Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Qazaxıstan Prezidentlərinin birgə mətbuat konfransında bəyanatı - Prezident sarayı, 16 sentyabr 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Qazaxıstan Prezidenti, möhtərəm Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri uğurla keçir. Bu gün səhərdən biz böyük həcmdə iş gördük. Biz, iki prezident təkbətək görüşdük. Qazaxıstanı və Azərbaycanı maraqlandıran məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi etdik. Biz, ən əvvəl ikitərəfli münasibətlərimizin bəzi məsələləri barədə fikir mübadiləsi apardıq və onları müzakirə etdik, belə bir tam yekdil rəydə olduq ki, ikitərəfli münasibətlərimiz dostluq xarakteri daşıyır. Buna görə də biz onları inkişaf etdirmək, dərinləşdirmək, bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdan ötrü hər şey etmək əzmindəyik.

Biz dünyada baş verən proseslərlə, beynəlxalq problemlərlə, beynəlxalq təşkilatların fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən MDB çərçivəsində fəaliyyətimizlə bağlı bir çox məsələlər barəsində də fikir mübadiləsi etdik. Biz dünyanın müxtəlif  bölgələrindəki, o cümlədən Qafqazdakı münaqişələrə aid məsələlər barəsində fikir mübadiləsı etdik. Biz Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasına və bir milyon nəfərdən çox Azərbaycan sakininin öz yurd-yuvasından qovulmasına gətirib çıxaran Ermənistan - Azərbaycan münaqişəsi barəsində ətraflı fikir mübadiləsi apardıq.

Biz Xəzər dənizi hövzəsində və nəqliyyat kommunikasiyaları sahəsində, o cümlədən artıq yaradılmaqda olan Transqafqaz magistralından fəal istifadə edilməsi sahəsində əməkdaşlığımızla bağlı məsələlər barəsində fikir mübadiləsi apardıq. Biz bütün bu məsələlərdə yekdil olduq, bir çox məsələlərdə baxışlarımız tam uyğun gəldi. Hər halda iki prezidentin söhbəti sübut edir ki, ölkələrimiz, xalqlarımız arasında xoş münasibətlər, dostluq və qardaşlıq münasibətləri yaranmışdır, Qazaxıstan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Prezidenti isə bu münasibətləri daha da inkişaf etdirmək əzmindədirlər.

Qazaxıstan və Azərbaycan nümayəndə heyətləri arsında danışıqlar oldu. Bu danışıqlar zamanı biz dövlətlərarası, hökumətlərarası münasibətlərimizi müzakirə etdik, Qazaxıstanın və Azərbaycanın nazirləri, müvafiq baş idarələri tərəfindən hazırlanmış və sizin yanınızda imzalanmış sazişlərin layihələrini nəzərdən keçirdik. Bütün bu sənədlər çox böyük əhəmiyyətə malikdir və münasibətlərimizi daha da inkişaf etdirmək üçün Qazaxıstan ilə Azərbaycan arasında yaxşı müqavilə - hüquqi əsas yaradır.

Qeyd etmək lazımdır ki, Qazaxıstan ilə Azərbaycan arasında danışıqlar ilk dəfə olaraq belə yüksək səviyyədə aparılmışdır. Qazaxıstan Respublikası Prezidentinin Azərbaycana rəsmi dövlət səfəri ilk dəfə olmuş və sənədlərin belə böyük paketi ilk dəfə imzalanmışdır. Bu, Qazaxıstanın və Azərbaycanın müstəqilliyinin bəhrələridir, dövlət müstəqilliyinin, dövlət suverenliyinin xalqlarımıza nə verdiyinə daha bir sübutdur.

Təkrar edirəm, imzalanmış sənədlərin hamısının böyük əhəmiyyəti var və Azərbaycan tərəfi onların əməli surətdə reallaşdırılması üçün bütün tədbirləri görəcəkdir. Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin prinsipləri haqqında Qazaxıstan Respublikası Prezidentinin və Azərbaycan Prezi­dentinin imzaladıqları müqavilənin şübhəsiz ki, xüsusi əhəmiyyəti var. Qazaxıstan və Azərbaycan prezidentlərinin Xəzər dənizinə dair imzaladıqları birgə bəyanatın da əhəmiyyəti böyükdür. Vaxtınızı çox almayaraq deyirəm ki, imzalanmış sənədlərin hamısının böyük əhəmiyyəti var.

Qazaxıstan Respublikasının Prezidenti hörmətli Nursultan Nazarbayevin mənim dəvətimı qəbul edərək Azərbaycana rəsmi səfərə gəlməsindən, həmçinin bu gün səhərdən başlanmış gərgin işin öz nəticələrini verməsindən son dərəcə məmnunam. Bu nəticələr sizin gözünüz qarşısındadır. Əminəm ki, səfər uğurla başa çatacaq və bu, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə mühüm mərhələ olacaqdır.

Nümayəndə heyətinə, Qazaxıstan xalqına, Qazaxıstan dövlətinə, onun Prezidenti Nursultan Abişoviçə öz ölkəsinin qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirməyi arzulayır və əmin edrəm ki, imzaladığımız sənədlər və sazişlər münasibətlərimizin inkişafına və şübhəsiz ki, həm Azərbaycanın, həm də Qazaxıstanın inkişafına kömək göstərəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

Sua1: Birinci sual Azərbaycan Prezidenti Heydər Əliyevədir - 70-ci illərdə Sizin rəhbərliyinizlə Azərbaycanda kosmik cihazqayırmanın və kosmik tədqiqatların güclü kompleksi yaradıldı və bu kornpleks "Günəş" proqramı üzrə xalq təsərrüfatı məsələlərinin həllinə olduqca böyük kömək göstərdi. Danışıqlar zamanı Siz kosmos sahəsində Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın imkanlarına toxundunuzmu? İkinci sual Nursultan Nazarbayevədir: Semireçye kazaklarının çıxışı ilə Qarabağ separatizmi arasında nə kimi oxşarlıq var?

Heydər Əliyev: Mən artıq dedim ki, biz bir çox məsələləri, o cümlədən də keçmişdə Qazaxıstanda və Azərbaycanda yaradılmış olan çox böyük elmi-texniki potensial ilə bağlı məsələləri müzakirə etdik. Mən sizinlə razıyam ki, güclü potensial, o cümlədən də kosmosun istifadə edilməsi, ən əvvəl həm Qazaxıstanın, həm də Azərbaycanın xalq təsərrüfatının inkişafı naminə müxtəlif kosmik tədqiqatlar aparılması sahəsində güclü potensial yaradılmışdır. İstədiyimiz hər şeydən geniş istifadə etməyə indi imkan yoxdur. Buna baxmayaraq, razılığa gəldiyimiz məsələlər, imzaladığımız sənədlər təbii olaraq ona gətirib çıxaracaqdır ki, biz bu sahədə də əməkdaşlıq edəcəyik.

Nursultan Nazarbayev: Zənnimcə, Qarabağ ilə kazakların fikirləri arasında heç bir oxşarlıq yoxdur, kazaklar millət deyil, bir təbəqədirlər. Çar dövrlərindən danışsaq, o vaxtlar onlardan ərazimizin qəsb olunması üçün istifadə etmişlər. Yaxın tarixdən danışsaq, bunlar qırmızı kazaklardır və ağ kazaklara qarşı vuruşmuşlar. Buna görə də əgər siyasi qüvvələr bundan Qazaxıstanla Rusiya arasında münasibətləri korlamaq üçün istifadə edirlərsə, bu, bir məsələdir. Əgər Rusiya rəhbərliyi bunu bilirsə və işi şişirtməmək üçün müəyyən tədbirlər görmürsə, bu da yenə Qazaxıstan ilə Rusi­ya arasında qarşılıqlı münasibətlərlə bağlı məsələdir. Onların arasındakı müqavilələr sübut edir ki, biz bütün məsələlərdə - istər iqtisadi sahədə, istərsə də siyasi və müdafiə sahələrində dostluq və əməkdaşlıq münasibətlərinə malikik. Odur ki, bun­lar tamam başqa-başqa məsələlərdir, Qazaxıstanda 138 millətin adamları yaşayır və konstitusiyamıza və qanunlanmıza uyğun olaraq onların hamısı bərabərdir. Qazaxıstanda heç kəsin hüquqları tapdanmır. Bunu beynəlxalq birlik təsdiq etmişdir.

Sua1: Ermənistanın işğalçılıq siyasəti ucbatından MDB-nin iki üzvü - Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir. Belə halda MDB işğalçı üzvünə qarşı nə kimi tədbirlər görə bilər və dünya praktikasında bu məsələ barəsində nə deyilir?

Nursultan Nazarbayev: Yadınızdadırsa, 1991-ci ilin sentyabrında Rusiya Prezidenti Boris Yeltsinlə birlikdə biz mövqeləri yaxınlaşdırmaq və bu münaqişəni söndürmək üçün vasitəçilik addımı atdıq. O vaxtdan bəri mən bu məsələ ilə dəfələrlə məşğul olmuşam. Kislovodskda barışıq haqqında saziş imzalandı, amma həmin vaxtdan bəri bu münaqişə dayandırılmadı.

Burada, Zaqafqaziyada olduğum bir vaxtda öz şəxsi fikrimi söyləmək istərdim. Burada xalqlar yan-yana yaşayırlar. Bugünkü azərbaycanlılar və ermənilər, onların övladları, nəvə-nəticələri Allahın verdiyi sərhədlər daxilində yaşamalıdırlar. Xalqlar arasında münaqişəni siyasi mülahizələrlə qızışdıranlara xalqların nə ad verdiyi məlumdur. Lakin onlar münaqişəni söndürənləri həmişə minnətdarlıq hissi ilə xatırlayacaqlar.

Gəlin ötən müharibəni xatırlayaq. O müharibədə nə qədər sovet adamı, nə qədər alman qırıldı. Biz bunu indiyədək xatırlayırıq, yaralar hələ də sağalmayıb, amma indi biz elə həmin Almaniya ilə, müharibə aparmış olduğumuz digər bütün dövlətlərlə əməkdaşlıq edirik. İllər, onilliklər keçəcək, gec-tez həyatın dinc axarını axtarıb tapmaq lazım gələcəkdir. Bu gün biz böyük neftdən, qazdan danışdıq. Əgər bu bölgədə sülh olarsa, onda bu neft və qaz çayı hər üç Zaqafqaziya dövlətinin ərazisindən axacaqdır. O, burada yaşayan xalqlara xoşbəxtlik və əmin-amanlıq gətirəcəkdir. Yox, əgər bu münaqişə dayandırılmasa, onda heç kəs həmin neft çaylarını buradan çəkməyəcəkdir və bu çaylar başqa ərazilərdən axacaqdır. Bunu əsas tutaraq Zaqafqaziya xalqları bu problemin dincliklə həlli barədə düşünməlidirlər.

Mən həm bu tərəfdən, həm də o biri tərəfdən nə barədə danışdığımızı yaxşı bilirəm. Şəxsən mən bunu əsas tuturam ki, Qazaxıstan da, Ermənistan da, Azərbaycan da, Gürcüstan da dövlətlərin mövcud sərhədlərinin, ərazi bütövlliyünün pozulmaması prinsipini əsas götürən ATƏT-in üzvlərıdir. Mən davakar separatçılığın əleyhinəyəm. Əgər yer üzündə yaşayan bütün xalqlar və millətlər öz dövlətini yaratmaq üçün müharibə etməyə başlasaydılar, təsəvvür edin, onda nələr baş verərdi. Mən bütün insanların, xalqların və millətlərin hüquqlarına və bərabərliyinə tərəfdaram, lakin müharibəyə gətirib çıxaran separatçılığın əleyhinəyəm. Ona görə də hesab edirəm ki, bu məsələnı ATƏT-in Minsk qrupunun, qəbul olunmuş müvafiq qərarların bazasında sülh yolu ilə həll etmək lazımdır. Yaxşıdır ki, iki ildir müharibə getmir, qan tökülmür. Axı, hər bir cavanın öldürülməsi onun valideynləri, qohumları üçün faciədir. Hər bir yaşlı adamın öldürülməsi onun ailəsi üçün faciədir. Bax, bu barədə əməlli-başlı düşünmək lazımdır. Ona görə də əminəm ki, Azərbaycanın, Ermənistanın, - onların hər ikisinin xalqlarına eyni hörmətlə yanaşıram, çünki mənim xalqım da onlara belə yanaşır, - rəhbərliyinin siyasi iradəsi məsələnin sülh yolu ilə həllini tapacaqdır. Toplar susanda siyasətçilərin sakit şəraitdə işləməyə imkanı var. Bir sözlə, bu məsələni ha­mı tərəfindən qəbul olunmuş dünya prinsipləri əsasında, müqavilə yolu ilə həll etmək lazımdır. Bu, siyasətçilərə də, xalq­lara da, dövlətlərə də fayda gətirəcəkdir. Mən belə hesab edirəm.

Sua1: Cənab Əliyevə iki sualım var. Xəzər dənizi barədə bu gün imzalanmış birgə bəyanatdan sonra Rusiyanın Azərbaycanla və Qazaxıstanla münasibətlərinin dəyişəcəyi haqqında proqnoz verə bilərsinizmi? Oğlunuzun ARDNŞ-ın vitse-prezidenti vəzifəsində fəaliyyətini qiymətləndirə bilərsinizmi? Bizi həm ata, həm də dövlət xadimi kimi sizin verdiyiniz qiymət maraqlandır.

Heydər Əliyev: Hesab edirəm ki, Xəzər dənizinə dair imzaladığımız birgə bəyanat Rusiyanın Azərbaycanla və Qazaxıstanla münasibətlərinin hər hansı şəkildə pisləşməsinə gətirib çıxarmayacaqdır. Biz suveren hüququmuzdan istifadə edirik və sahilyanı dövlətlər kimi Xəzər dənizində iş görmək barədə öz hüququmuzu bəyan edirik. Hesab edirəm ki, ehtirasları qızışdırmaq, bu bəyanatla əlaqədar Rusiyanın Azərbaycanla və Qazaxıstanla münasibətlərinin hər hansı şəkildə pisləşəcəyini proqnozlaşdırmaq lazım deyildir. Əksinə, biz bu bəyanatla Xəzər dənizınə dair məsələlərin düzgün, qarşılıqlı surətdə məqbul həllini tapmaq üçün əsas yaradırıq. Azərbaycan Xəzər dənizində çoxdan neft çıxarır. Burada ilk neft quyusu 1949-cu ildə fontan vurmuşdur. Azərbaycan neftçiləri və geoloqları sonrakı illərdə Xəzərdə və dənizin Azərbaycan, Türkmənistan sahillərində, digər sektorlarında iri neft və qaz yataqları kəşf etmişlər. Bu gün deməliyəm ki, bizim seysmik geofizika gəmimiz Qazaxıstan sahillərində işləyir və orada neft yataqlarının kəşfiyyatı ilə məşğul olur. Ona görə də bu gün imzaladığımız sənəd bizim birgə səylərimizin qanunauyğun nəticəsidır və bir də deyirəm, heç bir pisləşməyə gətirıb çıxarmayacaqdır. Belə kədərli proqnozlar vermək lazım deyildir.

Oğlumun neft şirkətinin vitse-prezidenti vəzifəsində fəaliyyətinə gəldikdə isə, mən bu məsələnin sizi nə mənada maraqlandırdığını bilmirəm. Hesab edirəm ki, o, uğurla işləyir, ali təhsili var. Beynəlxalq Münasibətlər İnstitutunu, elə həmin institutda aspiranturanı bitirmiş, beynəlxalq məsələlərə dair dissertasiya müdafiə etmişdir. Bir neçə xarici dili kifayət qədər yaxşı bilir, bir çox xarici məsələlər üzrə mütəxəssisdır. O, neft şirkətində Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında münasibətlərin inkişafı məsələləri ilə uğurla məşğul olur.

Nursultan Nazarbayev: Heydər Əliyeviç, bizim "Karavan" qəzeti bütün məsələlərlə maraqlanır, bu, sərbəst qəzetdir.

Heydər Əliyev: Mən bunun əleyhinə deyiləm. Sadəcə olaraq sual verdim ki, bununla nə üçün maraqlanır?

Sua1: Mənim sualım Nursultan Nazarbayevədir: Xəzərə dair imzalanmış birgə bəyanat haqqında nə deyə bilərsiniz? Bu sualım isə Heydər Əhyeviçədir: neft-qaz sənayesinə dair sazişlər çərçivəsində hansı birgə layihələr nəzərdə tutulur?

Nursultan Nazarbayev: İrandan başqa, Xəzəryanı dövlətlərin hamısı MDB-yə daxildir. Hazırda məsələ statusu müəyyənləşdirməkdən və bu problemi nifaqa çevirməməkdən ibarətdir. Mən Rusiya Prezidenti Yeltsin ilə, İran Prezidenti Rəfsəncani ilə belə bəyanat imzalamışam. Bu gün isə Heydər Əliyeviç ilə imzaladım. Bütün prinsip bundan ibarətdir ki, hamı bir şeylə razıdır: Biz Xəzər dənizini və onun bioloji ehtiyatlarını qorumalı, təbiəti mühafizə etməliyik, Xəzər silahsızlaşdırılmış zona olmalıdır, xarici hərbi gəmilər buraya daxil olmamalıdır, biz hamımız üçün ümumi olan bu su hövzəsinin mühafizəsi ilə əlaqədar bütün problemləri razılaşdırmalıyıq.

Fərq nəyi iqtisadi zona hesab etməkdədir. Belə dənizlər üçün mövcud olan beynəlxalq normaları götürsək, onda Azərbaycanın və Qazaxıstanın mövqeləri bir-birinə çox yaxındır. Dəniz gəmiçilik üçün sərbəst olmalı, o, ticarət, ünsiyyət, dənizçilik üçün bütün dövlətlərə xidmət etməlidir. Dənizin təkinə, dibinə gəldikdə isə, o, bölünməlidir ki, hər bir dövlət hansı sektorda işlədiyini dəqiq bilsin. Bu, birincisi.

İkincisi. Biz deyirik ki, ilk növbədə sahilyanı bütün dövlətlər dənizin sərvətlərini mənimsəmək üçün elan etdiyimiz bütün tenderlərdə iştirak edə bilərlər. Axı, o dövlətlər iştirak edir ki, onlar işə real pul qoya bilir. Bütün məsələ bundadır. Ona görə də bizim imzaladığımız bəyanat gizli deyildir, siz onu götürüb baxa bilərsiniz.

Heydər Əliyev: Məna verilən sualla əlaqədar deyə bilərəm ki, biz Prezident Nursultan Nazarbayevlə və nümayəndə heyəti ilə “Tengiz” yatağından çıxarılan neftin Azərbaycan ərazisi vasitəsilə daşınması haqqında məsələni müzakirə etmişik. Sizə məlumdur ki, bir neçə ay bundan öncə Transqafqaz magistralı barədə Özbəkistan, Türkmənistan, Gürcüstan və Azərbaycan arasında Aşqabatda saziş imzalanmışdır. Prezident Nursultan Nazarbayev Qazaxıstanın bu sazişə qoşulması haqqında bəyanat verdı. Bunun özü də birgə iş görmək barədə danışıqlarımızın, söhbətlərimizin konkret, praktiki nəticəsidir. Neft və qaz sənayəsi sahəsində, Xəzərə dair birgə iş haqqında digər planlar da var. Bir sözlə, perspektivlər yaxşıdır.

Nursultan Nazarbayev: Əlavə etmək istəyirəm, nə qədər ki, imzalaığımız həmin sazişlər yox idi, birgə iqtisadiyyatı da inkişaf etdirmək mümkün deyildi. İndi hamınız eşitdiniz, məsələn, vergiqoyma problemini həll etmədən, qarşılıqlı investisiyalar haqqında saziş olmadan heç bir birgə müəssisə barədə söhbət belə gedə bilməzdi. Qazaxıstan istəyir ki, Azərbaycan mütəxəssislərinin köməyi ilə özü üçun neft avadanlığı yaratsın, birgə kəşfiyyat işləri aparsın. Məlum olduğu kimi, bu işdə xüsusən dənizdə kəşfiyyat işləri aparılmasında Azərbaycanın böyük təcrübəsi var. Azərbaycan Qazaxıstandan böyük miqdarda taxıl, ət məhsulları alınmasına maraq göstərir. Bugünkü görüşümüzdə biz Azərbaycana müntəzəm şəkildə, uzun müddət taxıl göndərilməsi üçün Qazaxıstanın taxılçılıq vilayətlərindən istifadə edilməsi haqqında uzunmüddətli saziş bağlamağın mümkünlüyü barədə danışdıq. Bizi Azərbaycanda istehsal olunan yağlar, kimya, yeyinti sənayesi məhsulları maraqlandırır. Birgə müəssisələr yaratmaq üçün də çox böyük imkanlar var. Xüsusən hər iki dövlətin işgüzar adamlarından, biznesmenlərindən ötrü həm orada, həm də burada sərmayə qoymaq üçün nadir imkanlar açılır.

Qazaxıstana gəldikdə isə, xarici investisiyalar haqqında qanuna əsasən, biz öz müəssisəsini tikənlərə torpaq satırıq və bu, onların mülkiyyətinə çevrilir. Qazaxıstanın valyuta bazarında istənilən valyutalar istənilən miqdarda və həcmdə dəyişdirilir. Qazaxıstandan kapitalın kənara çıxarılması sərbəstdir, mülkiyyətin olması da sərbəstdir. Hazırda Qazaxıstanın sənaye və kənd təsərrüfatında bütün obyektlərin kütləvi şəkildə özəlləşdirilməsi prosesi gedir. Sizin pulu olan iş adamlarınız bu prosesdə iştirak edə bilərlər. Ona görə də bu gün imzalanmış sazişlər iş adamlarının, sənaye müəssisələrinin, kənd təsərrüfatı strukturlarının və hökumətlərin qarşılıqlı münasibətlərini inkişaf etdirmək üçün imkan yaradacaqdır.

Sua1: Sual Heydər Əliyevədir: Siz indi hansı problemi Azərbaycan üçün ən başlıca problem sayırsınız və onun həllinin hansı yollarını görürsünüz?

Heydər Əliyev: Azərbaycan üçün ən başlıca problem Ermənistanın hərbi təcavüzündən xilas olmaqdır. Bu təcavüz səkkiz il bundan əvvəl edilmiş və Azərbaycan xalqına çox böyük maddi və mənəvi zərər vurmuşdur. Bayaq dedim ki, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfındən işğal olunmuş, həmin torpaqlardan bir milyondan çox adam qovulmuşdur. Təsəvvür edin ki, 7,5 milyon Azərbaycan əhalisinın bir milyonu qaçqın vəziyyətindədir. Onların əksəriyyəti çadırlarda, olduqca ağır şəraitdə yaşayır, çoxu işsizdir. Söz yox ki, onlar ağır mənəvi və maddi vəziyyətdədirlər. Bununla yanaşı, bu amil Azərbaycanda iqtisadi və mənəvi mühiti çox güclü şəkildə çətinləşdirir. Ermənistan silahlı birləşmələri tərəfındən işğal olunmuş ərazilərdə hər şey talan edilmiş, qədim mədəniyyət abidələri, mənəvi dəyərlərimiz, fabriklər, zavodlar, məktəblər, xəstəxanalar, yaşayış evləri dağıdılmışdır. Bu olduqca dəhşətli vəhşilikdir. Bütün bunlar respublikamıza vurulmuş çox böyük yaradır. Bu­na görə də problemin həll olunması, bu vəziyyətdən qurtarmaq bizim üçün ən başlıca məsələdir. Burada Nursultan Abişoviçlə dediyimiz kimi, biz bu problemi sülh yolu ilə, beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığı prinsipi əsasında həll etmək istəyirik. Deməli, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisindən danışıqsız çıxarılmalıdır, Azərbaycan vətəndaşları öz yaşayış yerlərinə qayıtmalıdırlar, Azərbaycanın ərazi bütövlüyü, onun beynəlxalq aləmdə tanınmış sərhədləri bərpa edilməli, bu sərhədlər pozulmamalıdır. Bu proses çərçivəsındə Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək müxtariyyət statusu verilə bilər və Azərbaycan Respublikasının vətəndaşları kimi Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi təmin edilə bilər. Bu, bizim üçün ən başlıca problemdir. Demək istəyirəm ki, biz bu problemi həll etdikdən sonra qalan problemləri - sosial, iqtisadi, mədəni, elmi problemləri aradan qaldırmaq bizim üçün xeyli asan olacaqdır.

Sua1: Cənab prezident Nursultan Nazarbayev, türkdilli respublikaların birləşməsi və inkişafı hansı iqtisadi və siyasi təməllər əsasında mümkündür? Ölkənizdə demokratikləşdirmə prosesi necə gedir? Siz qonşu Özbəkistandan nümunə götürürsünüzmü, yoxsa özünüz onlar üçün nümunəsiniz?

Nursultan Nazarbayev: Sovet rejimi dövründə demək mümkün deyildi ki, biz eyni türk köklərinə, tarixə malik idik. Müstəqillik əldə etdikdən sonra hər bir xalq öz nəzərlərini öz mənəvi qaynaqlarına yönəldir. Onları biz də axtarırıq. Bilirsiniz ki, türkdilli ölkələrin dövlət başçılarının tezliklə Daşkənddə müşavirəsi keçiriləcəkdir. Bu, ya beşinci, ya da altıncı görüşdür. Bizim hamımız İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olduğumuza görə əməkdaşlıq edirik, özü də yaxşı əməkdaşlıq edirik. Buna Sərəxs - Məşhəd yolunun birləşdirilməsi sübutdur. Onun vasitəsilə bütün Mərkəzi Asiya respublikaları İran körfəzinə çıxmışlar. Buna görə də bir-birinə meyl göstərən və ümumi mənəvi kökləri olan dövlətlər ki­mi, qardaş dövlətlər kimi biz bunu müstəqillik çərçivəsində bərabərliyin tanınması, bir-birinin işlərinə qarışmamaq çərçivəsində həll etməli, ölkələrimizin iqtisadiyyatlarının inkişafında bir-birimizə qarşılıqlı yardım göstərməli və bununla da dövlətlərimizə və xalqlarımıza öz rifahını yüksəltməkdə kömək etməliyik. Odur ki, mən buna normal hal kimi baxıram.

Lakin belə düşünürəm ki, türkdilli dövlətlərin yenidən hər hansı bloka daxil olmasına, bir növ hərbi təşkilat yaratmasına və başqa dövlətlərlə qarşı-qarşıya durmasına ehtiyac yoxdur. Biz artıq belə bir blokda, düşərgədə olmuşuq və buna görə də biz hər hansı bir yeni bloka girməməliyik. Mənim mövqeyim belədir.

O ki qaldı demokratik dəyərlərə, 1995-ci il avqustun 30-da keçirilmiş ümumxalq referendumu ilə Qazaxıstanda konstitusiya qəbul olunmuşdur. Konstitusiyada yazılmışdır ki, Qazaxıstan demokratik, dünyəvi dövlətdir. Bununla əlaqədar, konstitusiyamıza və qanunlarımıza uyğun olaraq Qazaxıstanda əsl söz azadlığı var, ölkəmizdə 1053 qəzet və jurnal buraxılır, onlardan yalnız 422-si dövlət nəşrləridir, qalanları azad mətbuatdır. Bizim televiziya ilə təxminən 38 kanalda verilişlər yayılır, onlardan yalnız 4-ü dövlət kanalıdır. Konstitusiya ancaq ona məhdudiyyət qoyur ki, Qazaxıstanda hakimiyyət uğrunda mübarizə aparan dini partiyalar yaratmağa, millətlərarası ədavəti qızışdırmağa və dövlətin demokratik dayaqlarına qarşı çıxmağa imkan verilmir. Ona görə də çoxsaylı partiyaların olması, - onların bir çoxunu mən özüm yaratmışam, çünki bunu etmək lazım idi. Doğrudur, indi onlar məni tənqid edirlər, - normal haldır. Çoxpartiyalılıq, çoxlu ictimai hərəkatların olması, - bunların sayı 40-dan yuxarıdır, - onu göstərir ki, hər bir partiya, hər bir siyasi hərəkat konstitusiya yolu ilə, öz proqramını, təkliflərini izah etmək yolu ilə hakimiyyət uğrunda mübarizə apara bilər. Bir sözlə, əgər bu sizi maraqlandırırsa, ölkəmizə gəlib özünüz görün.

Sua1: Nursultan Abişoviç, zəhmət olmasa, deyin, Mərkəzi Asiya silahlı qüvvələrinin birləşmiş batalyonu necə inkişaf edir və siz hansısa ölkənin ona qoşulmasını nəzərdə tutursunuzmu? Heydər Əliyeviç, bu il MDB-nin 5 illiyi tamam olur. Siz birliyin 10 illik yubileyində televiziya və radio, digər kütləvi informasiya vasitələri sahəsində inteqrasiyanı necə görmək istərdiniz?

Nursultan Nazarbayev: Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında vahid iqtisadi məkan haqqında müqavilə bağlanmışdır. Bu xalqlar qonşuluqda yaşayırlar, ümumi cəhətləri həddən çoxdur. Ona görə də bu yaxın xalqlar arasında daha çox etimad olması üçün biz belə birlik yaratmışıq və o, çox yaxşı işləyir. Biz fövqəl-milli strukturlar, yəni dövlətlərarası strukturlar, icraiyyə komitəsi, dunya bankları tərəfindən tanınmış Mərkəzi Asiya Bankı yaratmışıq. Bu bankın nizamnamə kapitalı var, böyük məbləğdə pul vəsaiti cəlb edə bilər, hazırda 53 birgə layihəni həyata keçirir, həmin layihələrin bəziləri artıq işləyir.

Daxildə yaranan bütün problemləri həll etmək üçün biz birgə Mərkəzi Asiya batalyonu yaratmışıq, bu barədə BMT-yə məlumat vermişik və ondan razılıq və müəyyən status almışıq. Bu batalyon ABŞ-da NATO sistemində keçirilən təlimlərdə iştirak etmişdir. Batalyon Qazaxıstanda yerləşir, onun bölmələri bütün dövlətlərdə var və lazım gəldikdə birgə inkişaf üçün toplaşırlar. Zənnimcə, Mərkəzi Asiya müqaviləsinə Azərbaycan da diqqət yetirə bilərdi. Bu, çox maraqlı təcrübədir. Biz gömrük baxımından, iqtisadi baxımdan, daşınmalar sahəsində birgə inkişaf üçün xüsusi şərait yaradırıq. İqtisadiyyatdakı etimad zəminində isə insanlar arasında da etimad yaranır və bu da qonşular arasında sabitliyə və əmin-amanlığa xidmət edir.

Heyder Əliyev: Mənə verilmiş sualın cavabında deyim ki, Azərbaycan MDB-yə 1993-cü ilin sonunda daxil olmuşdur və ötən dövr ərzində onun inkişafına öz töhfəsini vermək üçün tədbirlər görmüşdür. Biz istəyirik ki, MDB azad, müstəqil, bərabər hüquqlu dövlətlərin əsl birliyi olsun. Şübhəsiz ki, bu çərçivədə biz çox istərdik ki, bütün istiqamətlər üzrə, o cümlədən televiziya sahəsində hüquq bərabərliyi əsasmda inteqrasiya olsun. Televiziya mühüm kütləvi informasiya vasitəsidir, ictimai əhval-ruhiyyənin formalaşmasında çox vacib rol oynayır. Ona görə də biz istərdik ki, inteqrasiya olsun, lakin hüquq bərabərliyi əsasında. Hesab edirəm ki, qarşıdakı illər bizi tədricən buna gətirib çıxaracaqdır. MDB-nin 10 illik yubileyində nə olacağına gəldikdə isə, necə deyərlər, yaşayarıq, görərik.

Diqqətinizə görə sağ olun, xudahafiz.