Xalq şairi Məmməd Araza - 13 oktyabr 2003-cü il


Hörmətli Məmməd Araz!

Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zamanın ağır sınaqlarından çıxmış Azərbaycan poeziya sənətinin zəngin ənənələrini müstəqillik dövründə də qoruyub saxlayan və yaşadan ədəbi nəslin nümayəndələri sırasında Sizin adınız həmişə böyük ehtiramla çəkilir. Xalq ruhuna dərin bağlılığı sayəsində Azərbaycan şerinin mühüm hadisəsinə çevrilən yarım əsirlik irsiniz sizə geniş ümumxalq məhəbbəti qazandırmışdır. Özünəməxsus bədii üslubu ilə dövrümüzün canlı poetik salnaməsini yaradan və uğurlu misraları dillər əzbərinə çevrilən əsərlərinizin başlıca mövzusu vətənpərvərlik ideyalarının tərənnümü, milli özünüdərkə cağırışdan ibarətdir.

İnsanı, həyatı, təbiəti məhəbbətlə təsvir edən, oxucunu düşündürən və bədii sözün gücünə inandıran şair kimi sizin yüksək poetik ilhamla yaratdığınız dərin fəlsəfi məzmunlu əsərlərdə Azərbaycan xalqının tarixi keçmişi, milli- mənəvi dəyərləri, ümumbəşəri fikirlər geniş əks olunmuşdur. Xalqın azadlıq arzusunu ədəbiyyatımızın böyük idealına çevirərək, onu yüksəklərə qaldıran əzəmətli poeziyanız vətən sevgisi, vətəndaşlıq amalı ilə səciyyələnir. Müasir insanın həyatla, dünya ilə bağlı düşüncələri sizin yaradıcılığınızda öz parlaq əksini tapmışdır. Şerlərinizə bir çox musiqi əsərlərinin yazılması isə sübut edir ki, siz dilimizin bədii imkanlarından məharətlə bəhrələnmiş və sözün əsl mənasında poetik fikrin gözəl nümunələrini yarada bilmisiniz.

Sizin ədəbi yaradıcılıqla yanaşı publisistika, tərcümə və naşirlik sahəsindəki fəaliyyətiniz də təqdirəlayiqdir.

İnanıram ki, Azərbaycan poeziyasının gənc nümayəndələri azadlıq ideallarını tərənnüm edən, ədəbi-bədii düşüncə tariximizi ana vətən, doğma təbiət haqqında yaddaqalan obrazlarla zənginləşdirən yaradıcılığınızdan tükənməz məktəb kimi faydalanacaqlar. Dövrümüzün sənət zirvəsinə yüksələn poeziyanız müstəqil Azərbaycanımızın bundan sonra da neçə-neçə nəslinə mənəvi saflıq və vətənpərvərlik ruhunun aşılanması işində əvəzsiz mənbələrdən biri olacaqdır.

Sizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzu edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti 14 oktyabr 2003-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT