Azərbaycan Ali Hərbi Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbi məzunlarının buraxılışına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin nitqi - 27 iyul 2002-ci il


Əziz gənc zabitlər!

Əziz gənc kursantlar!

Hörmətli zabitlər, generallar!

Xanımlar və cənablar!

Müstəqil Azərbaycan Respublikasının həyatında baş verən bugünkü əlamətdar hadisə münasibətilə sizin hamınızı təbrik edirəm və Azərbaycan Ali Hərbi Məktəbini bitirib ixtisaslaşma kurslarına gedənləri ürəkdən təbrik edirəm. Əziz məzunlar, əziz gənc zabitlər, sizə gələcək xidmətlərinizdə uğurlar arzulayıram.

Bu gün ona görə əlamətdardır ki, müstəqil Azərbaycanın ordu quruculuğu prosesinin gündən-günə yüksəlməsini bir daha nümayiş etdirir. Bu gün ona görə əlamətdardır ki, Azərbaycanın Silahlı Qüvvələri, Milli Ordusu yeni böyük zabit dəstəsi alır. Ali Hərbi Məktəbdə təhsil almış, müasir dövrün tələblərinə uyğun və Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi islahatlarla əlaqədar dəyişikliklərə uyğun təhsil almış gənclər bizim Silahlı Qüvvələrimizin müxtəlif hissələrinə xidmət etməyə gedirlər.

Bu gün ona görə əlamətdar gündür ki, Azərbaycan gənclərinin hərbi xidmətə, hərbi peşəyə nə qədər böyük maraq göstərdiklərini nümayiş etdirir. Gənclərimiz özlərini hərbi peşəyə həsr edərək, Azərbaycanın ordusunda xidmət edib dövlətin keşiyində durmağı sevimli peşə hesab edərək bu məktəbə daxil olublar və onu bitiriblər. Qürur hissi ilə hərbi xidmətlərini davam etdirməyə hazır olduqlarını bildiriblər.

Bu gün bizim hamımızı çox sevindirir. Bizim xalqımızı sevindirir. Çünki bu gün bir daha nümayiş etdirir ki, Azərbaycanın nizami ordusu var, Azərbaycanın yüksək səviyyədə təşkil edilmiş Silahlı Qüvvələri var, Azərbaycan dövlətini, dövlətçiliyini və bütün mənafelərini, torpaqlarını qorumağa qadir ordusu var və bu ordu peşəkar hərbçilər, peşəkar zabitlər tərəfindən idarə olunur. Azərbaycan Silahlı Qüvvələrinin sıraları ilbəil yeni, gənc zabitlərlə artır və genişlənir.

Əziz övladlarımız, mən təsəvvür edirəm ki, siz bu gün hansı hissləri keçirirsiniz. Siz gəncsiniz, qarşınızda böyük yol var. Amma yolunuzu seçmisiniz və düzgün seçmisiniz. Yolunuz Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək, doğma ölkəmizi, xalqımızı, dövləti qorumaq yoludur, siz bu yolu seçmisiniz. Mən sizin bu seçiminizi çox yüksək qiymətləndirirəm. Amma siz bu yolun başlanğıcındasınız.

Dörd il Azərbaycan Ali Hərbi Məktəbində təhsil almısınız. Bu təhsil əvvəlkindən tamamilə fərqli bir sistem əsasında qurulubdur. Bu təhsil müasir texnikanın, texnologiyanın bütün imkanlarından istifadə olunmaqla sizə çox biliklər veribdir. Bu təhsil sizi inkişaf etdirib, özünüzün seçdiyiniz peşəyə daha da bağlayıbdır. Güman edirəm ki, bu dörd ildə öz peşənizi daha çox sevmisiniz. Ali Hərbi Məktəbdə oxumaq üçün çəkdiyiniz zəhmət və çox həyəcanlı günlər dörd il bundan öncə olubdur. İndi isə, dörd ildən sonra Ali Hərbi Məktəbi qurtarıb hərbi xidmətə başlayırsınız. Bu, sizin həyatınızda böyük bir mərhələdir. Siz bu dövrü şərəflə keçmisiniz. Ali Hərbi Məktəbi qurtarmağa haqq, hüquq qazanmısınız. İndi biliklərinizi və bütün keyfiyyətlərinizi, bacarığınızı xidmətdə göstərməlisiniz. Ona görə bu gün sizin üçün çox həyəcanlı gündür. Biz bunları görmüşük. Hər bir valideyn uşağı ilk dəfə məktəbə gedəndə nə qədər həyəcan keçirir. Orta məktəbi qurtaranda nə qədər həyəcan hissləri keçirir. Ali məktəblərə, universitetlərə daxil olmaq gənclər üçün, təbiidir ki, asan deyildir. Kimin biliyi varsa, ancaq o qəbul oluna bilir. Ancaq ali məktəbə daxil olana qədər özü də, onun valideynləri də nə qədər həyəcanlanırlar. Nəhayət, universiteti, ali məktəbi bitirib həyatda işə başlayır.

Mən özüm bir valideyn, ata kimi bu hissləri keçirmişəm. Ancaq mən bu gün bu hissləri sizinlə bərabər, sizin hər birinizə doğma bir insan kimi keçirirəm və həddindən artıq sevinirəm. Şadam ki, bu il Azərbaycanın Silahlı Qüvvələri yeni bir gənc zabit dəstəsi aldı. Deməli, ordumuz təzələnir. Ordumuza yeni nəsillər, zabit nəsilləri sistemli olaraq gəlir. Bunların hamısı bizim ordumuzu ilbəil gücləndirir, onun qüdrətini artırır. Bax, bunlara görə mən sizinlə birlikdə böyük sevinc hissi keçirirəm.

Ötən ili xatırlayıram. Bir il bundan öncə də biz burada idik, belə bir gözəl mərasim keçirdik. Amma bu il bir neçə gün öncə mənə deyəndə ki, buraxılış var, soruşdular ki, bu buraxılışa gəlmək istəyirəm, yoxsa yox? Birincisi, təəccübləndim. Vaxt nə tez keçdi. Elə bil dünən biz burada görüşmüşdük və bu gün yenidən görüşürük. İkincisi, suala cavab olaraq dedim ki, siz nahaq bu sualı mənə verirsiniz. Ola bilərmi ki, mən, birincisi, özümü bu gənclərin valideyni kimi hesab edərək, ikincisi isə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan prezidenti kimi yaratdığımız gənc, müstəqil Azərbaycanın Ali Hərbi Məktəbinin buraxılışına gəlməyim. Gəlmişəm, sizi görməyə gəlmişəm. Sizi, bu mənzərəni görərək həddindən artıq sevinirəm, həyəcanlanıram. Deməli, son ildə Azərbaycanda ordu quruculuğunu daha da yüksək səviyyədə təşkil etmək, Azərbaycanın Silahlı Qüvvələrini müasir tələblərlə hazırlanmış, bilik almış zabitlərlə təmin etmək arzularımız, niyyətlərimiz, proqramlarımız artıq həyata keçirilir. Bu sistem artıq gedir və gedəcəkdir. İlbəil bundan da artıq davam edəcəkdir.

Bu il Ali Hərbi Məktəbi bitirənlərin sayı keçən ilkindən çoxdur. Bu tərəfdə duranlar, hansılar ki, son kursda oxuyacaqlar, onların da sayı keçən ilkindən çoxdur. Məlumdur ki, Ali Hərbi Məktəbə daxil olmaq üçün böyük müsabiqədən keçmək lazımdır. Bu müsabiqədən keçib, dörd il təhsil alaraq zabit səviyyəsinə çatmış gənclərimiz ilbəil artır və artacaqdır.

Bizim Ali Hərbi Məktəbimiz, Ali Təyyarəçilər Məktəbimiz, Ali Dənizçilik Məktəbimiz, Hərbi Akademiyamız, təkmilləşdirmə kursları, ordumuzu təmin etmək, lazım olan qüvvələri hazırlamaq üçün müxtəlif səviyyədə yaranmış kurslar - bunların hamısı indi artıq Azərbaycanda Silahlı Qüvvələrin böyük bir təhsil sisteminin tam yaranmasını nümayiş etdirir və bu, davam edəcəkdir. İlbəil yeni, gənc zabitlərin sayı artacaq, bizim ordumuz yeni zabitlər, müxtəlif sahədə ixtisaslaşmış mütəxəssislər alacaqdır. Bunların hamısı bizim ordumuzu müasir tələblərə uyğun inkişaf etdirəcəkdir.

Azərbaycanda ordu quruculuğunun işində, hərbi təhsil sisteminin yaranması işində, mövcud hərbi hissələrimizdə zabitlər və əsgərlərin gündəlik təlimlərinin təşkil edilməsi işində bu nailiyyətləri əldə etməyimizə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında artıq bir çox illər bundan öncə yaranmış əlaqələr, əməkdaşlıq, müştərək iş böyük kömək göstərmişdir. Bu iş indi də, gələcəkdə də davam edəcəkdir.

Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq, strateji əməkdaşlıq əlaqələri var. Bu əlaqələri biz yüksək qiymətləndiririk və onların təkmilləşməsi üçün daim səylərimizi göstəririk və göstərəcəyik. Bu əlaqələrin böyük bir hissəsini təşkil edən bizim ordu quruculuğu sahəsində, hərbi sahədə olan əməkdaşlığımızdır.

Bu mərasimi keçən il biz Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin başçısı, Baş Qərargah rəisi, ordu generalı, hörmətli Hüseyn Qıvrıqoğlu ilə bərabər Azərbaycana gəlmiş nümayəndə heyəti ilə birgə keçirdik. O günlərdə bizim bütün xalqımızı sevindirən "Türk Yıldızları" Azərbaycanda oldular. Onda bu məktəbin ilk buraxılışı idi. Bu məktəbi bir yerdə hazırlamışıq. Təbiidir, mən çox şad oldum ki, ilk buraxılışı da birlikdə keçirdik.

Bu gün yenə də mərasimimizdə Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin burada bizimlə bərabər fəaliyyət göstərən yüksək rütbəli şəxsləri və Türkiyədən Azərbaycana gəlmiş qonaqlar da iştirak edirlər. Mən qonaqlarımızı səmimi-qəlbdən salamlayıram və Türkiyə Cümhuriyyətinə, xalqına və Türkiyənin Silahlı Qüvvələrinə dostluq, qardaşlıq, strateji əməkdaşlıq əlaqələrinin daim inkişaf etdirilməsində və ordu quruculuğunda bərabər işləməyimizlə əlaqədar təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Əziz gənc zabitlər, mən artıq dedim ki, siz keçdiyiniz yolun birinci mərhələsini başa vurmusunuz. Qarşınızda yolun daha da ağır hissəsi durur. O da, qeyd etdiyim kimi, aldığınız biliklərinizi, öz imkanlarınızı sizə həvalə olunan vəzifənin yerinə yetirilməsinə sərf etməyinizdir. Güman edirəm ki, siz bu peşəni şüurlu seçdiyinizə və Ali Hərbi Məktəbi uğurla bitirdiyinizə görə, gələcəkdə də yaxşı nümunələr göstərəcək, öz xidmətinizi daim davam etdirəcəksiniz.

Mən dəfələrlə demişəm ki, bu gün də sizə deyirəm ki, hərbi peşə insandan çox şey tələb edir. Həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, vətənə, ölkəyə, doğma torpağa əsl sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq, mətinlik və sair. Əgər bunlar olmasa, gələcəkdə sizin üçün bu yol çətin olacaqdır. Mən demək istəmirəm ki, bunlar sizdə yoxdur, əgər bunlar olmasaydı, siz bu peşənin ardınca getməzdiniz. Ancaq siz gərək daim özünüzdə bu keyfiyyətləri tərbiyə etdirəsiniz. Bu keyfiyyətlər sizin işinizdə gərək özünü göstərsin, get-gedə möhkəmlənsin və sizin adi adətinizə çevrilsin. Güman edirəm, siz bunu edəcəksiniz.

Bizim Silahlı Qüvvələrimizdə hər bir zabit, hər bir komandir mənəviyyatca saf olmalıdır. Mənəvi saflıq insanı daim yüksəldir və lazım olan bütün başqa keyfiyyətlərin onda cəmlənməsi üçün əsas yaradır. Şübhə etmirəm ki, siz bu tövsiyəni də unutmayacaqsınız.

Siz bilməlisiniz ki, Azərbaycanın Silahlı Qüvvələri Azərbaycanın torpaqlarını, dövlətçiliyini qorumalı və Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsi üçün üzərinə qoyulacaq vəzifələrin yerinə yetirilməsinə daim hazır olmalıdırlar. Ona görə də siz öz hərbi xidmətinizdə hər gün, hər vaxt bunu düşünməlisiniz, bunu bilməlisiniz, bunu yadınızdan çıxarmamalısınız.

Bizim ordumuz bu günün, gələcəyin ordusudur. Azərbaycan dövlət müstəqilliyinin on illiyini qeyd etdi. Bir neçə aydan sonra biz dövlət müstəqilliyimizin on birinci ildönümünü qeyd edəcəyik. Aylar keçir, illər keçir, ancaq bu aylar, illər keçdikcə Azərbaycan inkişaf edir, yüksəlir, güclənir və o cümlədən Azərbaycanın Silahlı Qüvvələri güclənərək daha da qüdrətli olubdur.

Ancaq Azərbaycanın müstəqil dövlətinin üzərinə düşən vəzifələr hər bir şəxsdən, hər bir təşkilatdan işləri daha da yaxşı aparmağı tələb edir. O cümlədən mən bu gün Azərbaycanın Silahlı Qüvvələrindən, Azərbaycan Ordusundan, Müdafiə Nazirliyindən öz vəzifələrini daha da keyfiyyətli, daha da yaxşı yerinə yetirməyi tələb edirəm. Bunu bu gün ona görə bəyan edirəm ki, bu, bizim daimi tələbimizdir. Biz bu prinsipdən bir gün də geri çəkilməyəcəyik.

Bir də ona görə ki, təəssüflər olsun, bizim ayrı-ayrı hərbi hissələrdə hələ nöqsanlar da var. Bəzi hallarda çox narahatedici nöqsanlar var. Bəzi hissələrdə hərbi nizam-intizam lazımi səviyyədə deyil, komandirlər, zabitlər əsgərlərə, xüsusən gənc əsgərlərə - yəni orduya səfərbər edilmiş əsgərlərə lazımi qayğı göstərmirlər. Belə faktlar var və mən bir neçə dəfə bu cür tənqidi fikirlərimi deməyimə baxmayaraq, qüsurların daha da sürətlə aradan qaldırılmasını tələb etməyimə baxmayaraq, təəssüflər olsun ki, hələ ki, belə hallar var və çoxdur.

Mən bu gün, bayram günü hansısa konkret faktlardan danışmaq istəmirəm. Amma, ümumiyyətlə, deyirəm ki, Azərbaycanın Silahlı Qüvvələrində, Azərbaycan Ordusunda hər bir zabit, hər bir komandir, hər bir yüksək vəzifəli şəxs bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir. O, xidmətini elə aparmalıdır ki, ordumuz gündən-günə güclənsin, zəifləməsin. Mən bu gün bu tələbi bir daha bəyan edirəm. Güman edirəm ki, mənim bu tənqidi sözlərimdən və bəyan etdiyim bu tələblərdən nəticə çıxarılacaqdır. Biz heç vaxt arxayınlaşmamalıyıq.

Mən bu gün çox tərifi sözlər dedim. Amma bu, o demək deyil ki, biz hər şeyə nail olmuşuq. Yox. Hələ çox şeylər var ki, biz onları etməliyik. Bəzilərini indiyə qədər etməmişik, çünki imkan olmayıbdır. Amma bəzilərini də etməmişik. Çünki ayrı-ayrı hissələrdə, ayrı-ayrı sahələrdə buraxılan səhvlər və bəzi vəzifəli şəxslərin, o cümlədən ordumuzun ayrı-ayrı hissələrində olan vəzifəli şəxslərin öz vəzifələrindən sui-istifadə etməsi və öz vəzifələrinin yerinə yetirilməsində məsuliyyətsizlik göstərməsi istədiyimiz nailiyyətlərin əldə olunmasına hələ imkan verməyibdir. Ona görə də biz, bir tərəfdən, Silahlı Qüvvələrimizi hələ daha da təkmilləşdirməliyik. Bu səviyyəni hələ son səviyyə hesab etmək olmaz. İkinci tərəfdən, mövcud olan nöqsanları, qüsurları aradan qaldırmalıyıq.

Güman edirəm ki, bizim gənc zabitlərimiz mənim bu sözlərimi daim yadda saxlayacaqlar. Çünki bu sözlər bu gün də aktualdır, gələcək illərdə də aktual olacaqdır və heç vaxt aktuallığını itirməyəcəkdir.

Bizim Ali Hərbi Məktəbimizin qısa bir zamanda belə yüksək səviyyəyə çatması, təbiidir ki, bu məktəbin professor-müəllim heyətinin çox böyük səylərini nümayiş etdirir. Bəzən kənardan, yəni bizim ordumuzu yaxşı görməyənlər, yaxud görmək istəməyənlər, ordumuzda olan vəziyyəti bilməyənlər, yaxud həqiqəti bilmək istəməyənlər, - təəssüflər olsun ki, bu, indi müəyyən qədər dəb şəklini alıbdır, - ordumuz haqqında, onun ayrı-ayrı hissələri haqqında cürbəcür, həqiqətə uyğun olmayan fikirlər söyləyirlər, şayiələr yayırlar.

Mən dedim, təbiidir ki, səhvlər də var, nöqsanlar da var. Ancaq bizim gördüyümüz bu işlərin arxasında böyük əmək, böyük zəhmət və böyük hərbi xidmət durur. Bunu da edənlər bizim ordumuzun, Silahlı Qüvvələrimizin komandan hissəsidir, ali vəzifəli şəxsləridir. Təhsil sahəsində bunu edənlər, məktəbə rəhbərlik edənlər, müəllimlər, professorlar, təhsil işini təşkil edənlərdir.

Mən bu gün bunu qeyd edərək, məmnuniyyət hissi keçirirəm ki, bizim Ali Hərbi Məktəbimizdə yüksək səviyyədə təhsil vermək imkanına malik olan kadrlarımız vardır. Ancaq bu kadrları artırmaq lazımdır. Onların biliklərinin təkmilləşməsi haqqında düşünmək lazımdır. Güman edirəm, bu da bizim qarşımızda duran vəzifələrdəndir.

Əziz gənc zabitlər!

Mən sizin hamınızı bir daha təbrik edirəm. Sizə cansağlığı, gələcək xidmətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, lazım olan vaxt siz yüksək qəhrəmanlıq nümunələri göstərəsiniz. Arzu edirəm ki, bizim ordumuzda qəhrəmanlardan da qəhrəman olanların sayı daha da çoxalsın.

Siz gələcək xidmətinizdə mütləq yüksək komandan heyətinin qayğısı və diqqəti altında olacaqsınız. Bunu bilməlisiniz.

Bu gün mən Səfər Əbiyev ilə bu barədə söhbət aparanda ona bildirmişəm. Ali Hərbi Məktəbi bitirmiş hər bir şəxs gərək xüsusi qeydiyyatda və nəzarətdə olsun. Birincisi, o, necə xidmət edir, ikincisi, onun lazımi səviyyədə xidmət etməsi üçün hansı diqqət və qayğı göstərilir. Əgər daimi diqqət və qayğı olmasa, bəziləri üçün çox çətin olar. Mən bunu Müdafiə Nazirliyinin rəhbərliyindən tələb edirəm.

Bu tərəfdə duranlar 4-cü kursa keçənlərdir. Əziz övladlar, mən sizə arzu edirəm ki, qarşınızda olan bu bir ili daha da səmərəli keçirəsiniz və sizinlə duran qardaşlarınız kimi, gələn il siz də bu tərəfdə zabit paltarında durasınız. Mən də söz verirəm ki, gələn il də gəlib sizi burada salamlayacağam və təbrik edəcəyəm.

Azərbaycan dövlətinin, o cümlədən prezidentin, Ali Baş Komandanın çox işləri var. Ancaq bizim dövlətimiz üçün, mənim üçün, Azərbaycanın prezidenti, Ali Baş Komandan üçün ordu ilə, Silahlı Qüvvələrlə əlaqədar olan işlər hər şeydən vacib, hər şeydən əhəmiyyətlidir. Mən öz vəzifəmi bu prinsiplə həyata keçirirəm və bundan sonra da bu prinsiplə həyata keçirəcəyəm. Ona görə bilin, mənim Silahlı Qüvvələr haqqında qayğım, diqqətim adi xarakter daşımır. Mən bütün Silahlı Qüvvələrimizi özüm üçün ən doğmalardan hesab edirəm. Çünki birincisi, Silahlı Qüvvələrdə xidmət göstərənlər çətin peşə ilə məşğuldurlar. Eyni zamanda, xalq üçün, dövlət üçün, millət üçün çox vacib bir peşə ilə məşğuldurlar. Ona görə də əmin ola bilərsiniz ki, mənim diqqətim və qayğım daimi olacaq, həm ordunun, həm də bizim ali təhsil sisteminin maddi-texniki bazasının yaranması, başqa vəsaitlərlə təmin edilməsi və digər işlərlə - onlar çoxdur - şəxsən mən məşğulam və daim məşğul olacağam. Hesab edirəm ki, bu, Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasının əsas təminatıdır.

Əziz övladlarımız!

Mən sizi bir daha, bir daha təbrik edirəm, sizə cansağlığı arzu edirəm, işinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, bir ildən, iki ildən, üç ildən sonra hərbi hissələrə gələndə sizin hər birinizi özüm gözümlə görüm, sizinlə görüşə bilim və müvəffəqiyyətləriniz haqqında məlumatlar, raportlar alım. Güman edirəm ki, bu da olacaqdır.

Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik, bu barədə çox səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!

Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz.

Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sağ olun.

Tarixi arayış

ORDU QURUCULUĞU