Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda keçirilən Dağıstan mədəniyyət günlərində Dağıstan incəsənət ustalarının konsertinə baxdıqdan sonra yaradıcı kollektivlə görüşdə çıxışı - Respublika sarayı, 12 mart 1999-cu il


Sizi Azərbaycanda səmimi salamlayır və Azərbaycanda Dağıstan mədəniyyəti günlərinin başlanğıcı olan gözəl çıxışınız münasibətilə ürəkdən təbrik edirəm.

Bu, Azərbaycan üçün də, Dağıstan üçün də böyük hadisədir. Xalqlarımız, ölkələrimiz bir - biri ilə həmişə sıx bağlı olmuşlar, indi isə buna xüsusi zərurət və xüsusi tələbat var. Siz də məhz bu məqsədə xidmət edirsiniz. Öz sənətinizlə, öz çıxışlarınızla Dağıstanla Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına kömək edirsiniz. Bu baxımdan Azərbaycanda Dağıstan mədəniyyəti günləri böyük əhəmiyyətə malikdir.

Bu günlərin başlanmasına mən çox şadam və əminəm ki, Azərbaycanda olmağınız xalqlarımızı, dövlətlərimizi, ölkələrimizi, şübhəsiz, daha da yaxınlaşdıracaqdır.

Bu gün siz Dağıstan xalqının parlaq incəsənətini nümayiş etdirdiniz. Dağıstan nadir ölkədir. Zənnimcə, dünyada Dağıstan kimi ölkə yoxdur. Əlbəttə, bu ölkənin zəngin təbiəti var, ancaq ən çox öz gözəl insanları və çoxmillətli tərkibi ilə zəngindir. Təkrar edirəm, mən dünyada elə bir ölkə tanımıram ki, Dağıstan kimi kiçik bir ərazidə bir çox millətlərdən olan insanlar yaşasın və özü də gözəl yaşasınlar. Bu gün siz öz çıxışınızla Dağıstanın bu rəngarəngliyini, çoxmillətliliyini olduqca parlaq şəkildə nümayiş etdirdiniz.

Şəxsən mən və Azərbaycan xalqı Dağıstanı yaxşı tanıyırıq. Biz sizin tarixinizə, mədəniyyətinizə, incəsənətinizə də bələdik. Bu gün siz yüksək səviyyəli, yüksək nailiyyətlərini göstərdiniz. Müxtəlif dillərdə - avar, dargin, qumuq, lak, ləzgi və Dağıstanın bir çox digər dillərində mahnıları dinləmək xoş idi. Əlbəttə, rəqslərinizi görmək də xoş idi. Siz virtuozsunuz. Əlbəttə, İqor Moiseyevin bizim hamımız üçün məşhur olan, rəqs sənətinin həqiqətən yüksək səviyyəsinə yiyələnmiş ansamblı var. Qafqazın - Azərbaycanın da, Gürcüstanın da, başqa xalqların da rəqs ansamblları var. Biz Azərbaycanın rəqs ansamblını çox yüksək qiymətləndiririk. Ancaq bu gün sizin göstərdiklərinizi, açığını deyəcəyəm, mən əvvəllər Dağıstanda görməmişdim.

Mən Dağıstan xalqlarının gözəl rəqslərinin dəfələrlə şahidi olmuşam, amma "Ləzginka" məşhur ansambldır. O, bütün dünyanı gəzib dolaşmışdır və özünün yüksək ustalığını bu gün də saxlayır. Bu gün siz "Ləzginka"nın çıxışından əlavə, çoxmillətli Dağıstana aid bir çox digər şeylər də göstərdiniz.

Buraya gəldiyinizə görə, Dağıstan mədəniyyətini Azərbaycanda göstərməyə başladığınıza görə sağ olun. Mən bunu çox böyük hadisə hesab edirəm, incəsənət və mədəniyyət qazandığınız əla uğurlar münasibəti ilə sizi təbrik edirəm.

Dağıstan Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Biz Dağıstanla, Dağıstan xalqları ilə dostluqdan danışdıqda Azərbaycan və Rusiya Federasiyasının dostluğundan danışırıq. Mən Dağıstanı yaxşı tanıyıram və Rusiya Federasiyasının ən cənub hüdudlarında onun dayağı, Rusiya ilə Azərbaycan arasında dostluğun çox mühüm vəsiləsisiniz. Biz Rusiya ilə münasibətlərimizin möhkəmlənməsi və inkişafı üçün mümkün olan hər şeyi edəcəyik.

İqtisadi əməkdaşlıq yaxşı inkişaf edir. Digər bütün sahələrdə də xoş cəhətlər olduqca çoxdur. Ancaq Azərbaycan ilə Rusiya arasında hərtərəfli, çoxsahəli dostluq münasibətlərindən və sıx əməkdaşlıqdan danışa bilməyimiz üçün bütün bunlar hələlik çox azdır. Biz bu baxımdan səy göstərir və göstərəcəyik. Buna Rusiya tərəfi də çalışır. Bu işdə Dağıstan da çox mühüm yer tutur, onun xüsusi rolu var, çünki siz Azərbaycana çox yaxınsınız, eləcə də Azərbaycan sizə tarix, milli ənənələr, adətlər, din, müəyyən qədər dil baxımından yaxındır. Bütün bunlar Dağıstan - Azərbaycan dostluğu vasitəsilə Rusiya - Azərbaycan dostluğu və əməkdaşlığını da möhkəmlətmək üçün yaxşı zəmin yaradır.

Şadam ki, sizin belə istedadlarınız, yaxşı müğənniləriniz var. Naida xanım bunu mənə demişdi. Şadam ki, Dağıstan xalqlarının incəsənəti belə yüksək səviyyədədir. Çox şadam, sözün düzü, buraya gəlməyə hazırlaşarkən bilirdim ki, konsert yaxşı olacaq, amma güman etmirdim ki, belə gözəl olacaqdır.

Sizə cansağlığı, firavanlıq, yeni - yeni yaradıcılıq uğurları arzulayıram. Dağıstan ilə Azərbaycan arasında dostluğu, qardaşlığın möhkəmlənməsi sahəsində sizin tərəfinizdən də, Azərbaycanın mədəniyyət xadimləri tərəfindən də yeni - yeni səylər göstərilməsini arzu edirəm.

Naida Əbdülhəmidova (Dağıstanın mədəniyyət naziri): Heydər Əliyeviç, Azərbaycanda Dağıstan mədəniyyəti günlərinin keçirilməsini lazım bildiyinizə görə, vaxt tapıb konsertimizdə olduğunuza görə çox sağ olun. Hesab edirəm ki, Azərbaycanda bütün gözəl işlər Sizin xoş məramınızla başlayır. Bizim Dağıstan dövlətinin başçısı Məhəmmədli Məhhəmmədoviç də Azərbaycanla əməkdaşlığa aid bütün təşəbbüslərinizi həmişə dəstəkləyir. Azərbaycanda bu qəbula görə çox sağ olun.

Bu gün biz iki mühüm tədbir keçirdik - sərgi açdıq və indi də konsert verdik. Sabah Qusarda böyük konsert verəcəyik.

Tarixi arayış

MƏDƏNİYYƏT