Azərbaycan - "bp" əlaqələri


Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Bu, neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan və sonrakı illərin təcrübəsində öz layiqli tarixi qiymətini alan “Əsrin müqaviləsi”dir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 beynəlxalq neft şirkəti iştirak edib. İlkin olaraq 30 il müddətinə imzalanan və 2017-ci ildə əsrin ortalarına qədər uzadılan saziş 2 dekabr 1994-cu il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cu il tarixində qüvvəyə minib. Ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb.

İlkin olaraq ABƏŞ 6 ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən təşkil olunmuşdu. Azərbaycan hökuməti ilə birgə əməkdaşlığa dəvət olunan iri xarici neft ‎şirkətlərindən biri də “British Petroleum”(BP) neft şirkəti idi.

1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq funksiyasını öz üzərinə götürüb. Neft şirkətləri arasında ikinci yerdə olan BP-nin AÇG layihəsi üzrə iştirak payı hazırda 30,37%-dir. AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. Bu günə qədər AÇG yatağından 3,6 milyard bareldən çox neft hasil olunub. 2019-cu ilin birinci yarısının sonuna olan ümumi investisiya həcmi 36 milyard dolları ötüb. Hazırda AÇG yatağından gündə təxminən 550 000 barel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.

AÇG yatağının işlənməsinin misilsiz uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini 2049-cu ilin sonunadək uzadıb.

1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3.6 milyard bareldən artıq) neft hasil edilib. Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə isə təqribən 3.3 milyard barel AÇG nefti dünya bazarlarına daşınıb. Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilib.

AÇG layihəsinin 2019-cu ilin ikinci rübünə qədərki əsaslı xərclərinin həcmi 36 milyard dollar təşkil edib. BP və onun layihədəki tərəfdaşları 1994-cü ildə AÇG layihəsi başlanandan2019-cu ilin ikinci rübünün sonunadək Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləyib.

20 sentyabr 2019-cu ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin 25-ci ildönümü qeyd edilib. 26 dekabr tarixində isə Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi BP AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “Chevron”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU”, “ONGC Videsh Ltd (OVL)” adından yataqdan nəhayət 500 milyon ton neft hasil edildiyini bəyan edib.

BP şirkətinin Azərbaycanın yeni neft strategiyası çərçivəsində böyük pay aldığı ikinci müqavilə 1996-cı ilin iyununda imzalanan ‎‎"Şahdəniz" qaz kondensatı yatağının birgə işlənməsi layihəsidir. BP bu layihədə 28,8%-lik paya sahibdir. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Şahdəniz yatağını özünün Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir. Sazişə görə işlənmə müddəti 30 ildir, bu müddət daha 5 il artırıla bilər. Şahdəniz struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. BP şirkəti Şahdəniz BM-in operatorudur.

2 iyul 2018-ci ildə Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə qaz nəqlinin başlandığı elan olunub. Şahdəniz-2 ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Azərbaycanda Şahdəniz-2 layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur və bu da BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri sualtı infrasrukturdur. Layihəyə təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 1999-cu ildə kəşf olunmuş bu yataq təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir. Şahdəniz yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlamışdır. Bu vaxtadək Şahdəniz yatağından ümumilikdə 91 milyard standart kubmetrdən çox qaz və təxminən 23 milyon ton kondensat hasil edilib. Şahdəniz-2 çərçivəsində hasil ediləcək il ərzində əlavə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq.

‎"Əsrin müqaviləsi" layihəsi üzrə hasil edilən neftin dünya bazarına çıxarılması üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. Layihənin xarici sponsorlar qrupuna BP 30,1%-lik payla başçılıq edir. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda, əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru BP şirkətidir. BTC dünya səviyyəli boru kəməri olmaqla uzunluğu 1768 kilometrdir. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard bareldən artıq) xam neft nəql edilib və Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Azərbaycan qazını dünya bazarlarına ixrac edən Cənubi Qafqaz Boru kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. CQBK sərmayədarları içərisində BP yenə də 28,8%-lik payla birinci yerdədir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Bütövlüklə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Ko) cavabdehdir. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstrim Opereyşn Limited şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 2019-cu ilin birinci yarısı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub.

2010-cu ilin oktyabr ayında BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalayıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən BP şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və SOCAR isə qalan 50% paya malikdir. Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. 13 yanvar 2020-ci il tarixində SOCAR və BP şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun (SAX01) qazılmasına başlandığnı elan edib.

BP-nin operatoru olduğu Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı dənizdən gələn nefti və qazı ixracdan əvvəl quruda texnoloji emaldan keçirən bir mərkəzdir. Səngəçal terminalı təxminən 550 hektar bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanına malikdir. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 2019-cu ilin birinci yarım ili ərzində terminaldan gündəlik orta hesabla 46 milyon standart kubmetr (təqribən 1 milyard 610 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib.

26 aprel 2018-ci ildə BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıb. HPBS Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl isə, 2016-cı ilin may ayında D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

 

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.