Norveçdə Azərbaycan Diasporunun nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 24 aprel 1996-cı il


Sizin hamınızı - Norveçdə, İsveçrədə yaşayan azərbaycanlıları səmimi qəlbdən salamlayır, doğma yurdunuzdan, diyarınızdan - Müstəqil Azərbaycan Respublikasından ən qızğın salamlar çatdırıram.

Biz hansı ölkəyə gediriksə, orada azərbaycanlıların olub-olmaması ilə maraqlanırıq. Mən buraya səfərə hazırlaşanda da maraqlandım ki, Norveçdə nə qədər azərbaycanlı yaşayır. Bu barədə məlumat verdilər və bildirdilər ki, Azərbaycan-Norveç cəmiyyəti yaradılıb, ona da Rəhimov rəhbərlik edir. Buna görə də mən onu bizim nümayəndə heyətinin tərkibinə daxil edib buraya gətirmişəm.

Bilirsiniz ki, mənim səfərim bir neçə gün bundan öncə başlayıbdır. Mən Lüksemburqda olmuşam, Avropa Birliyi Xarici İşlər nazirlərinin növbəti toplantısı keçirilibdir. Bu toplantı zamanı ölkəmizin birliyə daxil olması üçün Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişin imzalanması mərasimi olmuşdur. Neçə vaxtdan bəri hazırladığımız bu saziş çox böyük əhəmiyyəti olan sənəddir. Həmin saziş imzalandı, mən və mənimlə gələnlər bu mərasimdə iştirak etdik. Orada Avropa Birliyinin rəhbərliyi ilə danışıqlar apardıq.

Sonrakı gün Brüsseldə Avropa Birliyi iqtisadi komissiyasının sədri cənab Jak Santerlə görüşümüz oldu və Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq haqqında gələcək planlarımızı müəyyən etdik. NATO-nun baş qərargahında da oldum. Bilirsiniz ki, hələ iki il bundan öncə Azərbaycan NATO-nun "Sülh naminə əməkdaşlıq" çağırışına səs veribdir və mən iki il əvvəl NATO-nun baş qərargahında olarkən həmin proqramı imzalamışam. İndi onun davamı olaraq bizim addımımızı təsdiq edən prezentasiya sənədini onlara təqdim etmişəm, sonra isə buraya gəlmişəm.

Bu gün Norveçin Baş naziri xanım Brundtlandla görüşüm olubdur, danışıqlar aparmışıq. Bunların nəticəsində bir neçə sənəd imzalanıbdır. Ən əsas sənəd Norveç ilə Azərbaycan arasında əməkdaşlığa dair birgə bəyanatdır. Bu, Norveçlə müstəqil Azərbaycan dövləti arasında aparılan ilk danışıqlardır. Birgə bəyanat və imzalanmış başqa sənədlər Norveç-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün çox yaxşı hüquqi əsaslar yaradır. Bunların zəminində də şübhəsiz ki, gələcəkdə lazımi tədbirlər görəcəyik.

Beş ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır, payızda beş il olacaqdır. Bu illər ərzində Azərbaycan çox ağır, çətin, həm də şərəfli yol keçibdir. Bu gün bir daha qeyd etmək lazımdır ki, ötən beş ildə bizim ən böyük nailiyyətimiz Azərbaycanın müstəqillik əldə etməsi və müstəqil dövlət kimi yaşayıb dünyaya özünü müstəqil bir xalq, müstəqil bir dövlət kimi tanıtmasıdır. Qarşımızda çox çətinliklər olub, ağır problemlərlə rastlaşmışıq. Xalqımız, millətimiz, dövlətimiz üçün ən ağır problem Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüzdür. Bilirsiniz ki, bu təcavüz nəticəsində Azərbaycanın ərazisinin 20 faizi işğal edilmişdir, həmin ərazilərdən bir milyondan artıq bacı-qardaşlarımız didərgin düşüblər. İşğal olunmuş torpaqlarda hər şey - şəhərlər, qəsəbələr, kəndlər, evlər, məktəblər, xəstəxanalar, tarixi abidələr dağılıb, yerlə-yeksan edilibdir. Təcavüz nəticəsində çox itkilər, şəhidlər vermişik, çoxları xəsarət alıblar. Bunlar hamısı xalqımızın başına gələn bəlalardır.

İki ildir ki, mayın 12-də iki il tamam olacaq - biz atəşi dayandırmışıq və beynəlxalq təşkilatların, böyük dövlətlərin vasitəçiliyi ilə Ermənistanla apardığımız danışıqlar nəticəsində atəşkəs haqqında saziş əldə etmişik və ona da riayət edirik. Müharibə, döyüşlər gedib, itkilər vermişik, qan tökülüb, lakin bunların bir nəticəsi olmayıb. Belə qənaətə gəlmişik ki, bu məsələnin sülh yolu ilə həll olması bizim üçün daha əlverişlidir. Ona görə də iki ildir atəşkəs rejimilə yaşayırıq və sülhə nail olmaq bu iki il ərzində dünyanın bütün imkanlarından istifadə edərək danışıqlar aparırıq. Həm Birləşmiş Millətlər Təşkilatının, həm ATƏT-in və onun Minsk qrupunun, böyük dövlətlərin - Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Türkiyənin, başqa dövlətlərin, digər beynəlxalq təşkilatların imkanları hərəkətə gətirilib, bu işə cəlb olunubdur. Ancaq təəssüf ki, istənilən nəticə əldə edilməyibdir.

İki gün öncə - arelin 22-də Lüksemburqa gələn günü mən Ermənistan prezidenti Ter-Petrosyanla görüşüb çox ətraflı danışıqlar aparmışam. Biz birgə bəyanat vermişik ki, bundan sonra da atəşkəs rejimini qoruyub saxlayacaq, sülh danışıqlarını davam etdirəcək, məsələnin sülh yolu ilə həllini və beynəlxalq hüquq normalarına riayət olunmasını təmin edəcəyik. Hesab edirəm ki, indiki mərhələdə danışıqlarımızın belə bir nəticəsi lazımdır. Bu, onu göstərir ki, danışıqların gələcəkdə də aparılması üçün şərait yaranır.

Ancaq əsas nəticə əldə olunmayıb. Ona görə ki, Ermənistan tərəfi özünün üstünlüklərindən istifadə edərək, - üstünlük isə bundan ibarətdir ki, ərazimizin 20 faizi işğal olunub, Dağlıq Qarabağın ətrafında yeddi rayon da işğal edilib, bir milyondan çox vətəndaşlarımız qaşqın düşübdür. Belə olan halda Ermənistan, əlbəttə, öz üstünlüyünü bilir, - digər tərəfdən də böyük ölkələrdə, kiçik ölkələrdə olan (bilmirəm, burada erməni var, ya yox, amma Amerika Birləşmiş Ştatlarında bir milyondan artıq, Fransada 400 mindən çox erməni yaşayır. Bunların əksəriyyəti də uzun müddət həmin ölkələrdə yaşadığına görə o mühitə uyğunlaşmış adamlardır, o ölkələrin vətəndaşlarıdır, çox varlıdırlar. Təəssüf ki, yaşadıqları ölkələrin siyasətinə, mövqeyinə təsir edə bilirlər) erməni diasporunun böyük imkanlarından istifadə edərək, eyni zamanda bunların vasitəsilə bir neçə böyük dövlətin dəstəyinə nail olaraq iddialarından əl çəkmirlər. İddiaları da ondan ibarətdir ki, Dağlıq Qarabağa dövlət müstəqilliyi almaq, beləliklə də Azərbaycanın ərazisinin bir hissəsini ələ keçirmək istəyirlər.

Şübhəsiz ki, biz buna razı ola bilmərik. Aprelin 22-də mən Lüksemburqda olarkən Ermənistan prezidenti Ter-Petrosyana bir də dedim ki, biz heç vaxt buna razı olmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Torpaqlarımızın bir qarışını da başqasının əlinə keçməsinə imkan verə bilmərik və bundan sonra da verməyəcəyik. Mən ona dedim ki, bu məsələnin geci-tezi var, hec bir münaqişə sizin dediyiniz kimi aradan qaldırıla bilməz. Bizim hüququmuz var, beynəlxalq hüquq normaları var, Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlət kimi onun ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bərpa edilməli, təmin olunmalı və qorunmalıdır. Əgər biz bunu bu gün edə bilmiriksə, sabah edəcəyik, sabah da edə bilməsək sonrakı aylarda, illərdə edəcəyik. Ona görə də bu barədə heç bir güzəştə gedə bilmərik.

Güzəştimiz ondan ibarət ola bilər ki, mövcud reallığı nəzərə alaraq Dağlıq Qarabağda yaşayan ermənilərə (orada təxminən yüz minə qədər erməni yaşayır) Azərbaycanın tərkibində muxtariyyət statusu verək. Bundan artıq heç bir çey edə bilmərik. Mən bunu Ermənistan prezidentinə bir daha bəyan etdim. Onu dəvət etdim ki, reallığı anlasınlar, bilsinlər ki, bir hədd var, biz onu keçə bilmərik. Anlasınlar ki, daim belə şəraitdə yaşamaq olmaz. Mən ona bildirdim ki, Ermənistan və Azərbaycan taleyin xalqımıza verdiyi yerlərdir, heç kim buradan köçməyəcək, biz qonşuyuq və qonşu kimi yaşamalıyıq. Amma daimi düşmənçilik ola bilməz, daim düşmənçilik vəziyyətində yaşamaq olmaz. Bu, onların özlərinə də böyük zərər vurur. Ancaq iş də bundadır ki, ermənilərdə bir xüsusiyyət var - öz istəklərinə nail olmaq üçün hər bir ağır, çətin vəziyyətə dözürlər. Məsələn, Dağlıq Qarabağ böyük bir yer deyildir. Əgər Amerikada bir milyondan çox, Rusiyada bəlkə də iki milyon, Fransada 400 mindən çox erməni yaşayırsa, Ermənistanın özündə cəmi üç milyon yarım erməni yaşayır. Yüz min erməninin məskun olduğu Dağlıq Qarabağdan ötrü səkkiz ildir ki, Ermənistan özünü çox ağır vəziyyətə salıbdır.

Bu müharibədə bizə çox zərbələr dəyib, torpaqlarımız işğal olunubdur. Ancaq demək olmaz ki, ermənilər nə isə böyük bir şey udublar. Ermənistan da çox ağır iqtisadi vəziyyətdədir, çox böyük problemlər var. Belə bir vəziyyətdə, yaxud Dağlıq Qarabağda yüz min erməni daim hərbi vəziyyətdə, silah altında yaşaya bilməz. İnsanlar azad olmalı, asudə olmalıdır, daim hərbi vəziyyətdə yaşaya bilməzlər. Yenə deyirəm, ermənilərin bir xüsusiyyəti də ondan ibarətdir ki, istədiklərinə nail olmaq üçün ən yaxşı yaşayan erməni də cəfaya, əziyyətə dözür ki, ermənilər əhval-ruhiyyəsini həyata keçirsin. Bu da Qafqazda çox təhlükəli bir amildir. Azərbaycan heç vaxt unutmamalıdır, erməni millətçiləri, daşnaklar və onların bugünkü törəmələri, "Böyük Ermənistan" iddiası ilə yaşayanlar o fikirlərdən əl çəkməyiblər, imtina etməyiblər. Ona görə də bütün bu əzab-əziyyətlərə dözürlər ki, istədiklərinə nail olsunlar.

Biz isə heç vaxt yol verə bilmərik ki, Azərbaycan xalqının mənafeyinin ziyanına olaraq ermənilər özlərinin bu çirkin iddialarını həyata keçirə bilsinlər. Ona görə də belə kəskin vəziyyət yaranmışdır. Ancaq bu vəziyyətdən çıxış yolunu mən yenə də sülh danışıqlarında və bu barədə prezident Ter-Petrosyanla açıq danışıb bəyanatlarımı verdim. Biz bu danışıqları aparacağıq, bu işləri görəcəyik və görürük. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olacağıq. Mən buna inanıram, əminəm və siz də əmin ola bilərsiniz.

Eyni zamanda hər bir azərbaycanlı bilməli və hazır olmalıdır ki, əgər bizim bütün bu cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olur-olsun, - canımızın, qanımızın bahasına da olsa, - işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olur-olsun yerinə yetirəcəyik. Buna əmin ola bilərsiniz.

Azərbaycanda müstəqil dövlət yaşayır və yaşayacaqdır. Dediyim kimi, Azərbaycanın müstəqilliyi bizim üçün böyük nailiyyətdir. Bu nailiyyəti göz bəbəyi kimi qoruyub saxlamalıyıq və biz bunu edirik. Bir Prezident kimi mən özümün ən ümdə, ən ülvi, ali vəzifəmi bunda görürəm. Azərbaycanda demokratiya prinsipləri, insan azadlığı, söz, fikir azadlığı prinsipləri bərqərar olur. Azərbaycan yeni bir həyata başlayır, dəyişikliklər gedir. Şübhəsiz ki, bu dəyişikliklər bir günə, iki günə mümkün deyildir. Azərbaycan bundan sonra demokratik, hüquqi, dünyəvi, yəni sivilizasiyalı dövlət kimi yaşayıb, inkişaf etməlidir.

Bundan ötrü biz islahatlar aparırıq. Xüsusən iqtisadi islahatlar, özəlləşdirmə keçiririk və bunlar indən sonra daha sürətlə keçiriləcəkdir. Aqrar sektorda islahatlar aparılır, başqa demokratik islahatlar keçirilir. Yəni addım-addım, ardıcıl olaraq bu yolla gedirik və gedəcəyik. Azərbaycanın keçmişini də yaxşı bildiyimə görə, bu gün də mən rəhbərlik etdiyim üçün hər şeyi bildiyimə görə və respublikanın gələcəyinə də öz baxışım olduğuna görə əminəm və siz də əmin ola bilərsiniz ki, müstəqil Azərbaycanın böyük, çox parlaq, gözəl gələcəyi var. Biz bu gələcəyə çatacağıq, sonrakı nəsillər bunun bəhrələrini bəlkə bizdən də çox görəcəklər. Azərbaycan bu yoldan dönməyəcək və mən hesab edirəm ki, heç vaxt dönməməlidir.

Bu illərdə Azərbaycanın daxilində cürbəcür proseslər gedibdir. Bu da təbiidir, Sovetlər İttifaqının dağılması ərəfəsində, dağılması dövründə proseslər olubdur. Şübhəsiz ki, bunlar müəyyən mənada təbiidir. Amma ola bilərdi ki, bu proseslər daha zərərsiz getsin. Təəssüf ki, bunlar Azərbaycan xalqı üçün çox zərərli olubdur. Fikrimi bir də aydınlaşdırmaq istəyirəm ki, bu ictimai-siyasi proseslər təbiidir, olmalı idi. Ancaq bu proseslər müəyyən qədər idarə olunsaydı, ağıllı şəkildə istiqamətləndirilsəydi xalq üçün, cəmiyyət, millət üçün bəlkə də az zərərlə keçə bilərdi. Amma bunlar olmadığına görə Azərbaycan çox zərbələr aldı.

Acınacaqlıdır ki, Azərbaycanda dövləti silah gücünə devirmək cəhdi adi bir hala çevrilmişdi. Bu dəfə, ilk dəfə silahlı çevriliş edilibdir. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandı. O vaxt - məlumatınız olub, ya yox, bilmirəm, - Azərbaycan parçalanırdı. Mənim isə, - tərcümeyi-halım sizə məlumdur, deməyə ehtiyac yoxdur, - baxmayaraq ki, o vaxt Sovetlər İttifaqının rəhbərlərindən biri idim. Moskvada yaşayırdım, oradan təcrid olundum. Azərbaycanın paytaxtı Bakıya - yaşadığım, yaratdığım yerə gəldim, oradan da təcrid olundum. Sonra gedib, doğulduğum yerdən Naxçıvandan təcrid olunmuş vəziyyətdə yaşayırdım. Hesab edirdim ki, belə də yaşamaq olar, insan hər bir cəfaya dözməlidir. Ancaq 1993-cü ilin iyununda Azərbaycanda böyük bir böhran, dövlət böhranı yarandı, vətəndaş müharibəsi başlandı. Azərbaycan artıq parçalanmışdı.

O vaxt məni Bakıya dəvət etdilər. Mən elə Azərbaycanda idim, amma ucqar yerdə, Naxçıvanda idim, Bakıya gəldim və bildiyiniz kimi, fəaliyyətə başladım. Bir-iki aydan sonra üç il olacaq ki, mən yenə də Azərbaycana rəhbərlik edirəm. Təəssüflər olsun ki, bu müddətdə də biz çox böyük, ağır çətinliklərlə rastlaşdıq. Ayrı-ayrı silahlı dəstələr 1994-cü ilin oktyabrında Azərbaycanda yenə çevriliş etmək istədilər. Eşitmisiniz, bilirsiniz, mən xalqa müraciət etdim, camaat Prezident sarayının ətrafına toplaşdı. O adamlar ki, silah gücünə dövləti devirmək istəyirdilər, biz onları dağıtdıq.

Təəssüf ki, bu zərərli ənənə Azərbaycanda bəzilərinin qanına o qədər işləyib ki, ondan əl çəkə bilmirlər. 1995-ci ilin martında yenidən çevriliş etmək istədilər. Bizim bəzi gənclərimiz tələf oldu, ancaq bu cəhdin də qarşısını aldıq. Bundan sonra yenidən çevriliş hazırlamaq, terror aktlarına keçmək istədilər. Mənə qarşı yönəldilmiş bir neçə terror aktının qarşısı alındı. Hətta 1995-ci ilin iyununda mən Rumıniyadan Azərbaycana qayıdarkən uçduğum təyyarəni raketlə vurmaq məqsədi ilə işlər görülmüşdü. Allah bizi o bəladan, xətadan qurtardı, təyyarəni vura bilmədilər. Sonra bu işin təşkilatçıları yaxalandı, hazırlanmış həmin raket də tapıldı. Bunlar hamısı bizim aramızda olub və öz şəxsi məqsədlərini, mənafelərini xalqın mənafeyindən üstün tutan adamlardır. Əgər bir-birimizə daxildən zərbə vursaq yenə dərd yarıdır. Bütün bunlar Azərbaycana olan təcavüzə kömək edir, düşmənin dəyirmanına su tökür və ölkəmizin ümumi, qlobal mərasimlərinin, hərbi təcavüzündən xilas olmaq, ərazi bütövlüyümüzü təmin etmək məsələlərinin həllinə maneçilik törədir, böyük zərbələr vurur.

Mən bilirəm, hələ 1990-cı ilin yanvar faciəsi zamanı siz Azərbaycana qarşı olan təcavüzə bu ölkələrdə öz etirazınızı bildirmişsiniz. Azərbaycanda xalq meydanlara çıxıb respublikada o vaxtkı kommunist rejiminin əleyhinə mitinqlər keçirərkən onunla həmrəy olmuş, onu dəstəkləmişsiniz. Hesab edirəm, bunlar hamısı çox gözəl nümunələr, xidmətlərdir.

Təəssüflər olsun ki, o vaxt vətənpərvərlik, milli azadlıq əhval-ruhiyyəsi ilə yaşayan bəzi adamlar sonra mənəviyyatca pozulub cinayətkarlara çevrilibdir və bəziləri dövlət çevrilişi cəhdlərində iştirak etdilər. Bir hissəsi həbs olundu, bəziləri qaçıb Moskvada, Rusiyanın başqa şəhərlərində gizlənirlər. Məsələn, ola bilər xatirinizdədir, o vaxt Xalq Cəbhəsinin başçılarından biri olan Rəhim Qaziyevi 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar həbs edib, səkkiz ay Moskvada saxlamışdılar. Azad edilib Azərbaycana qayıtdıqdan sonra hamı sevinir, bayram edirdi ki, Rəhim Qazıyev kimi bir şəxs geri qayıtmışdır. Amma sonrası nə oldu? Heç bir təcrübəsi olmayan bu adam Xalq Cəbhəsinin hakimiyyəti dövründə müdafiə naziri oldu, xəyanət etdi. Bizim Şuşa, Laçın kimi yenilməz qalalarımızın düşmənə təslim edilməsinin iştirakçısı oldu, başqa cinayətlər də etdi. 1993-cü ildə də vətəndaş müharibəsini törədənlərdən biri o idi. Bu hadisələrə görə onu məsuliyyətə cəlb edərkən, izahat tələb edərkən qaçdı. Onu həbs etdilər, istintaq apardılar. Lakin xarici ölkələrin xüsusi xidmət dairələrinin vasitəsilə həbs etdilər və Bakıya gətirdilər.

Azərbaycanda qısa müddət Kommunist Partiyasına rəhbərlik etmiş, sonra az müddət prezident olmuş Ayaz Mütəllibov dörd il bundan öncə xalq tərəfindən qovulubdur. Dörd ildir ki, Moskvada oturub cürbəcür təxribat işləri aparır. Özünün guya yenə də hakimiyyətə gəlməsi üçün terrorçular hazırlayıb göndərir, raketlə təyyarəni vurdurmaq istəyir, min dənə iş görür. On-on beş gün öncə onu da Moskvada həbs ediblər. Bilmirəm, Azərbaycana verəcəklər, ya verməyəcəklər, çünki gedib orada onlara sığınıb və deyir ki, sizi hamıdan çox istəyirəm, sizin vətəninizi öz vətənimdən də çox istəyirəm. Ona görə onu müdafiə edənlər də var.

Təəssüf ki, Xalq Cəbhəsinin daxilində də öz əqidəsini dəyişən, mənəviyyatca pozulan adamlar çox oldu. Ona görə də bütün bunlar Azərbaycanın daxilində çox ağır nəticələrə gətirib çıxardı. Allaha şükürlər olsun ki, biz bu çətinliklərin hamısının öhdəsindən gələ bildik.

Keçən ilin noyabrında biz müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. Bu, böyük tarixi hadisədir. Konstitusiya Azərbaycanda demokratik, güclü dövlətin yaranıb yaşaması üçün böyük proqramdır. Azərbaycanda ilk demokratik parlament seçkiləri keçirildi. Artıq bizim demokratik parlamentimiz var, o işləyir. Mənimlə birlikdə buraya parlamentimizin səkkiz-doqquz üzvü də gəlmişdir. Parlamentdə bir sıra partiyalar təmsil olunubdur. Məsələn, Xalq Cəbhəsi də, Milli İstiqlal Partiyası da, Yeni Azərbaycan Partiyası, Demokratik İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və başqa partiyalar da təmsil ediliblər. Yəni bizdə çoxpartiyalı sistem var. 30-dək partiya qeydiyyatdan keçibdir. Doğrudur, əksəriyyəti çox zəifdir, platformalarında böyük fərq də yoxdur. Bu partiyaların əksəriyyəti Azərbaycanın müstəqil dövlət kimi yaşamasını, inkişaf etməsini istəyir. Ancaq təəssüf ki, bəzilərində, - ola bilər, özlərində yox, başçılarında - siyasi hikkə, iddialar olduğuna görə Azərbaycanın müstəqilliyi üçün birləşməkdə hələ ki, lazımi addımlar ata bilməyiblər. Ancaq mən inanıram ki, biz bu mərhələni də keçib gedəcəyik.

Azərbaycanın daxilində fikir azadlığı, söz azadlığı, dünya baxışlarında fərqin olması təbiidir. Bunlarla bərabər Azərbaycanın ülvi məqsədlərinin ətrafında hamı birləşməlidir. Bu məqsədlər nədən ibarətdir: Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, ərazi bütövlüyünü təmin etmək, Azərbaycanı Ermənistanın təcavüzündən xilas etmək. Bunun üçün hamı birləşməlidir. Mən açıq deməliyəm, ermənilər bu sahədə çox birləşə bilirlər, amma təəssüf ki, azərbaycanlılar birləşmək qabiliyyətinə hələ istənilən qədər malik deyillər. Amma güman edirəm ki, bu da olacaqdır.

Xalqımız yeni bir inkişaf dövrünü keçirir. Biz bu dövrü də keçməliyik. Bundan sonra xalqımız daha da yüksələcəkdir. Dünyada 40 milyondan artıq azərbaycanlı yaşayır. Burada, belə bir şimal ölkəsində 1500 azərbaycanlının yaşaması özü böyük qüvvədir. Ancaq elə ölkələr var ki, orada milyonlarla azərbaycanlı yaşayır. Azərbaycanlıların vətəni var - müstəqil Azərbaycan dövləti, azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla, müstəqil Azərbaycanla bir vurmalıdır. Harada yaşayır-yaşasın - Norveçdə, İsveçrədə, Amerikada, Fransada, İngiltərədə, başqa ölkələrdə, - fərqi yoxdur. Güman edirəm, o gün gəlib çatacaq ki, başqa ölkələrdə, yəni Azərbaycanın hüdudlarından kənarda azərbaycanlılar daha çox təşkilatlanacaq, birləşəcək, bir-biri ilə daha da mehriban, səmimi olacaqdır. Bu, həm Azərbaycan xalqının birliyini, həmrəyliyini təmin edəcək, həm də müstəqil Azərbaycanı bütün dünyada dəstəkləyəcək, müdafiə edəcəkdir. Biz buna nail olmalıyıq. Güman edirəm ki, buna doğru aparan yollar da artıq açıqdır, aydındır, hesab edirəm, bizim üçün müəyyəndir. Ona görə də əminəm ki, xalqımız getdikcə daha da yaxınlaşacaq, birləşəcəkdir.

Güman edirəm ki, mənim bu sözlərimdən hərə özü üçün nə lazımsa götürəcəkdir. Ancaq bir şey məni narahat edir ki, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar bəzən parçalanırlar. Burada dediniz ki, iki təşkilat yaratmısınız, biri assosiasiyadır, o birisi kültür dərnəyidir. Bu, ola bilər, şübhəsiz, mən demirəm ki, hamı bir təşkilat olsun. Ancaq bu təşkilatlar eyni istiqamətdə işləyirlərsə, bir-biri ilə dostdurlarsa, qoy olsun. Yaxud kiçik bir yerdə bir təşkilat digəri ilə rəqabət aparırsa, ya da bəzən bir-birinə zidd gedirsə bu, lazım deyildir. Kənardan bizə olan mənfi hərəkətlər kifayətdir, lazım deyildir. Öz aramızda səmimi, dost, mehriban olmalıyıq, bir-birimizə kömək etməliyik, bir-birimizin qayğısına qalmalıyıq. Bu, "Qurani-Şərif"in bizə verdiyi nəsihətlərdir, xalqımızın, millətimizin əsrlər boyu, tarixdən gələn ənənələridir, azərbaycanlıların ən yüksək keyfiyyətləri, xüsusiyyətləridir. Bunları itirmək lazım deyildir, əksinə, hər kəs özündə toplamalı və başqasına da çatdırmalıdır ki, hamımız bir olaq. Azərbaycanlılar əsl azərbaycanlı olmalıdır, vətənpərvər olmalıdır, vətənini, dilini, dinini sevməlidir və vətənə öz qayğısını göstərməlidir. Mən sizi buna dəvət edirəm.

Şübhəsiz ki, Azərbaycan dövləti qüvvətləndikcə, iqtisadi cəhətdən gücləndikcə öz hüdudlarından kənarda yaşayan soydaşlarına da qayğısını və diqqətini artıracaqdır. Bu gün də qəlbimizdə bu qayğılar var, indi də bu, bizim üçün böyük vəzifədir. Ancaq gələcəkdə bu, daha da artacaqdır. Ona görə gəlin əl-ələ verək, bir olaq, müstəqil Azərbaycanı yaşadaq, irəliyə aparaq.

Sizin hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Hamınıza arzu edirəm ki, Azərbaycanla daim əlaqədə olasınız. Sağ olun.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyənatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 6-cı cild, səh. 174