Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Baki şəhər metropolitenində baş vermiş faciə ilə əlaqədar milli televiziya və radio ilə xalqa müraciəti - 29 oktyabr 1995-ci il


Əziz həmvətənlər, bacılar, qardaşlar, Azərbaycan Respublikasının vətəndaşları!

Azərbaycan Respublikasına, xalqımıza böyük faciə üz vermişdir. Dünən, oktyabr ayının 28-də axşam Bakı metrosunun "Ulduz" və "Nərimanov" stansiyaları arasında sərnişin qatarı qəza nəticəsində yanmağa başlamış və bu, böyük faciə ilə nəticələnmişdir. Bu hadisə baş verən kimi, bizə məlumat çatan kimi respublikanın və Bakı şəhərinin müvafiq dövlət orqanları bu faciəli hadisənin qarşısını almaq, onun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməklə məşğul olmuşlar. Bütün qüvvələrimiz səfərbər olunubdur və hadisə baş verəndən indiyə qədər çox gərgin iş gedir. Bizim gördüyümüz tədbirlər və baş vermiş faciənin nəticələri artıq sizə məlumdur. Bütün məsələlərin həll olunması, bütün tədbirlərin həyata keçirilməsi üçün fövqəladə dövlət komissiyası yaradılıbdır. Bu komissiya işə başlayıb və lazımi tədbirlər görübdür. Ağır faciə olduğuna görə mən bu barədə xalqımıza məlumat verərək, eyni zamanda oktyabr ayının 29 - 30-nu ümumxalq matəmi elan etmişəm.

Görülən tədbirlər nəticəsində faciənin miqyası məlum olubdur. Artıq sizə məlumdur ki, bu bədbəxt hadisə nəticəsində 286 nəfər həlak olub, 269 nəfər yaralanıb, xəsarət alıb, xəstəxanalara gətirilib, onlara tibbi yardım göstərilibdir. Onların çoxu tibbi yardım göstəriləndən sonra öz evlərinə gedibdir. 69 nəfər xəstəxanada müalicə olunur. Mənə verilən məlumatlardan görünür ki, xəstəxanalarda müalicə olunanların həyatı təhlükə doğurmur. Böyük faciədir. Xalqımız matəm içindədir. 286 nəfər vətəndaşımızı - insanı itirmişik. Görülən tədbirlər nəticəsində 400 nəfər bu təhlükədən xilas olunubdur. İnsanları xilas edərkən bu işə səfərbər edilmiş şəxslərdən üç nəfər həlak olubdur. Onlardan biri hərbi qulluqçu, hərbi məktəbin müdavimidir, ikisi mülki adamlardır. Mən bütün həlak olanların ailələrinə, onların qohum-əqrəbalarına bu faciəli hadisə münasibətilə, böyük itkiləri münasibətilə dərin hüznlə başsağlığı verirəm.

Hər bir insan itkisi, insan tələfatı bizim üçün matəmdir. Ancaq qəflətən bu qədər vətəndaşımızın həlak olması, dünyadan getməsi bizim üçün çox böyük matəmdir. Hadisənin qarşısını almaq, insanları xilas etmək üçün çalışarkən həlak olanlardan üç nəfərin xidmətini xüsusilə qeyd etmək istəyirəm. Bu, onların böyük vətənpərvər olduqlarını nümayiş etdirir. Onlar insanları xilas etmək üçün özləri həlak olublar, öziərini qurban veriblər. Güman edirəm ki, onların xatirəsi xüsusi qeyd olunacaqdır.

Biz matəm içindəyik. Mən həlak olanların ailələrinə başsağlığı verərək, eyni zamanda indi hər bir ailədə olan yas mərasimində özümü də görürəm. Mən həlak olanların ailələri ilə, qohum-əqrəbaları ilə bu günlər, bu dəqiqələr, bu saatlar bir yerdəyəm. Bu, xalqımızın ümumi kədəridir, hər bir kəsin kədəridir. Biz hamımız bu kədər, qəm-qüssə içindəyik. Artıq sizə məlumat verilib, bildiyiniz kimi, həlak olanların dəfni ilə əlaqədar - onların dövlət hesabına dəfn edilməsi, ailələrinə lazımi yardımlar göstərilməsi haqqında mənim fərmanlarım artıq icra olunur. Bununla yanaşı, mən bu gün qərar qəbul etdim ki, həlak olanların hər birinin ailəsinə bu faciəli hadisə münasibətilə əlavə kömək - bir milyon manat məbləğində yardım göstərilsin. Bu qərarı mən bura gəlməmişdən qəbul etdim.

Şübhəsiz ki, bütün həlak olanların ailələri, qohum-əqrəbaları dövlətin qayğısı altında olacaqdır. Həlak olanların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Son illər Azərbaycan Respublikasının başına çox bəlalar gəlibdir. Biz çox itkilər vermişik. Azərbaycan torpaqlarını işğalçılardan müdafiə etmək, Azərbaycanın suverenliyini, müstəqilliyini qorumaq üçün çox itkilər vermişik, şəhidlər vermişik. Bütün şəhidlərin xatirəsi daim bizim qəlbimizdədir. Ancaq dünənki faciəli hadisə bütün Azərbaycan Respublikasına, bütün Azərbaycan xalqına qəflətən, gözlənilmədən böyük bir zərbə vurdu və bizi çox sarsıtdı. Güman edirəm ki, biz bu ağır günləri də keçəcəyik.

Ermənistanla Azərbaycan arasında olan münaqişədə son vaxtlar atəşkəs əldə etmişik. On yeddi aydır ki, atəş yoxdur, xalqımız cəbhələrdə itki vermir. Sülh şəraitində yaşayırıq və daimi sülh əldə etmək istəyirik. Belə bir zamanda qəflətən bu faciənin baş verməsi, şübhəsiz ki, bizim üçün böyük zərbədir, böyük itkidir, faciədir. Ancaq biz dözümlüyük, buna da dözəcəyik. Mən bütün həlak olanların ailələrinə müraciət edirəm, onlara Allahdan səbr diləyirəm. Onların qəminə, kədərinə şərik olduğumu bildirmək istəyirəm. Onlara dözümlülük diləyirəm. Yaralanaraq müalicə olunanlara tezliklə sağalmağı arzu edirəm. Onlar əmin ola bilərlər ki, sağalmaları üçün bütün tədbirlər görüləcək, onlara və ailələrinə lazımi yardımlar ediləcəkdir.

Mən bütün xalqımıza muraciət edirəm. Xalqımıza Allahdan səbr diləyirəm, dözümlülük diləyirəm. Tarix son illərdə Azərbaycan xalqını böyük sınaqlara çəkmişdir. Biz bu sınaqlardan çıxırıq, itkilər də, şəhidlər də veririk. Bu sınaqdan da çıxacağıq.

Biz 1995-ci ilin son aylarını yaşayırıq. Oarşımıza çox böyük vəzifələr qoymuşuq, onları həyata keçirməyə çalışırıq. Bir neçə gün bundan əvvəl mən Amerika Birləşmiş Ştatlarında olmuşam, Birləşmiş Millətlər Təşkilatının yaranmasının 50 illik yubiley mərasimlərində iştirak etmişəm. Orada olarkən bir çox ölkələrin dövlət, hökumət başçıları ilə, o cümlədən Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla görüşmüşəm, danışıqlar aparmışam. Beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb danışıqlar aparmışam. Dünyanın böyük beynəlxalq maliyyə mərkəzlərinin rəhbərləri ilə görüşüb danışıqlar aparmışam. Bütün bu görüşlər, danışıqlar Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək üçün çox faydalı, səmərəli olub, eyni zamanda Azərbaycan Respublikasının bu ağır vəziyyətdən çıxması üçün lazımi tədbirlərin görülməsindən ötrü faydalı, səmərəli olubdur.

Bu danışıqlarda Ermənistanla Azərbaycan arasında münaqişənin tamamilə aradan götürülməsi məsələsi də müzakirə edilibdir. Həmin məsələnin sülh yolu ilə həll edilməsi haqqında da danışıqlar aparılıb, çox faydalı, səmərəli nəticələr əldə olunubdur. Beynəlxalq maliyyə mərkəzləri Azərbaycanın bu ağır sosial vəziyyətini nəzərə alaraq, respublikamıza böyük məbləğdə kreditlər ayrılması haqqında qərarlar qəbul ediblər. Bunlar hamısı Azərbaycan Respublikasını bu ağır, çətin vəziyyətdən çıxarmaq üçün son vaxtlar görülən işlərdir.

Qeyd etdim ki, qarşımızda böyük vəzifələr var, biz onları həyata keçirmək istəyirik. Noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə, parlamentinə ilk dəfə seçkilər keçiriləcəkdir. Biz demokratik parlament yaradılması, seçkilərin tam demokratik prinsiplər əsasında keçirilməsi üçün-lazımi tədbirlər görürük. Müstəqil Azərbaycan Respublikasının konstitusiyasının layihəsi hazırlanıb, ümumxalq müzakirəsinə verilib və noyabrın 12-də ümumxalq səsverməsi, referendum vasitəsilə qəbul olunacaqdır. Müzakirə davam edir. Müzakirə zamanı vətəndaşlar, xalq tərəfindən verilən bütün təkliflər, şübhəsiz ki, nəzərə alınacaq və dərc edilmiş layihə onların əsasında daha da təkmilləşdiriləcək, ümumxalq səsverməsi üçün bir daha dərc olunacaqdır.

Bunlar Azərbaycan Respublikasının həyatında, dövlət quruculuğunda çox mühüm tədbirlərdir. Yəni biz müstəqil Azərbaycanın ilk demokratik parlamentini yaradacağıq, müstəqil Azərbaycan Respublikasının ilk demokratik konstitusiyasını qəbul edəcəyik. Belə böyük tədbirlərin hazırlanması zamanı, onların ərəfəsində başımıza gəlmiş bu bəla, şübhəsiz ki, işlərimizə müəyyən təsir edə bilər. Ancaq əmin ola bilərsiniz ki, bizim iradəmiz möhkəmdir və indiyə qədər rastlaşdığımız çətinliklərin öhdəsindən gəldiyimiz kimi, bu çətinliyin də öhdəsindən gələcəyik.

Bilirsiniz ki, son vaxtlar - həm 1994-cü ildə, həm də 1995-ci ildə Azərbaycanın dövlətçiliyinə qarşı təxribat hadisələri, dövlət çevrilişinə cəhdlər, terror aktları keçirmək cəhdləri, başqa böyük cinayətlər olmuşdur. Biz bunların qarşısını aldıq və respublikamızda ictimai-siyasi sabitlik yaratdıq. Bu gün respublikamızda ictimai-siyasi vəziyyət tam sabitdir. Hər bir vətəndaş azad, sərbəst yaşamaq imkanına malikdir və xüsusən indi, seçkilərə hazırlıq ərəfəsində hər bir vətəndaşın hüquqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikada siyasi partiyalar sərbəst fəaliyyət göstərir və onların parlament seçkilərində iştirak etməsi üçün bütün şərait yaranıbdır.

Belə bir şəraitdə baş vermiş bu faciə şübhəsiz ki, bizi kədərləndirir, incidir, məyus edir, amma iradəmizi sındıra bilmir və sındıra bilməz. Biz Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqların azad etmək üçün əzmlə çalışırıq və çalışacağıq. Tutduğumuz yolla gedirik və gedəcəyik.

Belə ağır günlərdə, şübhəsiz ki, daha çox vətəndaş həmrəyliyinə, vətəndaş birliyinə ehtiyac duyulur. Güman edirəm ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı bu matəm günlərində respublikamızın bu günü və gələcəyi haqqında bir daha dərindən düşünmək imkanına malikdir və dərindən düşünməlidir. Hər kəs dərk etməlidir ki, müstəqil Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanda hüquqi demokratik dövlət qurmaq, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq amalımız hər bir kəsin amalı olmalıdır. Hər bir kəs bu ali məqsədlərə nail olmaq üçün öz səyini göstərməlidir, öz payını verməlidir.

Mən bu gün, bu matəm günu bütün Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına bu arzularla müraciət edirəm. Xalqımıza daha da dəyanətli olmağı arzulayıram, daha da dözümlü olmağı arzulayıram. Xalqımızı, Azərbaycanın bütün vətəndaşlarının əmin edirəm ki, biz bütün çətinliklərdən çıxmağa qadirik və bu çətinliklərdən çıxacağıq. Qəmimiz, kədərimiz nə qədər çox olsa da, nə qədər ağır dəqiqələr, saatlar, günlər keçirsək də gələcəyə ümidimiz böyükdür. Biz nikbinik və nikbinlik əhval-ruhiyyəsi ilə yaşayırıq, yaşamalıyıq.

Başımıza gəlmiş bu bəla münasibətilə, bu faciə münasibətilə bütün Azərbaycan xalqına bir daha başsağlığı verirəm. Həlak olanların ailələrini bağrıma basıram, onlara Allahdan səbr diləyirəm, onlara başsağlığı verirəm. Həlak olanlara Allah rəhmət eləsin! Xalqımıza Allah səbr versin, dözüm versin!

Tarixi arayış