Dahi şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyi mərasiminin iştirakçılarına - Bakı şəhəri, 11 aprel 1998-ci il


Hörmətli yubiley mərasiminin iştirakçıları!

Azərbaycan və İran xalqlarını birləşdirən tarixi, dini və mədəni tellər qədim zamanlardan mövcud olmuşdur. Əsrlər boyu xalqlarımız yanaşı yaşamış, eyni adət-ənənəyə malik olmuş, elm və mədəniyyət sahəsində dünya miqyasında dəyərlənən ölməz əsərlər yaratmışlar.

Ulu şərqimizin bəşəriyyətə bəxş etdiyi Firdovsi, Xəyyam, Qətran Təbrizi, Xaqani, Nizami, Sədi, Nəsimi, Hafiz, Xətai, Füzuli kimi nadir dühalarımızın, söz ustadlarımızın bizlər üçün qoyub getdikləri sənət inciləri tarix boyu insanların mənəviyyatının zənginləşməsi və təfəkkürünün yüksək inkişafına xidmət etmişdir.

Böyük vətənpərvər şair-filosofumuz Məhəmmədhüseyn Şəhriyar klassik və müasir ədəbi həyatla bağlı bir sənətkar olmuşdur. O, böyük sənətkar, klassik - romantik poeziyanın mütərəqqi ənənələri ilə bədii ünsiyyətini qoruyaraq, dövrünün novator sənətkarı kimi çağdaş şerin inkişafında müstəsna rol oynayan yeni ədəbi məktəbin yaranmasına nail olmuşdur.

Şəhriyar poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin əksidir. Şair xalq həyatının dərinliklərinə enmiş, dövrün, zamanın kəskin ictimai təzadlarını, şərin, mütləqiyyətin, ədalətsizliyin, mənəvi məhkumiyyətin faciələrini poeziyanın rəvan, aydın və təsirli dili ilə bütün dünyaya car çəkmişdir. Cəmiyyətin inkişafına əngəl olan maneələri kəskin tənqid etdiyi kimi, qabaqcıl ictimai qüvvələri, zəhmətkeşlərin həyat və məişətini, onların ehtiyac və arzularını da böyük məhəbbətlə təsvir və tərənnüm etmişdir. Böyük lirika ustası Şəhriyarın əsərləri öz ideya zənginliyi, bədii saflıq və səmimiyyəti ilə seçilmişdir.

Bugünkü və gələcək nəsillərin yüksək mənəvi dəyərlərlə zənginləşdirilməsində böyük rola malik olan dahi sənətkarların yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi sənət və elm xadimlərimizin müqəddəs borcudur.

Qardaş Azərbaycan və İran xalqları arasında hərtərəfli münasibətlərin, o cümlədən elmi-mədəni əlaqələrin inkişaf etməsinə Şəhriyar simasında rolu və xidməti misilsizdir.

Dahi sənətkarın 90 illik yubileyi münasibətilə təntənəli mərasim iştirakçılarını təbrik edir və onlara müvəffəqiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 16 aprel 1998-ci il.