Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kаnаdаnın Mərkəzi və Şərqi Avrоpа, Yахın Şərq üzrə Dövlət kаtibi Qаr Nutsоnun bаşçılıq еtdiyi nümаyəndə hеyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 12 nоyаbr 2002-ci il


Аzərbаycаn Prezidenti Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, səfərin Kanada–Azərbaycan əlaqələrinin inkişafı üçün əhəmiyyətli olacağını bildirdi. Dövlətimizin başçısı dedi ki, biz Kanada ilə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Ötən illərdə bu sahədə müəyyən işlər görülsə də, Kanada–Azərbaycan əlaqələri hələ istənilən, bizim arzu etdiyimiz səviyyədə deyildir. Güman edirəm, siz də bu əlaqələrin inkişafını lazımlı bilirsiniz.

Səmimi qəbul üçün təşəkkür edən cənab Qar Nutson Azərbaycan prezidentinə Kanadanın Baş nazirinin, eləcə də ölkəsinin Xarici İşlər nazirinin salamlarını yetirdi. O, Bakıya səfərin məqsədindən danışaraq dedi ki, mən özüm və nümayəndə heyətinin üzvləri bu regionla əlaqələrə cavabdeh olan şəxslərik. Sizin regionla, o cümlədən Azərbaycanla müxtəlif sahələrdə əlaqələri genişləndirmək əzmindəyik. Bu həm ticarət-iqtisadi, həm də xarici sərmayə sahələrini əhatə edir. Diplomatik əlaqələrə də xüsusi fikir veririk.

Biz keçmiş sovet sistemindən yeni sistemə keçidlə bağlı çətinliklərin aradan qaldırılmasında əlimizdən gələn köməyi etməyə hazırıq.

Qonaq onu da vurğuladı ki, regionda öyrənməli şeylər də çoxdur və onlar bunu istəyirlər.

Sonra cənab Nutson başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini dövlətimizin başçısına təqdim etdi.

Kanada nümayəndə heyətinin üzvü, bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Maykl Leir Prezident Heydər Əliyevə müraciətlə dedi ki, mən Kanadanın Türkiyədəki səfiriyəm. Ümid edirəm ki, bir necə həftədən sonra etimadnaməmi də Sizə təqdim edəcəyəm. Kanada ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirmək üzrə əsas ağırlıq mənim üzərimə düşəcəkdir.

Nümayəndə heyətinin digər üzvləri də məşğul olduqları sahələr barədə məlumat verdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları dinləyərək dedi ki, siz bu gün çoxlu görüşlər keçirmisiniz. Xüsusən, Xarici İşlər Nazirliyində görüşünüz olub, əsas məsələləri müzakirə etmisiniz. İqtisadi İnkişaf Nazirliyində də olmus, yəqin ki, iqtisadi məsələlər haqqında geniş fikir mübadiləsi aparmısınız. Çünki əlaqələrimizin inkişaf etdirilməsi üçün diqqəti iqtisadi əməkdaşlığa yönəltməliyik. Bu sahədə bəzi addımlar atılıb, ancaq hələ ki, Kanada iş adamlarının Azərbaycanda çox böyük iş görməsini müşahidə etmirəm. Amma burada Kanada biznesi üçün çox yaxşı şərait var.

Prezident Heydər Əliyev vurğuladı ki, dünyanın böyük, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biri kimi, Kanada Qafqaz regionunda, xüsusilə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməlidir. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan vaxtilə müəyyən səbəblərdən Azərbaycan torpaqlarının bir qismini işğal edibdir. Oradan bir milyona qədər insan zorla çıxarılıbdır. Biz məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Bu sahədə ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq edirik. Kanada da ATƏT-in üzvüdür və bu məsələ həmişə ATƏT-in gündəliyində olub, müzakirə edilibdir. Mən ATƏT-in sammitində Kanadanın Baş naziri ilə də görüşüb, bu barədə söhbət etmişdim. 

AzərTAc