Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qanlı Yanvar faciəsi şəhidlərinin xatirə gecəsində çıxışı - Respublika Sarayı, 20 yanvar 1996-cı il


Hörmətli həmvətənlər, bacılar, qardaşlar!

Bu gün Azərbaycan xalqının, respublikamızın matəm günü, hüzn günüdür, qanlı Yanvar faciəsinin altıncı ildönümüdür. Bu gün Azərbaycanın bütün vətəndaşları o faciəli gecəni, xalqımızın başına gəlmiş bəlaları, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq nümunələrini yad edirlər. O gecə Azərbaycan xalqına, respublikasına qarşı hərbi təcavüz edildi. Özünün ərazi bütövlüyü uğrunda çalışan, vuruşan, döyüşən, milli azadlığı uğrunda mübarizə aparan xalqımıza qarşı böyük hərbi təcavüz oldu.

Azərbaycan xalqının çoxəsrlik tarixində onun başına çox bəlalar gəlib, xalqımız faciələrlə rastlaşıb. Ancaq deyə bilərəm ki, bu qədər dəhşətli faciə görünməmişdi. Xalqımızın milli mənliyinə, mənəviyyatımıza, milli azadlığımıza təcavüz edilibdir. O gecə Azərbaycanın günahsız övladları həlak oldular, müstəqilliyimiz yolunda, milli azadlıq yolunda şəhid oldular. Çoxları yaralandı, xəsarət aldı. O hərbi təcavüz nəticəsində bəziləri indiyə qədər də əlildirlər. Şəhidlərin ailələrindən qəm-qüssə, kədər çəkilməyibdir.

Yaralılar o yaranı hər gün duyaraq həmin o faciəli gecəni unuda bilmirlər. Ümumən xalqımız isə özünün milli mənliyinə, milli azadlıq ruhuna edilən bu təcavüzü heç vaxt unutmayacaqdır. Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtdı, əzdi. Ancaq onun mənliyini tapdalaya bilmədi. Bizim qürurumuzu sındıra bilmədi. İtkilər verdik, ona görə də bu gün matəm günü keçiririk. Ancaq eyni zamanda o gün və ondan sonrakı günlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni böyük bir səhifə yazdı.

Biz o günü matəm günü kimi, qəm-qüssə, kədər ilə xatırlayırıq. Ancaq eyni zamanda biz bu hadisələri böyük qürur hissi, iftixar hissi ilə xatırlayırıq. Çünki Azərbaycan xalqı bir daha dünyaya nümayiş etdirdi ki, o yenilməzdir, qəhrəmandır, ona nə qədər güclü təcavüz, təzyiq olsa da, onun iradəsini sındırmaq mümkün deyil. Sovetlər İttifaqının hərbi maşınının, hərbi texnikasının misli görünməmiş, həddindən artıq gücü dinc əhaliyə, dinc xalqımıza qarşı yönəldildi. Sovetlər İttifaqının ordusu böyük dəstələrlə Azərbaycanın paytaxtı Bakıya daxil oldu və SSRİ-nin rəhbərliyi belə bir cinayət etdi. Bu, bütün bəşər qarşısında, tarix qarşısında olan cinayətdir, Azərbaycan xalqına qarşı edilmiş cinayətdir. Bunun günahkarları daim məhkum olunacaqdır. Bunun günahkarları Sovetlər İttifaqının rəhbərliyi - Qorbaçov və o vaxt Sovetlər İttifaqına onunla bərabər rəhbərlik edənlər Azərbaycan xalqına qarşı bu cinayəti etdilər. Biz bu cinayəti heç vaxt unutmayacağıq, yəni bu cinayət həmişə bizi sayıq olmağa dəvət edəcəkdir. Amma eyni zamanda bu cinayət o vaxtkı mərkəzdən bizə qarşı olan cinayət idisə, o həm də Azərbaycan xalqına qarşı özünün içindəki xainlər tərəfindən edilən cinayət idi. Xaricdən olan cinayət, təcavüz dəhşətlidir. Ancaq bu, xaricdən bizə yönəldilmiş cinayətdir, eyni zamanda bu cinayəti törədənlər içimizdən, daxilimizdən, özümüzdən özümüzə xəyanət etmiş, qat-qat çox cinayət etmiş insanlardır, qruplardır, dəstələrdir.

Ötən altı il onu göstərir ki, heç bir cinayət Azərbaycan xalqını milli azadlıq uğrunda mübarizədən çəkindirə bilmədi. Azərbaycan xalqı buna nail oldu. Azərbaycanın dövlət müstəqilliyi əldə olundu. Artıq dörd ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və özü öz taleyinin sahibi olaraq öz həyatını qurur. Ona görə də kədərimiz, qəmimiz nə qədər çox olsa da, eyni zamanda fəxr etməliyik ki, xalqımız istədiyinə nail olubdur. Azərbaycanın milli azadlığı, müstəqilliyi uğrunda Şəhid olmuş, həlak olmuş övladlarımızı biz heç vaxt unutmayacağıq. Onların xatirəsi qəlbimizdə əzizdir və əbədi yaşayacaqdır. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır.

Bu gün şəhidləri yad edərək bir daha bəyan edirik ki, xalqımız yenilməzdir və heç vaxt başını aşağı salmayacaqdır. Biz əldə etdiyimiz milli azadlığımızı qoruyacağıq, saxlayacağıq və onu əbədi edəcəyik. Dövlət müstəqilliyimizi qoruyub inkişaf etdirəcəyik və o, əbədi olacaqdır. Şəhidlərin xatirəsi qəlbimizə əbədi yaşayacaq, milli azadlığımız əbədidir, dövlət müstəqilliyimiz əbədidir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz , heç bir qüvvə bu iradəmizi sındıra bilməz. Ona görə də bu gün matəm günü olsa da, eyni zamanda bu gün bizim dövlət müstəqilliyimizin, xalqımızın qəhrəmanlığının xatirə günüdür.

O faciəli Yanvar gecəsindən altı il keçmişdir. Təəssüf ki, içimizdən xalqımıza xəyanət edənlər bu faciənin üstünü örtüb basdırmağa, öz xəyanətlərini gizlətməyə çalışdılar və xalqımıza qarşı cinayət edənlərə bəraət qazandırmağa çalışdılar. Ancaq xalqımız buna dözmədi. Eyni zamanda xalqımızın ixtiyarı elə əllərdə idi ki, artıq xalq əzilirdi. Təsadüfi deyil ki, o hadisələrdən sonra bu faciənin başvermə səbəbləri dərhal araşdırılmadı, cinayətkarlar, xainlər meydana çıxarılmadı. Hətta Azərbaycan, onun paytaxtı aylarla, illərlə fövqəladə vəziyyət şəraitində yaşamağa məcbur oldu. Nə üçün? Belə sual veriləndə o vaxt bəzi rəhbər şəxslər cavab verirdilər ki, əgər fövqəladə vəziyyəti götürsək, vətəndaş müharibəsi olacaq. Anlaşılmaz bir fikirdir. Nə üçün? Hansı vətəndaş müharibəsi? Dinc xalqımıza hərbi təcavüz edilibdir. Xalqımızı əziblər. Xalqımız şəhidlər veribdir. O vaxt hansı vətəndaş müharibəsindən söz gedə bilərdi? Onlar bunu özlərini qoruyub saxlamaq üçün edirdilər.

Yanvar hadisəsini törədənlər xalqımıza xəyanət ediblər. Ancaq ondan sonrakı illərdə bu hadisənin üstünü örtüb-basdıranlar ikiqat xəyanət ediblər. Bildiyiniz kimi, 1994-cü ilin yanvarında bunların hamısına son qoyuldu, mənim təşəbbüsümlə, təklifimlə respublikamızın Milli Məclisi bu məsələni müzakirə etdi. Bu gün mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, o vaxt Məclisin bəzi üzvləri, hətta çoxları bu məsələnin müzakirəsindən kənarlaşmaq istəyirdilər, bunu müzakirə etmək istəmirdilər. Bəziləri belə gülünc fikirlər irəli sürürdülər ki, bu məsələni ancaq əlli ildən sonra araşdırmaq olar. Təəccüblü orası idi ki, həm o zaman xəyanət edənlər, həm də vaxtilə xəyanətkarların əleyhinə olanlar eyni mövqedən çıxış etməyə başladılar. Bilmirəm nə üçün, bəlkə onların da günahı olubdur? Bilmirəm. Amma xalqımızın günahı olmayıbdır. Xalqımızı heç kəs günahlandıra bilməz. Bu gün mən bir də deyirəm, heç kəs deyə bilməz ki, xalqımız o gün nə üçün küçələrdə idi, onlar küçələrdə olmasaydı, o tanklar boş küçələrə gələcəkdi, xalqımız şəhid verməyəcəkdi, yaxud ayrı-ayrı insanlar həlak, şəhid olmayacaqdı.

Məgər məsələ bundadırmı? Şəhid olmuş övladımızın həyatı, şübhəsiz, bizim üçün əzizdir. Ancaq xalqımıza qarşı olan bu təcavüzün qarşısını almamaq ondan da böyük cinayətdir. Ona görə də heç kəs xalqımızı günahlandıra bilməz ki, nə üçün onlar tankların qarşısına çıxdılar. Heç kəs günahlandıra bilməz. Biz isə o tankları Azərbaycana, onun paytaxtına sürdürənləri günahlandırırıq, onları məhkum edirik. Onların respublikamıza gəlməsinə şərait yaradanları - Azərbaycanın o vaxtkı rəhbərlərini məhkum edirik, o xainləri məhkum edirik. Bəli, Sovet İttifaqının

Moskvada, mərkəzdə oturan rəhbərləri ilə Azərbaycanın rəhbərlərinin sövdələşməsi nəticəsində xalqımıza qarşı belə bir xəyanət, belə bir cinayət baş verdi. Xalqımızın heç bir günahı yoxdur. Şəhid olanlar milli azadlıq, istiqlal, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olublar.

1994-cü ilin yanvar ayında biz həmin hadisələrə, nəhayət, siyasi qiymət verdik, Milli Məclis qərar qəbul etdi. Ancaq təəssüf ki, onların çoxu indiyədək cəzasız qalıbdır. Onlar öz cəzalarını hüquqi nöqteyi-nəzərdən almayıblar. Ancaq alacaqlar. Bizim üçün isə əsas cəhət bu məsələyə siyasi qiymət verilməsi və günahkarların aşkara çıxarılması, eyni zamanda 20 Yanvar günündə xalqımızın qəhrəmanlığının bir daha dünyaya nümayiş etdirilməsi idi.

O dövrdə xalqımız ağır bir şərait içində idi. Respublikamıza Ermənistan tərəfindən təcavüz edilmiş, Azərbaycanın ərazi bütövlüyü pozulmuş, ərazimizin bir qismi Azərbaycanın idarəsindən çıxmışdı. Belə bir vaxtda, belə bir zamanda xalqımızın hamısının yeganə amalı ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaqdan, Ermənistanın işğalına qarşı müqavimət göstərməkdən və onun qarşısını almaqdan ibarət idi. Məhz bizi əzmək, sıxmaq üçün yenidən bir təcavüz edildi. Bunların hamısı da ondan sonrakı illərdə Azərbaycanın daxili həyatında çox ağır, çətin, əzab-əziyyətli ictimai-siyasi proseslərə gətirib çıxardı. Daxildə sabitlik pozuldu. Respublikamızı idarə edə bilmədilər. Bunların hamısının nəticəsində Azərbaycanın başına yeni bəlalar gəldi. Dövlət çevrilişləri, hakimiyyət, vəzifə mübarizəsi xalqımızın daha ağır vəziyyətə gəlib düşməsinə səbəb oldu. Nəhayət, 1993-cü ildə Azərbaycanda yenidən vətəndaş müharibəsi baş verdi.

Bütün bunların nəticəsində respublikamızın ərazisinin böyük bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir milyondan artıq vətəndaşımız işğal olunmuş torpaqlardan zorla çıxarılaraq, çadırlarda ağır vəziyyətdə yaşayır. Bütün bu problemləri indi biz həll etməliyik. Bunlar bizim üzərimizə düşür. Bizə belə bir miras qalıbdır və bunlarla məşğuluq.

Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasındakı münaqişədə artıq iyirmi aydır ki, atəşkəs əldə olunubdur və bu atəşkəs rejiminə riayət edilir. Biz bunu müsbət hal hesab edirik. Çünki o vaxta qədər gedən döyüşlər, hərbi əməliyyatlar istənilən nəticəni verməmişdir. Məsələnin sülh yolu ilə həll olunması həm Azərbaycanda həm regionda, həm də dünya miqyasında ən müvafiq yol hesab edilir. Ona görə də atəşkəsin əldə olunması və uzun müddət davam etməsi bu məsələnin sülh yolu ilə həll edilməsi üçün şərait yaradır. Bildiyiniz kimi, biz də bu barədə çox işlər görürük. Bu gün, bu matəm gecəsi vaxt alıb həmin məsələlər barədə geniş danışmağa ehtiyac duymuram.

Ancaq onu demək istəyirəm ki, 20 Yanvarda şəhid olanların ruhu və Azərbaycanın ərazi bütövlüyünü qoruyaraq, Ermənistan işğalçılarının qarşısını alaraq şəhid olanların ruhu bütün bu məsələlərin tezliklə həll olunmasını bizdən tələb edir. Biz bu məsuliyyətimizi dərk edirik.

İnanın, bilin, biz bu məsələnin həll olunmasını fəaliyyətimizin əsası hesab edirik. Ona görə də çox danışıqlar gedir. Dünyanın böyük ölkələrinin dövlət başçıları ilə mənim çoxsaylı görüşlərim, danışıqlarım olubdur. Bu məsələ beynəlxalq təşkilatlarda müzakirə edilibdir. Bildiyiniz kimi, bu məsələ ATƏT-in Minsk qrupunda daim müzakirə olunur. Hər bir görüşdə, hər i bir danışıqda, müzakirədə biz məsələnin sülh yolu ilə həll olunmasına və eyni zamanda öz şərtlərimizin həyata keçirilməsinə çalışırıq.

Bizim şərtlərimiz aydındır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. İşğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələri çıxarılmalıdır. Yerlərindən didərgin düşmüş vətəndaşlarımız öz yurdlarına qaytarılmalıdır. Bu prinsiplər əsasında Dağlıq Qarabağa müəyyən statusun verilməsinə biz razıyıq. Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunmasına biz təminat veririk.

Danışıqlar bu prinsiplər əsasında gedir. Biz başqa prinsipləri qəbul edə bilmərik. Biz məsələnin bu prinsiplər əsasında həll olunmasına çalışırıq. Məhz bu məsələlərin həll olunması üçün də bütün başqa dövlətlərin başçıları ilə aparılan danışıqlarla yanaşı, eyni zamanda bu məsələlərdə böyük imkanlara malik olan Rusiyanın başçıları ilə də son vaxtlar biz çox danışıqlar aparmışıq, görüşlər keçirmişik.

Bu günlər mən Moskvada olarkən, MDB ölkələri dövlət basçılarının növbəti görüşündə iştirak edərkən bu məsələnin həll edilməsinə çox vaxt ayırdım. Demək olar ki, Moskvada olduğum vaxt buna həsr olundu. Mətbuatdan sizə məlumdur ki, mən Rusiyanın prezidenti cənab Boris Yeltsinlə görüşüb bu barədə ətraflı söhbətlər aparmışam. Rusiyanın baş naziri cənab Viktor Çernomırdinlə görüşüb danışıqlar aparmışam. Rusiyanın başqa rəhbər vəzifəli şəxsləri ilə ətraflı danışıqlar aparmışam. Bu danışıqlar dediyim həmin prinsiplər əsasında olubdur. Hesab edirəm ki, Rusiya ATƏT-in, BMT-nin, Minsk qrupunun üzvü kimi bu məsələlərin həll olunmasında mühüm rol oynaya bilər. Ona görə, də mən bu danışıqları lüzumlu və əhəmiyyətli hesab edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu barədə ədalətli mövqeyimiz və sülhsevər siyasətimiz dünya birliyi tərəfindən günü-gündən daha da çox dərk ediləcək və dünya birliyinin üzvləri, o cümlədən böyük dövlətlər bu məsələlərin həll olunmasında daha çox səy göstərəcəklər. Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim üçün əsas olan məsələni - ərazi bütövlüyümüzün təmin olunmasını sülh yolu ilə həll edə biləcəyik. Şübhəsiz ki, biz bütün başqa vasitələrdən də istifadə edirik. Heç bir vasitə kənarda deyil.

Bütün fəaliyyətimiz, işimiz yalnız və yalnız, xalqımız üçün əsas olan bu məsələnin həll edilməsinə yönəldilibdir. Şübhəsiz ki, mən Moskvada olarkən Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün də lazımi danışıqlar apardım. Müəyyən sazişlər imzalandı. Hesab edirəm ki, bunlar da lazımdır. Rusiya bizim Şimal qonşumuzdur, dünyanın böyük dövlətlərindən biridir və Rusiya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi bizim üçün çox zəruridir, lazımdır. Ona görə də biz bu məsələlərlə ciddi məşğul oluruq və bundan sonra da məşğul olacağıq.

Biz sülhsevər xalqıq. Biz bütün qonşularımızla bərabər hüquqlu sülh münasibətləri, dostluq, əməkdaşlıq münasibətləri yaratmaq istəyirik. Bu baxımdan biz bütün imkanlardan istifadə edirik və bu imkanlardan bundan sonra da istifadə edəcəyik. Yenə də deyirəm, bütün bu addımları atmağa bizi məcbur edən amillərdən biri də 20 Yanvarda şəhid olmuş qəhrəman övladlarımızın ruhudur, onların şəhidliyidir. Təkrar edirəm, onlar xalqımızın milli azadlığı yolunda şəhid olublar. Biz onların ruhuna həmişə sadiq olacağıq, Azərbaycanın milli azadlığını, müstəqilliyini daim qoruyub saxlayacağıq.

Xalqımız bu günlər 20 Yanvar hadisələrini xatırlayır. Son iki ildir ki, respublikamızda 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti, o faciənin həm kədərli cəhəti, həm də Azərbaycan xalqının qəhrəmanlıq nümunələri geniş təbliğ olunur. Bu il də bu tədbirlərin həyata keçirilməsi üçün mən xüsusi sərəncam vermişdim. Böyük Dövlət komissiyası yaratdıq. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, onlar xeyli iş görüblər. Bu gün səhərdən Şəhidlər xiyabanına Azərbaycanın on minlərlə, yüz minlərlə vətəndaşı gəlib, ziyarət edib. Bir bu gün deyil. Yanvarın əvvəlindən respublikamızın hər yerində 20 Yanvar hadisələri ilə əlaqədar kütləvi tədbirlər keçirilir. Xalqımız o faciəli günləri yad edir, şəhidlərin ruhuna dualar oxunur və xalqımız öz qəhrəmanlığını, şücaətini bir daha nümayiş etdirir.

Mən Moskvadan bu gün gec qayıtdım. Orada işlərimi qurtaran kimi qayıtdım. Hava artıq qaralmışdı, Şəhidlər xiyabanına gəldim. Məzarların üzərində nə qədər güllər, nə qədər qərənfillər... Bəzən düşünürsən ki, Azərbaycanda bu qədər gül-çiçək varmı? Xalqımız şəhidləri nə qədər böyük hörmət və ehtiramla yad edir. Eyni zamanda, xainləri lənətləyir, cinayətkarları məhkum edir. Bu günlər Yanvar hadisələri münasibətilə keçirilən tədbirlər və bütün xalq tərəfindən Şəhidlər xiyabanını bugünkü ziyarət bir tərəfdən şəhidlərin ruhuna, qəhrəmanlığına olan hörmət və ehtiramdır, ikinci tərəfdən cinayətkarlara, xainlərə lənətdir, cinayətkarların məhkum olunması zərurətinin bir daha bəyan edilməsidir.

Mən şəhidlərin ailələrinə Allahdan səbr diləyirəm. Allah bütün şəhidlərə rəhmət etsin. Yanvar faciəsi şəhidlərinə, Azərbaycanın torpaqlarının müdafiəsində, respublikamızın ərazi bütövlüyünün keşiyində şəhid olanların hamısına Allah rəhmət etsin. Bütün şəhidlərin ailələrinə, qohum-əqrəbalarına Allahdan səbr diləyirəm. Xalqımıza Allahdan səbr diləyirəm. Ona görə səbr diləyirəm ki, xalqımızın bütün bu çətin mərhələlərdən keçib gedəcəyinə inanıram. Xalqımız öz müstəqilliyini qoruyub saxlayacaqdır. Buna əmin ola bilərsiniz. Müstəqil Azərbaycan günü-gündən inkişaf edəcək, ancaq bu günlər heç vaxt unudulmayacaqdır. Heç vaxt unudulmayacaqdır.

Gələcək nəsillər bu günləri daim yad edəcəklər. Mən buna əminəm. Bizim borcumuz şəhidlərin ruhuna sadiq olmaqdır. Bizim borcumuz əcdadlarımızın vəsiyyətinə sadiq olmaqdır - milli azadlığımızı qorumaq, dövlət müstəqilliyimizi qoruyub saxlamaqdır. Borcumuz bütün şəhidlərin ailələrinə qayğı göstərməkdir, yaralılara qayğıları artırmaqdır. Şübhəsiz ki, görülən işlər görüləcək işlərin bir hissəsidir. Mən bu gün bir daha bütün dövlət orqanlarına, təşkilatlara, xeyirxah insanlara müraciət edirəm.

Şəhidlərin ailələrinə qayğı, diqqət, 20 Yanvar hadisələrində xəsarət alanlara, müharibə əlillərinə qayğı, diqqət bizim borcumuzdur və borcumuzu yerinə yetirməliyik. Hər bir kəs bu borcunu yerinə yetirməyə çalışmalıdır və heç vaxt bunu unutmamalıdır. Bu gün bu matəm axşamı biz qəm-qüssə içindəyik, amma bir də qeyd edirəm, həm də iftixar hissi, qürur hissi keçiririk. O günlərdən altı il keçir. Respublikamız, xalqımız altı il müddətində böyük sınaqlardan keçdi, məharətlə keçdi. İtkilərimiz də, çətinliklərimiz də, ağır günlərimiz də oldu. Ancaq xalqımızın birliyini təmin edə bildik.

Xalqımızın əsas hissəsini bir yerə yığa bildik. Artıq respublikamızda sabitlik yaranıbdır. Görüləsi işlər çoxdur. İqtisadiyyatda çətinlik var. Xalqımızın rifah halında çox ağır problemlər var. Bunların hamısı qarşımızda duran vəzifələrdir. Biz bunları dərk edirik, bunlarla məşğul oluruq və bundan sonra da məşğul olacağıq. Ancaq bunlar hamısı keçib gedəsidir. Qalan isə xalqımızın qəhrəmanlığı, mərdliyi, igidliyidir, iradəsidir, yenilməzliyidir. Xalqımız heç vaxt sınmayacaqdır. Əmin olun ki, respublikanın prezidenti kimi, bu gün bir daha bəyan edirəm, xalqımızın milli azadlığını qoruyub saxlamaq, dövlət müstəqilliyini qorumaq və inkişaf etdirmək mənim müqəddəs vəzifəmdir. Hesab edirəm ki, hər bir namuslu vətəndaşın müqəddəs vəzifəsidir. Gəlin bu müqəddəs vəzifələrimizi şərəflə yerinə yetirək.

Şəhidlərə Allahdan bir daha rəhmət diləyirəm.