"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərneftyanacaq" İstehsalat Birliyində çıxışı" (Bakı, 17 sentyabr 1994-cü il) sənədinə tarixi arayış


17 sentyabr 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Əsrin müqaviləsi" adı ilə tarixə düşən neft müqaviləsinin imzalanması mərasimində iştirak etmək məqsədilə Azərbaycana gələn xarici ölkələrin nümayəndələri ilə "Azərneftyanacaq" İstehsalat Birliyində görüşüb. Görüşdə məqsəd ölkənin neft və qaz sənayesi sahəsinin inkişaf səviyyəsi, infrastrukturun vəziyyəti və real imkanları haqqında xarici ölkə nümayəndələrində təsəvvür yaratmaqdan ibarət olub.

Müəssisə ilə tanışlıq neftin emalında ikinci proses olan katalitik reforminq qurğusu ilə başlanıb. Əsası 1979-cu ildə qoyulan qurğuda yüksək oktanlı benzin istehsal etmək üçün ELOU-AVT qurğusunda xammal kimi ilkin emal edilmiş benzindən istifadə olunur. Katalitik riforminq qurğusu vasitəsilə daha yüksək keyfiyyətli - oktan ədədi yüksəldilmiş benzin alınır. Qurğunun ABŞ-ın texnologiyası əsasında Fransanın "Liftin" şirkəti tərəfindən 40 milyon ABŞ dolları vəsait hesabına tikilib istifadəyə verilməsinə 1981-ci ildə məhz Azərbaycanın o vaxtkı rəhbəri Heydər Əliyev nail olub.

1992-ci ildə əsaslı təmir edilən qurğu 10 milyon ABŞ dolları məbləğində avadanlıq və katalizatorla təmin edilsə də, əlavə 6 milyon dollarlıq vəsaitə ehtiyac yaranıb. Azərbaycanda keçid iqtisadiyyatı şəraitində 70%-lik gücü ilə işləyən bu vacib qurğu ildə bir milyon ton yüksək oktanlı benzin istehsal etmək gücünə malik idi. Hazırda həmin qurğu əsaslı təmirdən və rekonstruksiyadan sonra tam gücü ilə fəaliyyət göstərir. Qurğunun istehsal etdiyi yüksək oktanlı benzin məhsulunun bir qismi xarici bazarlara göndərilir.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti ölkədə neft sənayesinin real maddi-texniki bazası əsasında müasir tələblərə uyğun yeni sənaye potensialının yaradılacağına əmin olduğunu bildirib.

Tarixi arayış 8 iyul 2008-ci ildə tərtib edilib.