycanda demokratik hüquqi dövlət qurulmasına, onun həyatının bütün sahələrində, o cümlədən də iqtisadiyyat sahəsində demokratikləşdirməyə həsr olunmuşdur. Konstitusiyadakı müddəalar, maddələr Azərbaycanın dünya iqtisadiyyatına qovuşması, xüsusi sahibkarlığın inkişaf etdirilməsi üçün maksimum əlverişli şərait yaradır. Biz dövlət mülkiyyətini özəlləşdirmək proqramına başlamışıq. Bəzi sahələr artıq dövlətin tabeliyindən çıxarılmışdır. Bunlar ticarət, xidmət və bir sıra digər sahələrdir. Proqramı üç il ərzində həyata keçirmək nəzərdə tutulmuşdur. Biz aqrar sektorda islahatlar aparır, əcnəbi sərmayədarlar üçün əlverişli şərait yaratmışıq, xarici sərmayələrin idarə olunması üçün xüsusi milli agentlik təşkil etmişik, bəzi müəssisələrimizi xarici şirkətlərin idarəsinə vermək niyyətindəyik. Bütün bunlar birlikdə götürüldükdə məhz belə bir inam yaradır ki, biz yaxın vaxtlarda konkret nəticələr əldə edəcəyik.

Azərbaycanın neft yataqlarının birlikdə işlənməsi haqqında on bir iri transmilli şirkətlə bir il əvvəl imzalanmış böyük müqavilə və onun əməli surətdə həyata keçirilməsi də irəlilədiyimizə sübutdur. Noyabrın 10-da biz Rusiyanın "LUKoyl", İtaliyanın "ACİP", Amerikanın "Pennzoyl" şirkəti ilə daha bir müqavilə imzaladıq. Yeri gəlmişkən, deyim ki, Rusiyanın bu şirkəti böyük neft müqaviləsində də iştirak edir. Bizdə xarici şirkətlərlə yaradılmış mindən çox müştərək müəssisə var. Biz kiçik biznesi inkişaf etdiririk.

Sual: Dağlıq Qarabağda münaqişə Azərbaycanın iqtisadi inkişafını ciddi şəkildə çətinləşdirir. Necə bilirsiniz, bu münaqişəni aradan qaldırmağın nə kimi üsulları var və bununla əlaqədar Rusiya nə edə bilər?

Heydər Əliyev: Ən əvvəl deyim ki, bu münaqişə yeddi ildir davam edir. Belə bir fakt mühüm nailiyyətdir ki, il yarımdır müharibə getmir, qan tökülmür. Biz atəşin müvəqqəti kəsilməsi, barışıq haqqında sazişə nail olmuşuq və bu rejimə əməl edirik. Ümumiyyətlə, bu bir il yarımda çox iş görmüşük. Məsələn, ötən ilin dekabrında Budapeştdə ATƏT dövlətləri başçılarının görüşü Azərbaycan üçün mühüm mərhələyə çevrilmişdir. Bu, onunla bağlıdır ki, orada Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üstündə Ermənistanla Azərbaycan arasında münaqişəyə dair xüsusi qətnamələr qəbul edilmişdir. Dünən Bonndda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistanın və Azərbaycanın nümayəndə heyətləri arasında danışıqlar başa çatmışdır. Siz bilirsiniz ki, Minsk qrupu Rusiya və Finlandiyanın həmsədrliyi ilə fəaliyyət göstərir. Əlbəttə ki, biz bu növbəti danışıqlarda böyük tərəqqiyə nail olmaq ümidində idik. Amma Ermənistan tərəfinin o qədər də konstruktiv olmayan mövqeyi üzündən biz buna müvəffəq olmadıq. Lakin həmsədrlər - Rusiyadan cənab Lozinski və Finlandiyadan cənab Talvitiye tərəfindən hazırlanmış və ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin dekabrın 7-də Budapeştdə keçiriləcək görüşünə təqdim ediləcək məruzə məsələnin dincliklə nizama salınması sahəsində gələcək fəallığımız və birgə işimiz üçün zəmin yaradır. Mən bu məruzəni yaxşı sənəd hesab edirəm. Bir sözlə, biz münaqişənin dincliklə aradan qaldırılmasına tərəfdarıq, bu istiqamətdə konstruktiv mövqe tutmuşuq və fəal işləyirik.

Rusiyanın nə edəcəyi barədə sualınıza gəldikdə cavab verim ki, o, çox şey edə bilər. Əvvəla, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. İkincisi açığını deyim ki, onun Ermənistana böyük təsiri var. Buna görə də Rusiya çox şey edə bilər. Ermənistanın konstruktiv mövqe tutması təqdirində münaqişənin dincliklə aradan qaldırılmasına nail ola bilər. Siz bilirsiniz ki, Ermənistanın silahlı qüvvələri bu münaqişə ərzində Azərbaycanın ərazisinin 20 faizindən çoxunu işğal etmişdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla qovulub didərgin salınmışdır. Onlar son dərəcə ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayırlar. Odur ki, məsələnin dincliklə nizama salınmasına nail olmaqda Ermənistandan çox şey asılıdır. Rusiyanın Ermənistana təsiri isə böyükdür.

Sual: Tez-tez bir çox ən iri neft şirkətləri əsrin müqaviləsindən danışır. Həmçinin deyirlər ki, Xəzərin Azərbaycan şelfindən neftin ixracı üçün boru kəməri çəkilməsi haqqında Rusiya ilə saziş imzalanması planlaşdırılır. Bununla əlaqədar olaraq Azərbaycanın Rusiya ilə iqtisadi əməkdaşlığının perspektivləri necədir?

Heydər Əliyev: Perspektivlər yaxşıdır, əvvəla, Azərbaycandan ilkin neftin ixracı üçün boru kəmərləri, - onlardan biri Rusiya ərazisindən keçəcək, - çəkilməsi haqqında oktyabrın 9-da birim qərar qəbul etməyimiz artıq buna dəlalətdir ki, söhbət Rusiya ilə uzunmüddətli və kifayət qədər geniş əməkdaşlıqdan gedir. Yeri gəlmişkən, sənədlər yaxın vaxtlarda imzalanacaqdır və zənnimcə, biz neft kəmərinin çəkilişinə başlayacağıq. İkincisi, Rusiya müqavilədə iştirak edir. Neft müqaviləsində iştirak payının 10 faizi Rusiyanın "LUKoyl" şirkətinə məxsusdur. Bu şirkət noyabrın 10-da imzaladığımız müqavilədə sanballı paya malikdir. Həmin müqavilədə "Pennzoyl" və "ACİP" şirkətləri də iştirak edirlər. Odur ki, Rusiya ilə neft sənayesi sahəsində əməkdaşlıqdan danışmalı olsaq, deməliyəm ki, burada artıq kifayət qədər yaxşı baza, zəmin yaradılmışdır. Əlbəttə, bizim Rusiya ilə uzun müddət çox sıx əlaqələrimiz olmuşdur. Buna görə də biz bir çox digər istiqamətlərdə də əməkdaşlıq edə bilərik və edəcəyik. Mən yaxşı perspektivlər olduğunu görürəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -1998, 5-ci cild, səh. 85.

Tarixi arayış