Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfərə yola düşərkən Binə Hava Limanında jurnalistlərə müsahibəsi - 1 iyul 1996-cı il


Almaniya ilə ölkəmiz arasında münasibətlər yaxşıdır. Mən Almaniya rəhbərləri ilə - həm prezident Roman Hersoq, həm də federal kansler Helmut Kol ilə beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə görüşmüşəm. Almaniyanın xarici işlər naziri cənab Klaus Kinkel ilə xarici ölkələrdə bir necə dəfə görüşümüz olub. Onun Azərbaycana rəsmi səfəri zamanı bir çox geniş danışıqlar aparmışıq.

Almaniya təkcə Azərbaycana deyil, ümumiyyətlə, regionumuza, keçmiş Sovet İttifaqına mənsub olmuş ölkələrə böyük diqqət yetirir, onların barəsində çox prinsipial mövqe tutur. Xüsusən Ermənistan-Azərbaycan münaqişəsində də Almaniyanın mövqeyi birmənalıdır. Belə ki, onlar Azərbaycanın ərazi bütövlüyünü

tanıdıqlarını qəti şəkildə elan ediblər, məsələnin ədalətlə həll olunmasına tərəfdardırlar. İndi Minsk qrupunun həmsədrlərindən biri - Finlandiya nümayəndəsi dəyişdiriləcəkdir. Buna görə də Almaniya həmsədrlərdən biri olmaq istəyir. Bizim bu barədə də söhbətlərimiz olacaqdır.

O ki qaldı Almaniya ilə iqtisadi əlaqələrimizə, bu əlaqələr də inkişaf edir. Bildiyiniz kimi, Almaniyanın 45 şirkət və firmasının Azərbaycanda nümayəndəlikləri var. Güman edirəm ki, mənim səfərim zamanı keçirəcəyimiz görüşlərin əsas mövzusu iqtisadi əlaqələrin genişlənməsi ilə, Almaniyanın Azərbaycana daha çox sərmayə qoyması ilə bağlı olacaqdır. Biz bu məsələlər barəsində həm federal kansler cənab Helmut Kol ilə, həm də ölkənin işgüzar dairələrinin nümayəndələri ilə ətraflı söhbət edəcəyik. Buna görə də bu səfər çox əhəmiyyətli səfərdir.

İndi Almaniya dünyanın böyük ölkələrindən biridir. Avropada çox mühüm yer tutur. Mən bunları nəzərə alaraq bu səfərə xüsusi qiymət verirəm.

- Cənab prezident, Almaniya kimi nüfuzlu və güclü bir dövlət tərəfdaşlarını özü müəyyənləşdirir. Bu mənada Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıqda ən çox hansı sahələr üstünlük təşkil edir?

- Bilirsinizmi, onlar ən çox energetika, metallurgiya sahələrimizə maraq göstərirlər. İndi onların bizim neft və qaz sahəsinə də marağı artmışdır. Sözlərim eləcə də kimya, maşınqayırma sahələrinə aiddir. Almaniya bu sahələrdə çox yüksək nailiyyətlərə, çox güclü şirkətlərə, ümumiyyətlə böyük imkanlara malikdir. Əgər həmin sahələrdə, eləcə də başqa sahələrdə biz onlarla əməkdaşlığı yaxşı qura bilsək, onda hər iki tərəf, yəni həm Almaniya, həm də Azərbaycan mənfəət götürə biləcəkdir.