Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşdə giriş sözü - Prezident Sarayı, 1 aprel 1996-cı il


Kəlbəcər rayonu əhalisinin nümayəndələri ilə mənim bugünkü görüşümün məqsədi birinci növbədə respublikanın ayrı-ayrı yerlərində məskunlaşmış bu rayonun sakinlərinin vəziyyəti ilə tanış olmaqdan ibarətdir. Kəlbəcər rayonu üç il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə Kəlbəcərin sakinləri yerlərindən, yurdlarından didərgin düşüblər və respublikanın müxtəlif şəhərlərində, rayonlarında yaşayırlar. Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq Azərbaycana qarşı etdikləri hərbi təcavüz respublikamıza çox böyük zərbələr vurubdur. Təəssüflər olsun ki, həmin müddətdə ərazimizin bir qismi işğal olunmuş və orada yaşayanlar, o torpaqların sahibləri didərgin düşüblər. İşğal olunmuş rayonlardan biri də Kəlbəcərdir. Kəlbəcərin işğalından üç il keçir.

İnsanlar adətən bayram günlərini, müsbət hadisələri qeyd etmək üçün görüşürlər, eyni zamanda milli ənənələrimizə görə tariximizdə olan bəzi faciəvi halların da ildönümünü, yaxud həmin günləri qeyd etmək üçün görüşürlər. Ona görə bizim bu görüşümüz də birinci növbədə, Kəlbəcər rayonu sakinlərinin vəziyyəti ilə mənim şəxsən tanış olmağım məqsədi daşıyır. Siz üç ildir ki, yerinizdən-yurdunuzdan olmusunuz, didərgin düşmüsünüz. Bu günü xatırlamaq lazımdır. Bu görüş həm də bu faciədən nəticə çıxarıb işğal olunmuş torpaqlarımızdan işğalçı qüvvələrin çıxarılması, torpaqlarımızın azad olunması uğrunda mübarizəmizi daha da gücləndirmək üçün, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün fikir mübadiləsi aparmaq məqsədi daşıyır. Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərindən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Azərbaycanın çox yerlərindən, о cümlədən paytaxtımız Bakıdan da insanlar həmişə Kəlbəcərə ziyarətə gediblər. О dağların, meşələrin gözəlliyindən müəyyən qədər bəhrələnmək üçün, eyni zamanda bu gözəlliyi seyr edib ölkəmizin nə qədər gözəl bir məmləkət, diyar olduğunu bir daha dərk etmək üçün ziyarət ediblər. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar. Doğrudur, bu üç il müddətində Kəlbəcərə böyük ziyan vurulubdur, zərbələr dəyibdir. Ermənistan işğalçıları o qədər vəhşidirlər, qəddardırlar, insani keyfiyyətlərdən o qədər uzaqdırlar ki, onlar işğal olunmuş torpaqlarda, o cümlədən Kəlbəcərdə də nəinki insaniyyətə xas olmayan, hətta insaniyyətə zidd, yabançı hərəkətlər edirlər. Ancaq bunların heç birisi Kəlbəcərin o məğrur dağlarını, qayalarını, meşələrini, çeşmələrini, bulaqlarını heç vaxt endirə bilməz, əyə bilməz, sındıra bilməz, eləcə də güman edirəm ki, kəlbəcərlilərin iradəsini sındıra bilməz. Ona görə də mən əminəm ki, vaxt gələcək, bunlar hamısı tarixdə qalacaq, Kəlbəcər işğaldan azad olacaq, kəlbəcərlilər tezliklə doğma rayonda öz həyatlarını quracaq, öz yerlərini, yurdlarını, evlərini, obalarını bərpa edəcəklər. Mən buna əminəm.

Mən bilirəm ki, sizin və ümumiyyətlə işğal olunmuş ərazilərimizdən didərgin düşmüş bütün vətəndaşlarımızın vəziyyəti bu gün çox çətindir, ağırdır. Bu vəziyyəti müəyyən qədər yüngülləşdirmək üçün biz bütün imkanlardan istifadə edirik, buna çalışırıq və bundan sonra da çalışacağıq. Ümidvaram ki, indi bizim apardığımız siyasət Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə gətirib çıxaracaqdır və işğal olunmuş torpaqlarımız azad olunacaqdır. Eyni zamanda ümidvaram ki, respublikamız bu ağır sosial-iqtisadi böhrandan çıxacaq, ölkəmizin böyük sərvətləri, təbii, intellektual sərvətləri xalqımızın rifahına xidmət edəcəkdir, xalqımızın rifah halı günü-gündən yaxşılaşacaqdır. Mən buna əminəm. Ona görə əminəm ki, apardığımız siyasət bizi, şübhəsiz, bu səviyyəyə gətirib çıxaracaq. Əminəm ona görə ki, bizim işimiz haqq işidir. Biz Azərbaycan Respublikasının müstəqilliyini qoruyuruq. Azərbaycanda hüquqi demokratik dövlət qururuq. Müstəqil Azərbaycanın ərazisinin bərpa olunmasına çalışırıq. Bu, ədalətli işdir, haqq işidir. Biz buna nail olacağıq. Hörmətli bacılar və qardaşlar, mən sizi salamlayıram. Sizin simanızda Kəlbəcər rayonunun bütün vətəndaşlarını salamlayıram. Əlbəttə, mən istərdim elə bir imkan yaransın ki, Kəlbəcər rayonu sakinlərinin hamısı ilə görüşmək mümkün olsun. Sizin hamınızla birlikdə, bir yerdə, yaxud da ayrı-ayrı görüşməyə mənim çox böyük istəyim, arzum var. Güman edirəm, gün gələcək, bu da olacaqdır. Amma bu gün isə sizin vasitənizlə bütün kəlbəcərlilərə öz salamımı, hörmət və ehtiramımı, xoş arzulanmı və ümidlərimi çatdırıram. O ümidlərimi ki, biz bu vəziyyətdən çıxacağıq və Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır. Mən sizi salamlayıram.

Sizlərdən kimsə danışmaq üçün söz istəyirsə, buyursun.

Yekun sözü 

Güman edirəm ki, biz bu gün ətraflı söhbət etdik. Həm sizin - kəlbəcərlilərin problemləri ilə daha yaxından tanış olduq, həm də ki, üç il bundan öncə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının səbəbləri, bu işğalın günahkarları haqqında ətraflı fikir mübadiləsi apardıq. Sizin çıxışlarınız, dediyiniz sözlər, fikirləriniz çox əhəmiyyətlidir. Birinci növbədə xalqımızın, ölkəmizin, respublikamızın tarixinin düzgün əks olunması üçün çox əhəmiyyətlidir. İkincisi də gələcək sizin burada şərh etdiyiniz fikirlər, işlərimiz üçün, müstəqil Azərbaycanın torpaqlarını qorumaq, müdafiə etmək, işğal olunmuş torpaqların azad edilməsinə nail olmaq üçün sizin fikirləriniz çox əhəmiyyətlidir. Burada bəzi təkliflər irəli sürdünüz: kəlbəcərlilərin vəziyyətinə qayğı, ayrı-ayrı fərdi xahişlər.

Mən burada iştirak edən müvafiq rəhbər şəxslərə, xüsusən İcra Aparatının başçısına tapşırıram ki, bu təkliflərin hamısı cəmləşdirilsin və mənim adımdan icraçılara çatdırılsın ki, burada irəli sürülən məsələlər həll olunsun. Ancaq sizinlə birlikdə bizim hamımızın bu gün burada danışılan sözlərdən meydana gələn fikrimiz bundan ibarətdir ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalı və müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, bütün ərazisinə, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır. Bu, qarşımızda duran ən böyük, eyni zamanda deyə bilərəm ki, ən çətin vəzifədir. 1988-ci ildən indiyə qədər 8 ildir Azərbaycanın həyatında baş vermiş hadisələr, bir respublika kimi ölkəmizin, xalqımızın başına gələn bəlalar, faciələr Azərbaycan xalqının tarixinin çox ağır səhifələridir. Bu səhifələrdə qəhrəmanlıq, rəşadət nümunələri də var. Bizim igid oğlanlarımız, Azərbaycanın övladları müqəddəs torpağımızın qorunması, müdafiəsi uğrunda, Azərbaycanın istiqlaliyyəti, azadlığı uğrunda şəhid olublar, özlərini qurban veriblər. Belələri çoxdur və bu şəhidlərin, Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır. Bizim bu 8 illik tariximizdə belə qəhrəmanlıq səhifələri çoxdur. Ancaq eyni zamanda bu 8 ildə, yəni Azərbaycana qarşı təcavüz başlanandan indiyə qədər tariximizdə qara səhifələr də çoxdur, həddindən artıq çoxdur. Ayrı-ayrı şəxslərin, ayrı-ayrı qrupların, vəzifə sahiblərinin xalq, millət, Vətən, torpaq qarşısında xəyanətkarlığını əks etdirən səhifələr də çoxdur, həddindən artıq çoxdur. Ermənistanın ölkəmizə qarşı təcavüzünün davam etdiyi bu illərdə Azərbaycanın qayğısına qalan insanlar, Azərbaycanın rəhbərliyində olan şəxslər bunları düşünə bilsəydilər, öz vəzifələrini, borclarını dərk edə bilsəydilər, şübhəsiz ki, bunların qarşısı alına bilərdi. Təcavüzün də qarşısı alına bilərdi, heç onun başlanmasına, münaqişənin meydana çıxmasına yol verilməzdi. Əgər belə bir hadisənin meydana gəlməsinin qarşısı alınmadısa, onda gərək respublikamız, xalqımız, millətimiz və onun başında duranlar torpaqlarımızın qorunmasını təmin edəydilər. Təəssüf ki, bu, olmayıbdır. Bilirsiniz, bu, hər bir azərbaycanlıda daim vicdan əzabı doğurur.

Mən bunu dəfələrlə demişəm, bizim millətimiz aciz millət deyil, xalqımız aciz xalq deyildir. Xalqımız çoxəsrlik tarixində milli mənliyini, torpağını, Vətənini qoruyub saxlamağa qadir olduğunu dəfələrlə sübut edibdir. Ancaq bu dəfə, təəssüflər olsun ki, bu keyfiyyətləri nümayiş etdirmək mümkün olmayıbdır. Ona görə yox ki, xalqımızda bu keyfiyyətlər yoxdur. Ona görə ki, əgər lap qədim keçmişlərdən desək, hər bir tayfanın, ordunun, dəstənin, hər bir millətin başında duranlar, sərkərdəlik edənlər çox şeyi həll edirlər. Təəssüf ki, o illər xalqımızda böyük çatışmazlıq olubdur, qıtlıq olubdur. Bu çatışmazlıq, bu qıtlıq da xalqımıza böyük faciələr, bəlalar gətiribdir. Bilirsiniz, Kəlbəcəri müdafiə etmək bəlkə də çətin məsələ idi. Burada rəqəmlər söylədilər ki, nə qədər adam həlak oldu, itkin düşdü. Həlak olanlara Allah rəhmət eləsin, itkin düşənləri də axtarıb tapıb Vətənimizə qaytarmaq bizim borcumuzdur. Məsələn, burada deyildi ki, hansısa gəlin о dəhşətə, erməninin təcavüzünə dözə bilmədi, özünü qayadan atdı. Bu, böyük bir əfsanədir. Bu, millətimizin ən böyük keyfiyyətini nümayiş etdirən bir haldır. Mən hesab edirəm ki, bu gün də olmasa, vaxt gələcək, biz həmin gəlinin о faciəvi qəhrəmanlığına elə həmin qayanın başında böyük abidə ucaldacağıq.

Bunu mütləq edəcəyik. Ancaq bununla yanaşı, nə qədər satqınlıq, xəyanətkarlıq oldu, nə qədər insanlar şəxsi həyatlarını torpağın, Vətənin, xalqın mənafeyindən üstün tutdular. Beləliklə, torpaqlarımız işğal olundu. Əgər bir azərbaycalı ilə bir ermənini təkbətək meydana salsan, azərbaycanlı heç vaxt kürəyini yerə verməz, heç vaxt. Amma millətimizi bu cür pəhləvan etmək bir-iki adamın işi deyildir. Bu, xalqın hamısının birlikdə işidir və xalqa rəhbərlik, başçılıq, sərkərdəlik edən adamların işidir. Xalqımızda bu qüdrət, cürət, qəhrəmanlıq keyfiyyətləri var. Ona görə də deyirəm ki, о vaxt Kəlbəcəri qoruyub saxlamaq olardı. Burada danışanların hamısı bunu dedi. O vaxt - Kəlbəcərin işğal olunması dövründə mən buradan çox uzaqda idim, o qədər məlumatım yox idi. Mənim məlumatım buraya gələndən sonra ayrı-ayrı yazılardan, belə söhbətlərdən, sənədlərdən toplanıbdır və bu gün sizin dediklərinizin əsasında öz fikrimi söyləyirəm. Sizin bu fikirlərinizi, sözlərinizi cəmləyərkən bir nəticə çıxır ki, şübhəsiz torpaqlarımızın hamısını, o cümlədən Kəlbəcəri də müdafiə etmək mümkün idi. Əgər vaxtilə bunu edə bilməmişiksə, bu, xalqın, millətin günahı deyildir, xalqa xəyanət edənlərin günahıdır. Burada cürbəcür ifadələr işlədildi: səriştəsiz rəhbərlər, qorxaqlar hamısı olubdur. Təkcə Kəlbəcərin işğalı zamanı yox, bu 8 il müddətində bütün başqa hallarda, təəssüf ki, hamısı olubdur. Bu, bizi faciəli vəziyyətə gətirib çıxarıb, ağır vəziyyətə salıbdır. Torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan didərgin düşübdür. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Amma sülh danışıqları aparanda da bir bizim vəziyyətimizə baxın, bir də tərəf-müqabilimizin vəziyyətinə baxın. Onlar torpaqlarımızı işğal ediblər, öz şərtlərini diqtə edirlər. Bizim torpaqlarımız işğal altındadır, biz də şərtlərimizi deyirik, amma vəziyyətimiz bərabər deyildir. Bəs bizi, xalqımızı bu günə salanlar kimlərdir? Həmin o satqınlar, xəyanətkarlar, həmin o səriştəsizlər, qorxaqlar, mənəviyyatca pozulmuş insanlardır. Dərd də burasındadır. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı təcavüzə başlayarkən xalqımız gərək yumruq kimi birləşəydi. Bütün daxili ixtilafları, çəkişmələri, cürbəcür narazılıqları bir kənara qoyaraq yumruq kimi birləşib gərək torpağı qoruyaydı. Amma əslində nə oldu? Əslində, bu fürsətdən, şəraitdən hərə özü üçün istifadə etməyə çalışdı. Xalqımızın faciəsi də bundan ibarətdir ki, bu müddətdə biri orada vəzifə almaq istəyib, biri burada hakimiyyətə gəlmək istəyib. Bəs bu adamlar düşünməyiblər ki, ölkə belə vəziyyətə düşəndən sonra, lap vəzifəyə də gəlsən, sən nə edəcəksən? Sizin burada dediklərinizlə tamamilə razıyam. Doğrudan da Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək sadəcə olaraq mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildən hücum etmiş, Kəlbəcər isə 1993-cü il martın sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox başqa bölgələri, o cümlədən bütünlükdə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da coğrafi mövqeyinə görə, ikınci tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi və Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt edilmiş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyinəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etməyiblər. Nəinki etməyiblər, mən sizin dedikləriniz əsasında bu nəticəyə gəlirəm, əgər bunu etməyə sadəcə imkan olmasaydı, bunu anlamaq mümkün idi. Müharibədə irəli getmək də, geri çəkilmək də olar. Bu, müharibənin təbii qanunudur. Ancaq Kəlbəcəri müdafiə etməyiblər. Ona görə ki, doğrudan da xəyanət, satqınlıq, ayrı-ayrı məqsədlər olubdur. Eldar Həsənov çox düzgün və doğru dedi: 1988-ci ildən bəri Azərbaycanın başına gələn bəlalar - ayrı-ayrı şəxslərin, qrupların bir-biri ilə toqquşması və nəhayət, Kəlbəcərin süqutu həm o vaxtkı Azərbaycan rəhbərliyinin nəinki səriştəsizliyinin, eləcə də qətiyyətsizliyinin, bacarıqsızlığının, fəaliyyətsizliyinin, eyni zamanda həmin o quldurların, oğruların - Rəhim Qazıyev, Surət Hüseynov kimi adamların öz şəxsi məqsədlərinə nail olmaq üçün satqınlıq hərəkətlərinin nəticəsidir. O vaxt Azərbaycana rəhbərlik edən şəxslər - prezident Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qəmbərov, baş nazir Pənah Hüseynov bunların qarşısını ala bilmədilər və bilməzdilər də, çünki bunun üçün onların nə iradəsi, nə də bacarığı yox idi və onlarla toqquşan digər qüvvələr Azərbaycanın torpaqlarını qurban verdilər ki, nə var-nə var, görək kim-kimi yıxa bilər. Onlar bunları, bunlar da onları yıxmaq istədilər, axırda Azərbaycan bədbəxt oldu. Kəlbəcərin işğalı bizim üçün böyük itkidir. Kəlbəcərin zənginliyi, təbii sərvətləri haqqında burada danışıldı. Doğrudan da, Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, qayalarına görə, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər yataqlarına, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik. İstisuda böyük kompleks tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından istifadə edilməsi ilə məşğul olmamışdılar. Hələ o sakit dövrdə ermənilər gəlib bizim qızıl yataqlarımızı zəbt etmək istəyirdilər. Xatirimdədir, biz o barədə çox ciddi tədbirlər gördük. Dağ rayonu kimi Kəlbəcərin inkişafı üçün xüsusi qərarlar qəbul olunmuşdu və bunların həyata keçirilməsindən Kəlbəcərin əhalisi, hesab edirəm, çox bəhrələnmişdir. Xatirimdədir, biz Kəlbəcərdə tütün əkməyə başladıq. Kəlbəcərlilərin yadımdadır, təxminən 1975-ci ilə qədər orada tütün əkilmirdi. Raykomun birinci katibi Nadirov mənim vanıma gəldi. Göstəriş verdim ki, tütün əkilsin. İki-üç ildə kəlbəcərlilər tütündən xeyli gəlir götürdülər. Xatirinizdədirmi, min tondan artıq tütün istehsal olunurdu. Bu, o vaxt Kəlbəcər üçün, işsiz adamlar üçün nə qədər böyük hadisə idi! Tütünçülük o vaxtlar kəlbəcərlilərə çox gəlir gətirdi. Dağ rayonlarından, o cümlədən Kəlbəcərdən olan uşaqların institutlara daxil olmaları üçün güzəştlər etmişdik. Bu yolla ali məktəblərə nə qədər kəlbəcərli daxil oldu. Bilirsiniz, keçmişdə belə bir əhval-ruhiyyə vardı ki, guya bizim dağ rayonlarımız geridə qalmışdır, orada camaatın mədəni, yaxud bilik səviyyəsi o qədər də yüksək deyildir. Amma siz də görmüsünüz ki, həmin o illərdə aparılan işlər ölkəmizin cürbəcür bölgələrində olan əhalinin həm elm, bilik səyiyyəsini, həm də mədəni səviyyəsini, eyni vəziyyətə qaldırdı. İndi mən burada görürəm, kəlbəcərlilərdən nə qədər şair var. Hər çıxış edən şer oxuyur, özü də başqasının yox, özünün yazdığı şeri oxuyur. Elə bunun özü kəlbəcərlilərin həm nə qədər istedadlı olduğunu, həm də mədəniyyətə, ədəbiyyata nə qədər qovuşduğunu göstərir. Kəlbəcərdən nə qədər böyük alimlər, ziyalılar var. Yəni keçmişdə bəzən belə əhval-ruhiyyə vardı ki, dağda yaşayanlar guya dağ adamlarıdır. Bəzən şəhərdə onlara bir az kəc baxır, yaxud başqa cür yanaşırdılar. Bunlar hamısı qısa bir müddətdə keçdi getdi. Ona görə ki, insanların daxilində, genlərində olan fitri istedad eynidir. Şəhərdə və ya dağda doğulmağın fərqi yoxdur. İnsanın anadangəlmə fitri istedadı varsa, bu, onun şəhərdə, dağda, yaxud aranda doğulmasından asılı deyildir. Ancaq hər bir fitri istedadın meydana çıxması üçün ona şərait yaratmaq lazımdır. O şərait də həmin illərdə yarandı, insanlar öz daxilində olan potensialı büruzə verə, nümayiş etdirə, hərəkətə gətirə bildilər. Beləliklə də Kəlbəcər, necə deyərlər, həm də ki, çox fədakar insanlar diyarıdır. Bu tamamilə aydın məsələdir. Çıxış edənlərdən kim isə dedi ki, bəzən burada danışırlar: qaçqınlar, yerazlar... Bilirsiniz bunu deyən insanlara nifrət edirəm. Bəli, 1988-ci ildə bizim yurddaşlarımızı, azərbaycanlıları ermənilər zorla, silah gücünə Ermənistandan çıxarandan sonra buraya köçmüş adamlara ad qoydular: yerazlar. Bu adı mənfi nöqteyi-nəzərlə qoydular Kimlər qoydu bu adı? Vəzirov kimi alçaq adamlar, onun şaykasında olan adamlar, Mütəllibov kimi alçaq adamlar, onun şaykasında olan adamlar. Anadan olduğu yerdən asılı olmayaraq, azərbaycanlı hər yerdə dəyərli adamdır. Kəlbəcərdə, Laçında, ya da Zəngəzurda, yaxud Goyçə mahalında anadan olub, ya da Borçalıda, Bakıda, Maştağada anadan olub - fərqi yoxdur, hamısı bir millətin adamlarıdır, azərbaycanlılardır. Millətimizin, xalqımızın içindən bunları təbəqələrə bölənlər, bir-birindən ayıranlar Azərbaycan xalqına, millətimizə ən böyük xəyanət edən adamlardır. Yerindən-yurdundan didərgin düşmüş adamlara, yaxud Ermənistandan zorla sürülüb çıxanlmış adamlara mənfi münasibət göstərmək, yaxud mənfi ad qoymaq, onlara belə təkəbbürlü yanaşmaq ən böyük cinayətdir və deyə bilərəm ki, ədəbsizlik, mənəviyyatsızlıq, tərbiyəsizlikdir. 1988-ci ildən bəri belə tərbiyəsiz adamlar gəlib Azərbaycanın başına bu bəlaları gətirdilər. Ədəbsiz adamlar kəlbəcərlilərin arasında da var. Kəlbəcərdən burada oturan ziyalılar, alimlər, şairlər, gözəl adamlar da var, İsgəndər Həmidov kimi alçaq adamlar da var. Beləsi hər yerdə var. Ermənistanlı azərbaycanlılardan da, naxçıvanlılardan da, qarabağlılardan da, gəncəlilərdən, bakılılardan, şəkililərdən də hamısından var, hər yerdə var. Yaxşısı da var, pisi də var. Ancaq yerlərə görə, yaxud müəyyən qruplara görə insanların hamısına mənfi münasibət göstərmək olmaz, yaxud kimi isə xüsusi bir dəstə kimi çox mötəbər hesab etmək olmaz. Bu, bizim mənəviyyatımıza zidd olan bir amildir. Mən bunu pisləyir və yenə də deyirəm: xalqımızın arasında ayrı-seçkilik salmaq istəyən, onu, ayrı-ayrı qruplara, dəstələrə bölmək istəyən, hansısa mənfi münasibət göstərmək istəyən adamlara nifrət edirəm. Belə adamların, belə halların qarşısı alınmalıdır. Yenə Kəlbəcərin keçmişinə qayıdıram. Onun çox gözəl keçmişi olubdur və güman edirəm ki, çox gözəl də gələcəyi var. Burada çıxışlar bir birindən fərqli olsa da, hamısında bu fikir eyni idi: işğal edilmiş torpaqlar, o cümlədən Kəlbəcər sülh yolu ilə azad olunmalıdır. Əgər bu, mümkün olmasa, burada bacılarımız da dedi, qardaşlarımız da dedi, yaşlılar da, cavanlar da dedi, - bütün imkanlarımızdan, gücümüzdən istifadə edib Kəlbəcəri azad edəcəyik, işğal olunmuş bütün torpaqlarımızı azad edəcəyik. Buna heç kəsin şübhəsi olmasın.

Biz qoymayacağıq ki, torpağımızın bir qarışı da qəsbkarların əlində qalsın. Bir qarışını da qoymayacağıq. Ancaq yenə də deyirəm, işğalçıları çıxarmaq o torpaqları müdafiə etməkdən qat-qat çətin məsələdir. Torpaqları müdafiə etmək olardı və hərə öz yerində qalardı. Ola bilərdi çox qurban verək, ola bilərdi həmin Kəlbəcərdə də əlli-yüz adam yox, min adam həlak olsun, əlli min adamdan mini, iki mini həlak olsun. Sağ qalan adamlar özünü qayadan atan o gəlindən də qiymətli deyil ki. Hər bir insanın özünə görə qiyməti var, hər kəs atası-anası, qardaşı-bacısı üçün, ailəsi üçün ən qiymətlidir. Bizim heç birimiz həlak olanlardan qiymətli deyilik, o cümlədən mən də. Ona görə də Kəlbəcəri, başqa torpaqlarımızı da müdafiə etmək lazım idi. Bəlkə də beş dəfə, on dəfə artıq qurban vermək lazım idi, ancaq müdafiə edib öz torpağımızda alını-açıq, üzüağ oturmaq lazım idi. Ola bilər,. yarımız qırılaydıq, amma yarımız öz torpağımızda qalardıq. İndi nə olsun ki, əksəriyyəti çıxıb gəlib, qaçqın düşübdür. Torpaqlarımız da, burada düz dedilər, yağıların əlindədir. Güman edirəm ki, biz bundan sonra bütün işlərimizə, həyatımıza, hökumətimizə, dövlətimizə, respublikamıza, torpaqlarımıza əsl vətənpərvər kimi münasibət göstərməliyik. Buradakı çıxışlarda Kəlbəcərin süqutunda, onun təslim edilməsində günahkarlar haqqında deyildi. Baş prokuror Eldar Həsənov özü də kəlbəcərlidir, güman edirəm ki, Azərbaycanın hər bir guşəsi onun üçün əzizdir, amma öz doğma yurdunu xəyanətkarcasına təslim edən adamlar haqqında qəti qərar qəbul olunmalıdır, buna şübhə olmasın. Ancaq iş təkcə iki-üç adamda deyil. Burada Qənizadənin, ya başqasının adı çəkildi. Hesab edirəm ki, bir var məhkəmənin hökmü, bir də var xalqın hökmü. Kəlbəcərlilər özləri yığışmalıdır, - sizin aranızda alim də, şair də, yazıçı da, hüquqşünas da, jurnalist, hamısı var, - və siyasi hökm çıxarmalıdır.Üç il keçibdir, bütün materiallar var, hər şey sizə məlumdur. Özünüz bu işlərin şahidisiniz, hansı kənd nə cür getdi, erməni silahlı qüvvələri haradan, nə təhər girdilər, nə cür oldu ki, adamlar qaçdı, onları çixardılar, - hamısı sizə məlumdur. Sizə tövsiyəm, hətta deyərəm, xahişim bundan ibarətdir. Mən bunu arzu edirəm. Bilirsiniz, sizin özünüzün çıxartdığınız hökm ən ədalətli hökm olacaqdır. Özünüz bir komissiya düzəldin, yığışın, müzakirə eyləyin, hər bir cümləni, sətri ələkdənsüzgəcdən keçirin ki, düzgün, ədalətli olsun. Amma bir siyasi hökm olmalıdır. Burada bu söhbəti apararkən bu fikir beynimə gəldi. Hesab edirəm, bunu bütün başqa rayonlarımız üçün də etməliyik. Mən bu təklifi verirəm. Belə bir hökm hazırlayın, bir president kimi mənə də təqdim edərsiniz, mənim əlimdə də siyasi sənəd olar. Onu mətbuatda da dərc edərik. Bu, tarix üçün, gələcək üçün də lazımdır. O ki qaldı istintaqa, mən hesab edirəm ki, baş prokuror daha geniş istintaq aparmalı, Ali Məhkəmə də bu işə ədalətlə yanaşmalı və cinayətkarlar öz cəzalarını almalıdırlar. Onların öz cəzalarını almaları təkcə ona görə deyil ki, cinayətkar gedib on il, on beş il həbsxanada otursun. Hər bir cinayətə görə cəza vermək eyni zamanda başqalarını cinayətdən xilas etməkdir, profilaktikadır. Gərək insan bilsin ki, cinayət etmək olmaz, bilsin ki, bu cür cinayət etmək olmaz. Həmin o Qənizadə orada qoşunu ilə Kəlbəcəri qoruyaraq şəhid olsaydı, onun adı əsrlər boyu yaşayacaqdır. Amma indi görürsünüz, burada hər çıxış edən Qənizadənin adını nifrətlə çəkir. Bilirsiniz, dünyada heç kəs daimi deyil, insan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşayan insan əbədi olacaqdı. Amma səkkiz ildir Azərbaycanın başına cürbəcür bəlalar gətirən nadürüst, cinayətkar adamlar, vəzifə hərisləri, - hansılar ki, bu gün də Azərbaycanda qarışıqlıq salmaq istəyirlər, - belə adamların heç birisi yaşamayacaqdır. Ola bilər, fiziki cəhətdən ömrü çox olsun, amma mənəvi cəhətdən ömrü olmayacaqdır. Biz isə, əgər Allahın kəlamına, Qurani-Kərimin kəlamına da, ulu babalarımızın vəsiyyətinə də istinad etmiş olsaq, mənəviyyat üçün yaşamalıyıq.

Hesab edirəm ki, bu gün bizim danışığımız çox səmərəli oldu. Bir tərəfdən Kəlbəcərin faciəsini xatirimizə saldıq. Bu faciəni heç vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciədən hərə özü üçün ibrət dərsi götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin - Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları, quldurları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır. Bu baxımdan bugünkü görüşümüz çox əhəmiyyətlidir. Amma bu görüşün əhəmiyyəti eyni zamanda ondan ibarətdir ki, Kəlbəcəri işğaldan azad olunması üçün özümüzü daha dа səfərbər edirik. Mən çox məmnunam ki, bu gün burada çıxış edənlərin hamısı yekdildir ki, əgər Kəlbəcər, eləcə də işğal olunmuş digər torpaqlarımız sülh yolu ilə azad edilməsə, biz gərək özümüzü hazırlayaq və torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edək. Bu barədə fikrim qətidir. Mən bu yolun yolçusuyam, bu yoldan dönməyəcəyəm. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər