Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Yurdakul Yigitgüdənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 13 dekabr 2000-ci il


Heydər Əliyev: Xoş gəlmisiniz. Mənə məlumat veriblər ki, siz Dövlət Neft Şirkətində məsələlərin hamısını müzakirə etmisiniz və eyni fikirdəsiniz. Ona görə, qısaca nələri demək istəyirsinizsə, buyurun.

Yurdakul Yigitgüdən: Hörmətli cümhur başqanım, bizi qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Hörmətli cümhur başqanımız Əhməd Necdət Sezərin Sizə salamlarını gətirmişəm. Eyni zamanda, icazənizlə, Azərbaycanda baş vermiş zəlzələ ilə əlaqadər onun başsağlığını, habelə apardığımız məqsədli işbirliyinin uğurlu həyata keçirilməsinə dair məktubunu Sizə yetirmək istəyirəm.

Bildiyiniz kimi, Sizin böyük dəstəyiniz sayəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi məsələsi sürətlə irəliləyir. Biz Azərbaycanın "Şahdəniz" yatağından çıxarılacaq qazın alınması barədə müzakirələrə başlamışıq. Amma Sizin kimi, bizim cümhur başqanımız da müzakirələrin yavaş getməsindən narahatdır. Ona görə də biz bir araya gələrək işlərimizi sürətləndiririk və qarşıdakı günlərdə təkrar görüşəcəyik. Əgər bizə Sizin başqa təlimatlarınız varsa, onları da müzakirə edəcəyik.

Gördüyünüz kimi, biz bundan sonra da eyni dildə danışacağıq. Aramızda heç bir fərq yoxdur. Ona görə də heç kim bizə yanlış fikir söyləyə bilmir. Çünki biz bir-birimizin sözlərini qarşılıqlı anlayırıq. Təbii ki, Sizin verdiyiniz böyük dəstəyin sayəsində. Sağ olun.

Heydər Əliyev: Eyni dildə ifadəsini iki cür başa düşmək olar. Onsuz da biz ayrı dildə danışmırıq. Amma mən sizin eyni dildə danışmaq fikrinizdən anlayıram ki, yəni eyni fikirdəsiniz. Mən bundan çox məmnunam. Siz də bilirsiniz, bizim Azərbaycanın xalqı da, Türkiyə Cümhuriyyətinin xalqı da bilir ki, biz 5-6 ildir ki, Bakı-Ceyhan boru xəttinin yaranması üçün nə qədər çox işlər görmüşük, nə qədər problemlərlə rastlaşmışıq. Amma bunların hamısını aradan qaldırmışıq. İndi bu kəmərin inşaatı lazımdır və bilirsiniz ki, bizim Dövlət Neft Şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə birlikdə bəzi sponsorları arayırlar. Siz də, biz də. Hesab edirəm ki, bu da elə bir çətin məsələ deyildir. Bunların hamısı olacaqdır.

Siz eyni zamanda qaz məsələsini müzakirə etmisiniz.

Natiq Əliyev (Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti): Cənab prezident, bəli. Bu məsələ də müzakirə olunubdur. Bildiyiniz kimi, biz son zamanlar Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə məşğul idik. Parisdə, Vaşinqtonda danışıqlar keçirdik. Bunu şirkətlərlə yenidən müzakirə etdik. Bu məsələdə müsbət nitəcələr vardır. Eyni zamanda paralel olaraq "Şahdəniz" layihəsinin əsas investoru "Bi-Pi" şirkəti Türkiyə tərəfi ilə Ankarada danışıqlar aparıbdır. Ancaq hələ bir nəticəyə gəlməyiblər. Ona görə də bu gün biz belə qərara gəldik ki, iki-üç gün ərzində Dövlət Neft Şirkətinin mütəxəssisləri, ekspertləri Ankaraya gedib danışıqlara başlayacaqlar. Biz Transxəzər boru xətti və sair məsələlər üzərində işləyirik. Hesab edirəm ki, 5-6 gün ərzində sənədlərin layihələri hazır olacaqdır.

Heydər Əliyev: Bunu etmək lazımdır. Çünki Türkiyənin həmişə qaza böyük ehtiyacı olubdur. Bilirəm, gələcəkdə hələ nə qədər ehtiyacı olacaqdır.

Biz Xəzər dənizi, Azərbaycan, Gürcüstan üzərindən Türkiyəyə Türkmənistan qazının nəqlinin tərəfdarıyıq. Biz İstanbulda bu barədə saziş imzalamışıq. Orada mənim də imzam vardır. Türkmənbaşının da imzası vardır. Prezident Şevardnadzenin də imzası vardır. Prezident Süleyman Dəmirəlin də imzası vardır. Hətta prezident Klintonun da imzası vardır. Amma ondan sonra Türkmənistan bu barədə mövqelərini müəyyən edə bilməyibdir və biz də bundan asılı qalmışıq. Yəni biz tərəfdən burada bir problem yoxdur. Gürcüstan tərəfdən, Türkiyə tərəfdən problem yoxdur. Əsas problem qazın sahibi tərəfdəndir.

Bu məsələni həll edin. Yəni bunları bir-birinə bağlamaq lazım deyildir. Əgər Transxəzər qaz borusu məsələsi həll olunursa, biz bunu dəstəkləyirik və buradan qaz keçirməyə hazırıq. Yox, əgər bu, naməlum vəziyyətdə qalacaqsa, onda, bizim özümüzün layihəmiz vardır və bunu həyata keçirməyə hazırıq.

Yurdakul Yigitgüdən: Cənab prezident, biz də eyni fikri söyləyirik. Əgər onlar problemi həll edərlərsə, biz ilk addımı atmağa hazırıq. Biz Xəzərdən başlayaraq Azərbaycan, Gürcüstan üzərindən Türkiyəyə çəkiləcək xəttə hazırıq. Yalnız danışıqları gücləndirməyə qərar vermişik. Qarşıdakı günlərdə Valeh Ələsgərov Türkiyəyə gələcəkdir və bunu daha faydalı olaraq müzakirə edəcəyik. Çünki hər iki tərəf bir-birini yaxşı tanıyır. Yanvar ayı başa çatanadək bu işi bitirmək istəyirik.

Heydər Əliyev: Bəli, bunu o vaxtdan gec saxlamaq olmaz. Bitirmək lazımdır. Çünki bizim də işlərmiz vardır. Biz 2002-ci ildə qaz ixrac edə bilərik. Amma 2002-ci ilə nə qalıbdır? 2000-ci il bitdi, 2001-ci il, 2002-ci il. Biz o vaxt ixraca hazır olacaq qazı saxlaya bilmərik.

Məsələn, ola bilər, biz nefti dəmir yolu ilə, başqa yollarla ixrac edək. Amma qaz belə ola bilməz. Türkiyəyə qaz lazımdır, biz də qaz satırıq. Özü də biz konkret söhbət edirik.

Yurdakul Yigitgüdən: Cənab prezident, bizim hörmətli cümhur başqanımız da eyni sözü söyləyir. Deyir ki, bunu iki ay ərzində bitirəcəyinizi mənə söz vermişdiniz. Oktyabr, noyabr ötdü, amma iş bitmədi. Deyir ki, bu nə işdir? Ona görə də biz bu işi gücləndirməyi qərara almışıq. Şirkətlərin ayırd edə bilmədiyi məsələləri dövlət olaraq biz həll edəcəyik.

Heydər Əliyev: İran bizdən çoxlu qaz almaq istəyir. Əgər bu məsələ geciksə, biz məcbur olacağıq ki, onlarla danışıq aparaq. Mən sizə hər şeyi açıq deyirəm. Çünki bu elə şeydir ki, biz buna zəhmət çəkmişik. "Şahdəniz" yatağı barədə 1996-cı ildə imzalanmış müqaviləmiz vardır. İndi 2000-ci ildir. Beş il keçibdir. Qaz vardır. Onun çıxarılması, ixrac edilməsi bir-iki ilin içərisində mümkün olan şeydir. Burada iki şey vardır. Transxəzər borusu olmursa, onda bilavasitə Azərbaycan, Gürcüstan, Türkiyə bunu edər. Əgər buna da bir maneə olarsa, bizim güney tərəfə də ixrac etməyə imkanımız vardır.

Yurdakul Yigitgüdən: Biz hər kəslə apardığımız standart anlaşmanı şirkətlərə də göndərmişik. Biz bu anlaşmanı imzalamağa hazırıq. Onların bəzi düşüncələri vardır. İmkanımız vardır ki, bir araya gələk. Təbii ki, bizim istədiyimiz Azərbaycanın bütün dünyaya qaz satmasıdır.

Mən keçən həftə Brüsseldə idim. Avropa komissiyası ilə bu məsələni müzakirə edirdim. Yəni çəkiləcək növbəti borunun Türkiyə üzərindən İtaliyaya çatdırılması və bununla da İtaliya, İspaniya və Fransa kimi ölkələrin qaz ehtiyaclarının ödənilməsi məsələsini. Biz bütün bunları onlara başa saldıq. Birlikdə qısa zamanda bu işi həll edəcəyimizə inanıram.

Heydər Əliyev: Biz bilirik ki, indi Rusiyada qaz ehtiyatları azalır. Avropanın qaza çox ehtiyacı vardır. Şimal dənizində, Norveç yataqlarında qaz ehtiyatı azalır. Bu, böyük dünya probleminə çevrilir. Xəzər dənizində başqa sektorlarda da qaz var, amma Azərbaycan sektorunda çoxdur. "Abşeron" yatağından "Şahdəniz"dən də çox qaz gözləyirik. Ona görə də bizim bu işimizin böyük perspektivi vardır. Buna tələbat da vardır.

Tələbat ona görə vardır ki, Avropanın çox hissəsi Rusiyadan qaz alır. Amma onlarda da qaz azalır. Şimal dənizindən alırlar, orada qaz azalır. Demək, tələbat çoxdur. Amma bizim məqsədimiz birinci növbədə, Türkiyəni qazla təmin etməkdir. Çünki dostuq, qardaşıq, bu işlərə bir yerdə başlamışıq, bir yerdə çalışırıq. Türkiyənin buna ehtiyacı vardır.

Yurdakul Yigitgüdən: Ona görə də hörmətli cümhur başqanı Əhməd Necdət Sezər ilk dəfə Azərbaycana səfər etdi və bu barədə xüsusi açıqlama verdi.

Heydər Əliyev: Tamamilə doğrudur.

Yurdakul Yigitgüdən: Biz müzakirələrə başladıq. Hesab edirəm ki, şirkətlərin tərəddüdlərini qısa zamanda aydınlaşdırarıq.

Heydər Əliyev: Çox gözəl. Mən çox təşəkkür edirəm ki, hörmətli dostum cümhur başqanı Əhməd Necdət Sezərin məktubunu gətirmisiniz. Mən görürəm, burada eyni fikirlər əks olunubdur. Mən də bu məktuba cavab göndərirəm. Ancaq cavabım aydındır. Mən sizə deyirəm, biz hər şeyə hazırıq. Biz tərəfdən heç bir problem yoxdur.

"Azərbaycan" qəzeti, 14 dekabr 2000-ci il.