Xalq Artisti Leyla Bədirbəyliyə - Bakı şəhəri, 7 yanvar 1999-cu il


Hörmətli Leyla Bədirbəyli!

Sizi - Azərbaycan teatrının və kinosunun görkəmli nümayəndəsini anadan olma gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizi Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan təkrarolunmaz sənətkarlardansınız. Hələ gənc yaşlarınızda yaratdığınız rəngarəng, maraqlı və yaddaqalan obrazlar sizə ölkəmizdə böyük şöhrət gətirmişdir. Təbiətin bəxş etdiyi yüksək insani keyfiyyətlər, fitri istedad, gözəl nitq mədəniyyəti ilə yanaşı, aktyor sənətinin incəliklərinə bələd olmağınız sayəsində siz gözəlliyi, mərdliyi, sədaqəti və əməksevərliyi ilə səciyyələnən Azərbaycan qadınının canlı təcəssümü kimi teatr tariximizdə silinməz iz qoymusunuz. Azərbaycan dramaturgiyasının və dünya klassiklərinin şah əsərlərinin qəhrəmanlarına səhnə həyatı verməklə öz adınızı mədəniyyət tariximizə qızıl hərflərlə yazmısınız.

Azərbaycan kino sənətinin inkişafında xidmətləriniz də böyükdür. 1942-ci ildən bəri kino ekranlarında canlandırdığınız aparıcı qadın obrazları öz dolğunluğu, fikir dərinliyi və böyük tərbiyəvi əhəmiyyəti baxımından xalqımızın bütöv bir nəslinin yüksək milli-mənəvi dəyərlər ruhunda yetişməsində mühüm rol oynamışdır. Baş rollarda çəkildiyiniz filmlər Azərbaycan kinematoqrafiyasını daha da zənginləşdirmiş və onun şöhrətini ölkəmizin hüdudlarından kənara da yaymışdır.

Azərbaycanın teatr və kino sənəti qarşısında xidmətləriniz həmişə yüksək qiymətləndirmişdir. Siz Dövlət mükafatlarına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmusunuz. Ən böyük mükafatınız isə teatr həvəskarlarının, bütün xalqımızın sizə bəslədiyi dərin hörmət və məhəbbət duyğularıdır. Xalqına və Vətəninə sonsuz sədaqətlə xidmət göstərən bir sənətkar kimi sizin bununla fəxr etməyə tam haqqınız vardır. İnanıram ki, teatra vurğunluq və böyük zəhmətsevərliklə keçən zəngin və mənalı yaradıcılıq yolunuz bundan sonra da neçə-neçə yeni aktyorlar nəsli üçün əsl örnək olacaqdır.

Sizə can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT