Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıdakı xarici ölkə səfirliklərinin başçıları, beynəlxalq və humanitar təşkilatların nümayəndələri ilə görüşdə yeni il təbriki - 30 dekabr 1994-cü il


Biz 1995-ci ili qarşılayırıq. Mən bu gün, Yeni il ərəfəsində xarici ölkələrin Azərbaycanda olan səfirləri ilə görüşməyi özüm üçün zəruri hesab etdim. Azərbaycan hər ay, hər il öz dövlət müstəqilliyini təsdiq etmək, inkişaf etdirmək istəyir və buna görə də xarici ölkələrlə əlaqələri daim genişləndirməyə çalışır.

Hesab edirəm ki, 1994-cü il bu baxımdan çox əhəmiyyətli olubdur. Bu il Azərbaycanın xarici ölkələrlə əlaqələri genişlənib, inkişaf edib, möhkəmlənibdir. Bu işdə xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əlaqələr, onlarla aparılan iş və onların fəaliyyəti yüksək qiymətə layiqdir. Ona görə də mən bu gün sizinlə görüşüb, sizi salamlamağı lüzumlu hesab etmişəm. Sizinlə çox səmərəli əməkdaşlıq etdiyimizə görə məmnun olduğumu bildirmək istəyirəm.

Sizə - xarici ölkələrin buradakı səfirliklərinə, beynəlxalq təşkilatların təmsilçilərinə, müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən nümayəndəliklərinin hamısına bu əlaqələrin inkişaf etməsi üçün göstərdikləri fəaliyyətə görə təşəkkürümü bildirirəm. Sizi Yeni il - 1995-ci il münasibətilə ürəkdən təbrik edirəm, işlərinizdə uğurlar, həyatınızda xoşbəxtlik, səadət və əmin-amanlıq arzulayıram, təmsil etdiyiniz ölkələrin xalqlarını, dövlətlərinizin, hökumətlərinizin başçılarını təbrik edirəm. Ölkələrinizə, xalqlarınıza və dövlətlərinizin başçılarına Yeni il təbriklərimi və salamlarımı göndərirəm.

Yeni iliniz mübarək olsun! Hamınıza Yeni ildə xoşbəxtlik diləyirəm. Sağ olun.