Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli musiqiçi və ictimai xadim Mstislav Leopoldoviç Rostropoviçə təbriki - Bakı şəhəri, 3 mart 2002-ci il


Əziz Mstislav Leopoldoviç!

Sizi - müasir dövrün görkəmli musiqiçisi və ictimai xadimini 75 illik yubileyiniz münasibətilə təbrik edir, sizə səadət, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Sənətinizə xas olan virtuoz ustalıq dünya musiqi mədəniyyəti tarixində bütöv bir mərhələni təşkil edir, müxtəlif xalqların və dövrlərin musiqisinin müasir ifaçıları qarşısında tamamilə yeni vəzifələr qoyur. Bənzərsiz musiqiçi və böyük humanist kimi siz öz çoxşaxəli fəaliyyətinizlə bir çox ölkələrin mədəni və ictimai-siyasi həyatına böyük töhfələr verirsiniz. Qloballaşma dövründə mədəniyyətlərin və sivilizasiyaların son dərəcə aktual olan dialoqu sizin səyləriniz sayəsində konkret cizgilər kəsb edərək, həyatımızın real fenomeninə çevrilir.

Son illərdə siz Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsində və musiqi sənətinin inkişafında böyük rol oynamısınız. Sizin Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə gərgin işiniz, Bakı Musiqi Akademiyasında apardığınız ustad dərsləri böyük əks-səda doğurmuş və əhəmiyyət kəsb etmişdir. Bütün bunlar Azərbaycan musiqiçilərinin böyüməkdə olan nəsillərinin tərbiyə edilməsində keyfiyyətcə yeni səviyyəyə nail olmağa kömək edir.

Siz öz yaradıcılığınızda yüksək zirvələrə qalxaraq, dünya birliyinin həyatının bir çox sahələrində özünüifadə qabiliyyətinizi qoruyub saxlamısınız. Dövrümüzün gözəl müğənnisi Qalina Pavlovna Vişnevskaya ilə birgə yaratdığınız fond müxtəlif ölkələrdə çoxsaylı humanitar problemlərin həlli sahəsində son dərəcə mühüm fəaliyyət göstərərək, daim xeyirxahlıq, sülh və ədalət kimi yüksək idealların bərqərar olması işinə xidmət edir.

İnsan və şəxsiyyət hüquqlarının hər hansı şəkildə pozulması cəhdlərinə qarşı yönəldilmiş fəaliyyətiniz bütün dünyada geniş şöhrət qazanmışdır. Qonşu Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğal edilməsi ilə bağlı sizin vətəndaş mövqeyiniz, Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həll ediləcəyinə olan inamınız Azərbaycana səfərləriniz zamanı getdiyiniz qaçqın düşərgələrindəki sakinlərin ürəklərində xüsusi ümid doğurur.

Ümidvaram ki, sizin böyük istedadınız və tükənməz enerjiniz gələcək fəaliyyətinizdə də öz layiqli təcəssümünü tapacaq və sənətinizin bütün pərəstişkarlarına bol sevinc gətirəcəkdir.

Ən xoş arzularla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 mart 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT